Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə164/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   160   161   162   163   164   165   166   167   ...   184

 

365


Cümünün axşamlar Bolelşik Bufetçi Ibadullanın bufetindəki araqdan sonra 

hərdən tək gedib o qayalıqda oturmağı var idi və Cümüdən başqa bundan heç kimin 

xəbəri yox idi – Cümüdən başqa, bir də ki, o tır-tırdan başqa, çünki hərdən Cümüyə 

elə  gəlirdi ki, o tır-tır da bu quru, adda-budda kollu-koslu Abşeron çöllərinin 

sahibsiz itləri, pişikləri kimi bir şeydi. 

–  Ə, sən öl, bir dəfə  səni götürüb dənizə atacam! – bunu da Cümü Bolelşik 

Bufetçi Ibadullanın bufetindən sonra o qayalıqda oturduğu vaxtlar hərdən 

motorollerə (tır-tıra) deyirdi, guya ki, o tır-tırın Cümünün qabağında nəsə bir günahı 

var idi.  

Əksinə, Cümü gərək o motorollerin qara tüstü buraxan o paslı borusundan 

öpəydi, çünki Buzovnadakı  fəhlə yataqxanasının beşinci mərtəbəsindəki o altı 

nəfəri, özü, yəni Cümü heç, o beş nəfəri – Güllü arvadı, Sonanı, Cəmiləni, Qalibi, 

Solmazı – dolandıran o kuzovlu motoroller idi. Elə ki, Bakıya gəlib çıxdılar, bu 

fəhlə yataqxanasında məskunlaşdılar, elə ki, Cümü Bakı taksilərində özünə bir iş 

tapa bilmədi, elə ki, bir müddət profilaktoriyada, bir müddət də benzindoldurma 

məntəqəsində günəmuzd işləməyindən bir şey çıxmadı, onda Bolelşik Bufetçi 

Ibadulladan borc götürdüyü 115 dollara hay-hayı getmiş bu kuzovlu motorolleri 

aldı, təmir etdi və  fəhlə yataqxanasında yaşayan camaatın bir qismi, yəni uşaqlar

qocalar ki, hələ yuxudan durmamışdılar, motorollerin səsinə yuxudan oyanmağa 

başladı, çünki yarım saat guruldayıb-tırıldayıb sönürdü-yanırdı, sonra işə düşürdü.  

Cümü, adətən, Maştağaya sürürdü, həyətdə heyvan saxlayan ətraf kəndlərin 

camaatı üçün saman, quru çörək, cürbəcür yemlər, toyuq-cücə saxlayanlar üçün 

buğda, arpa, yarma alıb motorollerin kuzovuna yığırdı və aparıb ev-ev satırdı. Misal 

üçün, quru çörəyin birini iki yüz manata alırdı, iki yüz əlli manata satırdı, eləcə də 

yem, arpa və başqa bu kimi şeylər, amma elə ki, yay gəlirdi və imkanlı adamlar öz 

bağlarına köçürdü, kimsə, haranısa təmir etməyə, harasa bərbəzək vurmağa 

başlayanda, Cümü tır-tırın kuzovuna sement torbası, rəng, mismar, əhəng yığırdı və 

kəsə yolla Maştağadan Nardarana sürürdü, ordan dəniz qırağı yolla Bilgəhə gəlirdi, 

Bilgəhdən Zuğulbaya, oradan da Buzovnaya keçirdi, əgər kuzovda satılmamış mal 

qalırdısa,  Şağana, Mərdəkana,  Şüvəlana sürürdü, axşam təzədən Buzovnaya 

qayıdırdı  və  əvvəllər Buzovna bazarında ayın-oyun alıb fəhlə yataqxanasındakı 

evinə (otağa) gedirdi. Bir il belə keçdi, iki il belə keçdi, o illər ki, «Allah qoysa, 

sabah qayıdacağıq Şuşaya, birsigün qayıdacağıq Şuşaya!..», o illər ki, Qalib anadan 

oldu və Cümü onun adını gələcək Şuşa və ümumiyyətlə, Qarabağ qələbəsi şərəfinə 

Qalib qoydu, amma sonra yavaş-yavaş əvvəlcə Bolelşik Bufetçi Ibadullanın bufetinə 

dəyməyə başladı, sonra fəhlə yataqxanasındakı evə (otağa) getdi və Qızıldiş Cümşüd 

hamı üçün Cümü oldu. 

XII 



 

366


Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində, bu, səs də deyildi, nəsə 

avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu, 

nə səsdi? nə avazdı? – dənizin uğultusu deyildi (bunu Cümü dəqiq bilirdi), xəzrinin, 

ya giləvarın da səsi deyildi, nəsə qarışıq bir avaz idi və bir sübh çağı Cümü yenə bu 

avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə 

getdi və  əlüzyuyanın üst tərəfindən asılmış paslı  dəmir çərçivəli köhnə güzgüdə 

özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə 

Qaval Isgəndərin onların toyunda oxuduğu o «Qarabağ  şikəstəsi» idi, amma 

Isgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil, o «Qarabağ 

şikəstəsi» də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, 

naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, «Qarabağ şikəstəsi»ni də 

yeyib adda-budda dəlik-deşik etmişdi. 

Və birdən-birə Sonanın o toy günündəki əndamı gəlib dəmir çərçivəsi paslanmış 

o güzgüyə qondu, bir müddət – üç saniyə? ya yarım saat? – beləcə güzgüdən 

Cümüyə baxdı, sonra Cümü yavaş-yavaş yenə  də öz əksini gördü və güzgüdəki o 

əksi Cümünün üzünə bir lopa tüpürüb: 

– Niyə onda evlənib o qızı da bədbəxt elədin, ay zaraza?– dedi. 

 XIII 

Həmin sentyabr günü Bolelşik Bufetçi Ibadullanın kefi kök idi, çünki dünən 

axşam «Neftçi» Finlandiyadan gəlmiş bir komandanı 3-1 hesabı ilə udmuşdu, bu 

gün də həmin gözəl futbol qələbəsinin davamı kimi, nərddə əli gətirirdi və səhərdən 

bəri bazar günü olduğu üçün, işə getməmiş  məhəllə kişilərini, hətta, məhəllədə  ən 

yaxşı  nərd oynayan hesab olunan və ildə-ayda bir dəfə uduzanda da qızarıb 

pərtləşdiyindən xoruz kimi, az qala, adamın gözünü deşməyə hazır olan Avtobus 

Ağadadaşı da bir-bir udurdu.  

Qırx il idi ki, məhəllə adamları da, kənd camaatı da, Buzovnanın, Zuğulbanın və 

Vişnyovkanın yolayrıcında yay-qış  həmişə açıq olan bufetin daimi və qeyri-daimi 

müştəriləri də Bolelşik Bufetçi Ibadullaya sadəcə «Bufet» deyirdilər və  çəkisi 160 

kilodan çox olan Bolelşik Bufetçi Ibadulla ayaq üstə durub nəhəng qarnını qabağa 

verəndə, bu kişidə, həqiqətən, bir bufet əzəməti hiss olunurdu. Kəndin birinci futbol 

azarkeşi olan Bolelşik Bufetçi Ibadulla hər dəfə «Neftçi», yaxud respublikanın 

yığma komandası oynayanda, nə olursa, olsun, istəyir lap bufetinə müfəttiş gəlsin, 

mütləq Bakıya, oyuna baxmağa gedirdi və elə ki, bizimkilər bir qol vururdu, bufet 

əzəmətli bu 160 kiloqramlıq bədən yerindən elə hoppanırdı, elə bil, o özü də 160 

kiloqram yox, top kimi yüngül bir şey idi.  

Həmin sentyabr günü Sovet Ittifaqı dağıldıqdan sonra özəlləşdirdiyi bufetində 

qışqabağı təmir işləri getdiyinə, bu təmir işlərinə də bir vaqon Zirə qarpızını Moskva 

bazarlarında satıb təzə qayıtmış oğlu Ağasəlim cani-dildən rəhbərlik etdiyinə görə, 

Bolelşik Bufetçi Ibadulla həmin sentyabr günü bufetə getməmişdi, küçələrinin həyət 

qapısı ağzında, builki meyvəsi də dərilib qurtarmış qoca xartut ağacının kölgəsində 

nərd oynamaqla məşğul idi və elə ki, Avtobus Ağadadaşgilin Qırmızı xoruzunun 

itməyi xəbəri gəlib ona da çatdı, gombul barmaqları arasında tutduğu balaca sədəf 

zərləri xüsusi bir həvəslə atıb: 

– Alə, – dedi. – Ağadadaş xoruzu neyniyir?.. – Və zərlərin gətirdiyi növbəti «şeş 

qoşa»nı görüb gülə-gülə: – Bir evdə neçə xoruz olar?.. Iki xoruzun başı bir qazanda 

qeyniyər begəm?– deyə zarafat etdi.  



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə