Xəbər bülleteni №29



Yüklə 0,51 Mb.
səhifə5/8
tarix23.01.2018
ölçüsü0,51 Mb.
#22349
1   2   3   4   5   6   7   8

Türkiyədə ikitərəfli müzakirələr olub

15.04.2016



gorush - istanbul 1
Aprelin 14-ü İstanbulda Türkiyənin baş naziri Əhməd Davudoğlunun adından İslam Əməkdaşlıq Təşkilatı sammitinin iştirakçılarının şərəfinə nahar verilib. Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib.

Mərasimdə çıxış edən Əhməd Davudoğlu sammitin dünyanın çox mürəkkəb vaxtında keçirildiyini, islam dünyasının İstanbuldan beynəlxalq aləmə sülh və əməkdaşlıq mesajı verdiyini vurğulayıb. “İslam dünyası tarixdə bütün mədəniyyətlərin mərkəzi olub, ən güclü dövlətlər bu məkanda yaranıb” deyən Əhməd Davudoğlu ümidvar olduğunu bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı bu coğrafiyada sülh və sabitliyin bərqərar olmasına yardım edəcək.

Türkiyənin baş naziri islamı terrorla eyniləşdirməyə çalışan qüvvələrə qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb, islamla bağlı formalaşdırılan mənfi rəylərin aradan qaldırılması, Suriya, İraq və Liviyadan olan qaçqınlara yardımın göstərilməsi, islam ölkələri arasında yüksək səviyyəli dialoqun baş tutması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, islam dünyasını parçalamaq təşəbbüslərinə qarşı birgə mübarizə aparılması, islam dünyasına məxsus bütün işğal edilmiş ərazilərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tezliklə azad olunması ilə bağlı ortaq mövqedən çıxış edilməsinin vacibliyini bildirib.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev həmin gün Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirilib, iki ölkə arasında münasibətlərdən məmnunluq ifadə edilib, Dağlıq Qarabağ cəbhəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Aprelin 14-də İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə də bir araya gəlib. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulanıb, əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu qeyd edilib.

Söhbət zamanı Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müharibə istəmir, ancaq Ermənistan hərbi birləşmələrinin təxribatçı əməllərinə cavab verməli olub. Dövlət başçısı hadisələr zamanı zəng vurub narahatlığını ifadə etdiyinə görə İran prezidentinə təşəkkürünü bildirib.

Görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və İran prezidentləri müxtəlif sahələrdə, o cümlədən viza rejimi, turizm, maliyyə-bank sahələrində əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda ekstremizmə, terrorizmə və radikalizmə qarşı mübarizədə əməkdaşlıq və digər istiqamətlərdə münasibətlərin genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

İlham Əliyev daha sonra BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Beltmanla görüşüb. Görüşdə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyi bildirilib, bu il Bakıda birgə təşkil ediləcək Sivilizasiyalar Alyansının VII qlobal forumu bu əməkdaşlığın yaxşı göstəricisi kimi səciyyələndirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Aprelin 14-də İstanbulda Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib. İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

Avro cüzi bahalaşıb

15.04.2016



avro 01Aprelin 15-də Mərkəzi Bank ABŞ dollarının kursunu sabit saxlayıb. 1 dollar ötən gün olduğu kimi 1,5218 manata satılır.

Rusiya rublunun da rəsmi kursu dəyişməz qalıb. 1 rubla 0,023 manat qiymət qoyulub.

Transparency.az xəbər verir ki, avronun rəsmi məzənnəsi cüzi qalxıb. Aprelin 14-də 1 avro 1,7139 manat olub, bu gün kurs 1,714 manatdır.

Mərkəzi Bank digər xarici valyutaların kursunu belə müəyyən edib:

1 gürcü larisi – 0,6749 manat

1 ingilis funt sterlinqi – 2,1538 manat

1 İsveçrə frankı – 1,5726 manat

1 türk lirəsi – 0,5336 manat.

NATO rəsmisinə cəbhədəki son gərginlik barədə məlumat verilib

15.04.2016



nato resmisi 2
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri Vilyam Lahu üçün aprelin 1-dən 7-dək qoşunların təmas xəttində Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətlərinə dair brifinq verilib. Xəbəri aprelin 15-də Mod.gov.az yayıb.

Brifinqdə erməni bölmələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan aramsız atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş ziyan, eləcə də mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanmış məlumatlar təqdim edilib. Təxribatların qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində keçirdiyi cavab tədbirlərindən söz açılıb.

NATO rəsmisinə Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində hərbi qulluqçularımızın erməni əhalisinə qarşı guya aqressiv hərəkətləri barədə dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub.

Sonda Vilyam Lahunun sualları cavablandırılıb.

Avropanın yoxsulları

15.04.2016



avropa ittifaqi 1
Rumıniya əhalisinin dörddə bir hissəsi yoxsulluqdan əziyyət çəkir. Avropa Statistika Agentliyi aprelin 15-də belə məlumat yayıb.

Novator.az xəbər verir ki, agentlik yoxsulluq statistikasını hazırlayarkən meyar kimi əhalinin mənzilini isitmək üçün ödəniş edə bilməyən və ya ildə bir həftəlik məzuniyyətə çıxa bilməyən hissəsini götürüb.

Agentliyin hesabatına görə, 2015-ci ildə Rumıniyada 4,9 milyon adam, yəni ölkə əhalisinin 24,6%-i yoxsulluqdan əziyyət çəkib. Rumıniya Avropa İttifaqı ölkələri arasında həyat səviyyəsi sarıdan Bolqarıstandan sonra ikinci yeri tutub. Bolqarıstan əhalisinin 43,2%-i, yəni əhalinin 2,5 milyon nəfəri yoxsulluqdan əziyyət çəkir.

Statistik məlumatlara əsasən, son illər Rumıniyada yoxsulluğa qarşı mübarizədə müəyyən irəliləyiş əldə edilib. 2012-ci ildə bu ölkədə yoxsulluğun göstəricisi 29,9%, 2013-cü ildə 28,8%, 2014-cü ildə 26,3% olub.

2014-cü ildə Avropa İttifaqı ölkələrində ən az yoxsulluq İsveçdə (0,7%) qeydə alınıb. Həmin il Almaniyada əhalinin yoxsul hissəsi 5%, Fransada isə 4,8% təşkil edib.

2015-ci ilin hesablamasına əsasən, adam sayına görə Avropa İttifaqı ölkələri arasında yoxsulların sayı İtaliyada daha çoxdur: 7 milyon nəfər. Bu, İtaliya əhalisinin 11,5%-i deməkdir.

Avropa İttifaqı əhlinin ümumilikdə 8,2%-i, yəni 41 milyon nəfərdən çoxu yoxsulluqla üz-üzə qalıb.

51 siyasi partiyanın hesabatı dərc olunub

15.04.2016

msk_1_2Azərbaycan qanunvericiliyi siyasi partiyaların illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməsini nəzərdə tutur. Aprelin 15-dək 55 rəsmi siyasi partiyadan 51-nin hesabatı MSK-nın saytında dərc olunub.

Transparency.az bildirir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının maliyyə hesabatından 2015-ci ildə qurumun heç bir gəlirinin və xərcinin olmadığı görünür. Hesabata əsasən, partiyanın hər hansı əmlakı və maliyyə vəsaiti də yoxdur.

Azərbaycan Liberal Partiyasında da eyni vəziyyətdir. 2015-ci ildə Liberal Partiyasının hər hansı gəliri və xərci olmayıb.

Parlamentdə təmsilçiliyi yenicə itirən Ümid Partiyası 2015-ci ildə dövlət büdcəsindən 106 min 934 manat vəsait alıb. Partiya bu vəsaitin 106 min 903 manatını xərcləyib. Pulun 49 min 953 manatı partiyanın saxlanmasına və informasiya təminatına sərf edilib. 56 min 949 manat cari işlərə xərclənib. Amortizasiya xərcləri 1158 manat olub.

Milli Məclisdə təmsil olunan Demokratik İslahatlar Partiyasına ötən il dövlət büdcəsindən 106 min 934 manat verilib. Partiya cari işlərə 75 min 84 manat, qurumun saxlanmasına 31 min 848 manat xərcləyib.

Digər parlament partiyası – Vətəndaş Həmrəyliyi Partiyası 2015-ci ildə dövlət büdcəsindən 138 min 986 manat götürüb. Partiyanın 137 min 322 manat xərci çıxıb.

Transparency.az xatırladır ki, maliyyə hesabatına görə, hakim Yeni Azərbaycan Partiyasının 2015-ci ildə cəmi xalis aktivləri (kapitalı) və öhdəlikləri 16,2 milyon manat olub. Partiyanın ehtiyat fondunda 9,5 milyon manat vəsait olduğu qeyd edilir.

Hesabata əsasən, 2015-ci ildə YAP üzvlük haqlarından 6,2 milyon manat əldə edib, dövlət büdcəsindən 1 milyon 148 min 601 manat alıb.

Partiyanın saxlanmasına və informasiya təminatına 4,2 milyon manat, ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə 760,9 min manat xərcləndiyi qeyd olunur.

YAP ötən il 7,4 milyon manat gəlir əldə edib, 7,1 milyon manat xərcləyib.

Partiyaların maliyyə hesabatları

Partiyaların gəlir-çıxarı

Hərrac: 50 milyon dolların 2,4 milyonu satıldı

15.04.2016



dollar 01Aprelin 15-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Dövlət Neft Fondu hərraca çıxardığı 50 milyon ABŞ dollarının 2,4 milyonunu 4 banka satıb.

Transparency.az-ın məlumatına görə, bununla Dövlət Neft Fondunun il ərzində keçirilən hərraclarda satdığı valyutanın həcmi 1 milyard 456 milyon 726 min dollar olub.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb.

İki qurumun birgə xərci 2 milyard 142 milyon 214 min dollardır.

İlqar Məmmədov Ağdaş dairəsindən deputatlığa namizəd olmaq istəyir

15.04.2016



ilqar memmedov
Həbsdə olan Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədov bu yay 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkidə iştirak etmək niyyətindədir. “Azadlıq” radiosu xəbər verir ki, bunu REAL-ın rəhbərlərindən olan Natiq Cəfərli açıqlayıb. Natiq Cəfərli bildirib ki, aprelin 14-də İlqar Məmmədov həbsxanadan ona zəng edib: “Dedi ki, onun sənədlərini hazırlayaq, 90 saylı dairədən deputatlığa namizədliyini verəcək. Mən də dedim ki, yaxşı fikirdir, Ağdaşda gözəl kampaniya apara bilərik”.

Natiq Cəfərli vurğulayıb ki, İlqar Məmmədovun deputatlığa namizədliyini irəli sürməyə haqqı çatır, çünki o, hazırda məhkum deyil, təqsirləndirilən şəxs statusundadır: “Ali Məhkəmənin qərarı əsasında İlqar Məmmədovun işi Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılıb. Apellyasiya instansiyası isə məhkəmə gününü də təyin etməyib. Beləliklə, hazırda təqsirləndirilən şəxs statusunda olduğundan qanun İlqar Məmmədova seçkidə namizədliyini irəli sürmək hüququ verir”.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. O, 2013-cu il fevralın 4-dən həbsdədir.

Transparency.az xatırladır ki, 2015-ci il oktyabrın 13-də Ali Məhkəmə İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun şikayətlərinə baxıb. Prosesdə çıxış edən dövlət ittihamçısı Rəsul Abbasov deyib ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə müdafiəçilərin bəzi vəsatətləri təmin edilməyib, bu da Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (Ədalətli mühakimə hüququ) pozulması kimi qiymətləndirilə bilər. Dövlət ittihamçısı buna görə məhkəmədən müvafiq qərar qəbul etməyi xahiş edib. Hakimin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv olunub, iş həmin instansiyaya qaytarılıb.

2013-cü ildə İsmayıllı şəhərində baş verən iğtişaşlara görə tutulmuş Tofiq Yaqublu 5 il, azadlıqdan məhrum edilmişdi. 2016-cı il martın 17-də o, prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Aprelin 12-də prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamla təkrar seçki bu il iyunun 18-nə təyin edilib.

Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci ilin noyabrında olub. Seçki 125 dairə üzrə keçirilib. Rəsmi nəticələrə görə, Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə isə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası 90 saylı seçki dairəsi üzrə şikayətlərə baxarkən belə qərar verib. O vaxt həmin dairədə lider namizəd bitərəf deputat Çingiz Əsədullayev olub.

MSK üzvləri seçildi

15.04.2016

mm 1
Aprelin 15-i Milli Məclisin iclasında Mərkəzi Seçki Komissiyasının üzvləri təsdiq edilib. Qərara görə, köhnə heyətdən Akif Qurbanov və Tamam Cəfərli kənarda qalıblar, Hüseyn Paşayev və İlkin Şahbazov MSK üzvü olublar.

MSK üzvlərindən 16-sı köhnə heyətdəndir: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Mikayıl Rəhimov, Almas Qəhrəmanlı, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Tofiq Həsənov, Nizami Nadirov.

Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur.

İlk rübdə ümumi daxili məhsul 3,5 faiz azalıb

15.04.2016

udm 1Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,5 faiz azalıb. 2016-cı ilin birinci rübünə aid makroiqtisadi rəqəmlər bunu göstərir.

Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarların 12 milyard 588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal etdiyini açıqlayıb. Enişin əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalmasıdır.

Rəsmi hesabata əsasən, əlavə dəyərin 39 faizi sənayedə, 13,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 16 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizidir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1311,6 manata bərabər olub.

İnflyasiya 10,8 faizə çatıb, orta aylıq maaş 6,2 faiz artıb

15.04.2016

manat2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4 faiz artıb. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 472,2 manat təşkil edib.

2016-cı ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9 faiz artaraq 10 milyard 303,5 milyon manata çatıb. Gəlirlərin 81 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7 faizi isə yığıma yönəldilib.

Kənd təsərrüfatına dair üç aylıq hesabat yayılıb

15.04.2016

torpaqTransparency.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, kənd təsərrüfatında yaz-tarla işləri davam edir, aprel ayının 1-nə kimi 120 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. 8,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1,9 min hektar sahədə qarğıdalı (ondan 1,8 min hektarı dən üçün), 28 min hektar sahədə kartof, 25,4 min hektar sahədə tərəvəz, 4,8 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,2 min hektar sahədə pambıq, 45 min hektar sahədə çoxillik otlar və 0,3 min hektar sahədə birillik otlar əkilib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə mal-qaranın baş sayı 17,7 min baş çoxalaraq 2 milyon 719,6 min başa, qoyun və keçilərin sayı 43,6 min baş çoxalaraq 8 milyon 828 min başa çatıb.

Bu dövrdə diri çəkidə ət istehsalı 1,8 faiz artaraq 111,8 min ton, süd istehsalı 3,2 faiz artaraq 440,9 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 407 milyon ədəd olub.

İlin əvvəlindən 15,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 16 faiz çox tərəvəz toplanıb.

2015-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 9,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artıb.

Sənaye statistikası

15.04.2016

senaye
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az sənaye məhsulu istehsal edib. Xam neft hasilatı 1,5 faiz, qaz hasilatı 7,9 faiz, elektrik enerjisi istehsalı 6,7 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalı azalıb.

Sənaye məhsulunun 63,3 faizi mədən, 28,7 faizi emal, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib.

Mədən sektorunda məhsul istehsalı 1,2 faiz azalıb. Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, tütün məmulatlarının istehsalı 87,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,2 dəfə, metallurgiya məhsullarının istehsalı 11,5 faiz, hazır metal məmulatlarının istehsalı 80,2 faiz, elektrik avadanlıqlarının istehsalı 2,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 2,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 18,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,4 dəfə artıb.

İçkilərin istehsalı 9,3 faiz, geyim istehsalı 14 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 78,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,7 faiz, kağız və karton istehsalı 17,2 faiz, poliqrafiya məhsullarının istehsalı 4,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,9 faiz, tikinti materiallarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların istehsalı 27,2 faiz, mebel istehsalı isə 16,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,5 faiz azalma var.

İlin birinci rübü üzrə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,1 faiz artıb, neft sektorunda isə 1,3 faiz azalıb.

Əhaliyə xidmət: rüblük göstəricilər

15.04.2016



200142266-001Dövlət Statistika Komitəsi bildirir ki, bu ilin ilk rübündə informasiya və rabitə müəssisələrinin hüquqi və fiziki şəxslərə göstərdiyi 372,8 milyon manatlıq xidmətlərin 71,6 faizi əhali sektoruna aiddir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8,9 faiz artıb, bu sahədə əldə edilən gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Transparency.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, bu ilin birinci rübündə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6 milyard 793,4 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri 1 milyard 784,6 milyon manatlıq ödənişli xidmət göstərib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir 2,4 faiz artıb, ticarət şəbəkəsində 3 milyard 429,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3 milyard 363,5 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

Yük daşınmasında gerilik var, sərnişin daşınmasında artım

15.04.2016



neqliyyat-1
2016-cı ilin ilk rübündə nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 48,1 milyon ton yük və 437,3 milyon sərnişin daşıyıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,6 faiz azalıb, sərnişin daşınması isə 1,7 faiz artıb. Yük daşınmasındakı gerilik dəniz, dəmir yolu və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Transparency.az bildirir ki, yüklərin 58,5 faizi avtomobil, 31,8 faizi boru kəməri, 7 faizi dəmir yolu, 2,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə ötürülüb.

Sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.



Dövlət Statistika Komitəsindən sərmayə açıqlaması

15.04.2016



dsk-yeni 1
2016-cı ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 2 milyard 876,8 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsi bildirir ki, istifadə olunan vəsaitin 2 milyard 529,7 milyon manatı və ya 87,9 faizi məhsul istehsalı obyektlərinin, 222,1 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 125 milyon manatı (4,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Transparency.az-ın məlumatına görə, əsas kapitala yönəldilən vəsaitlərin 900,9 milyon manatını və ya 31,3 faizini daxili sərmayə təşkil edib.

İnkişaf etmiş ölkələrdə vergilər hara gedir?

15.04.2016



vergi 1İnkişaf etmiş ölkələrdə vergilər hara gedir? AZƏRTAC Vergiler.az saytına istinadla bu haqda məlumat yayıb.

Bildirilir ki, Almaniyada yığılan vergilərin böyük bir hissəsi təhsilə və səhiyyəyə xərclənir. Vergilərin yalnız 20 faizi ekologiyanın, energetikanın və infrastrukturun inkişafına sərf olunur, müdafiə məqsədlərinə isə cəmi 5 faizi yönəldilir.

Danimarkada vergilər əhalinin gəlirlərinin 39 faizini təşkil edir. Büdcənin üçdə ikisi sosial proqramlara, 15 faizi iqtisadiyyatın və ekologiyanın dəstəklənməsinə, 5 faizdən azı isə müdafiə kompleksinə gedir.

Böyük Britaniyada, Niderlandda, İsveçdə, Yunanıstanda və İtaliyada sosial layihələrə xərclər vergilərin üçdə ikisini təşkil edir. İnfrastrukturun inkişafı layihələrinə Niderlandda və İsveçdə büdcənin təxminən 25 faizi xərclənir.

Yaponiyada əhalinin gəlirlərinin 21 faizi vergi kimi tutulur. Yığılan vergilərin üçdə ikisi sosial proqramlara, 25 faizi iqtisadiyyatın və ekologiyanın dəstəklənməsinə, 3 faizi isə müdafiə xərclərinə yönəldilir.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə