Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə167/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   163   164   165   166   167   168   169   170   ...   184

 

371


 Izabel  Cenevrədə aldığı  şəxsi hədiyyəsini – fransız  ətrini – son görüşə 

saxlamışdı  və onu elə bu qadına vermək istəyirdi, amma, doğrusu, onun ardınca 

otağa girməyə, bu sözlərdən sonra o kiçik hədiyyəni ona verməyə ürək eləmədi və 

onlar beşinci mərtəbəyə  gəlib çıxanda qəribə bir hadisə oldu. Əslində bu, nəsə bir 

hadisə yox, ani bir hissiyyat idi, bəlkə  də haqq dünyasındakı Ziba ilə Izabel 

Xanukoff arasındakı hansısa bir biobağda, bioteldə yaranan informasiya kimi bir şey 

idi – Izabel, bir kənarda dayanıb heç nə deməyən və iri, ala gözləri lap 

dərinlərinəcən kədər içində olan cavan bir qadını görəndə, elə  həmin an qıza elə 

gəldi ki, Ziba bu qadını tanıyır, daha doğrusu, tanıyıb-tanımamağından asılı 

olmayaraq, bu qadın Ziba üçün doğmadı. Cavan qadının sifətinin gözəlliyi, elə bil, 

iri və ala gözlərindəki o kədərlə heç cürə barışa bilmirdi, o kədəri heç cürə  qəbul 

etmək istəmirdi və bu da o qadının baxışlarındakı, varlığındakı iniltini daha da 

görümlü edirdi. 

Izabel Xanukoff Cenevrədən alıb gətirdiyi hədiyyəni Sonaya – həmin cavan 

qadına bağışladı.  

XX 

O balaca bağlama elə gözəl bağlanmışdı, ona elə gözəl bant taxılmışdı ki, onun 

görünüşü o fəhlə yataqxanasındakı güzəranla heç cürə uyuşmurdu və  Cəmilə  də, 

Qalib də maraq və  həyəcanla o balaca bağlamaya baxırdılarsa da, Güllü arvadı az 

qalırdı gülmək tutsun. 

Xaricdən gəlmiş o uzun, kürən qız çıxıb gedəndən sonra otağa qayıdan Güllü 

arvad: 

– Az, aç görək onun içində nə var elə?– dedi. 



Sona  əlində tutduğu o balaca bağlamaya taxılmış lentə baxanda uşaq vaxtı 

hərdənbir axşamlar Cıdır düzünə, ya Ərimgəldiyə, ya Istirahət Evinə  gəzməyə 

gedəndə anasının onun iki uzun hörüyünün ikisinin də ucuna bağladığı  qırmızı 

lentlər birdən-birə gəlib gözlərinin qabağında dayandı və Sona bağlamanı Solmaza 

tərəf uzatdı və elə bil, ancaq indi gördü ki, Solmaz kordu, tez əlini geri çəkib bu dəfə 

də bağlamanı Cəmiləyə tərəf uzatdı: 

– Al, aç... 

Cəmilənin on beş yaşı vardı, Cümü onu qucağına alıb Şuşadan qaçanda heç beş 

yaşı tamam olmamışdı  və  Cəmilə indiyə  qədər  əlində belə gözəl balaca bağlama 

tutmamışdı.  

Güllü arvad nəvəsinə: 

– Az, aç də... – dedi və bu on illik qaçqınlıq həyatında xaricdən onların 

güzəranını görməyə  gələn adamlardan daha heç nə ummadığı, heç nə gözləmədiyi 

üçün əlavə etdi: – Içindən indi səfeh bir şey çıxacaq... 

Cəmilə: 

– Bantı mənimdi! – dedi və Qalibə baxdı. 

Qalib bu dəfə bacısının sözünə etiraz etmədi, çünki o gözəl balaca bantın 

oğlanlara yüz faiz dəxli yox idi. 

Güllü arvad: 

– Yaxşı, ay qız... – dedi. – Aç!.. 

Cəmilə yavaş-yavaş və ehtiyatla bağlamanı açmağa başladı və nəhayət ki, açdı, 

əlində tutdutu qutunun o tərəf-bu tərəfinə baxdı. 

Güllü arvad: 



 

372


– Az, onu da aç... – dedi. 

Sona: 


– Day onun nəyini açsın? Ətirdi də...    – dedi və gülümsədi, sonra da çayniki 

götürüb otaqdan çıxdı ki, həyətə düşüb krantdan su doldursun. 

Sona elə gülümsədi ki, elə bil o ətirə yox, fəhlə yataqxanasında 

məskunlaşdıqları bu on ilə baxıb gülümsəyirdi... 

Cəmilə bu hədiyyənin belə bir gözlənilməzliyindən elə çaşdı ki, qutu ilə bərabər

bantı da Güllü arvada verdi və Güllü arvad bir müddət o qaba, o banta baxdı. 

Cümü açıq pəncərənin qabağında dayanıb gözlərini həyətdə krantdan çaydana su 

dolduran Sonaya zilləmişdi və Sonanın bayaqkı o təbəssümü Cümünün içini elə 

doldurmuşdu ki, Güllü arvadın ətir qabını ona tərəf uzadıb nə dediyini əvvəlcə heç 

başa düşmədi. 

– Ə, səninnəyəm... – Güllü arvad təkrar etdi. – Al bunu, apar yarmarkada sat, o 

qıza, – əli ilə pəncərəyə tərəf işarə etdi, yəni ki, Sonaya, – bir babat don al gətir... 

Cümü ətiri anasından alıb otaqdan çıxdı. 

Güllü arvad onun ardınca: 

– Sən dədəyin goru, – dedi. – Pulu arağa vermə! 

Cümü: 


– Dədəmin goru çoxdan çatdayıb!.. – dedi və tez-tez pilləkənləri düşməyə 

başladı, elə bil, təkcə bu yerlərdən yox, dünyadan qaçıb canını qurtarmaq istəyirdi.  



XXI 

Binə aeroportunun qarşı  tərəfində, Bakıdan gələn  əsas  şose yolun arxasında 

böyük bir yarmarka Sovet Ittifaqı dağılandan sonra neçə il idi ki, şıdırğı alış-veriş 

yerinə çevrilmişdi və burada ayaqqabı mismarından tutmuş taxta fin evlərinə qədər 

nə istəsən tapıb almaq mümkün idi və qiymətlər də Bakıya, Bakıətrafı Abşeron 

kəndlərinə nisbətən xeyli ucuz idi.  

Əlbəttə, orda fransız ətrinin də müştərisi tapılacaqdı, onun puluna da Sonaya bir 

don almaq olacaqdı və elə bu vaxt tualetdəki o paslı güzgüdən baxan Sona qəfildən 

gəlib Cümünün gözlərinin qabağında dayandı  və Binə Yarmarkasına sarı sürdüyü 

motoroller az qaldı yolundan çıxıb özünü qarşı tərəfdən gələn və içi sərnişinlə dolu 

mikroavtobusa çırpsın.  

Sonuncu anda qəzadan qurtaran mikroavtobusun sürücüsü barmağı ilə Cümünü 

hədələdi və hiddətlə  nəsə dedi, Allah bilir, nə söyüş söydü, amma Cümü bunun 

fərqində deyildi, içindən qopub gələn bir «niyə?» onun bütün sısqa vücudunu, elə 

bil, bir çəkisizlik içinə soxmuşdu: gözünün qabağındakı Sona niyə o paslı güzgüdən 

ona baxmalı idi, fransız  ətri nə zibil bir şeydi ki, Sona onu öz boynuna, sinəsinə 

vurmasın və niyə, niyə, niyə axı, hansı bir oynaşsa bunu alıb öz qəhbəsinə verə bilər, 

amma Cümü həmin pula Sonaya don almalıdı ki, əynindəki süzülüb didilmiş dondan 

canı qurtarsın? 

Niyə? 


Niyə? 

Niyə axı? 

Və elə bil, o tır-tır öz- özünə dövrə vurub geri qayıtdı  və  həmin sentyabr 

gününün o axşam çağında Cümünü yenə də Buzovna ilə Zuğulba arasındakı o sahilə 

– qayalığa gətirib çıxardı.  



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə