Xəbər bülleteni №8



Yüklə 0,57 Mb.
səhifə6/7
tarix13.11.2017
ölçüsü0,57 Mb.
#10064
1   2   3   4   5   6   7

2015-ci ilin yanvar-avqust aylarında əhalinin gəlirləri

17.09.2015

Bu ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 26,67 milyard manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,6 faiz artıb.

8 ayda gəlirlərin 75,02 faizi son istehlak xərclərinə, 9,54 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,77 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,67 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,13 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.

Ekspert elm xərclərini artırmağa çağırır

17.09.2015

qubad beyMaliyyə Nazirliyinin açıqladığı proqnozlara görə, növbəti büdcə ilində elmə 131 milyon 7 min manat ayrılacaq. Bu, cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 18 milyon 7 min manat və 12,5 faiz azdır.

Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Azərbaycanda elmə dövlət dəstəyi zəruridir: “Elmin dövlətdən maliyyələşdirilməsi inkişaf etmiş ölkələrdə çox da aktual deyil. Həmin ölkələrdə özəl sektorun potensialından istifadə olunur. Elmi nailiyyətlərin kommersiyalaşdırılması hesabına külli miqdarda vəsait qazanan şirkətlər var. Məsələn, “Wolksvagen” ötən il elmi tədqiqat xərclərinə 13,5 milyard dollar, “Samsunq” 13,4 milyard dollar, “İntel” 10,1 milyard dollar, İBM, “Panasonic” və “Nokia” ayrı-ayrılıqda 6,1 milyard dollar , “Sony” 5,7 milyard dollar vəsait yönəldib. Bu xərcləmələrin hər biri Azərbaycanın gələn ilki büdcəsindən elmə ayrılacaq vəsaitdən 50-100 dəfə çoxdur.

Bütün dünyada elmə şirkətlər səviyyəsində külli miqdarda vəsait xərclənir. Azərbaycanın dünyaca məşhur şirkətləri olmadığına və elmin maliyyələşdirilməsində özəl bölmənin payı hiss edilmədiyinə görə elm adamlarının, alimlərin və tədqiqatçıların sosial qayğısını çəkmək və onların əməyini layiqincə qiymətləndirmək üçün dövlət büdcəsindən normal səviyyədə ayırmalar olmalıdır. Əks təqdirdə ölkədə nə elmi tədqiqatlara maraq olacaq, nə də yeni ixtiralar və kəşflər ediləcək”.

Gəlirlər və xərclər (10 ildə büdcənin göstəriciləri necə dəyişib?)

17.09.2015

Gələn ilin dövlət büdcəsinin ilkin layihəsində gəlirlər 14 milyard 566 milyon manat, xərclər 16 milyard 264 milyon manat həcmində proqnozlaşdırılır. Bu ilin proqnozları ilə müqayisədə büdcənin gəlirləri 4 milyard 872 milyon manat, xərcləri 4 milyard 836 milyon manat az nəzərdə tutulur. 2015-ci il üçün gəlirlər 19 milyard 438 milyon manat, xərclər 21 milyard 100 milyon manat məbləğində təsdiq edilib.

Transparency.az son 10 ildə büdcə göstəricilərinin necə dəyişdiyinə nəzər salıb. Rəqəmləri təqdim edirik:

2005-ci ilin dövlət büdcəsi: gəlir — 2 milyard 55,2 milyon manat, xərc — 2 milyard 147,2 milyon manat;

2006-cı ilin dövlət büdcəsi: gəlir — 3 milyard 881,2 milyon manat, xərc — 3 milyard 789,7 milyon manat;

2007-ci ilin dövlət büdcəsi: gəlir — 6 milyard 6,6 milyon manat, xərc — 6 milyard 59,5 milyon manat;

2008-ci ilin dövlət büdcəsi: gəlir — 10 milyard 762 milyon manat, xərc — 10 milyard 680 milyon manat;

2009-cu ilin dövlət büdcəsi: gəlir — 10 milyard 325,9 milyon manat, xərc — 10 milyard 567, 9 milyon manat;

2010-cu ilin dövlət büdcəsi: gəlir — 11 milyard 402,5 milyon manat, xərc — 11 milyard 766 milyon manat;

2011-ci ilin dövlət büdcəsi: gəlir — 11 milyard 700,7 milyon manat, xərc — 15 milyard 394,7 milyon manat;

2012-ci ilin dövlət büdcəsi: gəlir — 17 milyard 281,6 milyon manat, xərc — 17 milyard 105,6 milyon manat;

2013-cü ilin dövlət büdcəsi: gəlir — 19 milyard 494,6 milyon manat, xərc — 19 milyard 143,5 milyon manat;

2014-cü ilin dövlət büdcəsi: gəlir — 18 milyard 400,5 milyon manat, xərc — 18 milyard 699,3 milyon manat.

DSMF-nin 2016-cı il büdcəsinin detalları bəlli olub

17.09.2015

dsmf son“Pensiyaçıların sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcə layihəsinin əsas qayəsini təşkil edir”. AZƏRTAC xəbər verir ki, DSMF sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında belə deyib.

Fondun 2016-cı il üçün proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirlərinin strukturu barədə məlumat verən Mehdiyev vurğulayıb ki, növbəti il üçün gəlirlərin 64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaq.

Sədr məlumat verib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün büdcəsi layihəsində xərclərin 3 milyard 11,2 milyon manatının əhaliyə ödənişlərə, 20 milyon manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 milyon manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27 milyon manatının fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 milyon manatının kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub.

Əhaliyə ödənişlərin 97,1 faizini və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9 faizini və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.

Vergi nəzarəti sərtləşir: yeni qurumlar yaradıldı

17.09.2015



vergiler-nazirliyi-3

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb. Sentyabrın 17-də yayılan rəsmi məlumata görə, vergilər nazirinin əmri ilə Vergilər Nazirliyi aparatının, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması, Xüsusi Rejimli Vergi Xidməti və Bakı Vergilər departamentlərinin, ərazi vergilər departamentləri və idarələrinin, rayon vergilər şöbələrinin strukturunda bəzi dəyişikliklər edilib.

Yeniliyə əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yalnız cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən etibarən məşğul olmağa başlayacaq. Vergilər Nazirliyinin Vergi Borclarının Alınması İşinin Təşkili İdarəsinin bazasında Cinayət Xarakterli Vergi Hüquqpozmalarının Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsi yaradılıb.

Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi Borclarının Məcburi Alınması İdarəsi yaradılıb. Bu idarənin tərkibinə risklərin təhlili və nəzarət şöbəsi, məhkəmə qərarlarının icrası üzrə şöbə, habelə hər bir ərazi vergi orqanı üzrə yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq 14 şöbə yaradılıb.

Vergilər nazirinin əmri ilə yaradılmış strukturlara kadr təyinatları da həyata keçirilib. Vidadi Məmmədov Cinayət Xarakterli Vergi Hüquqpozmalarının Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsinin rəisi, Zeynalabdin Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi təyin edilib.

Ünvanlı sosial yardımın məbləği 17,2% artıb

17.09.2015

nazirlikBu ilin avqust ayında Azərbaycanda 117846 ailə (511963 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,27 manat (17,2%) artaraq 151,68 manata çatıb.

Ünvanlı sosial yardım alan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 243085 nəfər, o cümlədən 1 yaşadək ailə üzvlərinin sayı 5838 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5640 nəfərdir.

Bu yardımın təyin olunduğu ailələrin 33433-ü 3 və daha çox uşağı olan ailələrdir.

Prezident Kürdəmirdə sakinlərlə görüşüb

17.09.2015

Prezident İlham Əliyev sentyabrın 17-də Kürdəmir rayonuna səfər edib. O, Kürdəmir şəhərində Bayraq Meydanının açılışına qatılıb. Dövlət başçısına məlumat verilib ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Beş hektar sahədə yerləşən Bayraq Meydanının ərazisində abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb. Meydanda Bayraq Muzeyi inşa edilib, gənclər kafesi inşa olunub, həmçinin idman qurğuları meydançası, velosiped zolağı salınıb.

Daha sonra İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışacaq.

AZƏRTAC xəbər verir ki, İlham Əliyev Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışına da qatılıb. 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun ümumi uzunluğu 28 kilometr, eni 8-10 metrdir.

Prezident İlham Əliyev burada sakinlərlə görüşüb.

Həmin gün prezident Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib. “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlət başçısına deyib ki, Ağsu və Kürdəmir rayonları arasında yerləşən, 14 kənddən keçən bu yol həmin ərazidə yaşayan 25 min nəfər əhalinin sosial–iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Daha sonra prezident Kürdəmirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub, ardınca Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Avronest rəhbərliyi Milli Məclisin qərarına münasibət bildirib

17.09.2015

euronest 1Avronest rəhbərliyi Azərbaycan Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxmaq qərarından təəssüfləndiyini bəyan edib. APA-nın məlumatına görə, Avronestin həmsədrləri Heidi Hautala və Viktor Dolidzenin birgə bəyanatında deyilir: “Azərbaycan Milli Məclisi rəsmi şəkildə Avronest həmsədrlərini məlumatlandırdıqdan sonra vəziyyəti dərhal dəyərləndirəcəyik. Avronest Parlament Assambleyası Şərq tərəfdaşlığı proqramı üçün çoxtərəfli parlament qurumu olaraq qalır. O, Avropanın Şərq qonşularının Avropa İttifaqına siyasi və iqtisadi cəhətdən inteqrasiyasını sürətləndirmək məqsədilə açıq və inteqrasiya ruhunda fəaliyyət göstərməyə davam edəcək.

Avronest Parlament Assambleyasında iştirak Şərq tərəfdaşı ölkələrinin suveren və könüllü qərarıdır. Bu baxımdan biz Milli Məclisin qərarına hörmətlə yanaşırıq. Hesab edirik ki, qərar təəssüfləndiricidir və Milli Məclisi region üçün vacib olan birgə parlament iclaslarında fikrilərini söyləməkdən məhrum edəcək.

Qurumdan çıxmaq haqında qərar xəbərdarlıq etdikdən bir il sonra qüvvəyə minir. Bu müddətdə biz Milli Məclislə vəziyyəti müzakirə etməyə hazır olduğumuzu bildiririk”.

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə Avropa Komissiyası Azərbaycanda siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırılır.

Sənəddə Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə dəvət olunur.

Milli Məclisin sentyabrın 14-də keçirilən iclasında Avropa Parlamentinin 10 sentyabr qətnaməsi ilə əlaqədar qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasında üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanır və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasına son qoyulur.

Avronest Parlament Assambleyası 2011-ci il mayın 3-də Brüsseldə təsis edilib. Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının parlament formatı olan Avronestə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan daxildir.

Prezident: “Əmr versəm, bütün xarici borcumuzu bir gündə ödəyə bilərik”

18.09.2015

Prezident İlham Əliyev sentyabrın 17-si Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında sakinlərlə görüşüb. Kənd yolunun salınmasına şad olduğunu vurğulayan İlham Əliyev vəsaiti 3 il əvvəl ayırdığını bildirib: “Ancaq əfsus ki, əvvəlki rəhbərlik bu işə o qədər də böyük məsuliyyətlə yanaşmamışdı və yol keyfiyyətsiz tikilmişdi. Mənə məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik bu işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan götürüldü. O nöqsanları buraxan şəxslər özləri də bərpa işlərində iştirak ediblər və nəticədə bu yol artıq bütün yüksək standartlara cavab verir”.



prezident kurdemirde 1Dövlət başçısı qeyd edib ki, indi kənd yollarının tikintisini yerli icra orqanları həyata keçirir və bu işdə ictimai nəzarət də güclü olmalıdır: “Mənə icra başçısı məlumat verir ki, o, bura təyin olunandan sonra insanlar bu yolla bağlı çoxsaylı şikayətlər edib. Yəni ictimai nəzarət budur. Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim. Amma bu gün bu yol lazımi səviyyədə tikilib, istifadəyə verilir və hər yerdə də belə olmalıdır.

Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Siz, burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal verməlisiniz, ilk növbədə yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına. Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır”.

İlham Əliyev ölkənin iqtisadi durumuna toxunaraq deyib ki, kənd təsərrüfatında çox yaxşı nəticələr var: “Tarixdə ilk dəfə olaraq taxılçılıqda hektardan 30-31 sentner məhsul əldə edə bilmişik. Kənd təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər ki, heç vaxt belə nəticələr olmayıb. Nəyə görə? Müasir texnologiyalar tətbiq olunur, gübrələr verilir. İndi subsidiyaların verilməsində şəffaflıq təmin edilir, texnika alınır, lizinq yolu ilə verilir. Əlbəttə ki, biz ən mütərəqqi təcrübəni öyrənməliyik. Eyni zamanda iri fermer təsərrüfatları da yaradılır. İri fermer təsərrüfatlarında isə məhsuldarlıq daha da yüksəkdir — hektardan 50-60 sentner. Azərbaycanda nə vaxt belə nəticələr olub? Hektardan 50-60 sentner ən inkişaf etmiş ölkələrdə olan göstəricidir. Bizim indi 20-yə yaxın iri fermer təsərrüfatımız var. Burada minlərlə insan işləyir. Müasir səviyyə yaradılıb və beləliklə, mövcud torpaqlar hesabına biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edə bilərik”.

Prezident dünyada ərzaq təhlükəsizliyinin ön plana çıxdığını deyib: “Getdikcə bu problem daha da kəskinləşəcək. Çünki dünyada əhali artır, amma torpaq sahələri arta bilmir. Ona görə hər bir ölkə məşğul olmalıdır. Biz xaricdən niyə ərzaq məhsulları almalıyıq?! Özümüz istehsal etməliyik, özümüz xaricə satmalıyıq. İndi bəzi məhsullar üzrə buna nail olmuşuq, amma hələ ki, idxaldan asılılığımız var. Fermerlər, kəndlilər üçün şərait yaradılır ki, onlar həm dolansınlar, pul qazansınlar, həm də əhalimizi keyfiyyətli yerli məhsullarla təmin etsinlər”.

Dövlət başçısı neftin qiyməti düşdüyü üçün ölkənin gəlirlərinin müəyyən mənada azaldığını vurğulayıb: “Ancaq buna baxmayaraq ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin həlli ilə bağlı bütün layihələr icra edilir və gələn ilin büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin həllinə kifayət qədər vəsait ayrılacaq. Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin.

Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan çoxdur. Yəni onlar borc içində yaşayırlar və borcun üstünə borc gəlir. Nəticə etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida çökəcək. Amma əgər mən əmr versəm, biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Budur bizim reallıqlarımız. Bizdə güclü iqtisadiyyat, güclü siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər, nəticələr var”.

Sakinlərlə fikir mübadiləsi zamanı bu yay Bakıda keçirilmiş Avropa Oyunlarına toxunan prezident deyib: “Biz nəyə qadir olduğumuzu bütün dünyaya göstərdik. İyirmi dörd il ərzində görün haradan-haraya gəlmişik. Bütün Avropa bizə heyran oldu.

Vaxtilə deyirdilər ki, biz Avropa standartlarına çatmalıyıq. İndi bu gün biz deyirik ki, hər bir sahədə Azərbaycan standartları var — ictimai həyatda, multikulturalizm məsələlərində, insanlar arasında əlaqələrdə, iqtisadi inkişafda, sabitlikdə. İndi hər şey göz qabağındadır, internet dövründə yaşayırıq. Hər gün televizorda görürük ki, harada nələr baş verir. Azərbaycanda sabitlik var, insanlar sülh, əmin-amanlıq şəraitində rahat yaşayırlar. Biz inkişafla məşğul oluruq. Biz bir çox ölkələr üçün gözəl nümunəyik”.

“Qoymadıq ki, yad qüvvələr Azərbaycanda kök salsın. O kökü kəsdik”

18.09.2015



prezident agsudaSentyabrın 17-də Ağsuya səfər edən prezident İlham Əliyev İdman Kompleksinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının, Ağsu Şahmat Məktəbinin açılışlarına qatılıb.

AZƏRTAC-ın məlumatına görə, Ağsuya içməli suyun verilməsi mərasimində iştirak edən dövlət başçısı ictimaiyyətin nümayəndələri ilə görüşündə deyib ki, yerli istehsal, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı prioritet olmalıdır: “Bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür. Amma bununla bərabər bizim iqtisadiyyatımız da buna uyğun şəkildə artmalıdır. Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə bizim iqtisadiyyatımız buna uyğun şəkildə inkişaf etməlidir. Son illərdə 1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi proses olmalıdır. Ona görə yeni əkin sahələrinin dövriyyəyə buraxılması, Taxtakörpü, Şəmkirçay kimi böyük su anbarlarının tikintisi, digər kiçik anbarların inşası kənd təsərrüfatının inkişafına dəstək olacaq. Çünki məşğulluq artmalıdır, işsizlik tam aradan qaldırılmalıdır və insanlar daha da yaxşı yaşamalıdırlar.

Gələcəkdə elə məhsul istehsal olunmalıdır ki, biz o məhsulu istənilən xarici bazara ixrac edə bilək. Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb.

İnfrastruktur layihələri icra edilir, ölkəyə investisiyalar qoyulur. Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir. Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır.

Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir. Bir il bundan əvvəl bunların heç biri yox idi. Qanlı toqquşmaların sayı artır, coğrafiyası genişlənir. Bu qarşıdurmaya, müharibələrə yeni ölkələr qoşulur. Avropada böhran yaşanır. Mən artıq demişəm, bu, daha çox mənəvi böhrandır. Qaçqınlara münasibətdə bu ayrı-seçkilik, bu pis rəftar heç bir çərçivəyə sığmır. Özləri prinsiplər, dəyərlər bəyan ediblər. Başqa ölkələrin daxili işlərinə qarışmaq üçün bunu bayraq edib hər yerdə bəyan edirlər. Onda bu prinsipləri öz ölkənizdə də göstərin. Qadınları, uşaqları, qocaları döyürlər, onlara işgəncə verirlər. Bu insanların nə günahı var?! Ayrı-seçkilik göstərirlər, deyirlər ki, müsəlman qaçqınları buraxmayacağıq, bu nə deməkdir?! Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yenə də Avropada faşizm baş qaldırır?! Axı faşizm bir bəla kimi müsəlman aləmində yaranmayıb. Biz yaxşı bilirik ki, harada yaranıb. Yəni bunu unutdurmaq istəyirlər. İkinci Dünya müharibəsi haqqında Qərbdə qəsdən təhrif edilmiş informasiyalar gedir. Sovet xalqının, o cümlədən Azərbaycan xalqının iştirak etdiyi o müharibədə sovet ordusunun qəhrəmanlığını aşağılamaq istəyirlər. Televiziyada, internetdə gördüyümüz bu mənzərə yenə də o günləri bizə xatırladır. Yenə də faşizm baş qaldırır? Yenə də insanları təbəqələrə, millətlərə, dinlərə bölürlər? Ona görə islamofobiya çox böyük təhlükədir. Bu, bizim üçün təhlükədir. Çünki biz müsəlmanıq. Onlar üçün də təhlükədir.

Bu qarşıdurma həm ideoloji qarşıdurmadır, həm təbii resurslar uğrunda gedən mübarizədir, müharibədir və təsir imkanlarını genişləndirmək üçün qarşıdurmadır. Ona görə biz buna hazır olmalıyıq və hazırıq. Biz bütün tədbirləri vaxtında gördük. Qoymadıq ki, yad qüvvələr, bizim inkişafımızı istəməyən qüvvələr Azərbaycanda kök salsın. O kökü biz kəsdik. Kəsdiyimiz üçün də bizə qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Əsas odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaxşı yaşasınlar. Azərbaycan burada həm iqtisadi, həm siyasi, həm mənəvi cəhətdən bütün dünyaya nümunə göstərir. Axı Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur. Müxtəlif dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar.

Mən dəfələrlə demişəm, bizim aramızda heç bir ayrı-seçkilik ola bilməz. Dinindən, millətindən asılı olmayaraq hamımız Azərbaycan vətəndaşlarıyıq, hamımızın eyni, bərabər hüquqları var. Budur normal həyat tərzi. Əslində bizim yaşadığımız bu mühit normal həyat tərzidir. Ancaq görün indi başqa yerlərdə nələr baş verir. Ona görə mən əminəm ki, Azərbaycan modeli öyrəniləcək və nümunə kimi göstəriləcək. Biz əlbəttə, öz işimizi ona görə qurmamışıq ki, kiminsə xoşuna gələk, yaxud da kimsə bizdən örnək götürsün. Biz bunu özümüz üçün edirik. Biz istəmirik kimsə bizim işimizə qarışsın. Yəni kənardan oturub Azərbaycana mühazirə oxumaq istəyən məgər bizi bizdən daha çox istəyir? Təbii ki, yox. İstəyir ki, burada təsir imkanları genişlənsin, Azərbaycanı müxtəlif təxribatlara sövq etsin, cəlb etsin, təhrik etsin.

Biz bu təxribatlara getmirik. Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaq və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki səndə, mənimki məndə”.

55 dövlət vəzifəsinin tutulması üçün müsabiqə elan edilib

18.09.2015



dovlet qulluguDövlət Qulluğu Məsələləri üzrə Komissiya 18 sentyabr 2015-ci ildən 4 dövlət orqanında inzibati vəzifələrin beşinci — yeddinci təsnifatlarına uyğun olan 55 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 48-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 7-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə