Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
1   2   3   4   5   6   7   8   9   ...   15
Yadında-qalsın-nahayi

Dördüncü fəsil 
Dərmansız olanın dərdinə 
dərman ol! 
İlin son günlərində hər yeri bəzəyən qırmızı balıqlar və 
“yeddi sin” süfrəsi mənə ilin bitdiyini xatırlatmaqdan çox 
“Nur  yolçuları”  ekskursiyasını  xatırladırdı.  İlk  dəfə 
yeddinci  sinifdə  oxuyanda  cənuba  döyüş  bölgələrinə 
getmişdim.  İstəyirdim ki, orada uyuyan şəhidlər  məni hər 
il  dəvət  etsinlər,  mən  də  onlara  qonaq  olum.  Şəhidlər  elə 
ilk səfərimdə məni özlərinə məftun etmişdilər. 
Səfər  boyu  rəfiqələrimlə  çox  zarafatlar  etsək  də,  şəhid 
torpağının cazibəsi hər il martın ortalarında novruzdan çox 
“Nur yolçuları” səfəri üçün darıxmağıma səbəb olurdu. 
Universitet  imtahanına  hazırlaşırdım  deyə,  iki  il  idi 
cənuba  gedə  bilmirdim.  Bu  il  nə  olursa-olsun,  getmək 
istəyirdim.  Universitet  karvanının  cənuba  gedəcəyi  tarix 


 
84 
qətiləşən  kimi  Həmidə  mesaj  yazdım.  Bu  dəfə  onunla 
birlikdə  ziyarətçilərə  xidmətçi  kimi  getmək  istəyirdim. 
Cavabda  yazdı:  “Gərək işlərimin gedişatına baxım. Düzü, 
ilin  axırında  icazə  almaq  bir  az  çətindir.  Axşamçağı 
anamla  sizə,  nənəni  görməyə  gələcəyik.  Cavabımı  orda 
sənə söyləyərəm”. 
Şam  namazını  qılandan  sonra  gördüm  ki,  nənə  həmişə 
olduğu kimi, səccadə üzərində əllərini qaldırıb hamı üçün 
dua  edir.  Dedim:  “Nənə,  iki  ildir  cənub  səfərinə  gedə 
bilmirəm. Dua et, bu il gedim”. 
Nənə qaşlarını çatıb dedi: 
-Görmürsən,  Həmid  səni  nə  qədər  sevir?!  Onu  qoyub 
hara gedirsən?! 
-Həmidsiz  getmək  mənə  də  çətindir.  Ona  dedim  ki, 
işdən icazə alsın, birlikdə gedək. 
Şam  süfrəsini  yenicə  yığışdırırdıq  ki,  Həmid  qapının 
zəngini basdı. Bibimlə birgə gəlmişdi. Üzündən məlum idi 
ki,  icazə  ala  bilməyib.  Mənim  tək  getməyimə  çox  da  razı 
deyildi. Mənə o qədər bağlı idi ki, bir neçə gün ayrılıq ona 
çətin gəlirdi. 
Anamla və bibimlə birgə nənənin olduğu otağa keçdik. 
Otağı  yığışdırmış,  paltarları  çamadandan  çıxarmışdım. 
Birdən yaşıl bir örpək diqqətimi cəlb elədi. Bibimə dedim: 
“Bibi  can,  bu  örpəyi  başına  bağla.  Məncə,  sənə  çox 
yaraşacaq”. Örpəyi bağlayanda yanılmadığımı bildim. 
-Əladır! Elə bil, sizin üçün tikiblər. 
Ancaq bibim götürməyib dedi: 
-Ziyarətdən  qayıdanda  hədiyyə  kimi  birinə  verərsən. 
Mənim örpəyim çoxdur. 
Bibini  bu  örpəkdə  görmək  üçün  Həmidi  çağırdım. 
Anam da çox israr edəndən sonra bibim qəbul etdi. 


 
85 
Bir  neçə  dəqiqədən  sonra  Həmidə  gözlə  işarə  verdim 
ki,  mətbəxə  keçsin.  İcazə  alıb-almadığını  bilmək 
istəyirdim. Hicab üçün təşəkkür edib dedi: 
-Əgər  anam  onu  qəbul  etməsəydi,  bütün  Qəzvini 
gəzmək  bahasına  olsaydı  belə,  axtarıb  bu  rəngdə  örpək 
tapacaqdım. Həqiqətən, çox yaraşdı. 
Həmidin  anasına  bu  qədər  hörmət  etməsi  çox  xoşuma 
gəlirdi,  məni  əsla  narahat  etmirdi,  əksinə,  onu  daha  da 
həvəsləndirirdim.  Mən  düşünürdüm  ki,  bir  insan  anasına 
hörmət edirsə, həyat yoldaşına daha çox hörmət edər. 
-Həmid,  icazə  məsələsi  nə  yerdə  qaldı?  Cənuba 
gedirsən, ya yox? 
-Çox  istərdim,  ancaq  görünür,  qismət  deyilmiş. 
Ezamiyyətə getməliyəm. İcazə almağım mümkün deyil. 
-Bu  iki  ili  ancaq  dərslə  məşğul  olmuşam.  Çox 
istəyirdim ki, bu il səninlə birlikdə gedəm. O da belə oldu. 
-Problem deyil. Sən getmək istəyirsənsə, get, ancaq bil 
ki, sənsiz çox darıxacam. 
-Əgər sən razı olmasan, getməyəcəm. 
Təbəssüm etdi. 
-Yox,  əzizim.  Bu  nə  sözdür?!  Bu,  şəhidləri  ziyarət 
səfəridir. Get və hər ikimiz üçün dua et”. 
Ona nə qədər çətin olsa da, özü məni avtobusa mindirib 
yola  saldı.  Hələ  Qəzvindən  çıxmamış  mesajları  dalbadal 
gəlməyə  başladı.  Darıxmaqdan  gileylənirdi.  Yazmışdı: 
“Doğrudan  da  qadın  bəladır.  Ancaq  Allah  bu  bəlanı  bizə 
çox görməsin!” 
Cənub  səfərində  anladım  ki,  bir-birimizin  yanında 
olmağımıza  çox  ehtiyacımız  var.  Bütün  səfər  beş  gün 
sürdü.  Ancaq  elə  bildim,  əlli  gün  keçdi.  Belə  bir  hala 
düşəcəyimi  ağlımdan  belə  keçirməmişdim.  Gecələr 


 
86 
yazışmağımıza,  zəngləşməyimizə  baxmayaraq,  bütün 
işimiz ahu-zar olmuşdu. 
Sonuncu gün zəng edəndə səsi tutulmuşdu. 
-Həmid, necəsən? 
-Tez  qayıtmağını  istəyirəm.  Saatın  tıq-tıq  səsi  mənə 
əzab verir, iştahım qalmayıb. 
-Mən  də  sənin  kimiyəm.  Kaş  sözünə  qulaq  asaydım! 
Kaş gəlməzdim, sonralar imkan tapıb birlikdə gələrdik!” 
-Sonuncu  gün  cəbhə  bölgəsində  mənimçün  də  dua 
etdin? 
-Hər  bölgədə  səni  xüsusi  yad  edirəm.  Burda  Şəhid 
Himmətin  öz  boyu  ölçüsündə  bir  şəkli  var.  Hər  dəfə 
yanından keçəndə elə bilirəm ki, sənsən, orda dayanmısan. 
Gülüb dedi: 
-Şəhid  Himmət  hara,  mən  hara?!  Mən  daha  çox  Şəhid 
Himmətin rabitəçisi kimi şəhid olmaq istəyirəm. 
Mənim  halım  da  bir  o  qədər  yaxşı  deyildi.  Ancaq 
telefonda  bu  hisslərimi  demək  istəmirdim,  onun  daha  da 
darıxacağını  bilirdim.  Şəhidlərin  qonağı  olmağıma 
baxmayaraq,  çətin  günlər  yaşadım.  Həm  şəhidlərin 
yanında  qalmaq,  həm  də  Həmidin  yanına  qayıtmaq 
istəyirdim.  Bəlkə  də  bu  istəyim  onların  və  Həmidin  eyni 
ruhdan olduqlarına görə idi. 
Qayıdanda  dəfələrlə  zəng  vurdu.  Qəzvinə  saat  neçədə 
çatacağımı  bilmək  istəyirdi.  Mən  avtobusdan  düşəndə 
yolun  o  biri  tərəfində  motosikletin  yanında  dayanmışdı. 
Məni çox səmimi qarşıladı. Motosikletə minəndə bir əli ilə 
motosikletin  sükanını,  bir  əli  ilə  də  mənim  əlimi  bərk 
tutmuşdu.  Heç  nə  demirdi.  Bir  söz  deyib  sükutu  pozmaq 
istəyirdim. Ancaq onun əlimi bərk-bərk tutması bir dünya 
sözə bərabər idi. 
*** 


 
87 
Mən  qayıdandan  sonra  novruz  bayramına  yalnız  bir 
neçə  gün  qalırdı.  Bu  müddətdə  səfər  yorğunluğunu 
çıxarmaq  əvəzinə  bütün  günü  yarımçıq  qalmış  işlərimin 
arxasınca  qaçmaqla  məşğul  oldum.  Alış-verişdən  tutmuş 
bayram  təmizliyinə  qədər  xeyli  iş  qalmışdı.  Mən  bağçaya 
açılan  pəncərənin  şüşəsini  təmizləyəndə  Həmid  mesaj 
yazaraq yeni ildə nə edəcəyimiz barədə soruşdu. Dedim: 
-Bilmirəm. Bəlkə şəhidlər xiyabanına gedək? 
-İstəyirəm ki, Quma gedək. 
İsrar  edirdi  ki,  yeni  hicri-şəmsi  ili  girəndə  həzrət 
Məsumənin hərəmində olaq. 
-Həmid,  ilin  sonunda  yollarda  tıxac  olur.  Bizim  də 
maşınımız yoxdur. Çətin olar. 
-Sən  ata-anandan  icazə  al,  qalan  hər  şey  düzələr.  Mən 
səni  həzrət  Məsumədən  almışam,  istəyirəm  ki,  gedib 
təşəkkür edək.  
Bir  günə  gedib-qayıtmaq  üçün  ata-anamdan  icazə 
aldım. Martın iyirmisi günəş çıxmamış yola düşdük. Tıxac 
yaranmadan  yolun  bir  hissəsini  getmək  istəyirdik.  Ancaq 
yollarda  çox  sıxlıq  var  idi.  Sanki  hamı  yeni  ili  hərəmdə 
qarşılamağı  niyyət  etmişdi.  Min  bir  zəhmətlə  özümüzü 
Quma  çatdıra  bildik.  İlin  girməsinə  bir  saat  qalmış, 
günorta saat ikidə hərəmdə idik. 
Ziyarətə  gedəndə  ağlımıza  gəlmədi  ki,  bir  yer  təyin 
edək  və  il  girən  anda  bir-birimizin  yanında  olaq. 
Düşündük  ki,  telefon  var,  ziyarətdən  sonra  zəngləşib 
görüşə  bilərik.  Bir-birimizdən  ayrılmağımızla  itməyimiz 
bir oldu. 
Telefonda  şəbəkə  yox  idi.  Çarəsiz  qalıb  o  qədər  insan 
arasında  onu  axtarmağa  başladım.  Onun  da  məni 
axtardığını  bilirdim.  Sanki  həyatımızın  ilk  yeni  ilini  bir 
yerdə  qarşılamaq  qismətimizdə  yox  imiş.  Bir-birimizdən 


 
88 
ayrılanda  gözümə  günəş  eynəyi  taxmışdım.  Həmid  bütün 
bu  müddət  ərzində  gözündə  eynək  olan  çadralı  xanım 
axtarırmış, mənsə eynəyimi çıxarmışdım. Mən də o qədər 
insan  içində  o  tərəf-bu  tərəfə  boylanıb  Həmidi  o  qədər 
axtardım ki, tamam əldən düşdüm. Quma qədər gəldiyimiz 
yolun  çətinliyi  bir  tərəfdən,  bir  neçə  saatlıq  axtarışın 
yorğunluğu da digər tərəfdən məni əldən saldı. 
Hovuzun yanında oturdum. Bu zaman telefonun şəbəkə 
problemi düzəldi və biz yeni ilin girişindən bir saat yarım 
sonra nəhayət, bir-birimizi tapa bildik. Həmidi görən kimi 
dedim: 
-Səni  o  qədər  axtardım  ki,  yeni  ilin  nə  vaxt  girdiyini 
bilmədim. 
-Mən  də  səni  axtarırdım.  Yeni  il  girəndə  ikimiz  üçün 
çoxlu dua etdim. 
Əlini  bərk-bərk  tutmuşdum.  Aramızda  bir  an  belə 
ayrılıq  düşməsini  istəmirdim.  O  qədər  sıxlıq  var  idi  ki, 
irəli  gedə  bilmədik.  Elə  oradaca  üzünü  zərihə  tutub  dedi: 
“Bibi 
can, 
xanımımı 
gətirmişəm. 
Məni 
eşqimə 
qovuşdurduğun üçün minnətdaram”. 
Təxminən qürub çağı idi. O vaxt nə restoran açıq idi, nə 
də  yemək  tapmaq  olardı.  O  qədər  yorğun  idik  ki, 
yeməkxana  axtarmağa  halımız  da  yox  idi.  Bir  neçə 
peçenye  alıb  qayıtmaq  üçün  72  Şəhid  meydanına  getdik. 
Sıxlığa  düşdüyümüzə  və  bir-birimizi  itirdiyimizə  görə 
məndən  dəfələrlə  üzr  istədi.  Qəzvinə  avtobus  yox  idi. 
Əlacsız  qalıb  Zəncana  gedən  avtobusa  mindik  ki,  yolun 
yarısında, Qəzvində düşək. Həddən artıq yorulmuşdum. O 
halda yediyimiz peçenyelər bizimçün dünyanın ən ləzzətli 
qidası  idi.  Həmid  gülərək  dedi:  “Xərcin  yaman  azdır. 
Səhərdən bəri sənə nə səhər yeməyi almışam, nə də nahar; 
şam yeməyinə də Qəzvinə çatarıq. Əgər xərcin həmişə bu 


 
89 
qədər  az  olsa,  səni  tez-tez  səfərə  aparacam”.  Belə 
birgünlük səfərlər həyatımızda doğrudan da çox oldu. 
Qumdan  qayıdan  kimi  bayram  ziyarətləri  başladı. 
Həmid mənə palto və şalvar almışdı. Həmişəki kimi, yenə 
də  ən  gözəl  paltarları  seçmişdi.  Adətən,  mənə  hədiyyə 
olaraq,  ya  paltar  alardı,  ya  da  bir  dəstə  təbii  gül.  Mən  də 
ona  ətir  almışdım.  O,  hər  cür  ətirdən  istifadə  edirdi; 
yasəmən  gülü,  qızılgül  kimi  ətirlərdən  tutmuş  Franc, 
Holiday  və  Law  ətirlərinə  kimi.  Həmin  il  bayramda 
əməlli-başlı  bəzənmişdi.  Əynində  kostyum,  gözündə  gün 
eynəyi vardı. Nikah günü ona aldığım saatı da taxmışdı. 
Bayramdan iki gün sonra cümə axşamı həmin geyimdə 
də  əza  məclisinə  getmişdi.  Gecə  yarısı  mənə  zəng  vurdu. 
Məclisdəki  dostlarının  reaksiyasından  danışırdı.  Onlar 
Həmidi  adətən,  hərbçi,  ya  da  xidmətçi  paltarında 
görərdilər,  kostyumda  görməmişdilər.  Dedi:  “Dostlarıma 
maraqlı gəldi. Pencəyimi geyinib zarafatlaşırdılar”. 
Həmidin 
sevincini 
görüb 
mən 
də 
sevinirdim. 
Sağollaşanda  dedim:  “Sabah  Buin-Zəhraya,  Firiştə 
xalagilə  gedək?”  Həmid  dedi:  “Yaxşı  fikirdir,  gedək.  Biz 
bütün  qohum-əqrəbanı  ziyarət  etmişik.  Sənin  ən  balaca 
xalangilə də gedərik. Əminəm ki, çox sevinəcək”. 
Səhər  tezdən  qapının  zəngi  çalan  kimi  tez  hamıyla 
sağollaşıb  ayaqqabılarımı  geyindim  və  qapıya  qaçdım. 
Həmid dedi: 
-Min, gedək! 
-Həmid can, zarafat edirsən? Buin-Zəhraya  gedirik ha! 
Qırx kilometr yol var. Motosikleti qoy evə, maşınla gedək. 
Nə qədər desəm də, razılaşmadı. 
-Motosikletlə daha maraqlı olar. 
Motosikletə  minən  kimi  danışan  GPS-ə  döndüm: 
“Həmid,  diqqətli  ol!  Sağa  get!  İndi  sola  dön!  Dairəyə 


 
90 
yaxınlaşırıq!  Sürəti  azalt!  O  adama  fikir  ver!  Diqqətli  ol, 
pişiyi  əzmə!..”  Keçirdiyim  həyəcan  üzündən  bu  sözləri 
deyirdim. Bir hadisə olacağından qorxurdum. Həmid dedi: 
-Axı  sən  niyə  belə  edirsən?  Bir  sürücü  hər  yerə  diqqət 
edir. Öyünmək olmasın, mən özüm Şumaxerəm. 
-Mən  bu  vaxta  qədər  maşınların  belə  sıx  olduğu 
magistral yollarda motosikletə minməmişəm. İnan, əlimdə 
deyil, qorxuram. 
Yanımızdan  ağır  yük  maşını  keçəndə  özümü  var 
gücümlə  Həmidə  sıxır  və  sağ-salamat  çatmağımız  üçün 
dodaqaltı dua edirdim. 
Yolboyu  Həmidin  dəcəlliyi  tutmuşdu.  Qəsdən  elə 
yerlərdən  keçirdi  ki,  ya  çuxuru  vardı,  ya  da  tramplini. 
Sonra da deyirdi: “Görürsən də, necə ləzzət edir! Növbəti 
çuxura  hazırlaş”.  Sonra  da  gedib  təkəri  başqa  bir  çuxura 
salırdı.  Həmin  vaxtlar  mən  motosikletin  özündən 
qorxurdum,  o  ki  qala  belə  yolda  çuxurlara  düşə-düşə 
getməyə. 
Gözlərimi 
yumub 
bərk-bərk 
belindən 
yapışmışdım. İş o yerə çatdı ki, dözə bilməyib dedim: 
-Həmid,  saxla,  düşürəm.  Ayaqla  gəlsəydim,  daha  xoş 
olardı. 
Sonra  da  özümü  küsülü  göstərmək  üçüm  üzümü 
döndərim. Həmid dedi: 
-Barış  mənimlə,  əzizim.  Ər-arvadın  on  saniyədən  çox 
küsülü qalmasını Allah sevmir. 
-Bu, evə aiddir. Motosiklet məsələsi başqadır. 
Zarafata  küsdüyümü  anlayıb  sürəti  artırdı.  Qorxumdan 
dedim: 
-Yaxşı,  əzizim,  səhv  elədim,  səni  çox  sevirəm.  Bax, 
barışdım! 
Yolun  yarısına  çatmamış  motosikletin  təkəri  partladı. 
Həqiqətən  də  Allah  rəhm  elədi,  az  qalmışdı  hər  ikimiz 


 
91 
maşının  altına  girək.  Yolun  ortasında  qaldıq,  qapı-qapı 
gəzib  kömək  axtarırdıq.  Mən  motosikletin  yanında 
dayanmışdım, Həmid də bir az irəlidə əlini qaldırmışdı ki, 
bəlkə  kimsə  kömək  etdi.  Min  bir  müsibətlə  bir  vanet  yük 
maşını  tapa  bildik.  Həmid  sürücünün  köməyi  ilə 
motosikleti vanetin arxasına qoydu.  Qabağımıza  çıxan ilk 
təmir  yerində  təkəri  düzəltdikdən  sonra  yolumuza  davam 
etdik. 
Firiştə  xala  bizi  nahara  saxlayıb,  gözəl  bir  süfrə  açdı. 
Motosikletə  minəndə  artıq  günbatan  çağı  idi.  Hər  ikimiz 
soyuqdan 
donurduq. 
Əl-ayağım 
qurumuşdu. 
Motosikletdən  düşəndə  addım  ata  bilmirdim.  Gözlərimin 
içi  qan  dolu  kasa  kimi  qıpqırmızı  qızarmışdı.  Məni  görən 
bütün  günü  ağladığımı  düşünərdi.  O  günə  qədər 
motosikletlə 
bu 
qədər 
yol 
getməmişdim. 
Bütün 
çətinliklərinə  rəğmən,  bu  hadisəni  çox  sevdim.  Bütün  bu 
çətinliklərin mənə xüsusi gözəlliyi vardı. 
Bayram  tətilləri  bitən  kimi  Həmidin  bacı-qardaşlarıyla 
İmamzadə  Fəlların  ziyarətinə  getdik.  Çox  gözəl  bir  gün 
keçdi.  Bulağın  yanında  tonqal  qalayıb  çoxlu  şəkil 
çəkdirdik.  Həmid  qardaşlarıyla  voleybol  oynayırdı.  On 
dəqiqədən sonra hamı istirahət üçün otursa da, Həmid hələ 
də  ayaq  üstə  idi.  Yavaş-yavaş  inanmağa  başlayırdım  ki, 
həyatımızda ayrılıq və çətinlik olmayacaqdır. 
*** 
Hələ bayram ab-havasından çıxmamış Həmid dedi: 
-Bu il cənuba getmək qismət olmadı. Çox istəyirəm ki, 
bir neçə günlüyə şəhidlərə xidmətçilik etməyə gedək. 
-Əgər  alınsa,  mən  də  gələrəm.  Hələ  dərslərim 
başlamayıb. 
Elə  o  andaca  telefonu  götürüb,  “Nur  yolçuları” 
ekskursiya 
mərkəzinin 
müavini 
Hacı 
Məhəmməd 


 
92 
Səbbağiana  zəng  elədi.  O,  Həmidi  tanıyırdı.  Onunla  çox 
səmimi hal-əhval tutdu. Həmid nişanlandığını və mənimlə 
birgə  cənubda  xidmət  etmək  istədiyini  deyəndə  çox 
sevindi. 
Hacı Səbbağianla danışdığımız kimi, aprelin yeddisində 
cənuba  yollandıq.  Karvanla  birgə  gedən  ambulansda  tibb 
bacısına  ehtiyac  var  idi.  Bunu  biləndə  tez  qəbul  etdim. 
Əlimdən  gələn  işlərlə  şəhidlərə  və  “Nur  yolçuları” 
zəvvarlarına  xidmət  etmək  istəyirdim.  Həmid  də 
Dehlaviyədə,  Şəhid  Mustafa  Çəmranın  şəhid  olduğu 
ərazidə xidmətçi kimi fəaliyyət göstərirdi. 
Hər  gün  səhər  tezdən  təcili  yardım  maşınına  minib 
karvanlarla  birgə  bölgələri  gəzirdik.  O  bir  neçə  gündə 
Həmidi  görmək  qismət  olmadı.  Hava  şəraitinə  görə  tibbi 
yardıma  ehtiyacı  olanların  sayı  çox  idi.  O  qədər  xəstəyə 
yardım etməkdən də çətini ambulansın kələ-kötür yollarla 
getməsi idi. Gün boyunca təxminən on altı saat yolda olur, 
bir 
bölgədən 

birinə 
gedirdik. 
Gecələr 
bütün 
sümüklərimin bir-birindən ayrıldığını hiss edirdim. 
Sonuncu gün Şəhid Gülhər düşərgəsinə getdik. Düşərgə 
təxminən  Əndimeşk  şəhərinin  girəcəyindəki  iki  dağla 
üzbəüz  yerləşirdi.  Həmidlə  vədələşmişdik  ki,  orada  bir-
birimizi görək. Gecənin yarısına kimi xəstələrimiz var idi, 
onlara  yardım  etməklə  məşğul  idik.  İş  azalanda 
yorğunluqdan  başımı  ambulansın  qapısına  qoydum. 
Ayaqlarım  sallanırdı.  O  qədər  yorğun  idim  ki,  oradaca 
yuxuya getdim. 
Sübh  azanına  yaxın  düşərgədə  yayımlanan  gözəl 
münacat  səsinə  oyandım.  Gözlərimi  açanda  Həmidi 
gördüm. Mənimlə üzbəüz səkinin  yanında oturmuşdu. Ay 
işığı  düşmüş  yorğun  üzü  xidmətçi  paltarında  və  başına 


 
93 
qoyduğu  yaşıl  papaqda  olduqca  maraqlı  görünürdü. 
Soruşdum: 
-Həmid  can,  nə  vaxtdan  burdasan?  Bəs,  niyə  məni 
oyatmırsan? 
-Təxminən  üç  saat  olar  çatmışam.  Yatdığını  görəndə 
oyatmağa  ürəyim  gəlmədi.  Burda  oturdum  ki,  həm  sənə 
nəzarət edim, həm də rahat istirahət edəsən. 
Təbəssüm edib dedim: 
-Bütün  bədənim  yorğundur,  bu  bir  neçə  gündə  iki-üç 
min  kilometr  yol  getmişik,  ancaq  səni  görüncə  bütün 
yorğunluğum  çıxdı.  İstəsən,  səninlə  Əhvaza  qədər  piyada 
gedərəm. 
Səhərin mehində düşərgənin hüseyniyyəsinə  yollandıq. 
Şəhidlərlə qonşuluğun şəhərdə çox az hallarda qismət olan 
gözəlliklərindən  biri  də  sübh  namazını  cəm  halda  qılmaq 
idi; eynilə mücahidlərin müharibə zamanı sübh namazının 
birinci  sırasında  dayanmaq  üçün  bir-birilə  yarışdıqları 
kimi.  Həmid  sübh  namazından  sonra  yarımçıq  qalmış 
işlərini tamamlamaq üçün Dehlaviyəyə qayıtdı. Oradan da 
Qəzvinə  gedəcəkdi.  Ancaq  mənim  dərslərim  olduğuna 
görə həmin gün qatara minib Tehrana, oradan da avtobusla 
Qəzvinə yola düşdüm. 
Cənubdan  qayıtdığım  andan  Həmidin  ad  günü  barədə 
düşünürdüm.  İstəyirdim  ki,  birlikdə  olduğum  ilk  ad 
gününü öz aramızda gözəl keçirək. 
Aprelin  24-ü,  Həmidin  doğum  günündə  səhər  saat 
beşdə  yuxudan  dik  atıldım.  Alnımı  soyuq  tər  basmış, 
dodaqlarım  qupquru  qurumuşdu.  Qəribə  bir  yuxu 
görmüşdüm. Bir kişi xüsusi bir nur içində -görünür, şəhid 
imiş  -mənə  nəsə  demək  istəyirdi.  Fikrini  izah  etməyə 
çalışırdı. İstədiyini söyləmək istəyəndə yuxudan oyandım. 
Şəhidin  üzü  dəqiq  yadımdaydı.  Bütün  beynim  məşğul  idi 


 
94 
ki,  görəsən,  şəhidin  demək  istəyib,  ancaq  deyə  bilmədiyi 
nə idi? 
Doğum günü münasibətilə Həmidlə şəhidlər xiyabanına 
getməyi  planlaşdırmışdıq.  Şəhidlərlə  baş-başaydıq.  Ona 
tort almışdım. Şəhidlər xiyabanına çatanda həmişə olduğu 
kimi,  birinci  Şəhid  Hüseynpurun  məzarı  başına  getdi. 
Bilirdim  ki,  dostu  ilə  tək  qalmaq  istəyir.  Həmin  cərgədə 
gəzişməyə  başladım.  Əlimdə  tort  şəhidlərin  şəkillərinə 
baxırdım.  Hamısının  özünəməxsus  yaşı,  görkəmi  olsa  da, 
hər  biri  eyni  rahatlığa,  hüzura  sahib  idilər.  Hamısı  ümid 
dolu baxışlarla baxırdı. 
Öz  aləmimdə  ikən  birdən  yerimdə  donub  qaldım. 
Gözlərim dörd oldu. Şəklini gördüyüm şəhidlərin biri gecə 
yuxuda  gördüyüm  adam  idi.  Eynilə  həmin  baxışlarla 
baxırdı.  Şəhid  Ərdəşir  İbrahimpur  idi.  Özünəxas  cazibəsi 
vardı. Həmişə fikirləşirdim ki, bu şəhid mənə nəsə demək 
istəyir. Baxışları sözlə dolu idi. O gündən sonra nə zaman 
şəhidlər 
xiyabanına 
gedirdiksə, 
Həmid 
Şəhid 
Hüseynpurun,  mən  də  bu  şəhidin  məzarı  başına 
yollanırdım.  Onun  nə  demək  istədiyini  bilməsəm  də, 
məzarı başında qeyri-adi hüzur tapırdım. 
Fatihə  və  ziyarətnamə  oxuduqdan  sonra  şəhidlər 
xiyabanının  yanındakı  yaşıl  meydana  gedib  çəmən 
üzərində oturduq. Tortu ortaya qoyub şəkil çəkdim. Həmid 
tortu  kəsəndə  başını  qaldırdı,  gözlərini  gözümə  dikərək 
dedi:  “Fərzanə,  çəkdiyin  zəhmətə  görə  minnətdaram. 
Düzü, bir söz demək istəyirəm, amma narahat olacağından 
qorxuram”. 
Ürəyim  yerindən  qopdu.  Ağzıma  qoyduğum  tortu  uda 
bilmədim. Ağlıma min cür fikir gəldi. Əlimlə işarə verdim 
ki, narahat olmasın. Çox ciddi şəkildə dedi: 
-Fərzanə, sən mənim fikirləşdiyim kimi deyilsən. 


 
95 
Bu  sözü  eşidəndə  sanki  dünya  başıma  uçdu.  Nə 
edəcəyimi,  ne  deyəcəyimi  bilmirdim.  Dedim  ki,  yəqin, 
məhrəm  olduğumuz  ilk  anlardakı  rəftarım  onu  incidib. 
Zarafata  mənə  “buz  dağı”  demişdi,  amma  indi  çox  ciddi 
idi. 
-Necə  yəni,  Həmid?  Mən  yaxşı  həyat  yoldaşı  olmaq 
üçün əlimdən gələni edirəm. 
Öz aləmimdə bir neçə dəqiqəlik fikrə daldım. Qətiyyən 
danışmırdı. Torta dilini belə vurmadı. Mənim bir quş kimi 
çırpındığımı  görəndən  sonra  görkəmi  dəyişdi,  ucadan 
gülüb dedi: 
-Təbii  ki,  mən  fikirləşdiyim  kimi  deyilsən,  ondan  da 
üstünsən. Sən möhtəşəmsən. 
Yaxşı  ki  şəhidlərin  yanındaydıq,  yoxsa  ona  nə 
deyəcəyimi  yaxşı bilirdim. Ürəyimi partlatmağı çox yaxşı 
bacarırdı. 
Günbəgün  ona  daha  çox  bağlanırdım,  yoxluğu  məni 
incidirdi. Hətta bir neçə saatlığa işə gedəndə də yoxluğunu 
hiss etməyim deyə, başımı dərslə qatırdım. 
Mayın  əvvəlləri  idi.  Həmid  tibbi  təlimlərdə  iştirak 
etmək üçün üç aylıq Məşhədə  getməli idi. Heç vaxt onun 
inkişafına mane olmaq istəmirdim. Keçdiyi hər mərhələdə 
onu  həvəsləndirirdim.  Ancaq  üçaylıq  ayrılıq  mənim  üçün 
də, Həmid üçün də, həqiqətən, çətin idi. 
Mayın  altısı  Həmidin  qardaşı  qızı  Reyhanənin  ad 
gününə  getmişdik.  Ertəsi  gün  gec  olsa  da,  bizə  gəldi. 
Quranın altından keçdikdən sonra sağollaşıb getdi. 
Həmidin  arxasınca  su  tökəndən  və  içəri  girib  qapını 
örtəndən  darıxmağa  başladım.  Mən  “Nur  yolçuları” 
səfərinə  gedəndə  Həmid  mənə  bu  halı  yaşadığını  deyirdi. 
Sanki  özüylə  bərabər  ürəyimi  də  aparmışdı.  Yol  boyunca 
iki-üç  dəfə  zəng  etdim.  Avtobusda  olduğu  üçün  rahat 


 
96 
danışa  bilmirdi.  Ertəsi  gün  hələ  sübh  namazının 
səccadəsindən qalxmamış zəng elədi. 
-Burda,  təlim  düşərgəsində  gözəl  yasəmən  gülləri 
yetişib.  İndi  onların  yanından  danışıram.  Bu  güllərdən 
sənin səccadənin ətri gəlir. 
Səccadəmin  arasına  qoyduğum  qurumuş  yasəmən 
gülünü iyləyib dedim: 
-Nə  gözəl!  Onda  hər  axşam  danışacağımız  yer  o 
yasəmən güllərinin yanı olsun. 
Demək  olar  ki,  hər  axşam  danışırdıq.  Səhər  tezdən 
ayaqqabımı  geyinib  universitetə  gedəndən  evə  qayıdana 
qədər  baş  vermiş  hər  şeyi  danışırdım.  Həmid  də  keçdiyi 
təlimlərdən danışırdı. 
İkinci  həftədən  başlayaraq  mənim  üçün  və  ata-anası 
üçün  çox  darıxmağa  başlamışdı.  Hər  dəfə  zəng  edəndə 
məndən  soruşurdu:  “Ata-anamı  görməyə  getmisən?” 
Bibim  və  atası  barədə  danışanda  necə  darıxdığını 
telefondan hiss edirdim. Nəhayət, bir ay yarımlıq müddət, 
bütün çətinliklərinə rəğmən, geridə qaldı. 
Təlim  arası  bir  neçə  günlük  istirahət  vermişdilər.  Onu 
görməyə  səbirsizlənirdim.  Hər  ikimizin  səbri  tükənmişdi. 
Məşhəddən  avtobusa  minən  andan  durmadan  zəng  edirdi. 
Mən  də  harada  olduğu,  nə  etdiyi,  nə  zaman  çatacağı 
barədə  soruşurdum.  Avtobusun  hərəkət  etmədiyini  hiss 
edirdim.  Sanki  zaman  durmuşdu.  Bütün  səbrimi 
itirmişdim. Hər danışanda soruşurdum: “Hələ çatmamısan, 
Həmid?”  Deyirdi:  “Təəssüf  ki,  yox”.  Belə  vaxtlarda 
düşünürdüm  ki,  kaş  aşiqlərə  Süleymanın  uçan  xalçasını 
verə biləydim, gözləri bu qədər yolda qalmazdı! 
Birdən yadıma düşdü ki, yarımçıq qalmış işlərim var və 
Həmid  çatmazdan  qabaq  həll  etməliyəm.  Səhər  saat  8-də 
tələsik  evdən  çıxdım.  O  qədər  tələsirdim  ki,  nişan 


 
97 
üzüyümü  taxmağı  unutdum.  Axırıncı  dəfə  zəng  edəndə 
Qəzvinin  yaxınlığındaydı.  Səbzə  meydana  görüş  təyin 
etdik.  Bir-birimizi  görəndə  sadəcə  əlimizdən  tuta  bildik. 
İstədiyim tək şey ona doyunca baxmaq idi. Əlimi tutanda 
barmağımda üzüyün olmadığını görüb soruşdu: “Yəni mən 
olmayanda  üzük  taxmırdın?”  Hər  şeyə  fikir  verirdi.  Hər 
bir halda yalnız ona aid olmağımı istəyirdi. Barmağımdakı 
üzüyün ifadə  etdiyi məna onun üçün  çox önəmli idi. Min 
bir  əziyyətlə  anlada  bildim  ki,  üzüyü  onu  görməyə 
tələsdiyimdən evdə unutmuşam. 
Ürəyim hər şey üçün darıxırdı; piyada yol getməyimiz, 
dondurma  yeməyimiz,  onun  zarafatları,  bir  sözlə  hər  şey 
üçün.  Qəzvində  qalacağı  bir  neçə  gündə  bir  an  da  ondan 
ayrılmaq  istəmirdim.  Bibim  Həmidə  zəng  vurub  nahar 
üçün hazırlıq gördüyünü və bizi gözlədiyini bildirdi. 
Həmid  yeməkdən  sonra  çamadanını  açdı.  Bizə  çoxlu 
hədiyyə  gətirmişdi.  Mənə  bir  neçə  dəst  paltar  almışdı. 
Paltarları  çamadanında  səliqə  ilə  qatlamış,  hər  birinin 
arasına  gül  qoymuş,  hamısına  ətir  vurmuşdu.  Bibim 
Həmidin  bu  səliqəsini  görüb  zarafata  dedi:  “İnanmağım 
gəlmir  ki,  sən  alış-verişdən  qaçan  Həmidsən.  Axı  əlini 
ağdan-qaraya  vurmazdın,  ay  Həmid!  Qız  gərək  bütün 
paltarlarını  özü  ər  evinə  aparsın,  ancaq  sən  hər  şeyi 
almısan”.  Bibim  bunu  deyən  kimi  hamımız  gülməyə 
başladıq.  Görünür,  təlim  keçilməyən  saatlarda  məni  necə 
sevindirəcəyini düşünürmüş. 
Havanın  çox  isti  olmasına  baxmayaraq,  Qəzvində 
olduğu  bir  həftənin  bütün  günlərini  birlikdə  keçirdik. 
Müxtəlif  yerlərdə  görüş  təyin  edirdik.  Hətta  insanların 
kölgə  axtardığı  vaxtlarda  belə  hər  anımızı  birlikdə 
keçirməyə çalışırdıq. 


 
98 
Təlimdə  günlərinin  əksinə  olaraq,  bu  bir  həftə  çox  tez 
keçdi,  təlimləri  davam  etdirmək  üçün  yenidən  Məşhədə 
qayıtmalı  oldu.  İkinci  ayrılıq  birincidən  də  çətin  oldu. 
Sağollaşanda çalışdım ki, narahatlığımı büruzə verməyim. 
Bilirdim  ki,  onun  işi  bu  təlimlərə,  ezamiyyətlərə  bağlıdır. 
Hər sağollaşanda giley-güzar etsəydim, ruhiyyəsinə mənfi 
təsir göstərərdi. 
Öncəki  səfərində  yoluna  hazırladığımız  yemək  onu 
incitdiyinə  görə  bu  dəfə  evdə  hazırlanmış  sendviç 
qoydum.  Yola  salandan  sonra  elə  oradaca  hovuzun 
yanında  oturub  durmadan  ağladım,  öz-özümə  dedim: 
“Bizim  bəxtimiz  yoxdur,  nişanlı  günlərimizin  əvvəli 
payıza,  qışa  düşdü,  gün  qısa  olduğuna  görə  bir-birimizlə 
çox  vaxt  keçirə  bilmədik.  İndi  günlər  uzanıb,  amma 
Həmid yoxdur”. 
Onsuz günlərim əzab-əziyyət içində keçirdi. Beynimdə 
xəyallar  qururdum,  təsəvvür  edirdim  ki,  Həmid  yanımda 
olsaydı,  gedərdik  Çaharsütuna,  ya  da  Nuruş-şühədaya. 
Ürəyim 
Həmidin 
şirin 
dilindən 
və 
mehriban 
davranışlarından  ötrü  alışıb-yanırdı.  Xüsusən  də  23 
iyunda,  nişanlandığımızdan  sonra  keçirdiyim  ilk  ad 
günümdə  yanımda  deyildi.  Zəng  edib  təbrik  etdi,  xeyli 
zarafatlaşdı.  Onun  yoxluğuna  görə  çox  narahat  idim.  Bu, 
mənə əzab verirdi. 
Məncə,  Həmid  mənim  narahat  olduğumu  anlamışdı. 
Telefonda  danışandan  sonra  mesaj  yazdı.  Şeir  göndərmiş, 
məni  “qürrətül-eyn”,  yəni  gözümün  işığı  adlandırmışdı. 
Bir neçə duyğulu cümlə də yazmışdı. Əgər istəsəydi, yaxşı 
şair olardı. Həm  yaxşı duyğusal  cümlələr  yazırdı, həm də 
poetik  istedadı  vardı.  Yazdığı  hər  bir  sözündən  necə 
darıxdığını  hiss  etmək  olurdu.  Bütün  cümlə  və  şeirləri 
özünün yazdığını bilsəm də, halını dəyişmək üçün yazdım: 


 
99 
“Həqiqətən, gözəl cümlələrdir. Hansı kitabdan seçmisən?” 
Məsumcasına yazdı: “Məni ələ salmısan, ay qız? Bunların 
hamısı  öz  əl  işimdir”.  Yazdım:  “Zarafat  edirəm,  əzizim! 
Yazdığın  hər  kəlmə  mənə  əzizdir.  Hamısını  dəftərə  yazıb 
yadigar saxlayıram”. 
Ertəsi gün zəng edəndə dünən yazdığı şeiri ona oxumaq 
istədim. Şeirlərinin özünəməxsus rəvanlığı və ritmi var idi. 
Özümdən  bir  ritm  uydurub  oxumağa  başladım.  Hamısını 
səhv  deyir,  oxuyarkən  əllərimi  oynadırdım.  Ancaq  nə 
etsəm  də,  şeirin  ritmini  lazımınca  tuta  bilmədim.  Həmid 
dedi: 
-Bu  cür  şeir  oxumağınla  mənim  bütün  hisslərimi 
korladın. 
İkimiz də güldük. 
-Yaxşı, Həmid! Mən bacarmadım, özün oxu. 
Özü  hər  şeyi  düz  oxudu.  Vəzn,  qafiyə,  ritm  -hər  şey 
qaydasındaydı. Şeirin ortasında dayandı, sonra dedi: 
-Əzizim,  mən  oxuyuram,  maraqlı  gəlmir.  Sən  oxu,  bir 
az gülək. 
Məşhəd təlimləri iyul ayının onunda sona çatdı. Həmid 
əla qiymətlərlə qəbul olmuşdu, iyirmidən on doqquz, ya da 
iyirmi  almışdı.  Mən  də  imtahanlarımı  çox  yaxşı 
vermişdim.  Yenə  qayıdanda  çoxlu  hədiyyə  almışdı. 
Xüsusən  də  çox  gözəl  bir  ətir  almışdı,  onu  işlətməyə 
ürəyim  gəlmirdi,  qurtaracağından  qorxub  çox  az-az 
vururdum.  Mənə  verdiyi  ən  kiçik  şeydən  də  ikiəlli 
yapışmaq istəyirdim. 
Əvvəllər  deyirdim  ki,  mən  hara,  eşq  hara;  mən  hara, 
aşiq  olmaq  hara;  mən  hara,  vurulmaq  hara?!  Ancaq  indi 
Həmid mənim hər şeyim olmuşdu. Bütün vücudumla aşiq 
olduğumu hiss edirdim. 


 
100 
Məşhəddən  qayıdandan  bir  neçə  gün  sonra  xəstələndi. 
Düşündüm  ki,  yəqin  təlim  şəraitinə  görə  belə  olub. 
Birlikdə Heydəri küçəsində  yerləşən Pakrəvan klinikasına 
getdik.  Həkim  serum  yazdı.  Tibb  bacısı  damarını  tapana 
qədər  iki-üç  dəfə  qoluna  iynə  saldı.  İlk  dəfə  idi  ki, 
başqasına  iynə  vururdular,  ancaq  ağrısını  mən  hiss 
edirdim; ilk dəfə idi ki, başqası xəstələnirdi, ancaq mənim 
halım pisləşirdi. 
Serum  qurtarana  qədər  yanında  qalmağa  icazə  aldım. 
Çantamdan  Quran  çıxardım.  Mənim  halım  ondan  pis 
olmuşdu.  Onun  acı  çəkməsinə  dözə  bilmirdim.  Quranı 
açıb  oxumağa  başladım.  Həmid  dedi:  “Xanım,  ucadan 
oxu.  Tərcüməsini  də  oxu.  Bu  dərmanların  hamısı 
bəhanədir. Əsl şəfa Allahın əlindədir”. 


 
101 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə