ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə16/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

___________________Milli Kitabxana__________________
Od tutub yanırdı Vaqifin goru,
Natəvan ah çəkib, ağı deyirdi.
Usta toxunmuşdu hiylənin toru,
Hələ ki sözünü yağı deyirdi.
Vidadi Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifin qəbrinə sarı.
Qurtarın! - deyirdi milləti dardan,
Qurtarın! - deyirdi bu torpaqları.
Gözündə yaş gördüm, yanağında nəm,
Cıdır düzündəki "Xarı bülbül"ün.
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün.
Ocaq yerlərində qalanırdı kül,
İsa bulağından qan fışqırırdı.
Susmuşdu Üzeyir, susmuşdu Bülbül,
Düşmən "mənəm" deyib, boğaz cırırdı.
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı...
KƏLBƏCƏRDƏN
GƏLƏN QARI
Ərişindən, arğacından,
Sürüsündən, arxacından,
Meşəsindən, ağacından
ayrı düşən,
Allı-güllü alçasından,
Lilparından, dolçasından,
Hanasından, xalçasından
ayrı düşən,


___________________Milli Kitabxana__________________
Barını yellər aparan,
Baxtını sellər aparan,
Qazancını-irəncini
Fitnələr, fellər aparan,
Canı üzgün, rəngi sarı –
Kəlbəcərdən gələn qarı.
Üzündə rüzgarın nəmi,
Gözündə dünyanın qəmi,
Kürəyində əsrin yükü,
Ürəyində dərdin kökü,
Çiynində evi, şələsi,
Beynində topların səsi,
Tökülən gözünün yaşı,
Sökülən bağrının başı,
Canında qışın sazağı,
Saçında dağların qarı,
Bir yuvanın uçan quşu –
Kəlbəcərdən gələn qarı.
Təzəsi, köhnəsi gedən,
Çörəyi, təhnəsi gedən,
Arxının suyu dağılan,
Sökülüb dəhnəsi gedən,
Bir zamanlar çox sevdiyi
Dünyadan zəhləsi gedən,
Pətəyindən ayrı düşüb,
Səs-səmirsiz ölən an –
Kəlbəcərdən gələn qarı.
Dan atmamış yerdən durub,
Günəşdən tez doğasıydı.
Buzovunu əmizdirib
İnəyini sağasıydı.
Bişirməyin, düşürməyin
Dilbiləni, anasıydı.
Sərnici dolub-boşalıb,


___________________Milli Kitabxana__________________
Nehrəsi çalxanasıydı.
Ondan ötrü bülbüllərin
Yuvasını hardan alım?
Ondan ötrü Kəlbəcərin
Havasını hardan alım?
Bağbanına güllə dəymiş,
Bir bağçanın solan barı –
Kəlbəcərdən gələn qarı.
Dağ-dağ olmuş dağımdımı,
Talan olmuş binəmdimi?
Zülüm çəkmiş başımdımı,
Yaralanmış sinəmdimi?
Oğlu ölmüş anadımı,
Yurdu itmiş nənədimi?
Birdən-birə dərəsi düz,
Dağı dönüb aran olan,
Eşqi sönən, çarxı dönən,
Od-ocağı viran olan,
Qapısına-bacasına,
Məhləsinə qırğın düşən,
Qaçaqaçda, qovhaqovda
Tor-top olub yorğun düşən,
Dərdin dostu, qəmin yarı –
Kəlbəcərdən gələn qarı.
Yanğın düşən bir meşədi,
Boyun bükən bənövşədi.
Qəlbi qara daşa dəyib
Pul-pul olan bir şüşədi.
Bəxti düyünə düşəndə
Ağlamaq da bir peşədi.
İlin, günün bu vaxtında
Onu belə duran görsə,
Şəmşir ağlar zarı-zarı
Saz üstündə qan-yaş tökər
Kəlbəcərdən gələn qarı.


___________________Milli Kitabxana__________________
Ömrümüzdən ömür kəsən
O qarının baxışı da,
Baxışdakı buludu da,
Buluddakı yağışı da,
Onu yurda qaytarmağa
Qeyrət gəzir, ağıl gəzir.
Onu yurda qaytarmağa
Bir xilaskar oğul gəzir.
Onu yurda qaytarmasaq,
O qarının baxışları
Üzümüzə dəyən şillə!
Başımıza enən qapaz,
Gözümüzə dəyən güllə!
Daha bəsdi durmağımız,
Daha bəsdi yatmağımız.
Daha bəsdi bu millətin
Günahına batmağımız,
Gəlin, bir az silkələnək!
Gəlin, bir az heyrətlənək!
Gəlin, bir az qeyrətlənək!
Əlimizi yalın görüb,
Tüpürməsin bizə, barı –
Kəlbəcərə qayıdanda
Öpsün bizim alnımızdan,
Kəlbəcərdən gələn qan!!!
DÜNYA, DƏRDİN ÇƏKİLƏSİ
DƏRD DEYİL
Yüngül olsa öhdəsindən gələrdim,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Təkbaşına çəkə-çəkə ölərdim,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Polad sındı, dəmir yandı, mum oldu,
Sal qayalar toza döndü, qum oldu.


___________________Milli Kitabxana__________________
Sarayların yeri qara şum oldu,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Çaqqalların uladıqca uladı,
Tülkülərin quyruğunu buladı.
Pələng öldü, pişik meydan suladı,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Qara əllər sinəmizə köz basır,
Bəd əməllər yaramıza duz basır.
Yüz daldala, yüz malala, yüz basır,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Can yandıran odlu ahdan qorxuram,
Qanlar tökən hər silahdan qorxuram.
Həm bəndədən, həm Allahdan qorxuram,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Dinsiz olub insaflılar, dinlilər,
Qılınc çəkir qəzəblilər, kinlilər.
Cin atına yaman minib cinlilər,
Dünya, dərdin çəkiləsi dərd deyil.
Çirkaba bax, palçığa bax, lilə bax,
Lil içində yatıb qalan filə bax.
"Bizimki də qara gəldi belə, bax",
*
Dünya, dərdin çəkiləsi dərd deyil.
TORPAQ KİMİ
Təbiətin min nəğməli səsiyəm,
Bulaq eşqim, çay həsrətim, göl məzəm.
Demək, hələ yer üzündə rufan var,
Nə zaman ki danışmazam, dinməzəm.
"Əsli-Kərəm" dastanından


___________________Milli Kitabxana__________________
Toya, yasa, dərdə, kefə gəlmişəm,
Bir şərəfdi, bu şərəfə gəlmişəm.
Mən dünyaya bircə dəfə gəlmişəm,
Daha bir də gəlməzəm ki, gəlməzəm.
Çiçək oldum, çəmənimi böldülər,
İnsan oldum, bədənimi böldülər.
Çox da mənim Vətənimi böldülər,
Mən özümü bölməzəm ki, bölməzəm.
Nələr salır ömür yada, gün yada,
Bizlə enir, bizlə qalxır dünya da.
Dağlar kimi ucaldımsa dünyada,
Torpaq kimi ölməzəm ki, ölməzəm!
DÜNYA
Vaxtında uzadıb kömək əlini,
Vermədin mənimlə əl-ələ, dünya!
Nəyimə gərəkdi vaxtı keçəndə,
Göydən qızıl yağdır, ləl ələ, dünya!
Acı yel üstümdən əsdikcə əsdi,
Yağan qar yolumu bağladı, kəsdi.
Gəl, məni bu qədər yandırma, bəsdi,
Mən ki nə Kərəməm, nə Lələ, dünya!
Yolsuz yoxuşlarda yordum dizləri,
Ahımla qurutdum göy dənizləri.
Qaldı kürəyimdə kəndir izləri,
Dərdi dərd üstündən şələlə, dünya!
Aşılmaz dağları mən necə aşım,
Zəlimxan, fikirdən çatılıb qaşım.
O sənin daşındı, bu mənim başım,
Nə qədər istəsən, gəl, ələ, dünya!


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə