Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə163/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   159   160   161   162   163   164   165   166   ...   184

 

363


Həmin sentyabr günündən bir müddət  əvvəl məlum oldu ki, növbəti dəfə 

xaricdən nümayəndələr gəlib qaçqınların həyatı ilə tanış olacaqlar. Fəhlə 

yataqxanasında yaşayan arvadların bir neçəsi həyətdəki krantın qabağında 

dayanmışdı  və günortalar çox işləndiyi üçün suyu yataqxananın yuxarı 

mərtəbələrinə qaldırmağa nasosun gücü çatmadığına görə, arvadlardan kimisi bir 

vedrə su doldurmuşdu, kimisi çirkli boşqabları yumuşdu, amma evə (otaqlara) 

qalxmağa tələsmirdilər. Bu krantın yanı yeganə yer idi ki, qaçqın arvadlar orada bir-

birindən təzə  xəbərləri eşidirdilər, Allahın hər verən gününün qayğılarını,  əzab-

əziyyətlərini bölüşürdülər, kiminsə, nəyinsə qarasına danışırdılar, ürəklərini 

boşaltmağa fürsət tapırdılar. 

Krantın arxa tərəfində üç dənə böyük iydə  ağacı var idi və  kəndin camaatı 

deyirdi ki, vaxtilə buralar başdan-başa neftxuda Məşədi Ağarəhim Mir Abdulla 

oğlunun iydə, innab badam və püstə bağı olub, sonra, yəni sovet vaxtı – iyirminci 

illərdə bura xarabaya dönüb, səksən yaşlı Məşədi Ağarəhimin özünü də bolşeviklər 

tutub güllələyiblər və bu üç iydə ağacı da ondan və onun o gözəl bağından yadigar 

qalıb.  


Həmin sentyabr günündən bir müddət  əvvəl o arvadlar it ləhlədən istinin və 

evdəki (otaqdakı) nəm bürkünün əlindən o iydə ağaclarının kölgəsində ayaq saxlayıb 

söhbət edirdilər. 

Kolxoz kişinin dul arvadı Xədicə dedi: 

– Az, deyirlər xaricdən yenə qəmisyə gələcək... 

– Onnarın qəmisyəsi başlarına dəysin!.. Gəlib nağayrajaqlar, az? Indiyədək 

gəlib-gedib nağayrıblar ki, bunnan sonra da eləsinlər?.. – Bunları da Gözlə-Gəlirəm 

Məmməd kişinin arvadı Sürəyya xala dedi. 

Sonra o biri arvadların da giley-güzarı bir-birinə qarışdı. 

– O qəmisyədəkilər gəlib bir gün burda bizim günümüzdə yaşasınlar, onnan 

sonrasına baxarıq!.. 

– Az, bunnar hamısı erməninin şipyonudu!.. 

Bu vaxt Cümü ilə Sona yataqxananın yeganə blokundan çıxdılar, Cümü 

motorollerini işə saldı, Sona da qalxıb kuzova atılmış köhnə ehtiyat təkərin üstündə 

oturdu. 

– Cümü bunu hara aparır, az? 

– Teatra!.. Hara aparacaq? Bilmirsən? 

– Vallah, bunun, heç olmasa, tır-tır lafeti var, öz arvadıdı, hara istəyir, ora da 

aparır! Bizim kişilər neyləsin? Səkkiz nəfər bir otaqdayıq! Sən də  qəmisiyədən 

danışırsan! On bir ildi nağayrıb bizə o qəmisyə, hı? 

– Düz deyir, dayna! Odu ha, dağ kimi Məmməd indi oturub o sınıq-salxax 

skamyada, bərkdən özü özüylə danışır!.. Bu da sənin qəmisyən! – Bu son sözləri də 

Sürəyya xala dedi. 

Həmin sentyabr günü Qırmızı xoruzun o vaxtsız banlamağı sübh tezdən 

Ağadadaşın kefinə soğan doğramışdı  və bu azmış kimi, üstəlik, səhər çay-

çörəyindən sonra, onlarla üzbəüz həyətdə yaşayan Bolelşik Bufetçi Ibadullayla nərd 

oynayıb dalbadal üç tas uduzdu və bütün bunlar da azmış kimi, günorta nahar vaxtı 

evə qayıdanda Balacaxanım bu istirahət günü xüsusi olaraq əri üçün bişirdiyi bir 

kasa bozbaşı, pamidor-xiyarı, sirkə-badımcanı, duzu, bibəri onun qabağına qoyub: 



 

364


– Şoqəribə qalmış xoruz yoxdu, qeyitmiyib... 

Ağadadaş bütün Buzovnada ən gözəl çörək bişirən Hacı Əliağanın təndirindən 

təzəcə çıxmış isti çörəyi kasanın içinə – bozbaşın suyuna doğraya-doğraya: 

– Bəs toyuqlar?– soruşdu. 

Balacaxanım: 

– Ikisi yoxdu... Qalanları hindədi, qeyidiblər... – dedi. 

Ağadadaş, elə bil, bu bazar günündən o vaxtsız səhər banının, dalbadal 

uduzduğu o üç tasın hayıfını almaq üçün, ləzzətlə bozbaşdan bir qaşıq ağzına qoyub: 

– Hara gedəcəklər?– dedi. – Avtobusa minməyəcəklər ki, qeyidib gələcəklər 

də... 


XI 

Şuşada Cümü, ancaq evdəkilər üçün Cümü idi, çünki onu uşaqlıqdan evdə belə 

çağırırdılar, amma eşikdə Cümü – Cümşüd idi, Qızıldiş Cümşüd.  

O zaman ki, Cümü imtahandan kəsilib Şuşaya qayıtdı, ondan sonra universitet 

xəyallarını birdəfəlik ürəyindən çıxartdı,  əvvəlcə avtobus profilaktoriyasında 

matorçu köməkçisi işlədi, sonra o vaxt Stepanakert dedikləri Xankəndində şoferlik 

kursu oxuyub vəsiqə aldı, «Şuşa – Stepanakert – Şuşa» marşrutu ilə avtobus sürdü 

və elə onda da ağzının sol tərəfində, dodağının qırağında bir dişinə  qızıl koronka 

saldırdı və əslində Cümü o qızıl dişi Sonaya görə saldırdı.  

Cümü Sonaya vurulanda Sona on birinci sinifdə oxuyurdu və Sonanın gözəlliyi 

get-gedə – qız gözgörəti  ətə-qana dolduqca – elə bil, Ağadədəli məhəlləsində 

cavanların başının üstündə qövsi-müqəddəs kimi qövsi-gözəl bir şeyə çevrilirdi.  

Sonra Cümü taksiyə keçdi və Cümünün o taksini sürmədiyi yer qalmadı, çünki, 

xüsusən yay aylarında, Şuşada istirahətdən, müalicədən sonra geri qayıdan imkanlı, 

yəni, taksi tuta bilən müştərilərin biri Azərbaycanın bu başında, o biri də o biri 

başında yaşayırdı, elə həftə də olurdu ki, iki dəfə, üç dəfə Bakıya gedib qayıdırdı, 

hətta, neçə dəfə Tiflisə getmişdi, bir dəfə isə, Rostovacan gedib çıxmışdı və o vaxt 

Sona da Cümünü – Qızıldiş Cümşüdü seçdi; Cümünün qara «Volqa»nı (taksini) silib 

par-par işıldadaraq Ağadədəli məhəlləsində Sonagilin ikinci mərtəbədəki eyvanının 

qabağından keçməyi qızı hipnoz elədi, ya qızıl dişinin işıltısı  qızın gözünü 

qamaşdırdı, hər halda, onların toyu Ağadədəli məhəlləsində yaddaqalan toylardan 

biri oldu və o toyda Malıbəyli Köhnə Qaval Isgəndər Nuh Nəbidən qalma qavalını 

qulağının dibinə sıxıb bir «Qarabağ şikəstəsi» oxudu ki, o şikəstə «– Isgəndər daha 

qocalıb...»– deyənlərin birdəfəlik cavabını verdi və sübut elədi ki, qızıl qaldıqca, 

qiyməti artır.  

– Isgəndər kişi, o tərəflərdə  nə var, nə yox?– bunu axşam Bolelşik Bufetçi 

Ibadullanın bufetində araq dümləyib və indi tək gəlib dəniz kənarındakı qayalıqda 

oturaraq dənizə baxan Cümü qışqırırdı, guya, Malbəyli Köhnə Qaval Isgəndər ona 

cavab verəcəkdi ki, o tərəflərdə, yəni, o biri dünyada nə var, nə yox, orda işləri yaxşı 

gedir, ya pis? 

Şuşadan qaçaqaç düşəndə erməniyə kömək eləyən rus əsgərinin «Kolaşnikov»u 

Malbəyli Köhnə Qaval Isgəndəri ortasından biçmişdi və o qaçaqaçda onun yanında 

olan Məmməd kişi (Gözlə-Gəlirəm Məmməd) sonralar danışırdı ki, Malıbəyli 

Köhnə Qaval Isgəndərin bədəni ortadan ikiyə bölünmüşdü, qurşaqdan yuxarısı bir 

tərəfdə idi, aşağısı o biri tərəfdə  və  həmişəki göy çixollu qaval da eləcə  əlində 

qalmışdı.  




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə