Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə161/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   157   158   159   160   161   162   163   164   ...   184

 

359


Düzdü, dünyada qaçqınlar çox idi, Izabelin də  işi qaçqınlarla bağlı idi və 

qaçqınların həyatı, onlarla hər bir görüş yalnız mənfi emosiyalar verirdi, düzdü, bu 

cavan qızın ürəyində daimi bir ana nostalgiyası var idi, amma, həyat ki, təkcə 

qaçqınlardan və təkcə o nostalgiyadan ibarət deyildi...  



III 

Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və 

yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu 

qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir 

yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq 

uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və  həyatının  ən gərgin,  ən 

qayğılı,  ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o 

müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa 

elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu 

qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində  dəniz üçün səhər 

açılsın.  

Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, 

yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə 

bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında 

səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də 

gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla 

bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış 

yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun 

vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü. 

Ağadadaş  səksəkə içində yuxudan oyanıb yerində oturdu və  rəngi solmuş göy 

maykasının altından arıq və tükü ağarmış sinəsini qaşıya-qaşıya filtrsiz siqaret 

çəkməkdən xırıldayan səsi ilə: 

– Alə, bu nə axmaq oğlu axmaq xoruzdu belə, alə?– dedi. 

Balacaxanım adyalın altından pırtlamış kök bədənini qurcalayıb yuxulu-yuxulu: 

– Fikir vermə, – dedi.. – yatginə... 

Ağadadaş sövq-təbii  əlini uzadıb yastığının yanında döşəməyə qoyduğu 

siqaretdən birini götürdü və: 

– Necə fikir verməginə, ağəz, mənnəndi begəm?– dedi. – Bu əclafın bu boyda 

bannamağınnan sonra yatmaq olar? 

Və elə bil ki, Qırmızı xoruz sahibinin bu sözlərini bir daha təsdiq etmək üçün 

var gücü ilə təzədən banladı. 

Balacaxanım gözlərini açmayaraq Qırmızı xoruzun qarasına: 

– Şoqəribə qalasan səni!.. – dedi. 

Ağadadaş  qırx-qırx beş il idi Bakı – Binə aeroportu – Buzovna – Zuğulba – 

Bilgəh – Maştağa – Zabrat – Bakı marşrutu ilə avtobus sürürdü (buna görə  də 

kənddə hamı onu Avtobus Ağadadaş kimi tanıyırdı), iki gün səhərin gözü 

açılmamışdan gecəyə  qədər işdə olurdu, evə gecənin yarısı  gəlib çıxırdı, üçüncü 

günü isə istirahət edirdi və həmin sentyabr günü də həm Ağadadaşın istirahət günü 

idi, həm də, ümumiyyətlə, bazar günü idi və Balacaxanım da sidq-ürəkdən istəyirdi 

ki, kişi doyunca yatıb dincəlsin, ona görə də, indicə dediyi qarğışla kifayətlənməyib, 

yenə adyalın altında qurcalana-qurcalana Qırmızı xoruzun qarasına: 

– Öləsən elə!.. – deyə dübarə bir qarğış da əlavə etdi. 




 

360


Ağadadaş siqareti yandırıb ayağa qalxdı  və  xırıltıyla öskürə-öskürə gedib 

həyətin yuxarı başındakı hinin qapısını açdı: 

– Çıx bayıra, əclaf oğlu əclaf!.. – dedi, sonra gedib həyətin də küçə qapısını açdı 

və səhərin gözü açılmamış Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca, tələsə-

tələsə və qaqqıldaya-qaqqıldaya həyətdən çıxdılar. 

IV 

O zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da 

«2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan 

qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də 

belə olacaqdı. 

O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və 

Buzovnadakı  fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının 

səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki 

kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– 

Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir 

gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o 

vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub 

gedirdi və indiki zindan ağırlığında deyildi.  

O universitet səfərindən sonra Cümünün həyatında gözəl hadisələr baş vermişdi, 

evlənmişdi, uşağı olmuşdu,  Şuşanın sayılıb-seçilən taksi sürücülərindən biri idi, 

özünə yaxşı həyət-baca düzəltmişdi və o həyətdə bir armud varıydı ki, ağacdan dərib 

bir dəfə dişləyəndə şirəsi adamın bütün yaxasını isladırdı və indi ermənilər də yəqin 

o həyətdə Cümünün dədə-babasının goruna söyə-söyə o armudu ləzzətlə yeyirlər. 

Heç o həyət də olmasaydı, o ev-eşik də olmasaydı, heç arvad-uşaq da olmasaydı, 

Şuşanın özü ki, var idi və bu az idi bəyəm? Bunu fikirləşəndə, Cümü Şuşanın təkcə 

məhəllələrini, evlərini, bağlarını, düzlərini, sıldırım qayalarını yox, Topxana 

meşəsini, Cıdır düzünü, Ərimgəldini, Isa bulağını, Turş suyu, Səkili bulağı, hətta 

özünün doğulduğu və ömrü boyu yaşadığı Ağadədəli məhəlləsini yox, Şuşanın, az 

qala, bütün ağaclarını, daşlarını da bir-bir gözünün qabağına gətirirdi, hətta, Şuşanın 

kənarlarındakı böyürtkən kolları da köhnə (və doğma!) tanışlar kimi yadına düşürdü 

və bəzən Cümü özü də heyrətə gəlirdi ki, bu daşlar, bu ağaclar, kollar onun beyninə 

bu dəqiqliklə nə vaxt və necə həkk olub?  

Cümü ömrü boyu Şuşanın Ağadədəli məhəlləsində yaşamışdı, çünki erməni 

gəlib Şuşanı alandan sonra ki, qaçdılar, qaçqın olub gəlib burada, Buzovnadakı bu 

fəhlə yataqxanasında məskunlaşdılar, aradan keçən bu on ildəki həyat Cümünün 

ömrü deyildi, bu başqa bir şey idi. Nə idi? Nə idisə də, Cümünün yaşadığı ömür – 

Şuşada, o Ağadədəli məhəlləsində qaldı və Cümü bütün sısqa vücudu ilə hiss edirdi 

ki, bir daha Şuşaya gedib o ömrü davam etdirməyəcək, ona görə yox ki, erməni 

haçansa  Şuşadan qovulmayacaq, ona görə ki, Cümü elə burada öləcək və onun 

mafəsini Buzovnadakı  fəhlə yataqxanasının həyətindən qaldırıb aparıb kənd 

qəbirstanlığının böyründə bir yer tapıb basdıracaqlar və bu ətrafın sümsük itləri də 

gəlib orda pislik edəcək. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə