Xəbər bülleteni №16


Səhiyyə Nazirliyi sertifikasiya ilə bağlı rəsmi məlumat yayıb



Yüklə 0,61 Mb.
səhifə3/27
tarix20.09.2017
ölçüsü0,61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

Səhiyyə Nazirliyi sertifikasiya ilə bağlı rəsmi məlumat yayıb


01.12.2015

sehiyye nazirliyi 1
Bu ilin yanvar-noyabr aylarında Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası sertifikasiya imtahanlarında iştirak etmək üçün 11705 nəfərə buraxılış vərəqəsi təqdim edib. Transparency.az Səhiyyə Nazirliyinin məlumatına əsasən bildirir ki, 10002 nəfər imtahanlardan uğurla keçib. İmtahanlarda iştirak edənlərin 4346 nəfəri 90 baldan çox, 4317 nəfəri 75-90 arası, 1339 nəfəri isə 60-75 arası bal toplayıb.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 1880 nəfərə yaxın namizəd qeydə alınıb.

Test imtahanı və müsabiqələrdə iştirak edənlərin əksəriyyəti terapiya, pediatriya, stomatologiya, anesteziologiya-reanimatologiya, kardiologiya və laboratoriya işi ixtisasları üzrə müraciət edib. Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstün olub.

Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanmasıdır. Prosesə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.


Noyabr ayında Təhsil Nazirliyinə nə qədər müraciət daxil olub?


01.12.2015

tn-binaNoyabr ayında Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə gələn zənglər və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Edu.gov.az-ın təqdim etdiyi statistikaya əsasən, telefon məlumat mərkəzinə 8824 zəng (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox) daxil olub. Vətəndaşların qəbulu mərkəzində isə 4653 vətəndaşa xidmət göstərilib.

Rəsmi hesabata görə, müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub, 597 vətəndaş elektron qaydada Təhsil Nazirliyinin məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların qəbulu mərkəzində 1228 sənəd (798 məktub, 405 ərizə, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulmalıdırmı?


01.12.2015

avrasiya ittifaqi 1
Belarus lideri Aleksandr Lukaşenko noyabrın 28-də Minskə səfər edən prezident İlham Əliyevə deyib ki, ölkəsi Azərbaycanın Avrasiya İqtisadi İttifaqında maraqlarının təmin olunmasına kömək etməyə hazırdır. Bu sözləri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına rəsmi dəvəti kimi dəyərləndirmək olarmı? Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulmalıdırmı?

2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Transparency.az-a deyib ki, Belarus prezidentinin sözlərini Azərbaycanın Avrasiya İqtisadi İttifaqına rəsmi dəvət kimi qiymətləndirmək olmaz: “Aleksandr Lukaşenko sadəcə öz arzusunu ifadə edib. Avrasiya İttifaqının mahiyyəti kimsəyə bəlli deyil. Cəlbedici iqtisadi əməkdaşlıq qurumu olsaydı, Azərbaycan çoxdan ona maraq göstərərdi. Halbuki bu qurum əsasən siyasi təzyiq təsəvvürü yaradır. Ona görə də Azərbaycan mümkün olan həddə qədər bu cür birliklərdən uzaq durmalıdır ki, müstəqilliyinə xələl gəlməsin”.

Transparency.az-a danışan REAL Hərəkatının üzvü, iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına dəfələrlə dəvət olunub, indi də dəvət qüvvədədir: “Azərbaycan Avrasiya İttifaqına Ermənistana görə daxil olmur. Həm də bizim hökumət Qərbdən basqı olanda qarşı tərəfi ittifaqa qoşulacağı ilə təhdid edir. Ölkəmizin o ittifaqa qoşulmasının bizə heç bir dividendi yoxdur, çünki xarici ticarətimizin böyük əksəriyyəti Avropa və Uzaq Şərq ölkələri ilədir”.


Tacikistanda valyuta mübadiləsi məntəqələri bağlanır


01.12.2015

tacik valyutaTacikistanda bütün valyuta mübadiləsi məntəqələri bağlanır. Novator.az xəbər verir ki, bundan sonra valyuta əməliyyatları yalnız bank xidməti mərkəzləri və filiallarında, maliyyə müəssisələrində, kredit təşkilatlarının baş ofislərində həyata keçiriləcək.

Tənzimləyici idarənin qəbul etdiyi xarici valyuta ilə əməliyyatların aparılması qaydasına görə, əməliyyatların digər yerlərdə aparılması qanunsuz hesab olunacaq və valyutanı alan da, satan da məsuliyyətə cəlb olunacaq.

Bundan əvvəl Tacikistan parlamenti məmurların xarici hesablar açmasını qadağan etmişdi.

İran səfirliyi Nardaranla əlaqədar bəyanat verib


01.12.2015

iran-bayraq 1İranın Azərbaycandakı səfirliyi Bakının Nardaran qəsəbəsində baş verən hadisələrlə əlaqədar ölkənin adının hallandırılmasına etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir: “Təəssüflər olsun ki, bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən Nardaran hadisələrinin ardından bəzi rəsmi və qeyri-rəsmi medialar, hətta millət vəkilləri birbaşa və dolayısı ilə İran İslam Respublikasını ittiham etməyə, bu ölkənin sütunlarına, xüsusilə dini müqəddəslərinə hücum etməyə başladılar. İran İslam Respublikasının səfirliyi hadisələrin ilk günündən səbir və dözüm nümayiş etdirərək buna münasibət bildirməməyə çalışdı, lakin artıq ölkəmizin ləyaqəti və qüruru hücuma məruz qaldığı üçün ictimai fikri aydınlatmaq məqsədilə aşağıdakıları diqqətinizə çatdırır:

1. İran İslam Respublikasının bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycan Respublikasına qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib. İran İslam Respublikasının beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir. Şübhəsiz, İran İslam Respublikası ilə Azərbaycan Respublikasının regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başucalığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər. Aydındır ki, son hücumlar da İran İslam Respublikasını qaralamaq və iki ölkə münasibətlərinə zərər vurmaq məqsədilə edilir.

2. İran İslam Respublikası heç vaxt Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb. İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşı olub. Təbiidir ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycan Respublikasının rəsmi orqanları tərəfindən hər hansı bir sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq və biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur.

3. Azərbaycan Respublikasının bəzi media orqanları həzrət Ayətullah Nuri Həmədaninin Azərbaycan xalqı ilə görüşündə bir neçə nəfərin onun əlini öpməsi səhnələrini nümayiş etdirməklə həmin şəxslərin İranla əlaqəli olduğunu göstərməyə çalışırlar. Qeyd etmək lazımdır ki, din alimlərinə hörmət və ehtiram nümayiş etdirmək islam dini yaranandan bəri adət olub və hətta Azərbaycan xalqı da müxtəlif zamanlarda ayətullah Lənkərani, ayətullah Ordubadi, ayətullah Badkubeyi, ayətullah Gəncəvi, ayətullah Qubayi və sair böyük din alimləri və müctəhidləri ilə görüşdükdə onlara qarşı ehtiram göstərərək əllərini öpüblər. Ayətullah Nuri Həmədaninin Azərbaycan Respublikasına səfəri zamanı da bu ölkənin yüzlərlə ləyaqətli və imanlı şəxsi ona qarşı hörmət göstəriblər və əgər onun səfər müddəti daha çox olsaydı bu rəqəm minlərlə nəfərə çatardı. Bu cür hörmət və ehtiram nümayiş etdirmək heç bir vəchlə onların başqa bir ölkəyə bağlı olması kimi hesab edilə bilməz. Ayətullah Nuri Həmədani Bakıda əhali ilə görüşərkən çıxış edib və çıxışında bildirib ki, “şiənin qanı coşmalıdır, sizin qanınız isə Qarabağın azad olunması uğrunda coşmalıdır”. Belə bir sözü deyən şəxsə Azərbaycan xalqı ehtiram göstərməməlidirmi? Tehran-Bakı münasibətlərinə xələl gətirmək məqsədilə dini müqəddəslərə hörmətsizlik edənlər tənqid olunmamalıdırmı?

Təəssüf ki, bəzi media orqanları və xüsusi şəxslər, özəlliklə vəhhabi muzdurları Nardaran hadisələrindən sui-istifadə etməklə şiəliyi təkfirçilikdə və ifratçılıqda ittiham etməyə və özlərinin təkfirçi və terrorçu fəaliyyətlərində cinayət ortağı yaratmağa çalışırlar. Bu elə bir halda baş verir ki, tarixi faktlara əsasən əsl islam, xüsusilə də şiəlik heç vaxt təkfirçilik düşüncəsinə malik olmayıb və bu din daim məntiqli, mötədil və fitri bir din olaraq tanınıb. Təkfirçi qrupları yetişdirib onları Suriyaya göndərənlərin özləri şiəliyi təkfirçi məzhəb adlandırmaqla bütün dünya şiələrini, xüsusilə də əziz Azərbaycan xalqını təhqir edirlər. Din xadimləri, xüsusilə də şiə alimləri bu kimi təbliğatlara qarşı ehtiyatlı olmalı və şiəliyi təkfirçiliklə eyniləşdirənlərə qarşı aydın və qəti mövqe sərgiləməlidirlər.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini bir daha vurğulayaraq Allahdan Nardaran hadisəsi nəticəsində dünyasını dəyişənlərə rəhmət və bağışlanma diləyir, onların ailələrinin qəminə şərik olduğunu bildirir və ümid edir ki, bütün dost ölkələrdə yaranan ixtilaflar dinc şəkildə, ağsaqqalların təcrübələrindən və məsləhətlərindən bəhrələnərək öz həllini tapsın və biz də dost və qardaş ölkələrdə sabitlik və əmin-amanlığın bərqərar olmasına şahid olaq”.

Səfirlik qeyd edir ki, bu, İranın Nardaran hadisələri ilə əlaqədar yeganə bəyanatıdır və bundan əvvəl İranın Azərbaycandakı səfiri və ya səfirliyin əməkdaşları bu mövzuda heç bir açıqlama verməyib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Nardaran Ağsaqqallar Şurasının sədri müraciət yayıb

Nardaran qəsəbəsində təhlükəsizlik tədbirləri gücləndirilib

Nardaranda xüsusi əməliyyat: rəsmi məlumat yayıldı





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə