Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə160/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   156   157   158   159   160   161   162   163   ...   184

 

356


Məmməd müəllim başını qaldırıb otaqdakılara baxdı, sonra da yenə o cür 

mənalı-mənalı gülümsəyib yavaşca başını buladı: 

– Sayıqlayır... Araba istəyir...– dedi. 

Böyük qız özünü saxlaya bilməyib hıçqırdı. 

Kiçik qız: 

– Mama...– deyib qorxu və həyəcanla Əminə xanımı qucaqladı. 

Oğlan şaşqın bir vəziyyətdə: 

– Araba istəyirəm?..– deyə öz-özünə atasının son sözlərini təkrar etdi və qəhər 

onu boğdu. 

O dəm, hətta, Məmməd müəllimin də gözləri yaşardı. 

Məmməd müəllimin gözləri axırıncı dəfə düz on yeddi il bundan əvvəl – onda 

gözləri konyuktivit olmuşdu – yaşarmışdı, bir də ki, bax, indi, xalqın bu boyda 

şairinin son məqamda beləcə araba istəməsi onu kövrəltdi. 

 

Fevral, 2002. 

 

 

«Qaçqınlar» silsiləsindən 



 

 


 

357


«QARABAĞ ŞIKƏSTƏSI» 

 

 



 

(Fransız ətri və Ağadadaş ilə  

Balacaxanımgilin Qırmızı  

xoruzunun bəy axtarışı haqqında) 

... sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi... 

Bakıdan gələn elektrik qatarı Buzovnadan keçib Mərdəkana,  Şüvəlana, oradan 

da Hidro-Elektrik Stansiyası  qəsəbəsinə gedib, eyni marşrutla da geri qayıdırdı  və 

hər dəfə Buzovnadakı fəhlə yataqxanasında o elektrik qatarının uzaqdan gələn səsi 

eşidiləndə həyatında birinci dəfə Bakıya gəlməyi Cümünün yadına düşürdü və içmiş 

vaxtı olanda bir loxma qəhər onun boğazında tıxanıb qalırdı, içməmiş vaxtı olanda 

isə, durub gedib haradansa araq tapıb içmək istəyirdi.  

O vaxt – söhbət it əyyamında qalmış o gözəl illərdən gedir – Cümü Şuşada orta 

məktəbi bitirib, anasının yığıb qabladığı balaca çamadanı da götürüb həyatında ilk 

dəfə  səfərə  çıxdı, avtobusa minib Şuşa dağlarından endi, bu ilk səfərin möcüzəsi 

içində Xankəndinin böyründən ötüb Ağdamdan, Bərdədən keçdi, iyul günəşi altında 

od tutub yanan Yevlaxa gəldi, orada da qatara minib ümumi vaqonda qatar 

çarxlarının heç vaxt yadından çıxarmayacağı tuqqa-tuku ilə Bakıya – universitetə 

imtahan verməyə getdi.  

Onda Cümüyə elə  gəlirdi ki, o dəmir çarxların səsini sədası  Şuşa dağlarından 

gələn bir «Qarabağ  şikəstəsi» müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk 

Cümünü təkcə universitet imtahanlarına yox, başqa bir dünyaya aparırdı və o başqa 

dünya coğrafiya xəritələrində deyildi, Cümünün fikrində, xəyalında idi, o başqa 

dünya – işıqlı, hərarətli, sirli-sevincli bir gələcək idi və  əlbəttə, o zaman Cümü 

hardan biləydi ki, həmin gələcək lax yumurta kimi bu qədər iyli-üfunətli olacaq...  

II 

Izabel Xanukoff biləndə ki, Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin 

qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızıltı keçdi, elə bil, içində səssiz-

səmirsiz, yumşaq bir şimşək çaxdı  və o səssiz  şimşəyin Izabelin bütün bədəninə 

yayılan əyri-üyrü xətləri eləcə əyri-üyrü xətlər boyunca da qızın ürəyini sızıldatdı. 

Ziba – Izabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və 

həmin 1989-cu ildə Izabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə 

Izabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya 

Ziba nostalgiyası idi, bəzən üzə çıxırdı, yandırıb yaxırdı, bəzən də, çaxır çöküntüsü 

şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox 

olmurdu.  

Illər keçirdi, amma o Ziba nostalgiyası eləcə Izabelin ürəyinin içində idi, hətta 

bəzən bu cavan və sərbəst qızın həyatının hansısa gözəl məqamlarında bir müddət o 

nostalgiya lap dibə çökürdü və  həmin məqamlarda Izabel birdən gözlənilməz bir 

təlaş hissi ilə diksinib o Ziba nostalgiyasını tələsik üzə çıxarırdı, çünki artıq on dörd 

il idi ki, ürəyində gəzdirdiyi o hissiyyat da bu qızın gündəlik həyatının tərkib hissəsi 

idi. 



 

358


Izabel özündən böyük qardaş  və bacılarından fərqli olaraq, Azərbaycanı 

görməmişdi, Izraildə, Qüds ilə Iordaniya sərhəddi arasında Eriha deyilən kiçik bir 

şəhərdə anadan olmuşdu, amma «Azərbaycan» sözü də o Ziba nostalgiyasının içində 

Izabelin ürəyində idi, çünki Ziba həyatının iyirmi ildən artığını – 1968-ci ildən – 

Izraildə yaşasa da, onun fikri-zikri, hissləri heç cürə bu ölkəyə  sığışmırdı, 

əcdadlarının diyarı kimi Izrailə hörmət etsə də, hətta, bu ölkəni sevsə də, düşüncəsi, 

hissiyyatı, xatirələri ilə  bərabər uçub bu yerlərdən min kilometrlərlə uzaqlarda 

yerləşən Azərbaycana, Azərbaycanın Quba şəhərinə, doğulub böyüdüyü, məktəb 

bitirdiyi, ərə getdiyi Qırmızı Qəsəbəyə qonurdu.  

Əlbəttə, haçansa gözəl Qubada, Qubanın gözəl Qırmızı Qəsəbəsinin Azərbaycan 

dilli orta məktəbində coğrafiya dərsi keçən və yəqin ki, Iordaniyanın adını ilk dəfə 

elə o dərsdə eşidən, xəritədə görən al qalstuklu pioner Ziba Xanukovanın ağlına da 

gəlməzdi ki, illər keçəcək və Allahın ona verdiyi ömrü Iordaniya sərhədlərində 

davam edib, orada da başa vuracaq.  

Ziba qohumlarının dəvəti və ərinin təkidilə bütün ailəsilə birlikdə Izrailə köçdü, 

Qırmızı  Qəsəbədə  nələri varıydısa, satdılar, qohum-əqrəbaya, tanış-bilişə 

bağışladılar və Zibanın  əri elə  fərz elədi ki, daha Qırmızı  Qəsəbədə heç nələri 

qalmadı, amma sonralar başa düşdü ki, Qubada, Qırmızı  Qəsəbədə Zibanın (elə 

onun özünün də!) ürəyi qalıb. Ömür isə, Qudyalçayın suları kimi axıb gedirdi və o 

sular heç vəchlə geriyə axa bilməzdi. 

Izabel bilirdi ki, Qırmızı  Qəsəbə Azərbaycanda yaşayan dağ  yəhudilərinin – 

yəhudi tatların yaşadığı bir yerdir, gözəl bir çayın sahilindədir, meşəli dağların 

arasında güney bir çöllükdədir və Izabel tez-tez bunun da şahidi olurdu ki, Izraildə 

yaşayan yəhudilər, hətta, SSRI-nin başqa respublikalarından, Rusiyanın özündən, 

Ukraynadan, Belorusiyadan Izrailə köçüb gəlmiş  yəhudilər Qubanı tanımayanda, 

Avropadan köçüb gəlmiş  yəhudilər isə  bəzən Azərbaycanın da adını birinci dəfə 

eşidəndə, Ziba necə  pərt olurdu. Ziba Xanukova, yeri düşdü-düşmədi, deyəndə ki, 

mən Qubadan gəlmişəm, bəzən adamlar elə başa düşürdülər ki, söhbət Kubadan 

gedir və təəccüb edirdilər: «Kubada da yəhudilər var?», guya, Fidel Kastro var idisə, 

orada yəhudi ola bilməzdi, amma Zibaya təsir edən bu deyildi, o idi ki, bu insanlar 

Quba kimi bir yerin heç adını da eşitməyiblər və belə vaxtlarda Ziba, elə bil, 

Qudyalçayın, Qəşrəş meşələrinin, igidlərin at oynatdığı Quba dağlarının qarşısında 

xəcalət çəkirdi və ağlamsına-ağlamsına Izabelə deyirdi:  

– Sənin oğlun olanda adını Aydın qoyacam!.. 

Məsələ burasında idi ki, Ziba hələ onuncu sinifdə oxuyanda – 1959-cu ildə 

(keçən  əsrin ortalarında!) – Qırmızı  Qəsəbənin dram dərnəyində ilk dəfə 

azərbaycanlıların məşhur bir dramaturqunun əsərində Gültəkin rolunu oynamışdı və 

Aydın da Gültəkinin sevgilisi idi.  

Anasının bütün bu söhbətlərinin hamısı Izabelin uşaqlıq xatirələrinə hopub 

qalmışdı və bir dəfə bu ad – Aydın – yenə onun yadına düşəndə Internetə baxdı və 

təkcə belə bir məlumat aldı ki, Türkiyədə Aydın Hətiboğlu adlı bir şair var, amma 

Zibanın,  əlbəttə, Aydın Hətiboğlundan xəbəri yox idi və Izabel bəzən, az qala, 

cismani surətdə hiss edirdi ki, oğlu olsa və  oğluna Aydın adı qoysa, Zibanın ruhu 

şad olacaq. 

Amma Izabelin hələ ki, ərə getmək fikri yox idi.  



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə