Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə158/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   154   155   156   157   158   159   160   161   ...   184

 

351


Eşşək oğlu, eşşək! Düş, yeri, canın çıxsın, nətər qoymusan orda, elə  də tap, 

gətir! 


Və o oğlan gözlərini, biri qaloşlu, o biri yalın ayaqlarının altına zilləyib palçığa 

bata-bata və tez-tez də nazik belindən sürüşüb düşən  şalvarını yuxarı  çəkə-çəkə 

araba yolu ilə geriyə gedirdi və bir azdan araba çənin içində tamam gözdən itdi, 

bütün dünyada hər tərəfi basmış o çəndən-dumandan başqa heç nə yox idi və o 

çənin, dumanın içində altı yaşlı o oğlan palçığa batıb-çıxan ayaqlarının altına baxa-

baxa qaloşunu axtarırdı, hərdən çönüb arxaya – arabaya tərəf baxırdı, amma heç nə 

görmürdü və o zaman o çəndən, elə bil, bir topa ayrılıb bir nigarançılıq oldu, təşvişə 

çevrildi və o uşağın içinə doldu, ürəyi həyəcanla tez-tez döyünməyə, o təşviş içini 

oymağa başladı. 

Əlbəttə, o uşaq kəndlə meşə arasındakı o araba yolunu yaxşı tanıyırdı  və bu 

yolla üzüaşağı gedib bir azdan kəndə çıxmaq onun üçün elə çətin bir şey deyildi və 

oğlan da bunu bilirdi, amma hər tərəfi bürümüş o çənin içində, o dəm, elə bil, 

nağıllardakı tilsimlər aləminin xofuna oxşayan və adamı üşüdən nəsə bir şey var idi. 

O qaloşları atası üç-dörd ay bundan qabaq rayon mərkəzindən onun üçün 

hədiyyə alıb gətirmişdi və par-par parıldayan o qaloşlar o zaman onu çox 

sevindirmişdi, bir müddət ürək eləyib qaloşları geyməmişdi ki, palçığa, torpağa 

bulaşacaq, amma elə ki, qaloşları geydi, o qaloşlar da evləri kimi, həyətləri kimi, 

kəndləri kimi, o eşşək arabası kimi adi bir şeyə çevrildi. 

Oğlan isə, özü də gözləmədən ağlayırdı və tez-tez burnunun suyunu darta-darta 

nəhayət ki, palçığa batıb qalmış o qaloş tayını tapdı və o biri ayağındakı qaloşu da 

çıxartdı, hər  əlində bir qaloş tutub, yalın ayaqları ilə palçığa bata-bata geriyə 

qaçmağa başladı. Hərdən  şalvarı belindən sürüşüb düşürdü və  oğlan bir anlıq 

dayanırdı, qaloş tutduğu yumruqları ilə  şalvarını yuxarı dartıb, təzədən üzüaşağı 

qaçırdı. 

Çən get-gedə  sıxlaşırdı, ona görə  də, araba, elə bil, birdən-birə yerin içindən 

çıxıb, oğlanın qarşısında peyda oldu və oğlan tövşüyə-tövşüyə qaloşların ikisini də 

bir əlinə alıb, o biri əli ilə arabanın arxasından yapışdı, dərindən rahat bir nəfəs aldı 

və  təqsirkar olduğu üçün, odunların təpəsindəki gözəl yerinə  dırmaşmağa cürət 

etməyib, eləcə, bir əlində iki qaloş, o biri əli də arabanın arxasında addımlamağa 

başladı. 

Bir az beləcə getdilər və birdən atası eşşəyin ipini dartıb arabanı saxladı, başını 

geri çevirib tez-tez burnunun suyunu dartan oğlana: 

– Qalx yuxarı!..– dedi. 

Elə bil ki, əlli səkkiz-əlli doqquz il bundan əvvəlki o çənin-çiskinin içindəki o 

«qalx yuxarı!»nın istisi-ilığı, birdən-birə  şairin, bir-birinə qarışmış fikirlərilə, 

hisslərilə, yuxu və real həyat arasındakı görümləriylə dolu olan, amma soyuq

qurumuş beyninə yüngül bir hərarət gətirdi... 

... ilıq və xoş bir meh əsdi... 



 

* * *

 

 

... kəpənək zərifliyi ilə pəncərənin qabağında dayanmış o penuarlı qız o zaman 

ruhlar dünyasının sorağında idi... 

 

* * *

 

 



 

352


Pensiyaya çıxmış (göndərilmiş!) KQB polkovniki Məmməd müəllim qoğala 

oxşayırdı: gödəkboylu, kök, girdəsifət, hamar yanaqları qırmızı, yumru başı da daz – 

bir sözlə, görkəmi bir az gülməli idi, amma Məmməd müəllimin xasiyyəti, xarakteri 

görkəmi kimi gülməli deyildi və  Məmməd müəllimin pişik gözlərinə oxşayan və 

həmişə də işım-işım işıldayan yaşıl gözlərinə baxanda, hərdən, adam xoflanırdı və 

Məmməd müəllimin bir xüsusiyyəti də ondan ibarət idi ki, danışanda adamın üzünə 

baxmırdı, başının üstündə naməlum bir nöqtə qaralayıb, o nöqtəyə baxırdı.  

Məmməd müəllim Bakıda hamını tanıyırdı, amma Məmməd müəllimin özünü 

çox az adam tanıyırdı  və toyda da, yasda da, kimdən söz düşürdüsə, bir küncdə 

oturmuş  Məmməd müəllim mənalı-mənalı gülümsəyirdi, bir söz demirdi, amma 

söhbətə qulaq asırdı  və  bəzən bir kəlmə ilə kiminsə  səhvini (texniki səhvini) 

düzəldirdi, məsələn, kimdənsə söhbət  əsnasında deyirdilər ki, filankəsin yaşı da 

altmışı keçib, Məmməd müəllim eləcə mənalı-mənalı gülümsəyib dəqiqləşdirirdi: «– 

Əlli yeddi yaşı var», yaxud deyirdilər ki, filankəs, deyəsən, salyanlıdı, Məmməd 

müəllim yenə də gülümsəyib: «– Atasının əsli Irandandı, anası şamaxılıdı» – deyirdi 

və sairə. 

Məmməd müəllim şairlə quda olana qədər, bu adamlar bir-birilərini tanımırdılar, 

daha doğrusu,  şair Məmməd müəllimi tanımırdı, amma hərdən,  şair öz həyatı, 

yaradıcılığı ilə bağlı nəsə danışanda, Məmməd müəllim onun da səhvini düzəldirdi, 

elə söz deyirdi, elə replika verirdi ki, şair mat qalırdı, «– Əşşi,– deyirdi,– sən mənə 

məndən yaxşı bələdsən ki!..» 

Şair məclis xoşlayan adam idi və qohum olandan sonra, məclislərinə, məcbur 

olub, Məmməd müəllimi də  dəvət edirdi və  Məmməd müəllim bütün məclis boyu 

susub, hərdən eləcə mənalı-mənalı gülümsəyirdi və hərdən kiminsə kim haqqındasa 

dediyi texniki səhvini düzəldirdi. 

Evdə, ancaq özləri olanda, kiçik qız Məmməd müəllimə «Santexnik» deyirdi və 

böyük bacısını acıqlandırmaq istəyirdi: 

– Nu, kak tvoy santexnik pojivayet? 

Böyük qız: 

– Tı sama santexnik!– deyirdi, amma özünü gülməkdən saxlaya bilmirdi. 

Əminə xanım: 

– Xvatit!– deyirdi.– Bəsdirin! Gedib kişinin qulağına çatar, yaxşı deyil... 

Və  Əminə xanımın bu «gedib kişinin qulağına çatar»ı  bəzən  şairin yadına 

düşərdi və ona ləzət eləyərdi, şair «santexnik» sözünün top kimi dığırlana-dığırlana 

gedib Məmməd müəllimin qulağına girməyini bir cizgi filmi kimi gözlərinin 

qabağına gətirərdi, gülərdi və kefi kökələrdi. 

Amma bir dəfə  Məmməd müəllim  şairə bir söz dedi, o söz heç «santexnik»in 

dediyi sözə oxşamırdı  və «santexnik» sözünün ləzzətinə, nəsə, xoşa gəlməyən bir 

şey qatırdı. 

Növbəti bir məclisdən əvvəl (gərək ki, Əminə xanımla evlənməklərinin növbəti 

ildönümü idi), şairin iş otağında oturub, ikilikdə söhbət zamanı (Məmməd müəllim 

həmişə  məclislərə vaxtından  əvvəl gələrdi ) Məmməd müəllim gülümsəyib,  şairin 

başının üstündə naməlum nöqtəyə baxa-baxa, həmişəki ahəstə səsi ilə: 

– Axır vaxtlar çox millətçi şerlər yazırsan... – dedi. – Bir az ehtiyatlı ol... Düzdü 

e, indi kanyuktura belənçinədi, ancaq... – Daha artıq mənalı-mənalı güldü. – Sən 

ehtiyatlı ol... Türkiyəyə  də çox aludə olma... Hə? – Bu dəfə  Məmməd müəllimin 

təbəssümü bütün sifətinə yayıldı və yaşıl gözləri də daha çox işıldadı.– Elə bilirsən, 

day Sovet hökuməti qayıtmayacaq? Hə? 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə