ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə21/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   17   18   19   20   21   22   23   24   ...   50

___________________Milli Kitabxana__________________
Səsi boğazında quruyub qalan,
Yuvası dağılmış quşlar ordadı,
Gözümdən süzülən mində biriymiş,
İçimə tökülən yaşlar ordadı.
İşini görürmüş məndən xəbərsiz,
Üstümə atılan daşlar ordadı.
Qələmlə vurulan səssiz güllələr,
Söz ilə kəsilən başlar ordadı.
Alnıma yazılan qədər var imiş,
Ya Rəbbim, ürəkdə nələr var imiş!
Əsir götürdülər filankəsləri,
Filankəs tapılmır, itdi, bəd xəbər.
Laçın xəyanətə qurban verildi,
Şuşa əlimizdən getdi, bəd xəbər.
Qarabağ neçə yol kömək istədi,
Fürsət yanımızdan ötdü, bəd xəbər.
Murazı gözündə qaldı dostların,
Düşmən murazına yetdi, bəd xəbər.
Qohumdan, qardaşdan, eldən, cəbhədən
Nə qədər bəd gələn xəbər var imiş,
Ya Rəbbim, ürəkdə nələr var imiş!
Şair ürəyinin evini yıxan
Qapısı bağlanmış evdi, eşikdi.
Düşmən çəkməsinin dabanlarında,
Körpəsi çığnanmış səssiz beşikdi.
Səngəri alınmış, əsgəri ölmüş,
Qanlı köynək kimi dəlik-deşikdi.
Təpənin əlində dağ aciz qalıb,
Boğulan pələngdi, boğan pişikdi.
Hər köntöy baxışdan, hər acı sözdən,
Damara işləyən zəhər var imiş.
Ya Rəbbim, ürəkdə nələr var imiş!
Kağız mürəkkəbi götürən kimi,
Ürək də harda var nəmi çəkirmiş.
Bir nəslin, tayfanın, insanın deyil,


___________________Milli Kitabxana__________________
Dünyanın çəkdiyi qəmi çəkirmiş.
Dərddən yük bağlayıb, qəmdən yük tutub
Qatar daşıyırmış, gəmi çəkirmiş.
Savabın, günahın tərəzisində
Kimi çəkdirirmiş, kimi çəkirmiş.
İnsanın canında od tutub yanan
Cəhənnəm var imiş, məhşər var imiş.
Ya Rəbbim, ürəkdə nələr var imiş!
Bir az vaxtdan çəkdim, bir az zamandan,
Bir az dağdan çəkdim, bir az dumandan.
Açığı, bir az da özümdən oldu.
Qəlbimə dalbadal dəyən zərbələr,
Hər yasda ağlayan gözümdən oldu.
Susmaq içərimi yıxdı, yömürdü,
Əzabım səbirdən, dözümdən oldu.
Üzünü gör görsün küt ağrıların,
Ürəkdə nə qədər dərd var, azar var,
Mənim ucbatımdan, üzümdən oldu.
Bu qoca dövranın, kaftar dünyanın,
Aşının altında zəhər var imiş.
Ya Rəbbim, ürəkdə nələr var imiş!
Dolu düşüncələr, dəli duyğular,
Qalxıb qabaranda yük ona düşdü.
Havalı dalğalar, sərt qasırğalar
Tufan qoparanda yük ona düşdü.
Min illik palıdı güclü bir tufan,
Çəkib aparanda yük ona düşdü.
Qəfil bir zəlzələ min-min insanın
Bağrını yaranda yük ona düşdü.
Min-bir damar keçir bir parça ətdən,
O qaça bilərmi bu təbiətdən,
Gizlənə bilərmi bu cəmiyyətdən?
Onun hər telində, hər zərrəsində
Hər şeyə ilahi diqqət var imiş,
Hər şeyə ilahi nəzər var imiş.
Ya Rəbbim, ürəkdə nələr var imiş!


___________________Milli Kitabxana__________________
Mənasız suallar, cavablar üçün,
Ürəyə verdiyim əzablar üçün,
Məni yaratdığın dinə bağışla.
Qədir gecəsinə, Kəbə daşına,
Qiblə bildiyimiz yönə bağışla.
Müqəddəs Quranın göydən endiyi,
Bizə bağışlanan günə bağışla.
Xırda günahları özüm çəkərəm,
Böyüksən, adilsən, mərhəməllisən,
Böyük günahları mənə bağışla.
Mən hardan biləydim mənim içimdə
Bu qədər yıxılmış xarabalıqlar,
Bu qədər dağılmış şəhər var imiş.
Ya Rəbbim! Ürəkdə nələr var imiş!
Ya Rəbbim! Ürəkdə nələr var imiş!!!
Almaniya, Bilefeld, 5 noyabr 2004
İLK ANDIMIZ, SON ANDIMIZ TURANDI
Təntiməyin, tələsməyin, çaşmayın
Yerli-yersiz həddinizi aşmayın.
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Vaxt Təbrizin, dünya Ərkin dünyası
Yol Tanrının, haqqı dərkin dünyası.
Əzəl-axır dünya türkün dünyası,
Üç gün, beş gün gecim, tezim olacaq.
Bu gün-sabah dünya bizim olacaq.
Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin.
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.


___________________Milli Kitabxana__________________
Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar.
Qayıdacaq Çin Səddini aşanlar,
Gələcəyə gerçək sözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi.
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı.
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa, xeyrə yozum olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr.
Diriləcək Oğuz xanlar, Bilgələr,
Türkə səcdə, türkə təzim olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
6 avqust 2004
DİVAR VƏ ÇAY
Berlinin yıxılan divarları
önündə düşüncələr
Bir dövləti ikiyə
bölən divar yıxıldı.
Bir milləti ikiyə
bölən çayı neyləyək?
Biri azad, müstəqil,
biri fikir dustağı,


___________________Milli Kitabxana__________________
Bu tay bir yana çıxdı,
bəs o tayı neyləyək?
Nə rusam, nə almanam,
nə farsam, nə ingilis.
Türk adıyla Tanrıdan
gələn payı neyləyək?
İki yüz il ağlamaq
bizə fayda vermədi,
Qulaqlara çatmayan
hay-harayı neyləyək?
Divar yıxmağa nə var,
çayı qurutmaq olmur.
Göz yaşına qarışan
ahı-vayı neyləyək?
Nə saray endi xalqa,
nə xalq saraya çatdı.
Zora gücü yetməyən
ağ sarayı neyləyək?
Tarix deyir: Bərkiyin,
bütövləşin, birləşin.
Boynumuza qoyulan
haqqı-sayı neyləyək?
Almaniya, Berlin, 10 noyabr 2004
TORPAQ YANĞISI
Çıxışlarının birində Rauf Tənktaş dedi: "Bir gün Yasir Ərəfat mənə söylədi ki,
Rauf bəy,  sən  məndən  xoşbəxtsən.  Sənin  Türkiyən  var,  mənim  də bir  Türkiyəm
olsaydı, mən  bu  acıları  çəkməzdim.  Sən  basdırılanda  torpağın  var,  mənim
basdırdacaq  yerim  də yoxdu. Bizim  şəhid  qəbiristanlıqlarını İsrail  şumlayıb,  izini
itirib.  Sizin  şəhidlərinizin  məzarı  başında  türk əsgəri  durur". Ərəfat  deyən  oldu,
onu arzuladığı müqəddəs yerdə - Qüdsdə dəfn olunmağa qoymadılar.
"Sözü  at yiyəsinə,  özü götürəcək", - deyirlər.  Bu fikir  məni  göyüm-göyüm
göynətdi. Doğulduğu  torpaqda  ölmək  xoşbəxtliyi  taleyinə yazılmayan  Qarabağsız
qarabağlıları, elini itirmiş eloğlularımı göz yaşları içində xatırladım.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə