ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə14/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

___________________Milli Kitabxana__________________
İnsan başqa, dövran başqa təbdədi,
Ümidimiz dərmandadı, həbdədi.
Aman Allah, qul bazarı dəbdədi,
Qul dərdini gəlib mənə danışır.
Söyə-söyə ocağını, pirini
Sındırıblar salamatı, dirini.
Əl ağacı vermir əlin yerini,
Şil dərdini gəlib mənə danışır.
Qartal baxar zirvələrdə nəşəyə,
Dağ kəlləri naxış olar meşəyə.
Atdan alıb yükləyiblər eşşəyə,
Gül dərdini gəlib mənə danışır.
Nə olsun ki soyuq-soyuq yel əsir,
İnsan yenə yaşamağa tələsir.
Diz bükülür, baş titrəyir, əl əsir,
Bel dərdini gəlib mənə danışır.
Kənd alışır, şəhər yanır içimdə,
Qəm qovrulur, kədər yanır içimdə.
Kim nə bilsin, nələr yanır içimdə,
Çöl dərdini gəlib mənə danışır.
Dərddi, qəmdi hər tin, döngə, hər dalan,
Nə dərd olsa, mərd daşıyan, mərd alan.
Dərd alanam, dərd alanam, dərd alan,
El dərdini gəlib mənə danışır.
Min pərdəyə, min bir simə danışsın,
Kimi var ki, getsin kimə danışsın?
Dilə gəlib yolsuzların əlindən,
Yol dərdini gəlib mənə danışır.
Az dərdini özgələrlə bölüşən
Bol dərdini gəlib mənə danışır.
25 sentyabr 2000


___________________Milli Kitabxana__________________
QALASIYAM
Borçalı oğullarının dilindən
Yağlı loğma saymasın heç kəs məni dünyada,
Nə quşa yem olası, nə qurda qalasıyam!
Gözlərimin nurudu doğulduğum bu torpaq,
Nur məndə qalasıdı, mən nurda qalasıyam!
Ey anamın göz yaşı, ey atamın başdaşı,
Ey mənim dağlarımın qəmdən çatılan qaşı,
Dar ayaqda dayanıb sizin ilə yanaşı,
Bu elə, bu obaya, bu yurda qalasıyam!
Onsuz mənim ömrümün yaşılı, alı yoxdur,
Onsuz mənim bəxtimin atı var, nalı yoxdur.
Borçalıdan savayı ayrı Borçalı yoxdur,
Dünya köç-köç olsa da, mən burda qalasıyam!
DÖZMÜRƏM BU DAĞIN
YIXILMAĞINA
Bu dağ özülündən aşmamalıydı,
Bu dağ öz fikrində çaşmamalıydı.
Başını başlara qoşmamalıydı,
Dözmürəm bu dağın yıxılmağına.
Topəni özümə dərd eləməzdim,
Heyrətdən gözümü dörd eləməzdim.
Vallah, yıxılanı pərt eləməzdim,
Dözmürəm bu dağın yıxılmağına.
Gülünün neməti, həyası qaçıb,
Halal nemətinin mayası qaçıb.
Kökü silkələnib, qayası qaçıb,
Dözmürəm bu dağın yıxılmağına.


___________________Milli Kitabxana__________________
Yadımda dəhşətli bircə an qalıb,
Ondan nə nişanə, nə ad-san qalıb.
Hələ də yerində toz-duman qalıb,
Dözmürəm bu dağın yıxılmağına.
Zümrüd bulaqların şüşəsi getdi,
Palıdı qırıldı, meşəsi getdi.
Bütün canlıların nəşəsi getdi,
Dözmürəm bu dağın yıxılmağına.
Dağlar yıxıldıqca ruhumuz ölür,
Mehimiz can verir, şehimiz ölür.
Təbiət adlanan şahımız ölür,
Dözmürəm bu dağın yıxılmağına.
Bu dağ sinəmdəki Vətən dağıdı,
Ruh dağı, can dağı, bədən dağıdı.
Dərd mənim ruhumu nədən dağıdır?
Dözmürəm bu dağın yıxılmağına.
Qırılar qanadı eşqin, həvəsin,
Tükənər sevinci ruhun, nəfəsin.
İlahi! Dağını yıxma heç kəsin,
Dözmürəm bu dağın yıxılmağına.
21 yanvar 2002
NECƏ BARIŞDIRIM KÜSƏNLƏRİ MƏN
Biri taleyindən, baxtından küsür,
Biri zamanından, vaxtından küsür.
Biri Allahının ögeyliyindən,
Biri öz şahının taxtından küsür,
Necə barışdırım küsənləri mən?
Biri boynundakı kəndirdən küsür,
Biri qolundakı zəncirdən küsür.


___________________Milli Kitabxana__________________
Birinin ürəyi şüşətək sınır,
Biri bircə kəlmə təhqirdən küsür,
Necə barışdırım küsənləri mən?
Göz qəmli, can üzgün, könül pərişan,
Doğmayla barışmır yadla barışan.
Şeytan öz işində, öz əməlində,
Gülür qarışdıran, sınır qarışan,
Necə barışdırım küsənləri mən?
Biri bəndə düşür, biri bərəyə,
Biri dağa baxır, biri dərəyə.
Kor olmuş gözlərim baxsın, neyləsin
Ürək bulandıran bu mənzərəyə?
Necə barışdırım küsənləri mən?
Çırağı narazı, şamı narazı,
Sarayı narazı, damı narazı.
Bir razı qalana rast gəlmədim mən,
Dağılmış dünyadan hamı narazı
Necə barışdırım küsənləri mən?
Ahım Ağrıdağm başına çatır,
Gücüm gözlərimin yaşına çatır.
Ömrüm altımışa çatır, ha çatır,
Yaşım peyğəmbərin yaşına çatır,
Necə barışdırım küsənləri mən?
Ozanı, dədəni, ulunu göstər,
Bizi barışdıran qulunu göstər.
Necə barışdıraq, necə barışaq,
İlahi, gəl, bizə özün kömək ol,
Bizə barışmağın yolunu göstər,
Necə barışdırım küsənləri mən?
Necə barışdırım küsənləri mən?
3 aprel 2002


___________________Milli Kitabxana__________________
SƏNDƏN DİLİ BİLƏN OLMAZ
"Nur" sözündən nurlanmasan,
"Qor" sözündən qorlanmasan,
"Bar" sözündən barlanmasan,
Səndən dili bilən olmaz.
Ruhunda "Heyratı" yoxsa,
Eşqin min bir qatı yoxsa,
Dilində bayatı yoxsa,
Səndən dili bilən olmaz.
Sözün yolu, izi nədir,
Sehrləyən bizi nədir?
Bilməsən ki, xəzinədir,
Səndən dili bilən olmaz.
Dərd duymasan, ah bilməsən,
Öz dilini şah bilməsən,
Ananı Allah bilməsən,
Səndən dili bilən olmaz.
Qanında bir səylik varsa,
Canında bir keylik varsa,
Ruhunda ögeylik varsa,
Səndən dili bilən olmaz.
Nə bir qəlbin alovusan,
Nə bir çaxmağın qovusan.
Özgə dillərin ovusan,
Səndən dili bilən olmaz.
Bir qəlbin min gülüstanı,
Bir ömrün neçə dastanı.
Duymasan "Şəbi-hicran"ı,
*
Səndən dili bilən olmaz.
Füzulinin məşhur qəzəlinə işarədir.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə