Xəbər bülleteni №29



Yüklə 0,51 Mb.
səhifə1/8
tarix23.01.2018
ölçüsü0,51 Mb.
  1   2   3   4   5   6   7   8

Xəbər bülleteni № 29

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Aprel 2016
Bütün xarici valyutalar bahalaşıb

11.04.2016



valyutaMərkəzi Bankın məzənnə cədvəlindəki bütün xarici valyutalar aprelin 11-də bahalaşıb (Məzənnələr). ABŞ dollarının rəsmi kursu 1,5231 manatdan 1,5269 manata qalxıb.

Transparency.az xəbər verir ki, ötən həftənin son iş günü 1,7309 manata satılan 1 avro indi 1,7422 manata təklif olunur.

Rublun da kursu dəyişib. 1 Rusiya rublunun rəsmi məzənnəsi 0,0225 manatdan 0,0227 manata yüksəlib.

Vergilər Nazirliyinin Apellyasiya Şurası müraciət hesabatı yayıb

11.04.2016

vergi 12016-cı ilin birinci rübündə Vergi Apellyasiya Şurasının icraatına 38 vergi ödəyicisi üzrə 48 müraciət daxil olub. Transparency.az Vergilər Nazirliyinin rəsmi hesabatına əsasən bildirir ki, şurada baxılmış 43 müraciətin 29-u səyyar vergi yoxlamaları, 9-u kameral vergi yoxlamaları, 3-ü operativ vergi nəzarətinin nəticələri, 2-si tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlıdır.

Qalan 5 müraciətə sonrakı dövrdə baxılması nəzərdə tutulur.

Hesabata görə, 21 müraciət vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında şübhələrin mövcudluğu, vergi ödəyicisinin dövlət büdcəsinə ödənişlər etdiyi, işin digər halları nəzərə alınaraq tam, 5 müraciət isə qismən təmin edilib. Eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün 11 müraciətin icraatına xitam verilib. 1 müraciət vergi ödəyicisinin ərizəsi əsasında geri götürüldüyü üçün baxılmadan saxlanıb.

Məlumatda qeyd olunur ki, 1 müraciət vergi ödəyicisi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış müqavilə üzrə hesablanmış torpaq icarə haqlarına bağlı olduğu üçün təmin edilməyib.

Şuranın eyni məzmunlu müraciətlər üzrə müvafiq qərarları olduğu üçün 3 müraciətlə bağlı vergi ödəyicilərinə izahedici məktublar göndərilib.

Gömrük Komitəsi rüblük öhdəliyə necə əməl edib?

11.04.2016

aydin eliyev 1
Nazirlər Kabinetinin 9 aprel iclasında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, 2016-cı ilin dövlət büdcəsində qurum üçün ötən illə müqayisədə 20 faiz artımla 1 milyard 810 milyon manat büdcə öhdəliyi nəzərdə tutulub: “İlin ilk üç ayı ərzində idxalın həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faizə qədər azalmasına baxmayaraq bu müddət üçün proqnozlaşdırılan 363 milyon 260 min manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 416 milyon 920 min manat məbləğdə gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Proqnoza 114,77 faiz, yaxud 53 milyon 660 min manat artıqlaması ilə əməl edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 75 milyondan artıq vəsait köçürülüb”.

Aydın Əliyevin sözlərinə görə, 2016-cı ilin birinci rübü ərzində qaçaqmalçılığa qarşı mübarizə tədbirləri gücləndirilib, 468,7 kiloqramı heroin olmaqla ümumi çəkisi 474,6 kiloqram olan narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb: “Hesabat dövründə gömrük qaydaları əleyhinə 2177 inzibati xəta faktı üzrə 92 hüquqi şəxs, 2088 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib və onlara qarşı 170 min manat cərimə tətbiq olunub. “Valyuta tənzimi haqqında” qanunun və digər qanunvericilik aktlarının tələblərini pozan şəxslərdən 391 min ABŞ dolları, 27,5 milyon rus rublu, 133 min manat, 224 min manat dəyərində 5,5 kiloqramdan artıq qızıl aşkar olunub”.

Nazir üç aylıq göstəriciləri açıqlayıb

11.04.2016



salim muslumov 1Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlər Kabinetinin 9 aprel iclasında rüblük hesabat verib. O deyib ki, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 762 milyon manat həcmində xərclərinin 98,4 faizini pensiya və müavinət xərcləri təşkil edib: “Pensiyaların baza hissəsinin fevralın 1-dən 10 faiz artırılması nəticəsində fevral-mart aylarında bu məqsədə əlavə olaraq 26,5 milyon manat vəsait yönəldilib. Həmçinin əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılıb. Bəzi kateqoriya hərbi qulluqçuların vəzifə maaşlarında baş vermiş artımlarla bağlı hərbi pensiyalar orta hesabla 23 manat çoxalıb. Bütün bunların nəticəsində pensiyaların orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 210 manat olub”.

Nazir əlavə edib ki, ilin birinci rübü ərzində 112730 ailəyə və ya onların 492 min üzvünə, yəni ölkə əhalisinin 5,1 faizinə ünvanlı dövlət sosial yardımı verilib: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu yardımdan faydalanan ailələrin sayı 3300 vahid artıb. Cari ilin 1 aprel tarixinə hər ailəyə düşən orta aylıq yardım məbləği ötən ilə nisbətən 5,6 faiz artaraq 151 manat olub.

Hesabat dövründə 395 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 55 min nəfərə prezident təqaüdləri ödənilib. Ümumilikdə sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən rüb ərzində 84 milyon manat vəsait xərclənib”.

Səlim Müslümovun sözlərinə görə, rüb ərzində dövlət şirkətləri məşğulluq orqanlarına 18 minə yaxın yeni vakansiya barədə məlumat təqdim edib və işaxtaran kimi qeydiyyata alınmış şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub: “Bundan əlavə məşğulluq orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra hakimiyyətlərinin həyata keçirdiyi abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb. İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib.

Fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb. Bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilib”.

Neft və qaz hasilatı artıb

11.04.2016

natiq eliyev
“Neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycan qlobal böhranın ən şiddətli xoşagəlməz dövründə belə mühüm nailiyyətlər qazanıb”. Nazirlər Kabinetinin 9 aprel iclasında çıxış edən energetika naziri Natiq Əliyev belə deyib.

Nazirin sözlərinə görə, 2016-cı ilin birinci rübü ərzində ölkədə 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib: “Bu da nəzərdə tutulandan 600 min ton artıqdır. Hasil olunan neftin 82 faizi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının payına düşür. Bu dövrdə 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu konsorsiuma və 220 min tonu SOCAR-a aiddir”.

Natiq Əliyev bildirib ki, rüb ərzində ölkədə 7,5 milyard kubmetr qaz hasil edilib, bu da müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur.

Cənubi Osetiyada Rusiyanın tərkibinə daxil olmaq hazırlığı başlayıb

11.04.2016

tibilov 1Gürcüstandakı separatçı Cənubi Osetiya rejimi Rusiyanın tərkibinə daxil olmaq referendumu keçirməyi planlaşdırır. Novator.az xəbər verir ki, separatçı rejimin rəhbəri Leonid Tibilov aprelin 11-i Rusiyanın TASS agentliyinə açıqlamasında belə deyib.

Tibilov referendum vaxtının müzakirə olunduğunu, bununla bağlı hələ konkret qərar verilmədiyini qeyd edib. O bildirib ki, referendum bu ilin avqust ayına qədər baş tuta bilər.

Separatçı liderin dediyinə görə, səsvermədə “Cənubi Osetiya konstitusiyası”nın dəyişdirilməsi təklifi irəli sürüləcək: “Həmin dəyişiklik bölgəyə Rusiyanın tərkibinə daxil olmaq üçün Moskvaya müraciət etmək imkanı verəcək”.

Tibilov bildirib ki, onlar Rusiyanın referendumun nəticələrinə dərhal reaksiya verəcəyini gözləmirlər: “Hazırda dünyada baş verənləri nəzərə alıb strateji tərəfdaşımız Rusiyanı ciddi siyasi risklər qarşısında qoymaq istəməzdik. Ona görə də biz hazırkı konstitusiyanın 10-cu bəndinə dəyişiklik etmək niyyətindəyik”.

Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı hərbi təcavüzlə işğal edərək onları “müstəqil dövlət” kimi tanıyıb. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

21 banka 80 milyon ABŞ dolları satıldı

11.04.2016

dnf 01Aprelin 11-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb, bu vəsaitdən 80 milyon ABŞ dolları 21 banka satılıb.

Transparency.az-ın məlumatına görə, Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 434 milyon 326 min dollara çatıb. 2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb.

Ukraynada baş nazir postuna Ali Radanın spikeri gətirilə bilər

11.04.2016



qroysman 1
Ukraynada baş nazir postuna Ali Radanın spikeri Vladimir Qroysman gətirilə bilər. Transparency.az-ın məlumatına görə, prezident Pyotr Poroşenko Ali Radanın 12 aprel iclasında yeni koalisiyanın yaranacağına və Vladimir Qroysmanın baş nazirliyə namizəd göstəriləcəyinə inandığını vurğulayıb.

Baş nazir Arseni Yatsenyuk aprelin 10-da istefa verib. Buna koalisiyanın dağılması səbəb olub.

Ukraynada parlament koalisiyasını 2014-cü ildə beş fraksiya yaradıb: Pyotr Poroşenko bloku, Xalq Cəbhəsi, Samopomoş Partiyası, Batkivşina bloku, Radikal Partiya.

Sonuncu üç qurum koalisiyadan çıxıb, bununla da Ukrayna parlamentində çoxluq itirilib. Ölkə konstitusiyasına görə, 450 yerlik parlamentdə hökumət qurmaq üçün 226 mandat gərəkdir.

Arseni Yatsenyuk istefa verərkən başçılıq etdiyi Xalq Cəbhəsinin koalisiyada qalacağını deyib.

Xarici valyutada istehlak kreditinə qadağa hansı fəsadlar doğurur?

11.04.2016

samir eliyev 1İqtisadçı Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının dollar kreditləri ilə bağlı islahatını şərh edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası aprelin 4-də bankların əhaliyə xarici valyutada istehlak krediti verməsini 1 ay müddətinə dayandırmaq qərarı qəbul edib. Qadağaya bankların likvidliyinin və kapital mövqelərinin zəifləməsi, xarici valyutada verilən istehlak kreditlərinin xüsusi çəkisinin artması fonunda gələcəkdə borclanan əhalinin problemlə rastlaşa biləcəyi əsas gətirilib. Palata qadağa müddətinin uzadılması hüququnu özündə saxlayıb.

Transparency.az-ın məlumatına görə, Samir Əliyev palatanın qərarını anlaşılan hesab etsə də, fəsadların qaçılmaz olduğunu bildirir: “Faktiki olaraq ölkədə manat kreditləşməsi dayanıb. Əhali krediti manatla götürmək istəyir, banklar isə dollarla təklif edir. Bu ilin yanvar-fevral aylarında ölkə üzrə milli valyutada kredit qoyuluşunun həcmi 909 milyon manat azalıb. Bu azalmanın 665 milyon manatı istehlak kreditlərinin payına düşür. Azalmanın mart ayında da davam edəcəyi istisna deyil. Palata da öz növbəsində bir ay müddətində bazarı təhlil edib qərar verəcək: qadağa ya davam edəcək, ya da götürüləcək.

Qurumun bu addımı əhalinin manata əlçatanlığının artırılmasına hesablansa da, bir sıra fəsadlara yol aça bilər. Hər bir halda iqtisadi alətlər kənarda qalıb, yenə güc inzibati metodlara verilib.

Qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə, hətta restrukturizasiya olunmuşlara da şamil edilir. Restrukturizasiya olunmuş kreditlərə qadağa nəinki banklara, hətta əhaliyə də problem yarada bilər. İki devalvasiyadan sonra manat iki dəfəyədək ucuzlaşıb və dollar krediti götürən müştərilərin aylıq ödənişi də müvafiq olaraq iki dəfə artıb. Hökumətdən heç bir dəstək yoxdur, problemin həlli bankların üstünə atılıb. Banklar müəyyən təşəbbüslər göstərir, kreditlərin illik faiz dərəcələrini bir neçə faiz bəndi aşağı salır və aylıq ödənişi azaltmaq məqsədilə kreditin müddətini uzadırlar. Bütün bunlar müştərinin itirdiyini kompensasiya etmir, yalnız zaman qazandırır.

Bu güzəşt üçün dollar kreditlərinin restrukturizasiyası tələb olunur. Palatanın qadağasından sonra kredit təşkilatları ən azı bir ay valyuta kreditləri şərtlərini yumşaltmaq hüquqlarını itirəcəklər. Nəticədə problemli kreditlərin həcmi artacaq, müştərinin isə kredit tarixçəsi pisləşəcək, cərimələri artacaq.

Digər narahatçılıq dollar kreditlərinin manata çevrilməsi ilə bağlıdır. Bəzi banklar təşəbbüs göstərərək dollar kreditlərini manata çeviriblər ki, məzənnə dəyişməsi müştərinin ödəmə qabiliyyətinə problem yaratmasın. Palatanın qadağası həm də belə təşəbbüslərin ən azı bir ay qadağan edilməsi deməkdir.

Kredit kartı sahibləri ilə də bağlı narahatlıqlar var. Xarici valyutada olan ödəniş kartları üzrə kreditləşmənin təxmini orta aylıq həcmi 20 milyon manatdan çoxdur. Həmin kart müştərilərinin müəyyən hissəsi hesablaşmaları istər internet üzərindən, istərsə də xarici ölkələrdə məhz xarici valyutada aparırlar və onlara manatla ödəniş sərf etmir. Bu qadağa onların işini çətinləşdirəcək”.

Ekspertin fikrincə, qadağa davam edəcəyi təqdirdə banklar daha böyük böhran yaşayacaq: “Neqativ təsirlər daha çox olacaq. Restrukturizasiyanın mümkünsüzlüyü problemli kreditlərin həcmini artıracaq. Əmanət bazarında xarici valyutada olan əmanətlərin faiz dərəcəsi daha da aşağı düşəcək və əmanətlərin cəlbediciliyi azalacaq. Bir sıra istehlak kreditlərinin təyinatı dəyişdirilərək qadağanın çərçivəsindən çıxarılacaq. Banklar əllərindəki məhdud manat kütləsini daha ağır şərtlərlə kreditə yönəltmək məcburiyyətində qalacaqlar. Bütün bunlar da bankların maliyyə dayanıqlığına mənfi təsir göstərəcək, valyuta mövqeyi pozulacaq. Manatın ucuzlaşması fonunda banklar iflic ola bilər”.

Samir Əliyev bütün bunların fonunda Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankı birgə addımlar atmağa səsləyib: istehlak kreditlərinin illik faiz dərəcələri üçün tətbiq edilən 29%-lik tavanın ləğvi; xarici valyutada istehlak kreditlərinin verilməsinə qadağanı ancaq xarici valyutada gəlirləri olmayan müştərilərə münasibətdə tətbiqi; qadağanın ancaq ölkə daxilində istifadə edilən kredit kartlarına şamil edilməsi.

Gül bayramının forması dəyişdi

11.04.2016



meriya 1Bakı Şəhər İcra Hakimiyyəti Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. AZƏRTAC-ın məlumatına görə, bu ildən başlayaraq mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq.

Meriyanın rəsmi açıqlamasına görə, builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək və insanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar.

Gül bayramı 2001-ci ildən Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin ad günü (10 may) keçirilir. Əvvəlki formata görə, Gül bayramı Heydər Əliyev Sarayının qarşısındakı parkda keçirilirdi.

İttihamlara tuş gələn baş nazir istefa verdi

11.04.2016

temir sariyevQırğızıstanın baş naziri Temir Sariyev parlamentin aprelin 11-də keçirilən növbədənkənar iclasında istefaya getdiyini elan edib.

Novator.az xəbər verir ki, Temir Sariyev istefa bəyanatında hökumətin qəbul etdiyi bütün qərarların dövlətin maraqlarına uyğun olduğunu deyib.

Bir neçə gün əvvəl Qırğızıstanın nəqliyyat və kommunikasiya naziri Arqınbek Malabayev baş nazirin ətrafını Bişkek-Korumdu avtomobil yolu ilə bağlı tenderdə Çin şirkətinin maraqlarını lobbiləşdirməkdə günahlandırıb. Vəziyyətin öyrənilməsi üçün xüsusi deputat komissiyası yaradılıb. Deputat komissiyası parlamentə aprelin 13-də baş nazirə etimadsızlıq ifadə olunması haqda məsələyə baxmağı məsləhət görüb.

Temir Sariyev deputat komissiyasının iclasının bağlı qapılar arxasında keçdiyini və onun çıxardığı qərarın ədalətli olmadığını bildirib: “Mən heç vaxt geri çəkilmirəm, bu mənim xarakterimə uyğun deyil. Öz işimi təhvil verməyə hazıram, amma təmiz işlədiyim və heç vaxt çirkli siyasi oyunlarda iştirak etmədiyim bəllidir. Mənim üçün dövlətin maraqları hər şeydən üstündür və bu prinsipə həmişə əməl edəcəyəm”.

Sığortaolunanların sayı bir ildə 185 min nəfərə yaxın artıb

11.04.2016



dsmf binaFərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumata görə, bu ilin yanvar-mart aylarında fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 45 837 nəfər artaraq 3 225 991 nəfərə çatıb.

Onlardan 674 698 nəfəri (20,9 faiz) 30 yaşa qədər və 811 537 nəfəri (25,2 faiz) 30-40 yaşlarında olan vətəndaşlardır. Qeydiyyatda olan sığortaolunanlar sırasında 40-50 yaşlarında olanlar 653 590 nəfər (20,2 faiz), 50-60 yaş aralığında olanlar 682 239 nəfər (21,1 faiz) 60 yaşdan yuxarı olanlar isə 403 927 nəfər (12,5 faiz) təşkil edir.

Son bir ildə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 185 min nəfərə yaxın artdığı bildirilir.

Neft nəhənglərinin büdcəsində nə qədər kəsir yarandığı bilinib

11.04.2016

neft 1Dünya bazarında neftin ucuzlaşması Fars körfəzi ölkələrinin gəlirlərinə mənfi təsir göstərib. AZƏRTAC xəbər verir ki, Küveytin Maliyyə Mərkəzinin hesabatında əsas gəliri neftin satışından olan Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn, Oman və Birləşmiş Ərəb Əmirliklərinin büdcəsində ötən il 160 milyard dollar kəsir yarandığı qeyd edilir. Büdcə kəsirinin 2016-cı ildə 318 milyard dollara çatacağı proqnozlaşdırılır.

Hesabatda körfəz ölkələrinin neftin qiymətindəki düşmə səbəbindən yaranan büdcə kəsirlərini kompensasiya etmələri üçün 2020-ci ilədək 390 milyard dollar həcmində borclanmaya ehtiyacları olduqları bildirilib.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə gəlirlərinin 80 faizini neft satışından əldə edən körfəz ölkələri “qara qızıl”ın ucuzlaşması ilə əlaqədar son bir ildə 275 milyard dollar itiriblər.

Neftin barrel qiyməti 2014-cü ildən bu vaxtadək təxminən 70 faiz azalaraq 120 dollardan 30 dollara qədər ucuzlaşıb.

Dövlət İmtahan Mərkəzi yaradıldı, iki dövlət komissiyası ləğv olunur

12.04.2016



prezident - ferman
Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılmasına fərman verib. Yeni qurum dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsi ilə məşğul olacaq.

Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının prezidenti həyata keçirir.

Qurumun ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 milyon manatdır.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir. Onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Aprelin 11-də imzalanan fərmanla prezident Vergilər Nazirliyinə Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməyi tapşırıb.

Transparency.az bildirir ki, təsdiq olunan nizamnaməsinə görə, Dövlət İmtahan Mərkəzinin sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurasının iclasları ayda bir dəfədən az olmayaraq keçirilir (Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsi).

Mənzil İnşaatı Dövlət Agentliyi haqqında prezident fərmanı imzalanıb

12.04.2016



prezident sarayi 2Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Aprelin 11-də dövlət başçısı İlham Əliyevin bu haqda imzaladığı fərman vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə əsaslandırılıb (Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman).

Transparency.az-ın məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 60 ştat vahidi müəyyən edilib. Qurumun tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin təsdiq edilməsini və nizamnamə kapitalının müəyyən edilməsini, habelə cəmiyyətin yenidən təşkilini və ləğvini ölkə prezidenti həyata keçirir. Qurumun vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Mənzil İnşaatı Dövlət Agentliyi müəyyənləşdirir.

Ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınma qaydası təsdiqlənib

12.04.2016



erzaqPrezident İlham Əliyevin 11 aprel fərmanı ilə dövlət müəssisə və təşkilatlarının (idarələrinin) ərzaq məhsullarını mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alması qaydası təsdiqlənib. Transparency.az bildirir ki, ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduruna görə, satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir.

Qaydaya əsasən, Kənd Təsərrüfatı Nazirliyi satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən satınalma dövriliyi) barədə elanı Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir.

Satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir. İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparırlar. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılır.

Kənd Təsərrüfatı Nazirliyi hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatları özünün rayon və şəhər idarələri vasitəsilə toplayır və elektron portalda yerləşdirir (Qaydanın tam mətni).

Prezidentin 11 aprel sərəncamı ilə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizati” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu, kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə əsaslandırılıb (Sərəncam).

Dollar və avro ucuzlaşıb, rubl bahalaşıb

12.04.2016

amb 1Mərkəzi Bank aprelin 12-də manatı qismən bahalaşdırıb. 1 ABŞ dollarının rəsmi kursu 1,5269 manatdan 1,5264 manata enib.

Avronun rəsmi məzənnəsində də eniş var. Transparency.az xəbər verir ki, ötən gün 1,7422 manata satılan 1 avro aprelin 12-də 1,7412 manata təklif olunur.

Rublun kursu isə qalxıb. 1 Rusiya rublunun rəsmi məzənnəsi 0,0228 manatdır. Ötən gün kurs 0,0227 manat idi.

Aprelin 12-də 1 gürcü larisi 0,6724 manata, 1 İsveçrə frankı 1,5992 manata, 1 ingilis funt sterlinqi 2,1742 manata, 1 Küveyt dinarı 5,0669 manata, 1 türk lirəsi 0,5395 manatadır.

Dövlət Sərhəd Xidməti mart ayındakı pozuntuların hesabatını verdi

12.04.2016



dsx 2Dövlət Sərhəd Xidməti mart ayının hesabatını açıqlayıb. Hesabatda qeyd olunur ki, ay ərzində dövlət sərhədini 26 halda pozan 38 nəfər saxlanıb. Onların 16 nəfəri Azərbaycan, 7 nəfəri Banqladeş, 4 nəfəri Özbəkistan, 4 nəfəri Gürcüstan, 3 nəfəri Nigeriya, hər ölkədən 1 nəfər olmaqla İran, Belçika, Türkiyə və Moldova vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 14 nəfər, Xəzər dənizində 22 halda 45 nəfər, sərhəd nəzarət məntəqələrində 599 halda 759 nəfər saxlanıb.

Azərbaycanın hüquq mühafizə orqanlarının axtarışında olan 440 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 halda 478 kiloqram 380 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

93 halda ümumi dəyəri təqribən 20 milyon 121 min manat olan qaçaqmal saxlanıb.

Braziliya prezidentini vəzifədən çıxarmaq təşəbbüsü parlament komitəsində dəstək qazanıb

12.04.2016

brazilian presidential candidates dilma rousseff and aecio neves debate in rio
Braziliya prezidenti Dilma Russefin vəzifədən kənarlaşdırılması məsələsinə baxan parlament komitəsi yekun qərar çıxarıb. Novator.az-ın məlumatına görə, 65 nəfərlik komitənin 38 üzvü Braziliya parlamentinin yuxarı palatası olan Senata Dilma Russefin büdcə vəsaitlərindən sui-istifadəsi ilə bağlı işə baxılmasını tövsiyə edən qərarı dəstəkləyib. 27 komitə üzvü bunun əleyhinə çıxıb.

Aprelin 17-də məsələyə parlamentin aşağı palatasında baxılacaq. Deputatların üçdə ikisi səs versə, impiçment məsələsi yuxarı palataya çıxacaq.

Dilma Russef büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və başqa qanunsuzluqlarda günahlandırılır.

Aşağı palatanın 298 deputatının impiçmentə tərəfdar çıxdığı bildirilir. Qərarın qəbulu üçün 513 deputatdan 342-nin səsi gərəkdir. Dilma Russefi 120 deputat müdafiə edir.

Senatda impiçmentə baxılması 180 gün çəkə bilər. Araşdırma müddətində Dilma Russef öz səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezidentə ötürməlidir.

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

12.04.2016

neftDünya birjalarında neft bahalaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,64 dollar bahalaşaraq 40,22 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,89 dollar artaraq 42,64 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,75 dollar bahalaşaraq 43,47 dollara qalxıb.

Hazırda “AzəriLayt” dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 18 dollar 47 sent yuxarı qiymətə satılır. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Üç aylıq qəza statistikası

12.04.2016

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bu ilin üç ayında ölkə ərazisində 419 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər həlak olub, 453 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 110 fakt (20,8 faiz), həlak olanların sayı 80 nəfər (35,9 faiz), yaralananların sayı 102 nəfər (18,4 faiz) azalıb.

Bakıda 147 yol-nəqliyyat hadisəsi baş verib, 31 nəfər həlak olub, 160 nəfər yaralanıb. Ötən ilin ilk üç ayı ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayında müvafiq olaraq 60 fakt, 37 nəfər, 61 nəfər azalma var.

Qeydə alınmış yol-nəqliyyat hadisələrinin 36,9 faizi (155 hadisə, 52 ölüm, 183 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,3 faizi (102 hadisə, 43 ölüm, 89 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,8 faizi (58 hadisə, 10 ölüm, 81 yaralı) yolayrıcını keçmə qaydalarının pozulması, 1,1 faizi (5 hadisə, 2 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 40,8 faizini (171) piyadaların vurulması təşkil edib. Nəticədə 64 piyada həlak olub, 119-u yaralanıb.

Rusiyada yeni əsginaslar çıxacaq

12.04.2016



rubl yeni1Gələn ildən Rusiyada dövriyyəyə 200 və 2000 rublluq əsginaslar buraxılacaq. Novator.az xəbər verir ki, bunu aprelin 12-də Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiulluna deyib.

Nabiullina bildirib ki, 200 və 2000 rubllar çıxandan sonra vətəndaşlar daha rahat alış-veriş edə biləcəklər, mal və xidmətlər üzrə hesablaşmalar sadələşəcək.

Mərkəzi Bankın sədri yeni nominalların dövriyyədə olan nağd pulun həcminə təsir etməyəcəyini söyləyib.

Hazırda Rusiyada 5, 10, 50, 100, 500, 1000 və 5000 rublluq əsginaslar dövriyyədədir.

Pambığın ağır yükü

12.04.2016



rovshan-agayev-yeni1


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə