Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə156/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   152   153   154   155   156   157   158   159   ...   184

 

346


Nuh-Nəbidən qalma əyri-üyrü arx meşə ilə kənd arasındakı o araba yolunu tən 

ortadan kəsirdi və  kəndin camaatı meşədən gətirilmiş cürbəcür ağac gövdələrini o 

arxın üstündən uzadıb körpü kimi bir şey düzəltmişdilər və o körpünün yanında, 

arxın qırağında o dağ ətəkləri üçün nadir ağac olan nəhəng bir söyüd bitmişdi – Pir 

Söyüd və o Pir Söyüdün qol-budağı o qədər uzanmışdı, çoxalmışdı ki, körpünün 

üstünü də tutmuşdu, xüsusən yazın sonlarında, yay aylarında, payızın əvvəllərində o 

körpüdən keçmək üçün, gərək Pir Söyüdlə  əməlli-başlı güləşəydin, qol-budağını 

kənara dartaydın ki, araba körpüdən keçə biləydi. 

Körpünün üstünü təmizləmək, yəni Pir Söyüdün körpünün üstünü basmış 

budaqlarını kəsmək, əlbəttə, günah kimi bir şey idi və heç kim buna cürət etməzdi və 

ümumiyyətlə, bu, heç kimin ağlına da gəlməzdi... 

Və  həmin yaz axşamı o Pir Söyüdün təzə yarpaqları  tərli-təravətli idi və atası 

kürəyini söyüdün yana qanrılmış alt budaqlarına söykəyib, onları körpünün kənarına 

sıxışdıraraq: 

– Toş!.. Toş!..– deyə  eşşəyin ipini dartanda və meşədən gəldiyi üçün tox 

olmasına baxmayaraq, ağzını uzadıb söyüdün yarpaqlarını qoparmaq istəyən eşşəyin 

qarasına: 

 – Ay qarnına  şiş batmış! Indicə  tıxmamısan?!– deyinəndə  və araba körpünün 

üstündən keçəndə yuxarı budaqların o təzə-tər yarpaqları odun yükünün üstündə 

oturmuş altı-yeddi yaşlı o oğlanın sifətinə, alnına, boğazına toxunurdu. 

Və bu qədər illərdən sonra, şair, o söyüd ağacının təzə yarpaqlarının zərifliyini 

alnında, sifətində, boğazında hiss etdi və tamam unutduğu, heç vaxt yadına 

düşməyən o böyük söyüd ağacı, qəribədir, yamyaşıl, gözəl yarpaqlarıyla yox, çılpaq 

gəlib  şairin gözlərinin qabağında dayandı: payız bitmişdi, qış  gəlmişdi, söyüdün 

yarpaqları tökülmüşdü, budaqları da indicə səngimiş sulu qardan çıxmışdı, yamyaş 

idi, üşüm-üşüm də üşüyürdü. 

Təbiət Pir Söyüddən qorxmurdu, ona beləcə qıymışdı... 

O araba isə artıq körpüdən keçmişdi və çarxları cırıldaya-cırıldaya kəndə tərəf 

gedirdi, eşşəyin ipi qabaqda addımlayan kişinin  əlində, o uşaq da odun yükünün 

üstündə idi... 

  

* * *

 

 

 Şair deyirdi ki, baxarsız,  Əminaşka böyük rəssam olacaq və  Əminaşkanın 



qələmindən, karandaşından, flamastrlarından çıxmış kağızları diqqətlə, xüsusi bir 

ləzzət və  fəxarətlə gözdən keçirirdi və balaca Əminaşkanın, doğrudan, deyəsən 

istedadı var idi, əlinə qələm, karandaş keçən kimi, kağız-kuğuzu cızma-qaralayırdı 

və aylar ötdükcə, bu cızma-qaralar yavaş-yavaş nəyəsə oxşamağa başlayırdı; düzdü, 

Əminaşkanın o biri babası, yəni Məmməd müəllim nəvəsinin nələrsə  çəkdiyi bu 

kağızlara baxıb bir söz demirdi, təkcə elə, mənalı-mənalı gülümsəyirdi və bu mənalı 

təbəssümü yaxşı tərəfə, yaxud pis tərəfə yoza bilməyən gənc ana da – şairin böyük 

qızı, ürəyində qayınatasının belə bir qanmazlığına kin-küdurət bəsləyə-bəsləyə, 

Əminaşkanın çəkdiyi  şəkilləri başqalarına daha artıq bir şövqlə başa salırdı, izah 

edirdi.  

Böyük qız günorta Əminaşkanı bağçadan götürüb şairə baş  çəkmək üçün, 

birbaşa öz evlərinə yox, atasıgilə  gəldi və  Əminaşka flamastrlarla şəkil çəkməyə 

başladı  və bu dəfə  də  gənc ana uşağın sarı flamastrla ağ kağızda çəkdiyi xətlərin

əməlli-başlı günəş şəkli olduğunu gördü: 




 

347


– Oy, Əminaşka!..– dedi.– Nə gözəl çəkmisən!.. – Sonra kağızı anasına 

göstərdi.– Mama, bax... 

Əminə xanım eynəyinin qalın şüşələrinin arxasından kağıza baxdı və yuxusuz, 

yorğun gözləri ilə gülümsəyib: 

– Hə...– dedi. 

Böyük qız Əminaşkadan: 

– Nə çəkmisən!.. – soruşdu.– Nə çəkmisən, hə? 

Əminaşka: 

– Çək... çəkmişəm...– dedi. 

Anası yenə: 

– Hə, əlbəttə, çəkmisən!.. Nə çəkmisən?– soruşdu. 

Əminaşka: 

– Mən çəkmişəm...– dedi. 

Anası: 


– Hə, əlbəttə!– dedi.– Sən çəkmisən! Günəş çəkmisən, hə? 

Əminaşka bir az anasına baxdı, sonra o ağ kağızdakı sarı xətlərə baxdı və: 

– Gün çək... çəkmişəm...– dedi. 

Anası sevinclə: 

– Düzdü!– dedi və çarpayıda uzanıb gözlərini tavana zilləmiş  şairə baxdı, 

sonra:– Bəs, sən bu şəkili kimin üçün çəkmisən?– soruşdu. 

Əminaşka da çarpayıda uzanmış şairə baxdı: 

– Babaya...– dedi. 

Anası sidq-ürəkdən sevinərək: 

– Oy, nə yaxşı!.. Nə yaxşı!..– dedi.– Gördün, mama, papa üçün çəkib e, günəş 

şəklini!.. 

Əminə xanım yenə də yorğun, yuxusuz gözləri ilə eləcə gülümsədi: 

– Hə... Şeytandı də!.. 

Cavan ana özünü saxlaya bilməyib  Əminaşkanı öpdü, onun üçün, əlbəttə, çox 

xoş idi ki, Əminaşka həyatında ilk dəfə, heç kim onun əlindən tutmadan, ona 

öyrətmədən, beləcə sapsarı günəş şəkili çəkib və bəlkə, o da onun üçün, daha çox 

xoş olub, yağ kimi ürəyinə yayıldı ki, Əminaşka, elə bil, Vanqa idi, anasının 

ürəyindəkini oxudu. 

– Gəl, gəl, onda şəkili özün babaya göstər!– Bunu da həvəslə böyük qız dedi. 

Və onlar şairin çarpayısına yaxınlaşdılar. 

– Papa, bax, Əminaşka səninçün gör nə çəkib?! 

Əminaşka da əlindəki kağızı babasına tərəf uzatdı: 

– Al... 

Şair gözlərini tavandan çəkib,  əvvəlcə o əyri-üyrü sarı  xətlərə baxdı, sonra 

nəvəsinə – tamamilə yad, elə bil, qətiyyən ona dəxli olmayan bu məxluqa baxdı, 

sonra qızına baxdı: yad... yad... yad... adamlar... və o, tamam yad adamların 

əhatəsində idi, yəni, şair bilirdi, görürdü ki, bu – Əminə xanımdır, bu – böyük qızıdı, 

bu – balaca Əminaşkadı, nəvəsidi, kiçik qızı da şairin gözünün qabağına gəldi, oğlu 

da, amma hamısı da yad idi... 

yad idi... 

yad idi... 

yad idi... 

hamısı, Məmməd müəllim kimi, yad idi... 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə