Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   ...   7   8   9   10   11   12   13   14   15
Yadında-qalsın-nahayi

Səkkizinci fəsil 
Eşq – yəni Allahla tanışlıq, 
İmam Mehdinin (ə) razılığı 
Çox  geçikmişdim.  Hamıdan  tez  çatıb  avtobusa  lazım 
olan  bayraqları  və  digər  əşyaları  təhvil  almalıydım. 
Həmidlə  cənubun  əməliyyat  bölgələrinə  getmək  qərarına 
gəlmişdik.  Ancaq  getməyə  üç  gün  qalmış  Həmidi 
ezamiyyətə göndərdilər və bizimlə gələ bilmədi. 
Çantamı  götürüb  motosikletin  tərkində  oturdum. 
Mənim  tələsməyimə  baxmayaraq,  Həmid  həmişə  olduğu 
kimi, səbirlə sürürdü. Son zamanlar o, tək olanda da belə 
yavaş  sürürdü.  O  qədər  sakit  sürürdü  ki,  dostları  onun 
motosikletinə  minməyib  deyirdilər:  “Sənin  motosikletinə 
minsək, heç axşama da çatmarıq”. 


 
181 
Motosikletdə  gedə-gedə  müxtəlif  növhələr  oxuyurduq. 
Həmid  məddahlıq  edir,  mən  də  adam  olmayan  yerlərə 
çatanda cənub səfərində əzbərlədiyim şeirlərdən deyirdim:  
Salam olsun sənə, ey Allah ətrinə boyanmış torpaq! 
Sən pak qədəmlərin toxunduğu məkansan, ey Şələmçə! 
Sən  şəhidlər  diyarısan,  Kərbəlanın  xoş  ətrinə  qərq 
olmusan... 
Biz işıqforun qırmızı işığında dayananda bəzi sürücülər 
keçib-gedirdilər. Həmid dedi: 
-Bu,  yaxşı  iş  deyil!  Bəziləri  yol  polisinin  yoxluğundan 
istifadə  edib  qanunu  tapdayırlar.  Qanun  hamı  üçündür. 
Qanunun  səhər-axşamı  olmaz.  Yüksək  məmurdan  tutmuş 
fəhləyə kimi hamı qanuna əməl etməlidir. 
-Bunların hamısı sivilizasiyaya qayıdır. 
Duruxub baxdığını görüb dedim: 
-Yəni mədəniyyət, ictimai əxlaq. 
Ailə  qurmazdan  qabaq  TOEFL  imtahanından  bir  az 
aşağı  mərhələyə  qədər  ingilis  dili  kursuna  getmişdim. 
Həmid  ingilis  lüğətlərini  birlikdə  çalışmağımızı  istəyirdi. 
Məni yola salandan sonra “sivilizasiya” sözünün mənasını 
axtarmışdı.  O  gündən  sonra  nə  zaman  işıqforda 
dayansaydıq, mənə “sivilayzed xanım” deyirdi. 
2015-ci  ildə  getdiyim  Nur  yolçuları  səfəri  mənimçün 
Həmidsiz  getdiyim  ən  çətin  səfər  oldu.  Bəxtimdən 
telefonum  xarab  olmuşdu.  Zəng  edəndə  Həmidin  səsini 
eşitsəm  də,  o  məni  eşitmirdi.  Beş  gün  yalnız  mesaj 
yazdım.  Mənə  yazmışdı:  “Mənim  Nasir  Xosrovum 
hardadır  görən?”  O  qədər  çox  səfərə  gedirdim  ki,  bəzən 
mənə Nasir Xosrov və Marko Polo deyirdi. 
Qayıdan  kimi  ilk  iş  telefonumu  alıb  zarafatla  onu 
tenbeh etməsi oldu. 


 
182 
-Sən  bilmirsən  mən  bu  beş  gündə  nələr  çəkmişəm! 
Səsini  eşidə  bilməyəndə  istəyirdim  ki,  başımı  götürüb 
çöllərə qaçım. 
Bu  sözləri  deyəndə  onun  necə  darıxdığını  bütün 
vücudumla  hiss  edirdim.  Bu  halını  görəndə  bir  az 
rahatlaşırdım ki, Allah səsimi eşidib, şəhadət istəyini onun 
ürəyindən  çıxarıb.  Mənə  olan  eşqini  yanımda  qalmasına 
yeganə  səbəb  kimi  görürdüm.  Öz-özümə  deyirdim: 
“Həmid  yanımdadır.  Onun  məndən  sarı  darıxmağından 
daha dəyərli bir şeyin ortaya çıxıb bizi ayıracağını güman 
etmirəm. Ən azından ayrılıq bu tezliklə baş tutmaz”. 
Evə  çatanda  dedi:  “Sən  şəhidlərin  zəvvarısan.  Çadranı 
evin içində çırp ki, evimiz şəhidlərin ətrinə qərq olsun”. 
Gəldiyim  günün  səhərisi  bayram  bazarlığına  getdik. 
Həmidin 
sıxlıq 
olan 
yerlərdən, 
böyük 
ticarət 
mərkəzlərindən  heç  xoşu  gəlmirdi.  Hicaba  yaxşı  riayət 
olunmayan  yerlərə  getməyi  də  qətiyyən  sevmirdi.  Ancaq 
buna  məcbur  olanda  təmiz  gözləri  yalnız  yerə  baxardı. 
Satıcı  ilə  qiymət  üstündə  heç  vaxt  çənə  vurmazdı.  “Niyə 
qiyməti  aşağı  salmırsan?”  -deyə  soruşanda  cavab  verirdi: 
“Qiymət  üstə  çənə  vurmaq  məkruhdur.  Yaxşı  olar  ki, 
satıcının  sözünə  inanaq”.  Onun  nə  vaxtsa  çənə  vurduğu 
yadıma gəlmir. Amma satıcının özü endirim təklif etsəydi, 
qəbul edirdi. 
Bazarda  telefonuma  zəng  gəldi.  Həmidə  işarə  verdim 
ki, üzbəüz dükandan özünə corab alsın. Ancaq getməyi ilə 
qayıtmağı bir oldu. Söhbəti bitirəndə soruşdum: 
-Nə oldu? Niyə tez qayıtdın? Corab almadın? 
Çiyinlərini çəkib dedi: 
-Satıcı xanımın geyimi çox da yaxşı deyildi. Yaxşı olar 
ki, sən gedib alasan. 
Corabı alıb çıxanda dedim: 


 
183 
-Əyyami  Fatimiyyə  də  qurtarıb.  İstəyirəm  bayrama 
paxlava bişirim, özü də dadlı Qəzvin paxlavasından. 
Paxlavanı  çox  dadlı  bişirirdim.  Elə  oradaca  lazım 
olanları  almağa  getdik.  İki  gün  ancaq  paxlava  bişirməklə 
məşğul  oldum.  Xəmir  yaymaqdan  qollarım  ağrıyırdı. 
Həmid  bişən  paxlavalardan  bir  neçəsini  elə  sobanın 
qabında  yeyirdi. Şirniyyatı çox sevirdi. Bişirdiyim tort və 
ya  şirinçörəyin  şəkəri  az  olanda  uşaq  kimi  deyinirdi: 
“Deyəsən,  çörək  bişirmisən.  Bu,  şirniyyata  oxşamır”. 
Sonra  şirinçörəyə  mürəbbə  və  ya  bal  yaxıb  çayla  içirdi. 
Bütün  paxlava  qablarına  əl  vurduğunu  görəndə  zarafata 
dedim: 
-Belə  getsə,  qonaqlara  bir  şey  qalmayacaq.  Səhərdən 
bəri  iki  sini  paxlava  yemisən.  Bu  qədər  yesən,  axırda 
səpəcəksən. Yeməyi burax, gəl, kömək elə. 
-Oldu! Gözüm üstə! 
Kömək  etməyə  başladı,  amma  iş  görə-görə  paxlava 
yeməkdən  də  qalmırdı.  Sonrakı  günlərdə  də  məndən  gizli 
soyuducunu açıb paxlavalardan yeyirdi. 
Şirniyyat  bişirməkdən  fərqli  olaraq,  ev  təmizliyində 
mənə  çox  kömək  etdi.  Pəncərələri  silməkdən  tutmuş 
çəkməcələrə  qədər  hər  yeri  təmizlədi.  İşi  bitən  kimi 
yorğunluqdan  divanda  uzanıb  gözlərini  yumdu.  Ona 
meyvə doğrayıb dedim: 
-Həmid 
can, 
həqiqətən, 
çox 
kömək 
etdin. 
Yorulmayasan! 
Gözlərini bir az aralayıb dedi: 
-“Yorulmayasan”  demək  yerinə  de  ki,  Allah  qüvvət 
versin! 
“Allah qüvvət versin” deyən kimi oturub dedi: 


 
184 
-Bir  qadın  həyat  yoldaşı  üçün  hər  şeyin  ən  yaxşısını 
diləməlidir.  İndi  isə  “Allah  qüvvət  versin”  demək  yerinə, 
“Alllah səni şəhid etsin” de. 
Bir az sükut etdikdən sonra dedim: 
-Allah səni yüz ildən sonra şəhid etsin! 
2015-ci  ilin  novruzunda  hicri-şəmsi  ili  gecənin  yarısı 
girirdi.  Həmid  həmin  saatda  yatmışdı.  Mənə  bayram 
hədiyyəsi  olaraq,  kənarları  bəzəkli  hicab  almışdı.  Özü  də 
mənim 
Məşhəddən 
aldığım 
köynəyi 
geyinmişdi. 
Qonaqlıqların çoxunda onu geyinirdi. 
Səid  xanımı  və  qızı  Nərgizlə  birgə  il  dəyişəndən  bir 
neçə  saat  sonra  bizə  gəldilər  ki,  birlikdə  qohumlara  baş 
çəkməyə  gedək.  Həmid  fürsət  tapan  kimi  qardaşı  qızı  ilə 
oynayırdı. Onu çox sevirdi. Həmid çox az hallarda hansısa 
körpəni qucağına götürürdü. O deyirdi: 
-Uşaqlar  o  qədər  balacadırlar  ki,  qucağıma  götürəndə 
əzməkdən qorxuram. 
Ancaq  Nərgizi  hər  görəndə  qucağına  götürürdü.  Bu 
əlaqə  qarşılıqlı  idi.  Nərgiz  də  Həmidi  çox  istəyirdi. 
Həmidlə  atası  bir-birinə  çox  bənzəsələr  də,  Nərgiz  onları 
ayırd  edə  bilirdi.  Həmidin  qucağına  gedəndə  ayrılmaq 
istəmirdi. Həmid Nərgizi qucağına götürüb dedi: 
-Gözəlim, məni çağır, görüm. “Əmi” de görüm! 
Mən dedim: 
-Həmid,  uşaqdan  əl  çək.  Axı  bir  neçə  aylıq  uşaq  necə 
danışsın?! 
Həmin  gün  bütün  qohum-əqrəbanı  ziyarət  etdik. 
Bayramdan  iki-üç  gün  sonra  bekarçılıqdan  darıxırdıq. 
Dedim: 
-Bütün  qohum-əqrəbanı  bir  gündə  ziyarət  etməkdə 
böyük səhvə yol verdik. 


 
185 
Biz  yaşda  kiçik  olduğumuzdan,  adətə  görə,  böyüklər 
iki-üç  gündən  sonra  bizə  gələcəkdilər.  Yavaş-yavaş 
qonaqlarımız  gəlməyə  başladı.  Qonaqlara  qulluq  etmək, 
həmişə olduğu kimi, yenə də Həmidin işi idi. Gələn hər bir 
qonaqla oturub paxlava yeyirdi. Yenə paxlava  yeyə bilsin 
deyə, qonaqlara ikinci dəfə paxlava gətirirdi. 
Tətil  günlərinin  birində  Sünbülabada  getdik.  Həmid 
atasına  kömək  etmək  üçün  əlinə  bel  alıb  bağa  yollandı. 
Mən  də  evə  getdim.  Küçədə  qonşulardan  birinin  xoruzu 
məni görüb arxamca düşdü. Qorxumdan cin vurmuş adam 
kimi qaçmağa başladım. Həmid səsimi eşidən kimi həyətə 
sarı  qaçdı,  elə  bildi  ki,  pis  bir  hadisə  baş  verib.  Çox 
nigaran qalmışdı. Məsələnin nə yerdə olduğunu anlayanda 
əlindəki  beli  divara  söykəyib  yerə  oturdu,  gülməkdən 
uğundu.  Mən  çox  hirsləndim.  Həyətdə  o  tərəf-bu  tərəfə 
qaçırdım, xoruzsa əl çəkmək bilmirdi. 
Bir-iki saat Həmidlə küsülü qaldım. Ona dedim: 
-Sən məni xoruzun əlindən qurtarmadın. 
Həmid  ağzını  açıb  bir  söz  demək  isəyəndə  gülməyi 
tuturdu. 
-Sən  hərbçi  yoldaşısan,  hərbçi  qızısan,  özünün  də  qara 
kəmərin var. Yaxşı ki dalına düşən xoruz idi, ayı deyildi. 
Zarafat edib gülür, məni əsəbiləşdirmək istəyirdi. 
Nə  zaman  Sünbülabada  gedirdimsə,  Fatihə  oxumaq 
üçün  bibimlə  birgə  babamın  qəbri  üstə  gedirdik.  Babam, 
atamın  iki  yaşı  olanda  dünyasını  dəyişsə  də,  qəbri  üstə 
gedəndə  qəlbimdə  ona  dərin  məhəbbət  hiss  edirdim. 
Kəndin qəbiristanlığı böyük bir bağın ortasında yerləşirdi. 
Həmid təpənin başında oturub bizə əl yelləyirdi. 
Sünbülabaddan  qayıdanda  yolda  Nəsrin  xalam  zəng 
vurub  bizi  şam  yeməyinə  dəvət  etdi.  Həmidin  qohum 
evlərində başıaşağı və sakit olduğunu bilib xalama dedim: 


 
186 
“Xala  can,  zəhmət  çəkmənizə  razı  deyildik,  amma 
mümkünsə,  ata-anamı  da  çağırın.  Çünki  sənin  də,  mənim 
yoldaşım sakit və azdanışan adamlardır. Atam gəlsin ki, ən 
azından arabir bir söz desin, ikisi də qulaq assın”. 
Həmidin  xasiyyəti  belə  idi.  Dostları  ilə  bir  yerə 
yığışanda danışıb-gülər, zarafat edərdi. Ancaq qohumlarla 
bir yerə yığışanda bir küncə çəkilib ancaq qulaq asardı. 
Anamgillə  birgə  xalamgilə  şam  yeməyinə  getdik.  Şam 
süfrəsini  yenicə  yığışdırmışdıq  ki,  Həmidin  telefonuna 
zəng  gəldi.  Salam  verib,  hal-əhval  tutduqdan  sonra  rahat 
danışmaq  üçün  dəhlizə  keçdi.  Danışığı  bir  neçə  dəqiqə 
çəkdi.  Qayıdanda  üzündə  sevinc  hiss  olunurdu.  Elə 
mətbəxdən  başımın  işarəsilə  soruşdum  ki,  düzəldi? 
Təbəssüm  edib,  dodaqaltı  dedi:  “Çox  şükür  Allaha, 
düzəldi”. 
Neçə  gün  idi,  icazə  almağa  çalışırdı,  ancaq  nədənsə 
alınmırdı.  Keçən  il  olduğu  kimi,  bu  il  də  birlikdə  Nur 
yolçuları səfərində xidmətçi kimi cənuba getmək istəyirdi. 
Xalamgildən çıxan kimi soruşdum: 
-Nə oldu, Həmid? İcazə ala bildin? 
-Şəhid  Hüseynpurun  niyyətinə  nəzir  etdim  ki,  işimiz 
alınsın.  Komandirimiz  zəng  vurub  dedi  ki,  bir  həftəlik 
gedə bilərsiz. 
-Bəs nə zaman çıxırıq? 
-Sən hazırlaş, günü sabah çıxaq. 
Aprelin  yeddisi  axşam  saat  onda  Əhvaza  çatdıq.  Hacı 
Səbbağian  demişdi  ki,  Həmid  Meracüş-şühəda  xidmətçisi 
olsun, 
mən 
də 
Şəhid 
Məsudian 
düşərgəsinin 
xidmətçilərinə  köməkçi  kimi  gedim.  Həmid  məni 
düşərgəyə  kimi  apardı.  Həmin  bir  neçə  gündə  hər  gün 
danışsaq  da,  bir-birimizi  görə  bilmirdik.  Üçüncü  gün 
axşam saat 11-də zəng edib dedi: “İndi Meracüş-şühədaya 


 
187 
qayıdan  yolun  üstündəki  Hüveyzə  bölgəsindəyəm.  Səni 
görməyə  gəlirəm”.  Sevindiyimdən  qanad  çalıb  uçmağa 
qalmışdım.  Termosdakı  təzədəm  çayı  götürdüm,  həzrət 
Zəhra (ə) hüseyniyyəsinin qapısından bir neçə metr aralıda 
oturub Həmidi gözləməyə başladım. 
Şəhid  Məsudian  düşərgəsinin  özünəməxsus  ab-havası 
var  idi.  Düşərgədə  yerləşən  hər  zal  bir  vilayətə  aid  idi. 
Müharibə vaxtı onlardan yaralıları müalicə etmək üçün və 
yuyucuxana  kimi  istifadə  edilirdi.  Allah  bilir,  orada  nə 
qədər  döyüşçü  ağır  yaraların  acısına  dözmüş,  şəhadətə 
qovuşmuşdu.  Düşərgənin  qarşısında  uca  bir  təpə 
görünürdü. 
Təpədə 
çoxlu 
sayda 
yaşıl 
bayraqlar 
dalğalanırdı. 
Həmidin  məsum  baxışları  üçün  darıxmışdım.  Tək 
istədiyim  onun  tezliklə  yanımda  əyləşməsi,  yalnız  və 
yalnız  onun  danışması  və  beləcə  bir  neçə  günlük 
yorğunluğumu çıxarması idi. Gecə saat biri keçmişdi. Öz-
özümə  dedim  ki,  yəqin,  keçən  dəfəki  kimi  işi  çıxıb,  gələ 
bilməyib.  Termosu  götürüb  otağa  yola  düşdüm.  Bir  neçə 
addım gedəndən sonra asfalta sürtünən çəkələklərin səsini 
eşitdim.  Hələ  baxmamış  bildim  ki,  Həmiddir.  Yorğun 
olanda  başmaqlarını  yerə  sürtə-sürtə  gedirdi.  Üzümü 
döndərən 
kimi 
onu 
gördüm. 
Qəşəng 
xidmətçi 
paltarındaydı,  başında  İmad  Müğniyənin  qoyduğu  yaşıl 
papaqdan,  əynində  komandos  şalvarı  vardı,  yorğundu, 
ancaq  gülərüzlə  gəlirdi.  Həmidin  gəlişi  mənə  elə  enerji 
verdi  ki,  bütün  düşərgəni  səhərə  qədər  onunla  gəzmək 
istəyirdim. 
O gecə bir saat birlikdə olduq və bütün bir saatı ancaq 
söhbət etdik. Növbəti dəfə Həmidi görmək üçün Meracüş-
şühədaya getdim. Başı o qədər qarışmışdı ki, hətta mənim 
gəldiyimi  belə  anlamamışdı.  Xidmətçi  paltarı  əynində 


 
188 
olanda  yalnız  şəhid  ziyarətçilərinə  xidmət  barədə 
düşünürdü.  Düşərgənin  həyətində  gözlədim  ki,  fürsət 
tapsa,  bir  neçə  dəqiqə  birlikdə  danışaq.  Ancaq  bu  əsnada 
düşərgənin  mikrofonundan  şəhidlərdən  birinin  həyat 
yoldaşının çıxış edəcəyini elan etdilər. Həmid o anda məni 
gördü, ancaq bir anın içində gözdən itdi. Məclisdən sonra 
bir  anda  yoxa  çıxmasının  səbəbini  soruşanda  dedi: 
“Ürəyisınıq  şəhid  yoldaşı  danışan  yerdə  bir  yerdə  olmaq 
istəmədim”. 
*** 
Aprel ayı mənə ən sevimli və ən fərqli bir ay olmuşdu. 
Həmid  bu  ayın  24-də  dünyaya  gəlmişdi.  Xudmani  bir  ad 
günü  keçirdik.  Səhər  tezdən  tort  bişirməyə  başladım. 
Həmidin dondurmanı hədsiz sevdiyini bilirdim. Buna görə 
də, təzə süd və vanildən çoxlu dondurma hazırladım. 
Gözləyirdim  ki,  Həmid  gəlsin,  birlikdə  yemək  yeyək. 
Hava  yağışlı idi. Saat üçü keçsə də, Həmiddən xəbər  yox 
idi.  Öz-özümə  fikirləşdim  ki,  yəqin,  kiminsə  işi  düyünə 
düşüb,  ona  kömək  edir.  Qapının  zəngini  basanda  həmişə 
olduğu  kimi,  qarşılamağa  getdim.  Üst-başını  görəndə 
gözlərimə  inana  bilmədim.  Başdan-ayağa  toz-torpaq 
içində  idi.  Anladım  ki,  qəza  törədib.  Şalvarının  dizləri 
cırılmışdı.  Gödəkçəsinin  arxasında  asfaltın  izi  qalmışdı. 
Dözməyib halsızlaşdım, elə oradaca, qapının ağzında yerə 
oturdum. Həmidi bu halda görməyə taqətim yox idi. Mənə 
ürək-dirək verib dedi: 
-Narahat  olma,  inan,  heç  nə  olmayıb.  Bax,  özüm  öz 
ayağımla gəlmişəm evə. Hər şey yaxşı qurtardı. 
Nə  qədər  desə  də,  inanmırdım.  Nə  baş  verdiyini 
anlamaq üçün sorğu-suala tutdum. 


 
189 
-Harda qəza törətdin, Həmid? Düzünü de görüm, nə baş 
verib?  Gərək  xəstəxanaya  gedək,  səni  başdan-ayağa 
rentgenə salmaq lazımdır. 
Həmid suyu başına çəkə-çəkə dedi: 
-Meysəm  və  Nəbiyullahla  birgə  motosikletlə  gəlirdik. 
Birdən  Qiyasabadın  ortasında  bizi  bir  maşın  vurdu. 
Üçümüz  də  yerə  yıxıldıq.  Bəxtim  gətirdi  ki,  kaska 
taxmışdım. 
Həmidin  yaraları  çox  da  dərin  deyildi.  Hadisəni  bütün 
xırdalığına  kimi  danışdı.  Harda  yerə  yıxıldılar,  dostları 
necədirlər və s. Bu kimi şeyləri heç vaxt gizlətməzdi. Mən 
də  ancaq  danlayıb  deyirdim:  “Maşının  sürücüsü  niyə  elə 
sürürdü?  Fikri  hardaydı?..”  Sonra  da  tez  gedib  üzərlik 
yandırdım. Mənim üzərlik yandırmağımın özü bir müsibət 
olmuşdu.  Hər  evdən  çıxanda  üzərliyi  götürüb  Həmidin 
başına  fırladırdım.  Həmid  də  üzərliyi  alıb  qoltuğunun 
altına, belinə, ayaqlarının arasına fırladaraq gülürdü. Hətta 
paltarını  yuxarı  çəkib,  üzərliyi  qarnının  üstünə  qoyur, 
deyirdi: “Paxılın gözü çıxsın!” 
Bu,  Həmidin  ilk  qəzası  deyildi.  Bundan  öncə  də, 
dəfələrlə  o  vəziyyətdə  gəlmişdi.  Ancaq  hər  dəfə  onu  qan 
içində,  paltarları  cırıq  halda  görəndə  əl-ayağım  əsirdi  və 
heç  bir  iş  görə  bilmirdim.  Ələlxüsus  da  bir  dəfə 
Sünbülabaddan  qayıdanda  motosikleti  yolda  nissan 
markalı maşına çırpılmışdı. Qəza o qədər şiddətli olmuşdu 
ki,  Həmid  motosikletlə  yolun  ortasına  düşmüşdü.  Ələmut 
magistralının  hər  iki  tərəfi  təhlükəli  uçurumlardan  ibarət 
idi.  Bəxti  gətirib  yolun  ortasına  çırpılmışdı.  Onda  da  bu 
vəziyyətdə idi və evə gec gəlmişdi. Paltarları cırılmışdı, əl-
ayağı  qan  içində  idi.  Onun  bu  hadisələri  məni  daha  da 
əsəbiləşdirirdi.  Düşünürdüm  ki,  ona  qarşı  həssaslığımı 


 
190 
bildiyi  halda  niyə  diqqətli  olmur?  Bu  fikirlə  onunla 
dalaşmağa başladım. 
-Axı  gündüzü  qoyub  niyə  gecə  yola  çıxdın?  Niyə 
diqqətli  olmursan  axı?  Gərək  motosikleti  ataq  getsin,  bir 
daha sürməyəsən. 
Bu  qəzalardan  o  qədər  görmüşdüm  ki,  artıq  gözüm 
qorxurdu. 

qədər 
həssas 
olmuşdum 
ki, 
məni 
sakitləşdirəcək bir adama çox ehtiyacım var idi. 
Həmid cırılmış, qanlı paltarlarını dəyişib axşama qədər 
yatdı.  Ancaq  gecə  belindən  güclü  ağrı  tutdu.  Ağrının 
şiddətindən  gözlərini  yuma  bilmirdi.  Səhərə  qədər 
ayaqlarını  suya  qoydum,  alnına  yaş  parça  sərdim,  başının 
üstə  Quran  oxudum.  Tibbi  yardımları  öyrəndiyimdən 
serum  qoşmaq  kimi  bəzi  işləri  özüm  görürdüm.  Səhərə 
qədər başının üstündə oyaq qaldığımı görüb dedi: 
-Mən  ana  məhəbbəti  eşitmişdim,  ancaq  həyat  yoldaşı 
məhəbbətini  eşitməmişdim.  Buna  öz  gözlərimlə  şahid 
oldum.  Əgər  nə  vaxtsa  mehribanlıq  yarışı  keçirilsə, 
əminəm ki, birinci yeri tutarsan. 
Səhər  tezdən  hazırlaşıb  xəstəxanaya  getdik.  Rentgen 
çəkəndən sonra anladıq ki, bel diskində yırtıq əmələ gəlib. 
Həkim  on  gün  istirahət  etməsini  məsləhət  gördü. 
İstirahətin  birinci  günündə  hamı  məsələni  öyrəndi.  Hər 
yerdən  qonaq  gəlirdi.  Ev  bir  an  belə  boşalmırdı.  Dost, 
qohum,  qonşu,  əza  dəstəsi  və  məscid  əhli,  idman 
yoldaşları,  bir  sözlə,  hamı  gəlirdi.  Öz-özümə  dedim  ki, 
yüngülcə  qəza  keçirib,  bu  qədər  gələn-gedəni  var.  Əgər 
Allah  eləməmiş,  yaralansa,  mən  gərək  Qəzvinin  yarısını 
qonaq  qarşılayıb  yola  salım.  Bu  müddət  ərzində  “xoş 
gəldiniz”  deyib  xidmət  göstərmək  üçün  həmişə  ayaq 
üstəydim. Qonaq o qədər çox idi ki, gecələr yorğunluqdan 
Həmiddən tez yatırdım. 


 
191 
Beli  ağrıdığına  görə  ev  işlərinə  kömək  edə  bilmirdi. 
Ancaq  məni  işlərimlə  baş-başa  da  buraxmırdı.  Mətbəxdə 
oturub  mənə  Hafizin  şeirlərindən,  Sədinin  dastanlarından 
oxuyurdu.  Məni  yorğun  görəndə  deyirdi:  “Səni  and 
verirəm Xanım Zəhraya (ə), məni bağışla, sənə kömək edə 
bilmirəm.  Bu  günlərdə  çox  əziyyət  çəkdin.  On  gün 
istirahətdən  sonra  gərək  bir  neçə  gün  icazə  alım,  sənə 
xidmət edim. Bir az da mən işləyim, sən istirahət edəsən”. 
Bəzi işlər onun üçün adətə çevrilmişdi, ən çətin anlarda 
belə,  əməl  edirdi.  Qürub  çağından  sonra  suyu  mütləq 
oturub içirdi. Deyirdi: “İmam Sadiqdən (ə) nəql olunub ki, 
qürubdan sonra kim suyu oturub içsə, ruzisi çoxalar”. 
Bu  on  gün  ərzində  əlamətdar  günlərdən  biri  də  Xanım 
Zəhranın  (ə)  mövludu  və  Qadınlar  bayramı  idi. 
Vəziyyətinə  görə,  mənə  hədiyyə  almasını  ağlımdan  belə 
keçirmirdim.  Korpusda  xanımlar  üçün  proqram  təşkil 
olunmuşdu. Həmidin israrıyla orada iştirak etdim. Evə tez 
qayıtmaq  üçün  səhər  tezdən  məclisə  getdim.  Məclis  boyu 
bütün  fikrim-zikrim  Həmiddə  qalmışdı.  Evə  qayıdanda 
başımdan  tüstü  çıxdı;  o  halda  gedib  mənə  gül  dəstəsi  və 
hədiyyə  almışdı.  Bu  mənə  həyatım  boyu  verilən  ən  gözəl 
Qadınlar  günü  hədiyyəsi  idi.  Maddi  dəyərinə  görə  deyil, 
gözlənilməz  olduğuna,  məni  qafil  haqladığına  görə  çox 
dəyərli  idi.  Onun  belə  bir  vəziyyətdə  və  bazarın  ən  sıx 
vaxtında  pilləkəndən  düşüb  mənə  hədiyyə  alacağını 
ağlımın  ucundan  belə  keçirməmişdim.  Həmin  gün  mənə 
dedi: “Belim çox ağrıyırdı deyə, anama və qayınanama bir 
şey ala bilmədim. Onların zəhmətini sən çəkərsən”. 
Həmid  hər  il  belə  edərdi.  Xanım  Zəhranın  (ə)  doğum 
günündə,  həm  mənə,  həm  də  analarımıza  hədiyyə  alardı. 
Anaya  qarşı  çox  həssas  idi.  Ananın  razılığı,  hətta  bir 
təbəssümü  onun  üçün  dünyaya  dəyərdi.  Anasını  görəndə 


 
192 
əyilib  alnından  öpərdi.  Bu  adətini  heç  vaxt  tərk  etmədi. 
Həmin  on  gün  ərzində  anası  nə  zaman  zəng  vurub  halını 
soruşurdusa,  üzü  gülürdü,  uzanmış  olsaydı,  cəld  oturardı, 
oturmuş  olsaydı,  ayağa  durardı.  Onun  bu  rəftarları  mənə 
çox qəribə gəlirdi. Ona dedim: 
-Həmid  can!  Axı  anan  sənin  oturduğunu,  ya  da 
uzandığını  görmür.  Elə  uzandığın  yerdə,  istirahət  edə-edə 
də danışa bilərsən. 
-Düzdür, anam yanımda deyil, məni görmür, bəs Allah 
necə? Allah yanımdadır və məni görür. 
Şəban  ayının  üçü,  İmam  Hüseynin  (ə)  mövludu  və 
Pasdar  günü  idi.  Həmid  dedi:  “Bəlkə  İmamzadə  Hüseynə 
gedək?  Briqada  hərbçilərinə  ətir  almaq  istəyirəm.  Elə 
namazı 
da 
orda 
qılıb, 
qayıdarıq”. 
İmamzadənin 
mağazasına çatanda bir neçə ətrə baxdıq. Yetmiş ədəd ətir 
almaq  istəyirdi.  Axırda  birini  bəyəndi.  Başqa  bir  ətri  də 
mən  alıb  dedim:  “Ağa  can,  Pasdar  günü  münasibətilə  bu 
da məndən sənə hədiyyə olsun”. 
İki  gün  ancaq  mənim  aldığım  ətri  vurdu.  İki  gündən 
sonra  gördüm  ki,  ətir  yoxa  çıxıb.  Bir  neçə  dəfə  soruşsam 
da,  hər  dəfəsində  söhbətdən  qaçırdı.  Öz-özümə  dedim  ki, 
yəqin  xoşu  gəlməyib,  amma  deməyə  utanır.  Bir  dəfə  də 
onu  sual  yağışına  tutandan  sonra  məcbur  qalıb  dedi: 
“Əsgərlərdən  birinin  xoşu  gəldi,  mən  də  dura  bilmədim, 
ona verdim”. 
Həmid bir gün işdən birbaş idman zalına getmişdi. Evə 
çatanda  o  qədər  yorğun  idi  ki,  saat  on  olmamış  yatdı. 
Yarım saatdan sonra telefonuna zəng gəldi. İş yerindən idi. 
Bilmirdim ki, onu oyadım, ya yox. Axırda bəlkə mühüm iş 
olduğunu düşünüb oyatdım. 
Telefonla danışanda bildim ki, onu iş  yerinə çağırırlar. 
Tez 
hazırlaşdı. 
Sağollaşanda 
dedim: 
“Nə 
vaxt 


 
193 
qayıdarsan?”  Dedi:  “Məlum  deyil”.  Gecə  saat  on  ikiyə 
kimi  gözlədim,  gəlib  çıxmadı.  Yavaş-yavaş  yuxuya 
daldım.  Gecə  saat  ikidə  oyandım.  Hələ  qayıtmamışdı. 
Narahat  olmağa  başladım.  Telefona  baxdım.  Belə  bir 
mesaj  yazmışdı:  “Xanım,  mən  Bəndər-Abbasa  gedirəm. 
Nə vaxt qayıdacağım bəlli deyil. Özündən muğayat ol!” 
Çox  təəccüb  etdim.  Özüylə  bir  şey  aparmamışdı;  nə 
paltar,  nə  də  başqa  bir  şey.  Adətən,  ezamiyyətə  gedəndə 
öncədən  xəbər  verirdi  və  mən  lazım  olan  əşyaları  bir 
çantaya  yığırdım. Çox qorxdum. Tez televizoru açdım ki, 
görüm,  Bəndər-Abbasda  bir  hadisə  baş  verib,  ya  yox. 
Altyazı xəbərlərində orada təlim keçirildiyi yazılmışdı. Bir 
az  rahatlaşdım,  düşündüm  ki,  yəqin,  bir  neçə  günlük 
təlimlərdir,  iştirak  edib,  qayıdacaq.  Ancaq  yenə  də 
həyəcanlı idim. 
Dözə  bilməyib,  zəng  vurdum.  Avtobusda  idi.  İş 
yoldaşlarının gülmək səsi gəlirdi. Dedim: 
-Həmid,  niyə  belə  xəbərsiz  getdin?  Gecənin  yarısı 
Bəndər-Abbasa  getmək  hardan  çıxdı?  Özünlə  heç  nə 
aparmamısan. 
Daha  artıq  izah  etmək  istəmirdi,  ya  da  edə  blmirdi. 
Dedi: 
-Burda  bizə  hər  şey  verirlər,  xanım!  Sən  yat,  səhər  də 
gedərsən atangilə. 
Bütün  bədənimi  qəribə  həyəcan  bürümüşdü.  Səhərə 
qədər neçə dəfə yuxudan oyandığımı unutmuşam. 
Günəş çıxan kimi universitetə getdim. Günortaya qədər 
dərsim var idi. Mən dərsdə olanda atam zəng vurdu. 
-Həmid Sərdəştə gedib, sən də gəl bizim yanımıza. 
Telefonda donub qaldım. 
-Sərdəşt? Axı mənə Bəndər-Abbas dedi. 


 
194 
Atam  bildi  ki,  Həmid  nigaran  qalmamağım  üçün 
həqiqəti gizlədib. Dedi: 
-Sərdəştə  gediblər,  amma  nigaran  qalma,  heç  nə 
olmayıb, tez qayıdacaqlar. 
Atamın  bu  sözlərindən  sonra  narahatlığım  daha  da 
çoxaldı.  Evə  gələndə  gördüm  ki,  ağlamaqdan  anamın 
gözləri qıpqırmızı olub. 
Ürəyim əsdi və daha çox qorxmağa başladım. Dedim: 
-Nəsə olub, məndən gizlədirsiz? 
Atam dedi: 
-Yox,  qızım,  narahat  olma.  Sadəcə,  bir  neçə  günlük 
ezamiyyətdir. İnşallah, sağ-salamat qayıdar. 
Anam  başımı  qarışdırmaqdan  ötrü  bazara  getməyimizi 
təklif  etdi.  Alış-veriş  boyunca  bütün  fikrim  Həmiddə 
qalmışdı.  Nə  aldığımı,  hara  getdiyimi  bilmədim.  Anamla 
bazarı gəzdiyimiz yerdə atam zəng vurdu. 
-Qızım,  muştuluğumu  verərsən,  Həmid  qayıdıb.  Tez 
gəlin evə! 
Doğru-düzgün alış-veriş etmədən tez taksiyə minib evə 
yollandıq.  Həmidi  görən  kimi  rahat  nəfəs  aldım.  Narahat 
halda, divanda oturmuşdu. Mən də zarafata dedim: 
-Bəndər-Abbasdan  girib  Sərdəştdən  çıxırsan!  Sonra  da 
bir günün içində qayıdırsan. Heç bilirsən nə edirsən, ağa?! 
Atam gülüb dedi: 
-Heç  biri  deyildi;  nə  Bəndər-Abbas,  nə  də  Sərdəşt. 
Samirraya getmək istəyirdilər, uçuşları ləğv olundu. Bu da 
təbii  haldır.  Düşmən  uçuşdan  xəbər  tutub  vurmasın  deyə, 
belə gecikmələr olur. 
Bu  xəbəri  eşitmək  mənə  çox  ağır  idi.  Çox  narahat 
oldum. 
-Həmid,  sənin  getdiyin  heç  bir  ezamiyyətə  qarşı 
çıxmamışam. 
Məgər 
xarici 
bir 
ölkəyə 
getməni 


 
195 
bilməməliyəm?!  Mən  gözləyirdim  ki,  ikigünlük  təlimin 
bitər,  evə  qayıdarsan.  Ancaq  sən  Samirraya  getmək 
istəyirmişsən, özü də bir neçə aylıq. Məgər hara getdiyini 
bilmək mənim haqqım deyil?! 
Uçuşun  ləğv  olunduğuna  görə  o  qədər  narahat  idi  ki, 
ağzını açıb bir kəlmə də danışmırdı. Ancaq mən ürəyimdə 
sevinirdim.  Motosikletə  minəndə  belə  bir  kəlmə  də 
danışmadı.  Bir  neçə  gün  halı  yaxşı  deyildi.  Ölkədaxili 
ezamiyyətlərə çox gedirdi; birgünlük ezamiyyətdən tutmuş 
ongünlüyə  qədər.  Narahat  olmasınlar  deyə,  çox  vaxt 
valideynlərinə 
demirdi. 
Ancaq 
ilk 
dəfə 
idi 
ki, 
uzunmüddətli  xarici  ezamiyyət  barədə  bu  qədər  ciddi 
söhbət gedirdi. Özü İraqı seçmişdi. İstəyirdi ki, Samirrada 
İmam Mehdinin (ə) atasının hərəminin müdafiəçisi olsun. 
*** 
Ev tikmək üçün bir qədər pul yığmışdıq. Həmid israrla 
deyirdi  ki,  bankda  öz  adıma  hesab  açdırım,  pulları  orada 
saxlayım. Bir gün səhər yeməyi yeyəndə dedi: 
-Bu  gün  işə  gec  gedəcəm.  Birlikdə  banka  gedək,  sənə 
hesab  açaq  və  pulları  ora  köçürək.  Birdən  başıma  bir  iş 
gələr, pullar sənin hesabında qalsa, yaxşıdır. 
Razı olmayıb dedim: 
-Necə  yəni  başıma  bir  iş  gələr?!  Mən  o  işin  baş 
verməməsi üçün deyirəm ki, gedək, pulları sənin hesabına 
yatıraq. 
Yenə  israr  edincə  küsdüm.  Tərslik  etdim  ki,  bir  də  bu 
sözləri  dilinə  gətirməsin.  Sonra  pulları  öz  hesabına 
yatırmağa  razı  oldu.  Səhər  tezdən  banka  hesab  açmağa 
getdi. Bütün bank kartlarının, hətta telefonunun koduna da 
mənim şəxsiyyət vəsiqəmin seriya nömrəsini qoymuşdu. 
Mayın  ortalarında  Suriyadan  çox  pis  xəbər  gəldi. 
Həmidin  əvvəlki  komandiri  Həmid  Məhəmmədrzayi 


 
196 
ezamiyyətdə  idi.  Ezamiyyət  müddəti  bitsə  də,  hələ  ondan 
xəbər çıxmamışdı; şəhid olması və ya əsir düşməsi barədə 
heç  bir  məlumat  yox  idi.  Bu  vəziyyət  həm  ailəsi,  həm  də 
Həmid  üçün  çox  ağır  idi.  Həmid  Məhəmmədrzayinin 
yoldaşını  nişanlı  vaxtımda  müqəddəs  müdafiə  barədə 
sərgidə  görmüşdüm.  O,  atamın  iş  yoldaşı  olduğuna  görə 
həyat  yoldaşı  ilə  bir-birimizi  yaxşı  tanıyırdıq.  Yoldaşı  o 
vaxt  məndən  soruşmuşdu:  “Nişanlının  adı  nədir?”  Mən 
“Həmid”  deyəndə  belə  demişdi:  “Nə  maraqlı!  Mənim  də 
yoldaşımın adı Həmiddir. Mən Həmidi çox sevirəm. O özü 
də çox sevimlidir”.  
Bu  kimi  aşiqanə  sözləri  mənim  kimi  yeni  evlənmiş 
birisinin  dilindən  eşitmək  çox  da  qəribə  olmazdı.  Ancaq 
illərlə  evli  olan,  yoldaşıyla  illərlə  ömür  yaşamış  üç  uşaq 
anasının dilindən eşitmək mənə qəribə gəlmişdi. Nə gözəl 
olardı  ki,  bütün  ailələr  illərdən  sonra  da  bir-birini  bu 
şəkildə sevib-sevilərdilər! 
Həmid  bu  xəbəri  eşitdiyi  gündən  narahat  idi. 
Məhəmmədrzayidən  bir  xəbər  alması  üçün  bütün  iş 
yoldaşları ilə birlikdə Yasin surəsini xətm etməyi nəzərdə 
tutmuşdu.  Evə  gələndə  Yasin  surəsini  oxuyacağını  demiş 
hər  kəsə  bir-bir  mesaj  yazır,  günbatana  qədər  oxumalı 
olduqlarını  yada  salırdı.  Yasin  surəsinin  9-cu  ayəsini  çox 
oxuyardı  ki,  Məhəmmədrzayinin  özü,  ya  da  pak  cəsədi 
İŞİD-in əlinə keçməsin. Məhəmmədrzayinin bir qardaşı da 
müqəddəs  müdafiədə  itkin  düşmüşdü.  Bu  baxımdan,  bu 
itkinlik bütün əzizləri üçün həqiqətən, çox çətin idi. 
*** 
Hər il olduğu kimi, builki ramazan ayında da müntəzəm 
olaraq,  kitab  oxumağa  başlamışdıq.  Mənim  axırıncı 
semestr  imtahanlarım  ramazan  ayından  dərhal  sonra 
başlayırdı.  Birinci  imtahan  gecəsi  Həmidə  dedim: 


 
197 
“Əzizim,  bu  axşama  yemək  bişirmək  sənlikdir.  Gör  nə 
edirsən!  Sən  bişirənə  qədər  mən  bir  neçə  səhifə  dərs 
oxuyaram”. Bunu deyib, yemək bişənə qədər acqarına dərs 
oxumağa  başladım.  Bir  saat  keçdi,  iki  saat  keçdi,  ancaq 
yeməkdən  xəbər  olmadı.  Mətbəxə  keçəndə  gördüm  ki, 
kartofları  sanki  xətkeşlə  doğrayıb  qızartmağa  başlayıb. 
Ancaq  qazın  şöləsi  o  qədər  az  idi  ki,  tavanın  özü  güclə 
qızırdı. Dedim: 
-Həmid can, acından böyük bağırsağım kiçik bağırsağı 
yeməyə başlayıb. O qazın şöləsini artır. 
Sakit bir tonla dedi: 
-Əzizim, məni tələsdirmə. Gərək kartoflar yaxşı bişsin. 
-Həmid  can,  lazım  olmadı.  Bura  qədər  çəkdiyin 
ikisaatlıq  zəhmətə  görə  minnətdaram.  Get  otur,  özüm 
bişirərəm. 
İsrar etdi. 
-Ağlına belə  gətirmə.  Bu axşam  yemək mənlikdir. Sən 
get, dərslərinlə məşğul ol, yemək 15 dəqiqəyə hazırdır. 
Həmidin  on  beş  dəqiqəsi  bir  saat  oldu.  Otaqdan 
qışqırdım: 
-Yemək  nə  oldu,  aşpaz?  Acından  əldən  düşdüm, 
gözlərim heç nə görmür. 
O  qədər  etirazdan  sonra  nəhayət,  kartoflar  hazır  oldu. 
Dedi: 
-Baş aşpazın yeməyi hazırdır. Gəl, gör nə bişirmişəm?! 
Kartof  qızartması  bişirmiş,  üstünə  yumurta  vurmuşdu. 
Mətbəxə  girəndə  gördüm  ki,  artıq  süfrə  də  hazırdır.  Hər 
dəfə  süfrəni  düzəndə  adətən,  nəyisə  unudurdu.  Süfrəyə 
diqqətlə baxıb dedim: 
-Həmid, özün bilirsən ki, bu yemək nə ilə yaxşı yeyilir. 
Bəs niyə xiyar turşusu qoymamısan? 


 
198 
-Vay-vay! Gördün də, baş azpazı o qədər tələsdirdin ki, 
yadımdan çıxdı. Bu saat gətirirəm. 
Gülüb dedim: 
-Allah saxlamış, dörd saatdır yemək gözləyirəm. Yaxşı 
ki, restoran aşpazı olmamısan. Yoxsa, yeməyi gecə saat on 
ikiyə hazırlayardın. Sən otur, mən gətirərəm. 
Əlini çiynimə qoyub ayağa durmağıma imkan vermədi. 
O,  xiyarı  diqqətlə  doğrayıb  gətirənə  qədər  mən  yeməyin 
yarsını yedim. 
*** 
İmtahanlarım  bitən  kimi  şam  yeməyinə  atamgilə  dəvət 
olunduq.  Həmidin  motosikleti  çox  çirklənmişdi.  Bizim 
həyətdə  də  motosiklet  yumağa  yer  yox  idi.  Motosikleti 
atamgildə yumaq üçün bir az tez yola düşdük. Evə çatanda 
pilləkənin  ağzında  dayanıb  “ya  Allah”  deməyə  başladı. 
Bununla  ev  adamlarına  gəldiyini  xəbər  verirdi  ki,  əgər 
naməhrəm varsa, başını bağlaya bilsin. 
Motosikleti tək yumağa utanırdı. Mənə dedi: 
-Əzizim, gəl, yanımda dayan. 
Həmid  bizdə  həddən  artıq  həyalı  idi.  Atam  dayısı  olsa 
da,  ona  olduqca  hörmət  edirdi.  Motosikleti  yenicə 
yumuşduq ki, Həmidə zəng gəldi. Yenə işə çağırırdılar. İş 
o  həddə  çatmışdı  ki,  nə  zaman  işə  çağırırdılarsa,  halım 
pisləşirdi,  təhlükənin  olduğunu  kilometrlərlə  uzaqlıqdan 
hiss  edirdim.  Həmid  hazırlaşıb  getdi.  Anama  dedim:  “Bu 
dəfə Suriyaya gedəcək. Mən əminəm”. 
Bir  neçə  saat  keçdi.  Gecə  saat  on  radələrində  evə 
qayıtdı.  Çox  narahat  idi,  özünə  qapılmışdı.  Arada  atamla 
pıçıldaşırdı,  elə  danışırdılar  ki,  mən  eşitməyim.  Həmidə 
meyvə aparıb dedim: 
-Aranızda nə danışırsız elə? Suriyaya gedirsən? 
Atam gülüb dedi: 


 
199 
-Həmid can, mənim qızım düşündüyündən də ağıllıdır. 
Ondan bir şey gizlətmək mümkün deyil. 
Həmid başı ilə təsdiqləyib dedi: 
-Bəli,  düz  tapdın.  Suriyaya  gedəcəyik.  Mənim  bütün 
dostlarım  getmək  istəyirlər,  ancaq  püşkatmada  adım 
çıxmadı. 
Təəccüblə dedim: 
-Məgər Suriyaya getmək üçün püşk atırlar? 
Atam dedi: 
-Könüllü  getmək  istəyənlərin  sayı  çox  olduğundan  hər 
dəfə bir qrup aparırlar. 
Həmid  atamla  danışmışdı  ki,  getməyinə  kömək  etsin. 
Deyirdi: 
-İndi qalmaq vaxtı deyil. Əgər qalsam, bir ömür həzrət 
Zəhra (ə) yanında xəcalətli olaram. 
Gedə  bilmədiyi  üçün  o  qədər  narahat  idi  ki,  hətta 
yanına  yaxınlaşmağa  belə  cürət  etmirdim.  Bu  kimi 
vəziyyətdə  xəlvətə  çəkilib  tək  qalmaq  istəyini  anlayışla 
qarşılayırdım. 
Televizora 
baxanda 
birdən 
anamın 
mətbəxdən  qışqırıq  səsi  gəldi.  Əlinə  qaynar  yağ 
tökülmüşdü.  Yerimdən  bir  az  gec  qalxdım.  Ciddi  bir  şey 
olmamışdı.  Otağa  qayıdanda  Həmid  həddən  artıq  narahat 
idi.  Evimizə  qayıdanda  dəfələrlə  dedi:  “Axı  niyə  ananın 
köməyə  ehtiyacı  olanda  yerindən  gec  qalxdın?  Mətbəxə 
gec  getməyin  çox  pis  iş  idi.  Əgər  bir  qadının  köməyə 
ehtiyacı  varsa,  gərək  tez  qaçasan.  Üstəlik,  sənin  anan  idi. 
Gərək bir saniyə belə itirməzdin”. 
2015-ci ilin oktyabr ayında nənəm xəstələndi. Həmidlə 
birlikdə  ziyarətinə  getdik.  Halı  çox  pis  idi.  Çox  narahat 
olmuşdum.  Nənəmi  ziyarət  edəndən  sonra  bibimgilə 
getdik. Otağa girib doyunca ağladım. Həmid gəlib dedi: 


 
200 
-Əzizim, olar ağlamayasan? Sən ağlayanda anamı qəhər 
boğur. Mən sizin heç birinizin ağlamağına dözə bilmirəm. 
Əlimdə deyildi, ağlamaya bilmirdim. Həmidin Suriyaya 
getmək  məsələsi  ortaya  çıxdığı  gündən  daha  kövrək 
olmuşdum.  Həmid  halımın  dəyişdiyini  görüb  zarafata 
dedi:  “Dur,  gedək.  Deyəsən,  qan  təzyiqin  düşüb. 
Motosikletə minən kimi düzələcək”. 
Bibimi  daha  artıq  narahat  etmək  istəmədiyimdən,  tez 
çıxdıq. Həmid halımı  yaxşılaşdırmaqdan ötrü  yolda çoxlu 
qarğıdalı  aldı.  Biz  evə  çatanda  ev  sahibinin  nəvələri 
qapının ağzında dayanmışdılar. Həmid qarğıdalıdan onlara 
da  verdi.  Həmişə  əliaçıq  idi.  Onları  görəndə  əlində 
olanlardan  verirdi.  Evdə  sup  və  ya  əriştə  aşı  bişirəndə 
deyirdi ki, bir kasa ev  yiyəsinə verək, bir kasa da hazırla, 
anama  aparım.  Əlimizdə  olanın  yarısını  ev  yiyəsinin 
nəvələrinə verib yuxarı qalxanda dedi: 
-Mən əməl dəftərimdən çox qorxuram. Ola bilsin, Allah 
bu məsum uşaqların duasını eşidib, bizi bağışladı. 
Bu  hadisələrdən  bir  həftə  keçməmiş  televizordan  Hacı 
Hüseyn  Həmədaninin  Suriyada  şəhid  olduğunu  eşitdik. 
Həmid  televizorun  qabağında  ağlamağa  başladı.  General 
Həmədanini  çox  yaxşı  tanıyırdı.  Bir  neçə  dəfə  Tehranda 
keçirilən təlimlərdə görüşmüşdülər. Həsrətlə dedi: 
-Heyf o cür şəhiddən! Bizim ona ehtiyacımız var idi. 
Həmin  gün  bibim  bizi  nahara  dəvət  etmişdi.  Göyərti 
təmizləyəndə ona dedim: 
-General  Həmədani  şəhid  oldu.  Həmid  bu  xəbəri 
eşidəndə çox ağladı. 
Həmid  mənim  sözlərimi  eşidib  qaşlarını  çatdı.  Demək 
istəyirdi  ki,  bu  sözləri  anama  demə.  Mən  də  çiynimi 
çəkdim.  Anasının  narahat  olmasını  istəmirdi.  Buna  görə 
də,  otağa  keçib  bacısı  uşaqlarıyla  top  oynamağa  başladı. 


 
201 
Uşaqlardan  çox  Həmidin  səsi  gəlirdi.  Artıq  onlar  da 
deyirdilər  ki,  kaş  dayımız  bizimlə  qalaydı,  top-top 
oynayaydıq. 
*** 
Suriyaya  getmək  üçün  püşkatmada  adı  çıxanlar  tez-tez 
təlimlərdə  iştirak  edirdilər.  Həmin  günlər  dünya  Həmidə 
zindan  kimi  gəlirdi,  heç  bir  iş  görməyə  həvəsi  yox  idi. 
Bütün dostları getmiş, özü qalmışdı. 
Hərbçilərin  uçuşu  bir  neçə  dəfə  təxirə  salındı.  Həmid 
evə  gələn  kimi  dostlarının  gedib-getməməsi  barədə 
soruşurdum.  O  da  gülə-gülə  deyirdi:  “Maraqlısı  budur  ki, 
hər  gün  səhər  onlarla  sağollaşır,  sabahısı  yenə  iş  yerində 
görüşürəm. Bəziləri deyirlər ki, daha evə getməyə üzümüz 
gəlmir.  Hər  gün  səhər  bizi  göz  yaşlarıyla  yola  salırlar, 
ancaq axşam yenə evə qayıdırıq”. 
Oktyabrın səkkizində evə narahat gəldi. 
-Nəhayət,  getdilər  və  biz  qaldıq.  Onlar  gedəndə  atan 
çox  ağladı.  Hamısını  bir-bir  qucaqlayıb  halallıq  istədi. 
Sonra da Quranın altından keçirib yola saldı. 
Atam bu kimi məsələlərə qarşı çox həssas idi. Çox tez 
təsirə  düşürdü.  Bu  səhnələr  ona  müqəddəs  müdafiə 
dövrünü və şəhid yoldaşlarını xatırladırdı. Həmin günlərdə 
Üfüq 
kanalından 
hərəm 
müdafiəçilərinin 
həyat 
yoldaşlarının  çıxışları  yayımlanırdı.  Atam  Həmidə  zəng 
vurub deyirdi: “Fərzanəni bu verilişə baxmağa qoyma”. 
Bir  müddət  evimizdə  Üfüq  kanalına  baxmaq  qadağan 
olundu. O günlər hamımıza çox çətin keçdi. Həmid deyirdi 
ki,  bütün  hərbi  hissəni  qəm-kədər  bürüyüb.  Özü  də  çox 
dözümsüz  olmuşdu.  Gecə  namazlarındakı  halı  da 
dəyişmişdi.  Nə  zaman  universitetdən  gəlirdimsə,  qapı 
arxasından  dualarını  eşidir,  evə  girəndə  yaşlı  gözləri  ilə 
rastlaşırdım. Bir an belə qalmaq istəmirdi.  


 
202 
Bir az sonra Həmid Suriyaya gedən dostları ilə telefon 
əlaqəsi  qurmağa  başladı.  Dostları  zəng  vurub  oradakı 
vəziyyət barədə məlumat verirdilər. Həmid onların əhval-
ruhiyyəsini  gücləndirməyə  çalışırdı.  Telefonda  da  deyib-
gülməkdən  qalmırdılar.  Meysəm  deyirdi:  “Sən  gələnə 
qədər burda qalacam, səninlə görüşüb, sonra qayıdacam”. 
O,  gedəndə  də  Həmidi  qucaqlayıb  demişdi:  “Həmid, 
mənim  iki  oğlum  var:  biri  Əbülfəz,  digəri  Abbas.  Əgər 
Suriyadan  qayıda  bilsəm,  heç,  ancaq  şəhid  olsam,  onlara 
doğru yolu göstərərsən”. 
Həmid  evə  gələndə  deyirdi:  “Suriyaya  gedən 
dostlarımın  xanımlarına  zəng  elə,  hallarını  soruş!  De  ki, 
bir  şeyə  ehtiyacları  olsa,  mütləq  desinlər”.  Bəzən 
Həmiddən  xəbərsiz  kompüter  qarşısında  oturub,  kollektiv 
çəkdirdikləri  şəkillərə  baxırdım.  Övladlarını  qoyub 
Suriyaya  gedənləri  görəndə  ürəyim  yanırdı.  Göz  yaşları 
içində  dua  edir,  Allaha  belə  deyirdim:  “İlahi!  Səni  and 
verirəm  Əhli-beytin  haqqına!  Həmidin  övladı  olan 
dostlarını  sağ-salamat  evlərinə  qaytar!”  O  günlərdə  heç 
ağlımdan  belə  keçməzdi  ki,  bir  neçə  həftədən  sonra  bu 
şəkillərə  yenə  baxacam,  Həmidin  yoxluğu  üçün  gecə-
gündüz ağlayacam. 


 
203 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə