Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə166/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   162   163   164   165   166   167   168   169   ...   184

 

369


Sona: 

– Demirəm! – dedi. 

Güllü arvad, elə bil, elə bu dəqiqəcə, indikindən də pis günə qalacaqlarından 

qorxub gəlinin yerinə özü həyəcanlı bir canfəşanlıqla: 

– Əstəğfürullah!.. – dedi.  

Amma Güllü arvadın o «əstəğfürullah»ının nəticəsiydi, ya nə idisə, onun özünün 

də inanmadığı o möcüzə, həqiqətən, baş verdi – Şuşadan qaçdıqları vaxtdan düz on 

üç gün sonra Solmaz Əsgərandan aşağıda, Qasımlı  kəndinin yaxınlığında tapıldı – 

huşu özündə deyildi, çöldə, bir gilənar ağacının altında yerə sərilib qalmışdı, əyni-

başı  cırılıb dağılmışdı, arıqlayıb təkcə sümükdən və  dəridən ibarət baldırları adda-

budda göm-göy göyərmişdi, yalın ayaqları qan içində idi, amma özü sağ idi.  

Camaatın sağlam ərindən, oğlundan, qızından xəbər yox idi, amma kor Solmaz 

gecə-gündüz pay-piyada Şuşa dağlarından enib, ermənilərin gözündən yayınıb 

Ağdamacan gəlib çıxmışdı  və bir neçə gündən sonra danışa bilən Solmaz belə bir 

söz dedi: 

– Allah əlimdən tutub aparırdı məni... 

Kor bacısının bu sözü Sonanın bütün beyninə sahib oldu, Sona fikirləşdi ki, yox, 

Allahın üzü hələ onlardan dönməyib, pis günün ömrü az olar, yenə  Şuşaya 

qayıdacaqlar, Ağadədəli məhəlləsindəki evlərində yaşayacaqlar, Cümünün (Qızıldiş 

Cümşüdün) qara «Volqa» taksisi yenə  gəlib məhəllədə, həyət darvazalarının 

qabağında dayanacaq, amma günlər keçdi, aylar keçdi, gəlib Buzovnadakı  fəhlə 

yataqxanasında məskunlaşdılar, illər keçdi və Sonanın beyninə sahib olan o hisslər 

də bütün bu müddət ərzində qaxaca döndü, sonra da ovulub töküldü, amma tamam 

yox olmadı, çünki o ümid axıracan ovulub tökülsəydi, tamam yox olsaydı, o zaman, 

ümumiyyətlə, həyat, yaşamaq sona yetəcəkdi. 

XIX 

Azərbaycanda bir milyondan artıq qaçqın yaşayırdı, bu insanlar Ermənistanın 

işğal elədiyi torpaqlardan qaçmışdılar, yüzilliklərdən bəri atalarının, babalarının 

doğulub, yaşayıb və öldüyü, dəfn edildiyi doğma torpaqlarından məcburi köçkün 

düşmüşdülər. Bu ölkənin  əhalisi cəmi səkkiz milyon idi və bu o deyən söz idi ki, 

Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqın idi və bu da – dünyada analoqu 

olmayan bir hadisə idi.  

Izabel Xanukoff artıq üç gün idi ki, Azərbaycanda idi və beş il müddətində 

dünyanın müxtəlif ölkələrində – Somalidən tutmuş Balkanlaracan – qaçqınlarla çox 

görüşsə  də, növbəti hər görüşün ağır təəssüratı  qətiyyən azalmırdı. Azərbaycanda 

ezamiyyətdə olduğu bu üç gündə də Izabel ölkənin bir neçə bölgəsində qaçqınların 

çadır düşərgələrində, onların ayrı-ayrı yaşayış  məntəqələrində oldu və  hər dəfə 

qaçqın anaların məişətini, qaçqın uşaqların güzəranını görəndə Cenevrə gölünün 

sahilindəki o sakit, arxayın yaşayış Izabel üçün Corc Lukasın filmləri kimi bir şey 

idi, başqa bir planetin, başqa sivilizasiyanın həyatına bənzəyirdi. 

Həmin sentyabr günü bazar günü olsa da, Izabel əvvəldən planlaşdırdığı kimi, 

Bakının 35 kilometrliyindəki Buzovna kəndində qaçqınlarla bu səfərinin son 

görüşünü keçirməyə getdi və onu müşayiət edən rəsmi dövlət məmuru və yerli 

tərcüməçi qızla birlikdə maşına minməzdən əvvəl məmurdan soruşdu: 

– Bu gün bazardı... Onları narahat etməyəcəyik? 




 

370


Məmur Izabelə baxdı  və heç nə demədi, daha doğrusu, Izabel hiss etdi ki, 

məmur – gödəkboylu, arıq və  yəqin ki, qaçqınlarla belə görüşləri çox keçirdiyinə 

görə günün altında yanıb qaralmış bu kişi, sadəcə olaraq, deməyə söz tapmadı və qız 

burasını da hiss etdi ki, verdiyi sualın idiotluğu özünün də yanaqlarını qızardır... 

Izabel ertəsi gün səhər tezdən Cenevrəyə qayıdacaqdı, ona görə  də bu son 

görüşü tez keçirib, axşam da olsa, mütləq Qubaya, Qırmızı  Qəsəbəyə getmək 

istəyirdi, çünki Izabel, az qala, cismani surətdə hiss edirdi ki, o yerlərə getməsə, heç 

olmasa, bircə saat o yerlərə anasının gözləri ilə baxmasa, Zibanın ruhu ondan 

inciyəcək, hətta, küsəcək və buna görə də Buzovnada fəhlə yataqxanasındakı görüş 

çox çəkmədi. 

Əslində, daha belə görüşlərə qaçqınların da həvəsi və deməyə bir sözü 

qalmamışdı, çünki nə  qədər söz var idisə, bu on-on bir ildə hamısını demişdilər, 

amma nə olsun? – xaricdən gəlirdilər, baxırdılar, hər şeyi öz gözləri ilə görürdülər

başlarını bulayırdılar, hətta, eləsi olurdu ki, bax, bu uzun, kürən qız kimi, gözləri 

dolurdu, elə bu qız kimi də, fotoaparatla şəkil çəkirdilər, blaknotlarında nəsə 

yazırdılar, sonra da çıxıb gedirdilər – nə dəyişirdi? 

Məmməd kişinin arvadı Sürəyya xala ikinci mərtəbədəki aralıqda həmin uzun, 

kürən qızın – Izabel Xanukoffun qabağını kəsib və qaçqınların işləri ilə məşğul olan 

bəzi məmurların: «– Xaricdən gələnlərlə  nəzakətli olun»– xahişini də bir tərəfə 

tullayıb: 

– Bura bax, – dedi. – Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım 

deyil! Onu da aparın ermənilərə verin! Bizə heç nə lazım deyil! A tövbə! Bizə 

Şuşanı qaytarın! – Sonra üzünü tərcüməçi qıza tutdu: – Az, tərcümə elə! Nətər 

deyirəm, elə  də  tərcümə elə! – Və  tərcüməçi qız onun sözlərini tərcümə etməyə 

başlayanda, beşinci mərtəbədən düşüb uşaqlarla birlikdə xaricdən gələn növbəti 

qonağa tamaşa edən Qalibin – Cümü ilə Sonanın oğlunun – qolundan yapışıb irəli 

çəkdi. – Bax, bu Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu 

yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar?– Sonra 

da aralığın açıq pəncərəsindən  əlini uzadıb zeytun ağacının altındakı skamyada 

oturmuş Məmməd kişini göstərə-göstərə əməlli-başlı qışqırdı, elə bil, Şuşanı erməni 

yox, bu uzun, kürən qız onların əlindən almışdı. – Odur, bax, – dedi, – mənim kişim 

on ildi orda oturub öz-özü ilə danışır! Nər kimi kişi idi! Top atsaydın, yıxılmazdı! – 

Və daha da bərkdən qışqırdı: – Şuşanı qaytar bizə! Şuşanı!.. Şuşanı!.. 

Məmməd kişi arvadının səsini eşidib zeytun ağacının altından soruşdu: 

– Nolub Şuşaya? 

Sürəyya xala: 

– Heç nə olmayıb Şuşaya! – dedi və özünü saxlaya bilməyib hönkürə-hönkürə 

qonaqlardan ayrılıb yaşadıqları otağa girdi. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə