Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə165/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   161   162   163   164   165   166   167   168   ...   184

 

367


XIV 

Bir dəfə, səfeh giləvar əsən bir payız axşamı idi və o səfeh giləvara baxmayaraq

Məmməd kişi yenə  həmin zeytun ağacının altındakı o sınıq-salxaq skamyada 

oturmuşdu və bu hələ o vaxtlar idi ki, Məmməd kişi, ancaq öz-özü ilə yox, 

başqalarıyla da danışırdı, bax, həmin axşam Cümü motorolleri həyətdə saxlayıb 

yataqxananın blokuna girmək istəyəndə Məmməd kişi ondan soruşdu: 

– Bura bax, ə, Cümü, ermənilər müsəlman olsaydı, ruslarnan Amerika yenə 

onlara qəhmər çıxacaqdılar? 



XV 

Gəlib Buzovnadakı bu fəhlə yataqxanasında yerləşəndən sonra, Cümü uzun 

müddət gecələr yata bilmədi və məsələ təkcə onda deyildi ki, nəm və isti Abşeron 

havası ilə  nəfəs ala bilmirdi və  dənizin o uğultusu da onu yatmağa qoymurdu – 

bunlar öz yerində, ən başlıcası o idi ki, bir balaca huşa gedən kimi Şuşanın küçələri, 

bağları, Ağadədəli məhəlləsi gəlib dururdu gözlərinin qabağında və bu – yuxu kimi 

yuxu deyildi, qarabasma kimi də qarabasma deyildi, amma o anlarda Cümünün 

nəfəsi daha da ağırlaşırdı, havası çatmırdı.  

Sonralar gecə gözlərinin qabağına gələn o rəngli – ən çox da yarpaq yaşılı – 

Şuşa mənzərələri yavaş-yavaş yox oldu və ümumiyyətlə, uzun müddət heç bir yuxu 

görmədi, amma axır vaxtlar tır-tır yuxusuna girməyə başlamışdı. Bu gecə də yuxuda 

tır-tırı gördü. Gördü ki, canını götürüb tır-tırdan qopmaq, qaçmaq istəyir, amma tır-

tır onu buraxmır, Cümü qaçır, sürətlə öz-özünə gedən tır-tır da ardınca qova-qova 

onu izləyir və  səksəkə içində yuxudan oyanıb hələ gün çıxmamış  həyətə düşdü, 

zeytun ağacının yanında Məmməd kişinin (Gözlə  Gəlirəm Məmmədin) boş 

skamyasında oturdu, bir siqaret çəkdi, sonra gedib tır-tırı  işə saldı  və  tır-tır yarım 

saat bütün həyətə haray-həşir salıb işə düşdü və Cümü yataqxananın həyətindən 

çıxdı, bir də axşam saat 9-da – 10-nun yarısında qayalığa gəldi.  

Dəniz sakit, qayalıq bürkü idi. Cümü tır-tırı həmişəki kimi bir kənarda saxlayıb 

qayalığa çıxdı və əlində tutduğu dəmir pivə bankası kimi araq bankasının ağzını açıb 

isti araqdan beş-altı qurtum içdi. Bu araqları  təzə buraxmağa başlamışdılar və 

qiyməti də su qiyməti kimi bir şey idi, Bolelşik Bufetçi Ibadullanın bufetindəki 200 

qram arağın puluna bunun üçünü almaq olardı, hərəsi də 175 qram, amma deyirdilər 

ki, bu araq zəhərdi.  

Bu dəfə Cümü bankadakı arağın hamısını içdi və öz-özünə:  

– Zəhərdi?– dedi. – Bəs, niyə səni öldürmür, ay it oğlu? 



XVI 

Şuşa Internat məktəbində idman müəllimi işləyən Salman indi xəstəxanada 

gözətçi yeri tapıb, orada işləyirdi və gecələr xəstəxanadan spirt oğurlayırdı, Cümü 

də Salmanla birlikdə o spirtdən içib keflənəndə, növbəti stəkandan sonra üz-gözünü 

turşudub deyirdi: 

– Ə, dərddən içirəm e, mən, dərddən! – Sonra da özünün özünə hirsi tuturdu və 

bu dəfə də öz-özünə deyirdi: – Tüpürüm sənin dərdinə də, özünə də!..  

Salman ona təskinlik vermək istəyirdi: 

– Helə demə,  ə, niyə özünü söyürsən? Dərdimiz böyükdü də, bə  nədi,  əlbəttə, 

dərddən içirik!.. 




 

368


Cümü qəhərdən boğula-boğula: 

– Ə, sən kəs səsini! – deyirdi. – Spirt oğrusu! 

Sonra Salman xəstəxanadan oğurladığı spirti satmağa başladı  və daha içməyə 

vermədi. 



XVII 

Bir dəfə – mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü 

başlamamışdı, dənizin sahilində, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam 

kimsəsiz, bomboş olurdu – axşam Cümü yenə Sonanı motorollerin kuzovuna 

mindirib qayalığa apardı  və yenə  də o qayalıqda Sonanın solub rəngi məlum 

olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, 

hər  şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa 

gətirməyəcək və elə bu vaxt, göydən düşdü, ya qayanın içindən pırtlayıb zühur elədi, 

bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra 

toxtayıb: 

– Alə, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. Insansuz 

axı!.. 


Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa sıçrayıb motorollerə tərəf qaçdı 

və kuzova minib hönkürə-hönkürə çığırdı: 

– Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!.. 

Birdən-birə bütün sifəti təndir közü kimi alışıb-yanan Cümü heç bilmədi nə 

üçün,  əlini atıb yerdən ovuc boyda bir qaya parçası götürdü, sonra arxasını onlara 

çevirib qayalıqdan uzaqlaşan o kişinin ardınca baxdı, bütün varlığı ilə istədi ki, 

əlindəki daşı öz başına çırpıb özü öz beynini dağıtsın, sonra birdən-birə boşalan, 

taqətdən düşən əlindəki qaya parçasını güclə bir tərəfə tulladı və tır-tıra tərəf getdi.  

Uzaqlaşıb qaranlıq içində gözdən itən o kişi yerli adam idi, deyəsən, avtobus 

sürücüsü idi, adı da deyəsən, Ağarəhim idi, ya Ağadadaş idi, nəsə belə bir şey idi... 



XVIII 

Sonanın böyük bacısı Solmaz anadangəlmə kor idi və elə ki, ermənilər Şuşaya 

hücum çəkdi, Şuşada qaçaqaç düşdü, kim nə tapdısa, ona mindi, şuşalıları köçürən 

vertalyotda, yük maşınlarında, başqa maşınlarda yer qalmadı, onda hərə canını 

götürüb bir tərəfə dağıldı, kimi pay-piyada Turşsu meşələrindən keçib Laçına qaçdı, 

kimi dağlardan enib Ağdama gələ bildi, bir qismi işğalçı gülləsinə tuş oldu, bir qismi 

girov götürüldü, güllədən və girovdan yayınan bir qismi də elə o meşələrdə, o 

dağlarda tələf oldu. Ana oğuldan xəbərsiz qaldı, oğul bacıdan, bacı atadan və o vaxt 

Solmaz da itdi və Cümügil minbir məşəqqətlə  gəlib Ağdamda yığışanda Solmazı 

«gördüm» deyən olmadı, Solmazdan xəbər-ətər çıxmadı.  

Bütün bu müsibətlər azmış kimi, Solmazın da sevimli və köməksiz sifəti gecə-

gündüz Sonanın gözlərinin qabağından getmirdi və belə məqamlardan birində Güllü 

arvad dediyi sözlərə özü də inanmayaraq, Sonaya toxtaxlıq vermək istədi: 

– Az, özünü üzmə... Dünyada elə möcüzələr olur ki!.. Allah kərimdi!.. 

Sona burnunun suyunu çəkə-çəkə: 

– Allahın üzü dönüb də, bizdən, ay nənə!.. – dedi. – Görmürsən? 

Güllü arvad içini çəkdi: 

– Boy-y-y, ay qız, əstəğfürullah de! 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə