ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

___________________Milli Kitabxana__________________
Bircə gün üzünə gülmədi həyat,
Əlli il döyüşdü Yasir Ərəfat.
Yollar yeriməkdən yol qabar oldu,
Azadlıq deməkdən dil qabar oldu.
Yorulmaq bilmədi Vətən deməkdən,
"Hanı insaf", - dedi, "hanı din", - dedi.
Səsi yetişmədi kar qulaqlara,
"Fələstin" - söylədi, "Fələstin" - dedi.
Dil açıb dinəndə dili titrədi,
Əlini tərpətdi, əli titrədi.
Düşdü qapı-qapı qürbət ellərə,
Üzündə həsrətin yeli titrədi.
Onu qoymadılar dövlət olmağa,
Qaldı gözlərində bayraq yanğısı,
Dəldi ürəyini torpaq yanğısı,
Deşdi kürəyini torpaq yanğısı.
Bədbəxt yer üzünə qədəm basanda,
Doğulur, yatmağa beşiyi olmur.
Küməsi dağılır, koması uçur,
Bir yurdu, bir evi, eşiyi olmur.
Ayaq var, geyməyə ayaqqabı yox,
Baş var, geyinməyə papağı yoxdur.
Allahın altında bir qarış yeri,
Əkməyə bir ovuc torpağı yoxdur.
Bədbəxtlik bədbəxtin başından basır,
Qara gün özündən qabaq doğulur.
Müqəddəs analar məndən küsməsin,
Bədbəxt doğulanlar nahaq doğulur.
Dodağı qurusa, su verən olmur,
Gözünü göynədir bulaq yanğısı.
Taleyi üzünə gülməyən kəsin
Yandırır canını torpaq yanğısı.
Torpağı əlindən gedən kimsələr,
Min il yaşasa da, mənası yoxdu.
Ocağı alışmaz, Günəşi doğmaz,
Dünya var, dünyada dünyası yoxdur.


___________________Milli Kitabxana__________________
Məzarı yad yerdə qazılanların,
Əvvəli olsa da, sonrası yoxdu.
Çox olar yetimə gəl-gəl deyənlər,
Çörək verənlərin sayı az olar.
Qazancı qapazdı, yediyi yumruq,
Tanınmaq istəyər, tanınmaz olar.
Arxası olmayan millətə yazıq!
Meydanda tək qalan qeyrətə yazıq!
Vətən deyiləndə Vətənsiz bilər,
Nədir dil yanğısı, dodaq yanğısı.
Hamının canında torpaq eşqi var,
Hamının canında torpaq yanğısı!!!
Arxalı köpəklər səs-səsə verdi,
Cumdu irəliyə qurd basa-basa.
Günbəgün çoxaldı xarabalıqlar,
Yurdunu aldılar yurd basa-basa.
Budur yağıların fikri, niyyəti.
Haqqını deməyə haqqın çatmasın,
Ağzın qıfıllansın, mumlansın gərək.
Şəhid məzarından əsər qalmasın,
Kotanlar ağzında şumlansın gərək
Nə böyük dəhşətdi, nə böyük ağrı,
Gözün görə-görə torpağın gedə,
Səni basdırmağa torpaq olmaya.
Ağacın quruya, suyun kəsilə,
Üstündə kölgəlik, bulaq olmaya.
Nahaqqın əlində oyuncaq olub,
Haqqına can atan bu haqq yanğısı.
Bu gün yer üzündə bircə yanğı var,
Torpaq yanğısıdı, torpaq yanğısı.
Torpağın yoxdursa, əl üz həyatdan,
Doğulma, böyümə, yaşama, ölmə!
Dünyadan getməyə yerin yoxdusa,
Başını ağrıdıb dünyaya gəlmə.
Gəldinsə, qurtardı, axırın itdi,
Yağış yağmayacaq, nur yağmayacaq,
Hər gün daş yağacaq daşının üstə.


___________________Milli Kitabxana__________________
Qarğa qarıldayıb, bayquş ötəcək,
Yarasa gəzəcək başının üstə.
Ağırdı zamanın, vaxtın şərtləri,
Bilirəm, bilirəm mən bu dərdləri.
Çoxdan tanıyıram bu alçaqları,
Çoxdan tanıyıram bu namərdləri.
Torpaq itirənin biri də mənəm,
Yandırır əlimi varaq yanğısı.
Bu gün mən özüm də başdan-ayağa
Torpaq yanğısıyam, torpaq yanğısı.
İstanbul, Alatürk köşkü. 13 noyabr 2004
YELDAĞI HAQQI
Qocaman Borçalıda dağlar qoynunda Kəpənəkçi adlı bir qoca kənd var.
Məni dünyaya gəlirən bu kənddə sökəkli "Yeldağı " adında bir ziyarət dağı var.
Neçə yüz illərdir  ki,  bu  kəndin  camaatı  and  içəndə "Yeldağı  haqqı"  deyib,  onun
başına and içir. Müqəddəs arzulara qovuşmaq üçün onun ətəyində ziyarət daşının
yanında qurbanlar kəsirlər.
Adını dilimdə and eləmişəm,
Sözünü dilimdə qənd eləmişəm.
Ömrümü ömrünə bənd eləmişəm,
On ilin, yüz ilin söhbəti deyil,
Mən onu min ildi kənd eləmişəm.
Mən ondan doymaram, Yeldağı haqqı.
Borçalı ürəkdi, baş Kəpənəkçi,
Borçalı tarixdi, yaş Kəpənəkçi,
Borçalı üzükdü, qaş Kəpənəkçi.
Qaşın özünü yox, tozunu belə
Heç kəsə qıymaram, Yeldağı haqqı.
Oduna, közünə, hissinə qurban,
Dumanına qurban, sisinə qurban.
Yaxşılar qibləmdi, qibləgahımdı,
Əgər pisi varsa, pisinə qurban.
Şeytana uymaram, Yeldağı haqqı.


___________________Milli Kitabxana__________________
Hələ təzə-təzə açılır qatı,
Dərindir yaddaşı, xalisdir zatı.
Gecəsi nağıldı, axşamı dastan,
Sevgisi dilimdə qoşma, bayatı.
Onun barəsində min kitab yazam,
Döşümə döymərəm, Yeldağı haqqı.
Getdim Çin səddinə, mənimlə getdi,
Peyğəmbər doğulan bir məmləkətə,
Məkkə sərhədinə mənimlə getdi.
Kəbənin içində adını çəkdim,
Ucalıq həddinə mənimlə getdi.
Onsuz keçirdiyim vaxtı, vədəni,
Ömürdən saymaram, Yeldağı haqqı.
Əlimdə silahdı, sinəmdə sipər,
Qanımda qeyrətdi, canımda təpər.
Onu qorumağa, əzizləməyə,
Gözüm göz muncuğu, kirpiyim çəpər,
Çopur qayasını, qara daşını
Gözümdən qoymaram, Yeldağı haqqı.
Gül kimi açılmış bənizim olar,
Damlası böyüyüb, dənizim olar.
Qayıdıb Allahın yoluna gələr,
Pisi də çevrilib əzizim olar.
Kimsə bir daş atıb xətrinə dəysə,
Sancaram başına Kəpənəkçinin,
Xətrinə dəymərəm, Yeldağı haqqı.
Ölümü, əcəli qoymaram yaxın,
Bez-kəfən geymərəm, Yeldağı haqqı.
Min il də hüsnünə nəğmələr qoşsam,
Ulu görkəmindən, tamaşasından,
Doymaram, doymaram, Yeldağı haqqı!!!
1 fevral 2005


___________________Milli Kitabxana__________________
MƏNİM BORÇALIDA QALAN İLLƏRİM
Körpəliyim idi, kövrək, rəhmli,
Uşaqlığım idi, ayıq, fəhmli.
Cavanlığım idi, ötkəm, zəhmli,
Mənim Borçalıda qalan illərim.
Gecə danışırdım ulduzla, Ayla,
Gündüz görüşürdüm çeşməylə, çayla.
Getdi əllərimdən hayla-harayla,
Mənim Borçalıda qalan illərim.
Atamın qəbritək ziyarətimdi,
Anamın səbritək məşəqqətimdi.
Mən onsuz yetiməm, mənsiz yetimdi,
Mənim Borçalıda qalan illərim.
Aran bir qoluydu, dağ bir qoluydu,
Çəmənlə, çiçəklə, nurla doluydu.
Haqqa qovuşmaqçün haqqın yoluydu,
Mənim Borçalıda qalan illərim.
Ulu gözəlliyə bənd yerim oldu,
Oymaq yerim oldu, kənd yerim oldu.
Tövbə yerim oldu, and yerim oldu,
Mənim Borçalıda qalan illərim.
Fikrin gözəlidi, sözün xasıdı,
Görüş bayramıdı, həsrət yaşıdı.
Dünyanın ən qədim saz havasıdı
Mənim Borçalıda qalan illərim.
Sarvan dağlarıdı, Ləlvərdi, Lökdü,
Həsrəti içimi doğradı, tökdü.
Ayrılıq anında göz yaşı tökdü.
Mənim Borçalıda qalan illərim.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə