Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   2   3   4   5   6   7   8   9   ...   15
Yadında-qalsın-nahayi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hərəmin payız şəhidi 
Kərbəla səfəri: 2010-cu ilin payızı 
Nişan günü: 2012-ci ilin payızı 
Toy günü: 2013-cü ilin payızı 
Şəhadəti: 2015-ci ilin payızı 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
Birinci fəsil 
Bir təbəssüm, bir qəmzə, bir 
xəyal  
2012-ci  ilin  soyuq  qışı  idi,  novruz  bayramına  bir  neçə 
gün  qalırdı.  Günəş  bəzən  saçır,  bəzən  də  buludlar 
arxasında  gizlənirdi.  Qar  və  yağışdan  xəbər-ətər  yox  idi. 
Sanki  günəşlə  buludlar  gizlənqaç  oynayırdılar.  Qəzvinin 
kəsici  qış  soyuğu  yavaş-yavaş  yerini  bahar  havasına 
verirdi. Uzun  gecələrdə  adam daha  çox  yatmaq,  axşamlar 
böyüklərin  yanında  əyləşib,  uşaqlıq  xatirələrini  bir-bir 
yada salmaq istəyirdi. 
İnsanın bir şeyə başdan-ayağa diqqətlə qulaq asması nə 
qədər  də  şirindir!  O  xatirələri  ilk  dəfə  eşidəndə  adamın 
dərisinin  altından  ürəkoxşayan  hisslərin  qaçışmasını 
yenidən yaşamaq necə də gözəl təəssüratdır! Anam mənim 


 

barəmdə  bunları  deyirdi:  “Sən  dünyaya  gəlməzdən  öncə 
hamımız  elə  bilirdik  ki,  oğlan  olacaqsan.  Ona  görə  də, 
bütün  paltar  və  oyuncaqlarını  oğlansayağı  alırdıq. 
Dünyaya gəldikdən sonra isə adını Fərzanə qoyduq. Çünki 
sənin  gələcəkdə  dərsoxuyan  və  ağıllı  bir  qız  olacağını 
düşünürdük”.  Elə  də  oldu.  Böyüdüm,  bütün  fikri-zikri 
dövlət imtahanında olan  son dərəcə intizamlı, dərsoxuyan 
və sakit bir qız oldum. 
Ərəb  dili  dərsi  mənimçün  bütün  dərslərdən  çətin  idi. 
Üçüncü  və  dördüncü  cavablar  arasında  qalmışdım.  Bir 
gözümlə saata, o biri  gözümlə suala baxırdım. Vaxt təyin 
edərək test üsullu sualları cavablamağa adət etmişdim. Elə 
bu  səbəbdən  də  həyəcanlı  idim,  durmadan  tərləyirdim. 
Bütün qohum-əqrəba bu il universitetə qəbul imtahanımın 
olduğunu bilirdi. Bir neçə aydan artıq vaxtım yox idi. Var 
gücümlə  kitablardan  yapışmışdım,  öz  aləmimə  qapanıb 
tarixi itirmişdim, yalnız imtahan günü barədə düşünürdüm. 
Diqqətimin  yarısı  qonaq  otağında,  yarısı  da  testlərdə 
idi.  Aminə  bibimlə  həyat  yoldaşı  bizə  gəlmişdilər. 
Axırıncı  testi  həll  etdikdən  sonra  hesablamağa  başladım. 
Yetmiş  faizi  düzgün  idi.  Diqqətim  daha  çox  otaqdan 
bayıra  yönəlsə  də,  fikrimcə,  sualları  yaxşı  həll  etmişdim. 
Elə bu barədə düşünürdüm ki, birdən bacım Fatimə qapını 
döymədən  özünü  otağa  atdı  və  həyəcanla  dedi:  “Fərzanə! 
Təzə xəbər var!” 
Bir  anlığa  təəccüblə  ona  baxdım,  yarımçıq  sözlərindən 
nə baş verdiyini anlamağa çalışdım. 
-Nə olub Fatimə? 
Şıltaqlıq yağan baxışlarını gözümə zillədi: 
-Bu  qədər  mühüm  bir  xəbəri  adi  şəkildə  demək  olmur 
axı. 


 

Xəbəri gözləməyə dözə bilməyəcəyimi düşünüb özümü 
laqeyd  göstərməyə  çalışdım.  Kitabı  vərəqləyə-vərəqləyə 
dedim: 
-Heç  demə,  dərs  oxumaq  istəyirəm.  Bayıra  çıxanda 
qapını örtərsən. 
-Bu nə deməkdir axı, ancaq dərs, imtahan... Dur ayağa, 
otaqdan çıx, gör nə baş  verir bayırda.  Bibim Həmid üçün 
sənə elçi gəlib. 
Bunu  heç  gözləmirdim.  Özü  də  elə  bir  gündə  ki,  hamı 
bir  neçə  ay  sonra  imtahan  verəcəyimi  və  bunun  mənə  nə 
qədər  əhəmiyyətli  olduğunu  yaxşı  bilirdi.  Maraqlı  idi  ki, 
Həmidin özü yox idi, yalnız ata-anası gəlmişdi. 
Yerimdə  donub  qalmışdım.  Nə  edəcəyimi  bilmirdim. 
Hələ  xəbərin  təsirindən  çıxmamış  birdən  atam  içəri  girdi 
və müqəddiməsiz-zadsız soruşdu: 
-Fərzanə can, sənin ailə qurmaq fikrin var? 
Utandığımdan başımı aşağı saldım. 
-Xeyr, bunu kim dedi?! Ata can, mənim imtahanım var 
və ümumiyyətlə, ərə getmək barədə düşünmürəm. Özünüz 
ki, bunu yaxşı bilirsiz. 
Atam gedəndən sonra anam gəldi. 
-Qızım,  Aminə  bacı  bizdən  xəbər  gözləyir.  Bu 
məsələnin  illər  öncə  ortaya  atıldığını  özün  də  yaxşı 
bilirsən. Fikrin nədir? Onlara nə deyim? 
-Bibimə  bir  yolla  bildirin  ki,  mən  təhsilimi  davam 
etdirmək istəyirəm. 
Bibim atamdan on bir yaş böyük idi. Anamgilin ata evi 
onların 
məhəlləsində 
yerləşirdi. 
Atamla-anamın 
evlənməsində bibim vasitəçi olmuşdu. Buna görə də, anam 
bibimi  “bacı”  çağırardı.  Aralarında  olan  səmimiyyət 
baldız-gəlin  münasibəti  kimi  deyildi,  daha  çox  dost  kimi 
davranır, bir-birinə çox hörmət edirdilər. 


 
10 
Mənim  ailə  qurmaq  məsələm  ilk  dəfə  2008-ci  ildə 
ortaya  atıldı.  O  zaman  yeddinci  sinifdə  oxuyurdum. 
Həmidin  böyük  qardaşı  Həsən  evləndikdən  sonra  bibim 
anama  demişdi:  “Gəlin,  vədini  unutma.  Bunlar  uşaq 
olanda özün demişdin ki, Həmid mənim yeznəm olmalıdır. 
Münirə xanım, biz Fərzanəni istəyirik!” 
O söhbətin üstündən 4 il keçirdi. Bu dəfə Həmidin əkiz 
qardaşı  Səidin  nişanlanması  bibimin  məsələni  yenidən 
gündəmə gətirməsinə səbəb olmuşdu. 
Həmidgil altı bacı-qardaş idilər, onunla mənim aramda 
dörd yaş fərqi vardı. 2009-cu ilin fevral ayının 11-də Səid 
Məhbubə ilə nişanlandı, üstündən iyirmi beş gün keçəndən 
sonra  isə  bibim  məni  istəməyə  gəlmişdi.  Həmidin  atası 
deyirdi:  ”Səid  nişanlandı,  bircə  Həmid  qaldı.  Biz  götür-
qoy  edib  qərara  gəlmişik  ki,  Həmid  üçün  də  addım 
atmağın  vaxtı  çatıb.  Bu  xeyir  iş  üçün  də  sizin  qapınızdan 
yaxşısını tanımırıq”. 
Bibim  əmilərimdən  və  onların  yoldaşlarından  bu  işdə 
vasitəçi  olmalarını  istəsə  də,  heç  biri  cürət  etməmişdi. 
Atam qızlarına qarşı çox həssas idi. Bütün qohum-əqrəba, 
“Fərzanə  indi  dərsləri  ilə  məşğuldur.  İcazə  verin, 
universitet  məsələsi  həll  olsun,  sonra  istəyərsiz”  -
demişdilər. 
Verdiyim  “yox”  cavabından  sonra  nələrin  baş 
verəcəyini  bilmirdim.  Mən  bu  fikirdə  ikən  birdən  bibim 
içəri girdi. Gözucu narahat çöhrəsinə baxdım, sual dolu iti 
baxışlarından qaça bilmədim. Ciddi tərzdə dedi: 
-Bura  bax,  Fərzanə,  sən  mənim  qardaşım  qızısan,  bir 
söz deyim, yadında saxla. Nə sən Həmiddən, nə də Həmid 
səndən  yaxşısını  tapa  bilər.  İndi  gedirik,  amma  tezliklə 
yenidən qayıdacağıq. Biz səndən əl çəkən deyilik! 


 
11 
Bibimin  belə  narahat  olduğunu  gördükdə  yaxınlaşıb 
onu  qucaqladım.  Bir  tərəfdən,  xəcalətdən  rahat  danışa 
bilmirdim,  digər  tərəfdən  də  iki  ailə  arasında  söz-söhbətə 
səbəb  olmaq  istəmirdim.  Əsla  problem  yaranmasını 
istəmirdim. Dedim: 
-Bibi  can,  qurban  olum,  bir  şey  olmayıb.  Axı  niyə  bu 
qədər tələsirsiz? Bir az möhlət verin, imtahanlarım bitsin. 
Gələn  dəfə  gələndə  Həmidin  özü  də  gəlsin.  Birlikdə 
söhbət  edək,  sonra  rahat  şəkildə  qərarımızı  verərik.  Bu 
həngamədə,  dərsin,  imtahanın  ortasında  bir  şey  etmək 
olmaz axı. 
Özüm də nə dediyimi bilmirdim. Bu sözlərimlə bibimi 
birtəhər  razı  salmaq  istəyirdim.  Başqa  çarəm  yox  idi. 
Onun  bizdən  narahat  halda  getməsini  istəmirdim.  Ancaq 
deyəsən,  bunun  da  heç  bir  faydası  olmamışdı.  Bibim 
evlərinə  çatan  kimi  bütün  olan-bitənləri  gileyli  halda 
Firuzə  nənəmə  danışmış,  narahat  halda  demişdi:  “Gördün 
nə  oldu,  ana?!  Qardaşım  qızını  bizə  vermədi,  bizi  əliboş 
qaytardı.  Mən  neçə  illərdir  Fərzanəni  Həmidçün 
gözləyirəm,  indi  də  yox  deyirlər.  Onlar  mənim  qəlbimi 
qırdılar”. 
Firuzə  xanım  ikimizin  də  doğma  nənəsi  idi.  O, 
mehriban,  hamının  başına  and  içdiyi  sevimli  nənələrdən 
idi.  Ağ  saçına  həmişə  həna  qoyardı.  Nə  zaman  başına 
yığışsaydıq,  xatirə  boğçasını  açıb,  bizə  əhvalatlar 
danışardı. Deyirdilər ki, mən həm zahiri görünüşümə, həm 
də  bəzi  xasiyyətlərimə  görə  nənəmə  oxşayıram.  Yazıq 
nənəm  həyatda  çox  çətinliklər  görüb.  Otuz  yaşı  olanda 
babamı  ildırım  vurub  öldürmüş,  dörd  körpəsilə  tək 
qalmışdı.  O,  atamı,  Aminə  bibimi,  Məhəmməd  və  Nağı 
əmimi  çətinlik  içində,  min  cür  əziyyətlərə  qatlaşaraq 


 
12 
böyütmüşdü.  Buna  görə  də,  bütün  qohum-əqrəba  ona 
xüsusi hörmət bəsləyirdi. 
*** 
Nənəm  novruz  bayramından  bir  neçə  gün  sonra  bizə 
gəldi. Adətən, nə zaman bizim üçün darıxsaydı, gəlib iki-
üç  gün  qalardı.  Gəldiyi  andan  hər  bir  fürsətdə  Həmiddən 
danışırdı.  Bir  gün  qonaq  otağında  televizorun  qarşısında 
oturmuşduq. Birdən mənə dedi: 
-Fərzanə!  Sən  “yox”  cavabını  deyən  gün  Həmidi 
gördüm.  Bunu  eşidəndə  rəngi  dəyişdi.  Bilirsən  səni  nə 
qədər sevir?! 
Zarafata başladım. 
-Nənə,  inanma!  Bugünkü  cavanlar  səhər  aşiq  olur, 
axşam yaddan çıxarır. 
-Qızım,  mən  saçımı  dəyirmanda  ağartmamışam.  Mən 
Həmidin  səni  necə  sevdiyini  yaxşı  bilirəm.  Sənin  adın 
çəkiləndə  yanaqları  qızarır.  Səid  nişanlanandan  sonra 
Həmid  tək  qaldı.  Sən  gəl,  bu  daşları  tök  ətəyindən,  “hə” 
cavabını ver, qurtarsın getsin. Həmid yaxşı oğlandır. 
Əmimgildə  bu  söhbətlər  əvvəldən  vardı.  Əmimin  iki 
əkiz oğlunun evlilik məsələsi ortaya çıxanda hamı deyirdi: 
“Səidə  yaxşı bir qız tapmalıyıq. Həmidə  gəlincə, onun işi 
məlumdur. Həmid polkovnikin qızını istəyir”. 
Söhbəti dəyişmək üçün dedim: 
-Yaxşı, nənə, sən deyən olsun! Gəl özümüzdən danışaq. 
Mənə maraqlı bir əhvalat danış, keçən günlər üçün yaman 
darıxmışam.  Yadındadır,  bir  yerə  yığışardıq,  sən  də  bizə 
maraqlı və şirin hekayələr danışardın. 
Nənə  əl  çəkmək  istəmirdi.  Düzü,  elçilərə  “yox” 
cavabımdan  sonra  bu  barədə  danışan  təkcə  nənəm  idi. 
Hansı 
yolla 
olursa-olsun, 
nəvələrinin 
bir-birinə 


 
13 
qovuşmasını  istəyirdi.  Elə  bir  gün  olmurdu  ki,  mənim 
yanımda Həmiddən danışmasın. 
Həyətdə  oturub  kitab  oxuduğum  yerdə  nənəm  məni 
çağırdı,  balkondan  Həmidin  şəklini  göstərib  dedi: 
“Fərzanə!  Görürsən,  Həmid  necə  boy-buxunlu  bir  oğlan 
olub?!  Gözlərinin  rənginə  bax,  gör  necə  də  gözəldir! 
Məncə, bir-birinizə çox yaraşırsız. Sizin toyunuzu görmək 
mənim yeganə arzumdur”. 
Nəvələrinin  şəklini  pulqabına  qoyurdu.  Həmid  o  şəkli 
Kərbəlaya getməzdən öncə pasport üçün çəkdirmişdi. 
Utandığımdan  qızardım,  sonra  yenə  zarafata  salıb 
dedim: 
-Düzdür,  nənə,  çox  yaraşıqlıdır.  Gərək  adını  Həmid 
yerinə Yuzarsif qoyardılar. Nənə, şəkli qoy cibinə, diqqətli 
ol, birdən oğurlayarlar. 
Zarafat 
edib 
gülürdük, 
ancaq 
nənəmin 
əl 
çəkməyəcəyinə  əmin  idim.  O  bizi  qovuşdurmayana  qədər 
rahat durmayacaqdı. 
Nənə balkondan getməmiş atam əlində bir stəkan çayla 
həyətə çıxdı. Nənə dedi: “Sənin qızına gücüm çatmır, özün 
onunla danış, gör razı sala bilirsən?” 
Atamla  anam  Həmidi  öz  yeznələri  kimi  görmək 
istəsələr  də,  bu  barədə  qərar  verməyi  öz  öhdəmə 
buraxmışdılar. Atam stəkanı yerə qoyub dedi: 
-Fərzanə,  qızım,  mən  səni  böyüdüb  boya-başa 
çatdırmışam, xasiyyətinə bələdəm, hər insanla eyni həyatı 
bölüşə  bilməyəcəyini  yaxşı  başa  düşürəm.  Həmidi  də 
əlimin  içi  kimi  tanıyıram;  həm  bacım  oğlu,  həm  də  iş 
yoldaşımdır.  Neçə  illərdir  eyni  idman  salonunda 
müəllimlik  edirik.  Mənim  fikrimcə,  siz  ikiniz  bir-biriniz 
üçün  yaradılmısız.  Axı  nə  üçün  işi  bu  qədər  çətinə 
salırsan?! 


 
14 
Atamı qane etməyə çalışaraq dedim: 
-Mənim  problemim  Həmid  deyil,  ümumiyyətlə,  ailə 
qurmağa hazır deyiləm. Nə Həmidlə, nə də başqa biri ilə. 
Hələlik  müştərək  həyata  başlamaq  haqda  düşünmürəm. 
Mənim kimi iyirmi birinci əsrə aid bir qız üçün hələ tezdir. 
İcazə  verin,  imtahanların  nəticəsi  məlum  olsun.  Daha 
sonra uyğun bir vaxtda oturub söhbət edərik. 
Bu  hadisələrdən  bir  neçə  ay  sonra  Nağı  əmim  həcc 
ziyarətindən  qayıtdı,  bütün  qohum-əqrəbanı  evinə  dəvət 
etdi.  Pilləkənlərdən  yuxarı  çıxanda  təsəvvüredilməz  bir 
iztirab  içindəydim.  Verdiyim  cavaba  görə  əmimin,  eləcə 
də  əmim  qızlarının  mənimlə  acıqlı  danışacaqlarını 
düşünürdüm.  Ancaq  heç  də  belə  olmadı.  Həmişə  olduğu 
kimi,  mənimlə  çox  mehriban  davrandılar.  Sanki  nə  bu 
barədə söhbət olub, nə də mən “yox” cavabı vermişəm. 
Nəhayət,  imtahanların  stress  dolu  çətin  günləri  sona 
çatdı.  2012-ci  ilin  iyul  ayında  imtahan  verdim.  Bir  il 
durmadan  dərs  oxuduqdan  sonra  universitetə  qəbul 
olduğumu  bilmək  mənə  ən  sevindirici  xəbər  oldu. 
Beləliklə, Qəzvin Tibb Universitetinə qəbul olub dərin bir 
nəfəs  aldım.  Sevindiyimdən  yerə-göyə  sığmırdım.  Artıq 
birillik  zəhmətim  bəhrəsini  vermişdi.  Valideynlərim  də 
çox  sevinirdilər.  Onların  etimadını  doğrultduğuma  görə 
özümü çox yaxşı hiss edirdim. 
Universitetə  qəbul  olmağımın  şirinliyini  doğru-düzgün 
dadmamış  birbaşa  və  dolayı  elçiliklər  başlandı.  Mən 
bunların heç biri haqda düşünmək belə istəmirdim. Anam 
mat-məəttəl  qalmışdı,  elə  hey  soruşurdu:  “Axı  niyə  heç 
birini  qəbul  etmirsən?  Axı  nəyə  görə  bütün  elçiləri  geri 
qaytarırsan?” 
Doğrusu,  bu  qərarsızlıqdan  özüm  də  əziyyət  çəkirdim. 
Nə edəcəyimi bilmirdim. 


 
15 
İmtahanın nəticələri elan olunduqdan sonra əlimə fürsət 
düşmüşdü ki, otağı səliqə-sahmana salım. Dərs kitablarımı 
bir tərəfə düzüb, kitabxanama əl gəzdirdim. Birdən gözüm 
“Bədirlənmiş 
ay” 
kitabına 
sataşdı. 
Kitab 
Şəhid 
Məhəmməd  İbrahim  Himmət  barədə,  həyat  yoldaşının 
nəql etdiyi xatirələrə əsasən yazılmışdı. Bu mövzuda olan 
kitablar  mənə  həmişə  maraqlı  idi.  Bu  xatirələr  Xeybər 
igidi  ilə  həyat  yoldaşı  arasında  əbədiyyətə  qədər  qalacaq 
eşqi  tərənnüm  edirdi.  Kitabı  yenidən  oxumağa  başladım. 
Xatirələrdən biri bu idi  ki, şəhidin həyat  yoldaşı qırx gün 
oruc  tutacağını,  Əhli-beytə  təvəssül  edəcəyini  niyyət  edir 
və  bundan  sonra  ilk  elçilərə  “hə”  cavabı  vermək  qərarına 
gəlir. 
Bu  xatirə  bir  neçə  həftə  ərzində  keçirdiyim  qərarsızlıq 
dərdimə  məlhəm  oldu.  Öz-özlüyümdə  mən  də  Şəhid 
Himmətin  yoldaşı  kimi  qərar  çıxarmaq  fikrinə  düşdüm. 
Hesablayıb gördüm ki, yayın belə dözülməz istisində qırx 
gün  oruc  tutmaq  həddən  artıq  çoxdur.  Düşündüm  ki, 
şəhidin  yoldaşı  yəqin  qış  aylarında  belə  qərara  gəlibmiş. 
Sonda oruc tutmaq əvəzinə, “bu vəziyyətdən qurtulmağım, 
mənim  üçün  xeyirli  olanın  həyata  keçməsi  və  Allahın 
istədiyinin  mənə  nəsib  olması”  niyyəti  ilə  qırx  gün 
Təvəssül  duası  oxumağı  nəzir  etdim.  Elə  o  gündən 
nəzrimə başladım. Heç kimin mənim əhdimdən xəbəri yox 
idi,  hətta  anamın  belə.  Hər  gün  axşam  namazlarından 
sonra  Təvəssül  duasını  oxuyur,  pak  imamlarımızın  mənə 
yardımçı olacaqlarına ümid edirdim. 
2012-ci  ilin  avqust  ayının  26-sı  idi.  Yayın  ən  isti 
çağlarını,  amma  ömrümün  bəlkə  də  ən  şirin  günlərini 
yaşayırdım.  Saat  4  idi,  yavaş-yavaş  sərin  külək  əsməyə 
başlayırdı.  Pəncərədən  bayıra  baxsaydın,  həyətdə  olan 


 
16 
bütün  güllərin,  çiçəklərin  istirahət  etmək  üçün  kölgə 
axtardıqlarını zənn edərdin. 
Bir  il  dərs  oxumağın  yorğunluğu  hələ  də  canımdan 
çıxmamasına baxmayaraq, bəzən gözlərimi yumub avqust 
ayından  sentyabra  getmək  istəyirdim.  Payız  fəslini, 
universitetdə  dərs  oxuyacağım  anları  düşünürdüm.  Ancaq 
yenidən  gözlərimi  açanda  özümü  həyətimizin  ortasında 
bitən ağacların, güllərin əhatəsində görürdüm. 
Mənim güllərə olan sevgim uşaqlıq çağlarıma, xüsusən 
də  atamın  ezamiyyətdə  olduğu  vaxtlara  qayıdır.  O 
zamanlar  tənhalıqdan  əziyyət  çəkməyim  deyə,  vaxtımı 
güllərlə, bağ-bağçayla keçirərdim. 
Qardaşım  Əlinin  “bacı,  səbəti  ver”  səsi  məni  daldığım 
xəyallardan  oyatdı.  Köməkləşib  ağacdan  bir  səbət  dolusu 
əncir  yığdıq.  Əncirlərdən  bir  neçəsini  yuduqdan  sonra 
boşqaba  qoyub  atama  apardım.  Atam  bir  neçə  günlük 
məzuniyyət  almışdı.  İdman  məşqlərində  ayağı  çıxmışdı. 
Çəliklə  gəzdiyinə  görə  işə  də  gedə  bilmirdi.  Nənə  də  bir 
neçə gün idi bizə gəlmişdi. 
Əncir  yediyimiz  yerdə  qapının  zəngi  çalındı.  Anam 
qonaqları  görcək  çadrasını  götürüb  dedi:  “Aminə  bacı 
oğullarıyla qonaq gəlib”. 
Cəld  otağıma  getdim.  Əvvəllər  bizə  gələnlər  bilirdilər 
ki, universitetə hazırlaşdığım üçün otaqdan çıxmıram, indi 
isə buna heç bir bəhanəm yox idi. 
Qonur  rəngli  geniş  və  uzun  mantomu  geyindim,  güllü 
yaylığımı  livanlırara  xas  şəkildə  bağlayıb,  mətbəxə 
keçdim.  Qonaqların  səsindən  gələnlərin  bibim,  Həmid, 
Həsən  və  onun  həyat  yoldaşının  olduğunu  anladım. 
Bibimin  yoldaşı  gəlməmişdi,  bağına  baş  çəkmək  üçün 
Sünbülabad kəndinə getmişdi. 


 
17 
Belə bir şəraitdə Həmidlə üz-üzə gəlmək mənə olduqca 
çətin  idi.  Çayı  süzəndən  sonra  Fatiməni  çağırıb  dedim: 
“Zəhmət olmasa, çayı sən apar, mən utanıram”. 
O,  çay  sinisini  götürdü,  mən  də  onun  arxasınca 
qonaqların  yanına  getdim.  Salamlaşandan  sonra  Həsənin 
yoldaşının  yanında  oturdum.  Başımı  qaldıranda  bibimin 
diqqətli  baxışları  və  anamın  gülüşüylə  qarşılaşdım.  Bir 
qədər oturduqdan sonra öz otağıma keçdim. 
Qonaqların səsini az da olsa eşidirdim. Bir neçə dəqiqə 
keçməmiş Fatimə otağa girdi. Bilirdim ki, onun belə asta-
asta  gəlməsi  səbəbsiz  deyil.  Məni  görən  kimi  gülməyə 
başladı.  Gülüş  səsi  bayıra  çıxmasın  deyə,  əliylə  ağzını 
tutmuşdu.  Gözlərimi  zilləyib  təəccüblə  ona  baxırdım. 
Mənim ciddi baxışlarımı görən kimi dayanıb dedi: 
-Görünür, bu dəfə məsələ daha da ciddiləşib. Deyəsən, 
gəlin köçürsən. 
Qaşlarımı düyünlədim. 
-Anlamadım. Doğru-düzgün danış, görüm, nə baş verib. 
Axı mən bir şey eşitmədim. 
-Özüm  gördüm,  bibim  anama  gözləriylə  nə  isə  işarə 
elədi və yavaşca pıçıldaşdılar. 
-Nə olsun?! 
-Bilmirəm.  Ancaq  sözlərindən  belə  başa  düşdüm  ki, 
Həmid otağa gəlib səninlə danışmaq istəyir. 
Doğrusu,  bu  haqda  nələrsə  düşündüyümə  baxmayaraq, 
görüşüb danışmağa hazır deyildim. Özü də neçə aydır dərs 
və universitet bəhanəsiylə “yox” cavabı verdiyim üçün nə 
danışacağımı bilmirdim.  
Deyəsən,  bibim  işarə  ilə  anamı  mətbəxə  çağırıb 
demişdi:  “Biz  qardaşımı  görməyə  gəlmişik.  Həmid  də 
burdadır, Fərzanə də. İndi ən yaxşı fürsətdir, oturub söhbət 
etsinlər.  Nə  olsa,  aramızda  qalacaq,  heç  kim  də  bir  şey 


 
18 
soruşmayacaq.  Əgər  elçilik  adıyla  gəlsəydik,  yaxşı 
çıxmazdı.  Çünki  əvvəla,  Fərzanə  razı  deyil,  ikincisi  də 
birdən  alınmasa,  söz-söhbət  olmasın.  Camaatın  ağzını 
yummaq olmur. Qohum-qonşu min cür söz çıxararlar”. 
Həmidlə  söhbət  edəcəyimi  eşitdikdə  məni  ağlamaq 
tutdu.  Bacım  vəziyyətimi  görəndə  məndən  də  çox 
həyəcanlanıb  dedi:  “Zarafat  edirəm,  sən  Allah,  ağlama. 
Narahatlığa  dəyməz.  Hələ  heç  nə  olmayıb”.  O,  halımı 
görüb otaqdan çıxdı. 
Ürəyim  çırpınırdı.  Öz  əlimdə  deyildi.  Rahat  nəfəs 
almaq üçün  yaylığımı açdım. Bir qədər sonra anam otağa 
girdi. Onun da həyəcanı üz-gözündən sezilirdi. Dedi: 
-Qızım,  icazə  verirsən,  Həmid  gəlsin,  oturub  söhbət 
edəsiz?  Danışmağın  zərəri  yoxdur,  əksinə,  bir-birinizi 
daha yaxşı tanıyarsız. Yenə də son söz sənindir, nə desən, 
o olacaq. 
Gözlərimdən yaş süzülürdü. Özümü toparladım. 
-Yox!  Qətiyyən!  Mənim  ərə  getmək  fikrim  yoxdur. 
Universitetə yeni daxil olmuşam. Dərs oxumaq istəyirəm. 
Anam  bayıra  çıxan  kimi  atam  əlində  çəlik  otağa  girib 
dedi: 
-Mən  sizin  danışmanız  barədə  fikir  bildirmirəm.  Necə 
istəyirsənsə,  elə  də  olsun.  De  görüm,  Həmidlə  söhbət 
etmək istəyirsən, ya yox? 
Yerimdə donub qaldım. 
-Xeyr,  mənim  hələ  ailə  qurmaq  fikrim  yoxdur  və  heç 
kimlə  danışmaq  istəmirəm;  istər  Həmid  olsun,  istərsə  də 
başqası. 
Nənənin  otağa  girməsiylə  hər  şey  dəyişdi.  Onu  əliboş 
qaytarmaq olmazdı. Dedi: 
-Sən bizim sözümüzə qulaq asmaq istəmirsən?! Tərslik 
eləmə,  Həmidlə  danış.  Xoşuna  gəlməsə,  “yox”  deyərsən. 


 
19 
Heç  kim  mənim  sözümdən  çıxmamalıdır!  Daha  mövzu 
açılıb.  Bir-iki  dəqiqə  söhbət  edin  ki,  bu  məsələ  birdəfəlik 
həll olunsun. 
Tayfamızda  nənənin  sözü  son  söz  idi.  Hamı  onunla 
hesablaşırdı.  Artıq  iş-işdən  keçmişdi.  Məcburiyyət 
qarşısında qalıb qəbul etdim və beləliklə, biz ilk dəfə bir-
birimizlə danışmaq qərarına gəldik. 
Qapının  arxasından  Həmidin  səsini  eşitdim.  Yavaşca 
bibimə  dedi:  “Axı  niyə  belə  oldu?  Biz  nə  gül  aldıq,  nə 
şiriniyyat”.  Bibim  dedi:  “Sizin  işinizə  lap  məəttəl 
qalmışam, gəlini güc-bəla ilə razı salmışıq, indi də bəy naz 
edir”. 
Təsəvvürümdə  elçilik  səhnələri,  gözəl  gül  dəstəsi 
canlanmışdı.  Ancaq  düşündüklərimdən  əsər-əlamət  yox 
idi, hər şey öz sadəliyi ilə həyata keçirdi. Sadəliyin özü də 
bir gözəllikdir.  
*** 
Mənə  elçi  düşən  Həmid  həmin  bibioğlum  idi  ki,  əkiz 
qardaşı  Səidlə  həmişə  eyni  geyinib  gəzərdi.  Xatırladığım 
qədərincə,  onları  adətən,  göy  şalvar  və  uzun  köynəkdə 
görürdüm. O, saçını dibindən qırxdırardı.  Bir sözlə, keçəl 
və  həddən  artıq  dəcəl,  ancaq  olduqca  mehriban  uşaq  idi. 
Uşaqlıqdan  mənə  çox  fikir  verər,  məni  oğlanlarla 
oynamağa  qoymazdı.  Dava-dalaşda  həmişə  mənim 
tərəfimi 
saxlayardı. 
Məscidin 
mükəbbiri 
-camaat 
namazında təkbir deyəni idi. Tez-tez atasıyla məhəllədəki 
Bəsic
1
  mərkəzinə  gedərdi.  Həmid  barədə  bildiklərim 
bunlardan ibarət idi. 
Həyətə  baxan  pəncərə  ilə  üzbəüz  oturdum.  Həmid  də 
qapının 
yanında 
divara 
söykəndi. 
Hələ 
söhbətə 
                                                 
1
 İslam inqilabına dəstək və vətəni müdafiə məqsədilə yaradılmış 
könüllülər təşkilatı. 


 
20 
başlamamış  anam  qapını  örtmək  istədi.  Qapını  möhkəm 
tutub  dedim:  “Bizim  gizli  sözümüz  yoxdur.  Otaqda  iki 
naməhrəm olanda qapını örtməzlər!” 
Həmidi  başdan-ayağa  nəzərdən  keçirdim.  Boz  şalvar 
geyinmiş,  boz  rəngli  sadə  köynəyini  şalvarının  üstünə 
salmışdı.  Sonradan  bildim  ki,  həmin  vaxt  ezamiyyətdən 
yenicə  qayıdıbmış.  Saç-saqqalı  uzandığına  görə  üzünü  də 
yaxşı  görə  bilmirdim.  Ancaq  aydın  sezilən  gözlərindən 
nəzakət və mərhəmət yağırdı. 
Hansımızın  söhbətə  başlayacağını  bilmirdik.  Meyvə 
boşqabının  yanına  qoyulmuş  duzqabı  Həmidin  dadına 
çatdı;  bir  əlindən  o  birinə  ötürərək  oynamağa  başladı. 
Mənimsə  başım  aşağıdaydı,  gözümü  yerdəki  altımetrlik 
narıncı  xalçanın  düyünlərinə  dikmişdim.  Sanki  beynimə 
qan  çatmırdı.  Bir  neçə  dəqiqəlik  cansıxıcı  sükutdan  sonra 
Həmid  ilk  sualını  verdi:  “Sizin  ailə  qurmaqda  əsas 
meyarınız nədir?” 
Mən  bu  sual  üzərində  xeyli  düşünmüşdüm.  Ancaq  o 
anda həqiqətən də  yerimdə donub qaldım. Ağlıma heç bir 
şey gəlmirdi. Dedim: 
-Doğrusu,  mən  gələcək  həyat  yoldaşımın  dindar 
olmasını  və  bu  kimi  məsələlərə  diqqətli  yanaşmasını 
istəyirəm.  Yeməyə  çörəyimizin  olmamasını  xümsümüzü, 
zəkatımızı verməməkdən üstün tuturam.  
-Çox  yaxşı!  Mən  də  bunlara  riayət  etməyi  sevirəm  – 
deyib  əlavə  etdi:  “Sizin  mənim  peşəmdən  narazılığınız 
var? 
Mən 
hərbçiyəm, 
mümkündür 
bəzi 
günlər 
ezamiyyətdə  olum.  Gecələr  növbətçi  zabit  kimi  hərbi 
hissədə qalıram. Bəzi gecələr tək qala bilərsiz”. 
-İşinizdən  narazılığım  yoxdur.  Özüm  də  hərbçi 
qızıyam,  bu  kimi  şəxslərin  həyat  tərzinə  yaxşı  bələdəm. 
Əksinə, mən sizin peşənizi həddən artıq sevirəm. 


 
21 
-Yəqin  ki,  aldığımız  maaşdan  da  xəbəriz  var.  Düzü, 
mən  sonradan  bu  məsələ  ilə  bağlı  problem  yaşamaq 
istəmirəm. Bu maaşla bir şey etmək olmaz.  
-Mənim  üçün  belə  şeylərin  əhəmiyyəti  yoxdur.  Biz 
özümüz  də  bu  məvaciblə  böyümüşük.  Düşünürəm  ki,  az 
gəlirlə də normal həyat qurmaq mümkündür. 
Burada  Şəhid  Himmətdən  bir  xatirə  yadıma  düşdü. 
Dedim:  “Mən  hətta  suvaqlı  evdə  belə  yaşamağa  hazıram. 
Divarlara  mələfə  assaq  da,  mənəviyyatlı  və  gözəl  bir 
həyatımın olmasını istəyirəm”. 
Həmid  gülərək  dedi:  “Hər  halda,  maaşımın  nə  qədər 
olduğunu  bildirəcəm  və  siz  yenə  də  bu  barədə  fikirləşin. 
Ayda  650  min  tümən  alıram.  Məncə,  bu  məbləğlə 
dolanmaq mümkündür”. 
Mənə  mühüm  olmasa  da,  belə  rəsmi  və  ciddi 
atmosferdən qurtulmaq istəyirdim: 
-Bəs bu vaxta qədər nə qədər ehtiyat toplamısız? 
-Çox deyil. Təxminən 6 milyon tümən. 
-Siz 6 milyon tümənlə evlənmək istəyirsiz? 
Gülə-gülə  başını  aşağı  salıb  dedi:  “Allaha  təvəkkül 
etsək, hər şey düzələcək”. Sonra əlavə etdi: 
-Bəzi gecələr əzadarlığa gedirəm. Ola bilər ki, evə gec 
gəlim. 
-Eybi  yoxdur,  belə  məclislərə  gedə  bilərsiz,  ancaq 
harda olsanız, sonda evə qayıdın; hətta gecənin yarısı olsa 
belə. 
Söhbətə  başlamazdan  öncə  mövzunun  bu  qədər  ciddi 
olacağını  qətiyyən  düşünməmişdim.  Həmid  nə  deyirdisə, 
mən  təsdiq  edirdim,  mən  nə  deyirdimsə,  Həmid  təsdiq 
edirdi.  Öz-özümə  dedim:  “Belə  olmaz  axı.  Gərək  bir  irad 
tutum, başını aşağı salıb getsin. Belə davam etsə, deyəsən, 
gəlinlik donu axtarmalı olacam”. 


 
22 
Fikirləşdim  ki,  onun  geyim  tərzinə  irad  tutum.  Ancaq 
deməyə  bir  söz  tapmadım.  Xırdalığa  varmaq  istəsəm  də, 
ürəyimdə  dedim:  “Fərzanə,  axı  sənin  özünün  də  belə 
geyimdən xoşun gəlir”. Birdən gözüm onun yana daranmış 
saçına  sataşdı.  İrad  bildirmək  istəsəm  də,  bacarmadım. 
Çünki  özümü  yaxşı  tanıyırdım,  bu  sadəlikləri  bütüm 
varlığımla sevdiyimə əmin idim. 
Həmiddə  irad  tuta  biləcək  bir  şey  tapa  bilməyəndə 
özümü  qüsurlu  göstərməyə  çalışdım.  Nə  yolla  olursa-
olsun, onu gəldiyinə peşman etmək məqsədilə dedim: 
-Doğrusu,  mən  çox  tez  əsəbiləşirəm,  ümumi  rəftarım 
olduqca pisdir. Səbirsizliyim və kobud rəftarım sizi incidə 
bilər. 
Deyəsən, bu sözləri deməkdə məqsədimi anladı. 
-Siz  nə  qədər  əsəbisizsə,  mən  də  bir  o  qədər  sakit  və 
səbirliyəm.  Bu  kimi  şeylərə  görə  narahat  olacağımı 
düşünmürəm. 
-Nə vaxtsa işə və ya universitetə getsəm, yorğun olsam, 
hövsələm olmasa, yemək bişirə bilməsəm, ev dağınıq olsa, 
narahat olmayacaqsız? 
-Problem  deyil.  Qadın  gül  kimi  incə  məxluqdur, 
zərifdir.  Söz  verirəm  ki,  hər  bir  şəraitdə  sizi  dərk  etməyə 
çalışacam. 
Bir  sözlə,  hansı  qapını  döyürdümsə,  Həmid  birinci 
pillədə  qarşımı  kəsirdi.  Məncə,  o,  “bəli”  cavabını  almaq 
istəyində çox qətiyyətli idi və heç bir bəhanə onu fikrindən 
daşındıra bilməzdi. 
Özümü  tanıya  bilmirdim.  Ona  ürəkdən  heyran 
qaldığımı  hiss  edirdim.  Vüqarlı,  sakit  tərzdə  danışırdı. 
Danışdıqca  ürəkdən  dediyi  sevgili  sözlərinin  ürəyimə 
axdığını  hiss  edirdim.  Diqqətimi  cəlb  edən  əsas  məsələ 
onun  qız  kimi  həyalı  baxışları  idi.  Üzümə  baxmadan 


 
23 
söhbət  edir,  baxışlarını  bəzən  yerə,  bəzən  də  duzqabına 
dikirdi. 
Baxışlarındakı  məsumluq  vəziyyətin  onun  xeyrinə 
dəyişməsinə  yardım  edirdi.  Sanki  qismətim  mənə 
baxmayan  həyalı  gözlərə  aşiq  olmaq  imiş.  Bu  sirli  və 
cəlbedici  gözlərə  bir  baxışda  aşiq  olmağın  nə  demək 
olduğunu anlamaq çətin deyildi. İnsan aşiq olur və həmin 
anda  bir  cüt  göz  onun  bütün  həyatına  çevrilir.  O  gözlər 
gülərkən hər bir problem yerindəcə həll olur. Məhz həmin 
gün  o  gözlərə  aşiq  oldum;  bəzən  gülən,  bəzən  də  dolub-
boşalan ecazkar gözlərə. 
Yarım  saat  danışandan  sonra  Həmid  söhbətinin  yeni 
mərhələsinə başladı. Artıq o danışırdı, mən qulaq asırdım. 
Hərdən 
verdiyi 
sualları 
bir-iki 
qısa 
cümləylə 
cavablandırırdım. Sanki özü də mənim sükutumun fərqinə 
varmışdı.  Dedi:  “Soruşacaq  bir  sualız  yoxdur?  Sizi 
maraqlandıran bir şey varsa, soruşa bilərsiz”. 
Mənə  dərs  oxumaq  və  işləmək  mühüm  məsələ  idi. 
Buna görə də soruşdum: 
-Mən  universitetə  yeni  daxil  olmuşam.  Evliliyimiz  baş 
tutsa,  təhsilimi  davam  etdirməyə  və  əgər  alınsa, 
işləməyimə icazə verəcəksiz? 
-Sizin  dərs  oxumağınıza  qarşı  deyiləm.  Ancaq 
doğrusunu  bilmək  istəsəniz,  bəzi  universitetlərdə  olan 
məlum  vəziyyətə  görə,  həyat  yoldaşımın  elə  yerlərdə 
olmasını  istəməzdim.  Əlbəttə,  anam  mənimlə  bu  barədə 
danışıb,  dərs  oxumaqda  nə  qədər  ciddi  olduğunuzu 
bilirəm.  Hər  halda,  sizə  etimad  etdiyim  üçün  universitetə 
getməyinizin 
qarşısını 
almayacam. 
İşə 
gedib-
getməməyiniz 
də 
öz 
ixtiyarınızdadır. 
Diqqətinizə 
çatdırıram  ki,  təhsil,  iş  və  bu  kimi  ictimai  fəaliyyətlər 
müştərək həyatımızı korlamamaq şərtilə mümkündür. 


 
24 
Bu sözlərindən sonra dedim: 
-Sizin  etimadınızı  ən  yaxşı  şəkildə  doğruldacağıma 
əmin  ola  bilərsiz.  İşlə  bağlı  isə  bunu  deyə  bilərəm  ki, 
özüm də kişi mühitində işləməyi xoşlamıram. Uyğun bir iş 
olsa,  işləyəcəm,  sonralar  ana  olsam,  yaxud  da  mənim  işə 
getməyimdən  dolayı  yoldaşım  və  ya  övladım  əziyyətə 
düşsə, söz verirəm ki, getməyəm. 
Həmidin  suallarının  əksərini  onun  özündən  soruşmağa 
ehtiyac duymadım. Bu müddət ərzində nənə Həmid barədə 
o qədər danışmışdı ki, hamısının cavabını bilirdim. Söhbət 
əsnasında dedim: 
-Siz santexnik işlərini bacarırsız? 
Təbəssüm etdi: 
-Lampa dəyişmək həddində bacarıram. 
-Su kranını dəyişmək necə, əlinizdən gəlir? 
-Bəli,  o  cəhətdən  narahat  olmayın.  Belə  işlərlə  aram 
yaxşıdır, yoluna qoyaram. 
Bir  məsələ  məni  çox  düşündürürdü,  amma  necə 
soruşacağımı  bilmirdim.  Nəhayət,  ürəklənib  dedim: 
“Bağışlayın,  bir  şey  soruşmaq  istəyirəm.  Mənim  zahiri 
görünüşüm, üzüm xoşunuza gəlir?” 
Elçilik  söhbəti  başlayandan  fikirləşirdim  ki,  olmaya 
Həmid  ailəsinin  israrıyla  və  ya  uşaqlıqdan  bu  söhbət  var 
deyə,  mənimlə  ailə  qurmaq  istəyir.  Onun  verdiyi  cavab 
beynimdə dolaşan bu müəmmanı da həll etdi. 
-Doğrusu,  bilmirəm  nəyə  görə  mənə  belə  bir  sual 
verirsiz.  Bəyənməsəydim,  bura  gəlib  sizi  bu  qədər  sorğu-
suala tutardımmı?! 
Saat  beşdən  səkkizin  yarsına  kimi  söhbət  etdik. 
Duzqabı  hələ  də  Həmidin  əlində  fırlanırdı.  Söhbətimiz 
bitmişdi.  Həmid  qapının  yanında  dayanıb  öncə  mənim 
çıxmağımı istədi. Dedim: 


 
25 
-Xeyr, siz buyurun. 
-Yəqin  ki,  danışdığımız  məsələlər  barədə  fikirləşib 
qərar çıxaracaqsız. İcazənizlə bu barədə sonuncu hədisi də 
deyim:  “Bir  saat  düşünmək  altmış  illik  ibadətdən 
üstündür”. 
Söhbət  əsnasında  öz  fikirlərini  əsaslandırmaq  üçün 
dəfələrlə  hədisdən  istifadə  etmişdi.  Söylədiyi  hədislərin 
hamısı  İmam  Sadiq  (ə)  və  İmam  Baqirdən  (ə)  idi.  Bu 
hədislə söhbətimiz sona çatdı və o məndən öncə otağı tərk 
etdi. 
O gün Həmidin niyyətinin bu olduğunu anlamamışdım: 
“Gələn  kimi  cavabını  alacaq  və  çox  tez  gedəcək”.  O, 
istədiyi  hər  şeyi  əldə  etdi,  mənsə  uşaqlıqdan  böyüdüyüm 
xəyallarla  baş-başa  qaldım.  Hiss  edirdim  ki,  bu  andan 
etibarən  məni  həyatın  keşməkeşli  günləri  gözləyir.  Bu, 
bitib-tükənməyən hisslərə qovuşacaq bir intizar idi. 
Ayağının 
çıxmasına 
baxmayaraq, 
atam 
söhbət 
etdiyimiz  iki  saat  yarım  ərzində  çəliklə  otağın  qapısı 
önündə  var-gəl  edirdi.  Dəhlizin  sonuna  kimi  gedib  divara 
söykənir,  sonra  da  işarə  ilə  bildirirdi  ki,  daha  bəsdir. 
Atamın  çöhrəsindəki  narahatlığı  aydın  şəkildə  sezmək 
olurdu.  Mənə  nə  qədər  bağlı  olduğunu  və  bu  anlarda  nə 
qədər  iztirab  keçirdiyini  yaxşı  hiss  edirdim.  Həmişə  nəyə 
görəsə  narahat  olanda  adəti  üzrə  ya  var-gəl  edər,  ya  da 
dodaqlarını çeynəyərdi. 
Utandığımdan  o  gün  Həmidlə  aramızda  olan  söhbət 
barədə ata-anamla danışa bilmədim. Çətin anlarda adətən, 
qardaşım  Əli  ilə  məsləhətləşərdim.  Əli  qarşıma  çıxan  bir 
çox  məsələlərdə  xüsusi  məsləhətçim  idi.  Məndən  bir  yaş 
balaca  olsa  da,  olduqca  ağıllı  və  məntiqli  fikirləri  vardı. 
Həmin  gün  idmana  getmişdi.  Evə  gələndə  hələ  çantasını 
yerə  qoymamış  Həmidlə  söhbətimdən  danışıb  fikrini 


 
26 
soruşdum.  Dedi:  “Oturub  söhbət  etməniz  yaxşı  oldu.  O, 
həqiqətən  də  yaxşı  oğlandır.  Mən  onu  hər  cəhətdən 
bəyənirəm”. 
Həmidin  məhəbbəti  elə  ilk  anlarda  ürəyimə  dolmuşdu. 
Allahla  bağladığım  əhd-peyman  yadıma  düşdü.  O, 
nəzrimin  düz  iyirminci  günündə  elçiliyə  gəlmişdi. 
İmamlara  təvəssülün  qəlbimi  bu  qədər  rahatlaşdıracağını 
təsəvvür  belə  etməzdim.  Qəribə  hisslər  keçirirdim. 
Vücudumu  bürümüş  bütün  o  qorxu  və  iztirabların  yerini 
rahatlıq  və  əminlik  tutmuşdu.  Mən  artıq  öz  sığınacağımı 
tapmışdım.  Öz-özümə  dedim:  “Həmid  dünyanın  sonuna 
qədər, özü də yorulmadan birgə gediləcək insandır”. 
Bu  hadisədən  üç  gün  sonra  həyətimizdə  gülləri 
budayırdım.  Anam  söz  arasında  bir  neçə  dəfə  Həmid 
barədə  fikrimi  öyrənmək  istədi.  Özünü  soyuqqanlı 
göstərsə  də,  həddən  artıq  sevincək  olduğu  hiss  olunurdu. 
O, Həmidi əvvəldən öz balası kimi sevirdi. 
Söhbətimizin  şirin  yerində  telefon  zəng  çaldı.  Anam 
dəstəyi  qaldırdı.  Salamından  anladım  ki,  bibim  cavab 
öyrənmək  üçün  zəng  edib.  Anam  əl  işarəsilə  məndən  nə 
cavab verəcəyini soruşurdu. Əvvəl demək istədim ki, hələ 
bir  həftə  keçməyib,  niyə  bu  qədər  tələsirsiz?  Ancaq  öz-
özümə  fikirləşdim  ki,  bu  gün  və  ya  sabah,  nə  fərqi  var, 
onsuz  da  cavabım  məlumdur.  Bir  qədər  duruxduqdan 
sonra  ürəklənib  dedim:  “Cavabım  müsbətdir,  amma 
aramızda qan qohumluğu olduğu üçün ilk növbədə analiz 
verməliyik. Xahiş edirəm analizin cavabı gələnə qədər bu 
söhbəti kiminsə yanında açmasınlar”. 
Bibimin bu qədər tez zəng etməsinə səbəb elə Həmidin 
özü  idi.  Anasına  demişdi:  “Mən  Fərzanəni  razı  saldım. 
Zəng elə, ”hə” cavabı verdiyinə əmin olaq”. 


 
27 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə