ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

___________________Milli Kitabxana__________________
Şahsənəm eşqinə düşüb yollara,
Dərdini deməyə söz götürübsən.
Vaxtında yetişib vəfalı yara,
Həsrətin yükünü az götürübsən.
Daşımaq çətindi əzabı, dərdi,
Bəxtin qarası var, işin bədi var.
Sənin Şahvələdin bircə nəfərdi,
İndinin min nəfər şahvələdi var.
Min yol çağırsaq da, gözə görünməz
Səni göy atına mindirən kişi.
Hamıya görünər, bizə görünməz,
Qəribi qürbətdə dindirən kişi!
Hələbdən Tiflisə, Sənan dağına
Mavi qanadların üstünə gəldin.
Ana istəyinə, yar sorağına
Uç aylıq yolları üç günə gəldin!
Bu gün qəriblər var, bir günlük yola
Qırx ildi əlləşir, yetişə bilmir.
Dolanır gözünə yaş dola-dola,
Naləsiz, fəryadsız ötüşə bilmir!
Dözə bilmədinsə yeddicə ilə,
Yetmiş il qürbətdə qalan neyləsin?
Əridib ömrünü hey gilə-gilə,
Tufandan-tufana salan neyləsin?
Yuxularda görüb Azərbaycanı
Xəyalı min yerə dağılan da var.
Üzülüb ürəyi, əzilib canı,
Göz yaşı içində boğulan da var.
Qürbətin hər günü qəlbin yasıdı,
Hər könül bir odlu ahdan ağrıyar,
O ki qəm oylağı, dərd yuvasıdı,
Gahdan sakit olar, gahdan ağrıyar.


___________________Milli Kitabxana__________________
Sönən şama dönər, əriyən yağa,
Onun yarasına məlhəm tapılmaz.
Elə ki can atar məktub yazmağa,
Varaq tapılsa da, qələm tapılmaz!
Qəriblər qəfləti ölmür, işə bax,
Susmaq ağır olur, can vermək çətin.
Görür sifətini ölümdən qabaq
Yadlaşan sevginin, buz məhəbbətin!
Elə ki göz yumur Tanrıya bəndə,
Onda yavaş-yavaş bədən soyuyur.
Qəribin ürəyi buza dönəndə,
Buzun arasında Vətən soyuyur!
Qərib var, Vətəndən yarpaq arzular,
Vətənin üzütək öpülmək üçün.
Qərib var, Vətəndən torpaq arzular.
Öləndə qəbrinə səpilmək üçün!
Gözünün yaşında boğulan, axan,
Eldən aralanıb gedən yazıqdı.
Gözləri həmişə qürbətə baxan,
Qəribi çox olan Vətən yazıqdı!
Görüb təbiətin sərt ayazını
Dərdini obaya, elə söyləyər.
Qəmli aşıq kimi çalıb sazını,
Qəriblər fikrini belə söyləyər:
Ağlamaqdan,
Əzizim ağlamaqdan.
Bağda yarpaq qalmadı
Yarama bağlamaqdan.
Vallah, şükürlüsən, ay Aşıq Qərib,
Sənin qəribliyin yeddi il çəkib.
Tale qəriblərə zülüm göndərib,
Hərəsi min ağrı, min nisgil çəkib!


___________________Milli Kitabxana__________________
BU QATARLA MƏN GEDƏSİ OLMADIM
Yox, deyəsən baş tutmadı bu səfər,
Bu qatarla mən gedəsi olmadım.
Tapılmadı könül açan bir nəfər,
Bu qatarla mən gedəsi olmadım.
Xidmətçisi yetmiş ilin xəstəsi,
Dilənçisi əl açmağın ustası.
Meydan açıb lotuların dəstəsi,
Bu qatarla mən gedəsi olmadım.
Ağıllıdan dəlisi çox bu yolun,
Qansoranı, zəlisi çox bu yolun.
Əlisi çox, Vəlisi çox bu yolun,
Bu qatarla mən gedəsi olmadım.
Durduğu yer lap yarğanın qaşıymış,
Bələdçisi nabələdmiş, naşıymış.
Sürücüsü oğruların başıymış,
Bu qatarla mən gedəsi olmadım.
Bu yollarda kim çapılar, kim çapar,
Allah bilir, kim itirər, kim tapar.
Bilet verən, biletini gəl apar,
Bu qatarla mən gedəsi olmadım.
GÖRÜŞ
Ellərlə görüşüm çox şirin oldu,
Arılar baş qoydu gülümün üstə.
Elə çiçəklədi sözlər, kəlmələr,
Bir çəmən göyərdi dilimin üstə.
Ötmədi mənasız, hədər bir anım,
Odlu duyğularla qaynadı qanım.
Sevgidən Kərəmtək alışdı canım,
Sevənlər baş əydi külümün üstə.


___________________Milli Kitabxana__________________
Şöhrətdə ən uca zirvəylə hənəm,
Günəşəm, buludam, yağışam, çənəm.
Gördüm bu dünyanın anası mənəm,
Dünya bir körpədi qolumun üstə.
Cahanı dolaşan səyyah olmuşam,
Zəlimxan, çox şeydən agah olmuşam.
Sanki el içində Allah olmuşam,
Özgə bir əl yoxdu əlimin üstə.
ÇƏKƏ-ÇƏKƏ
Şəvə saçımızı qara döndərir
İllər başımıza əl çəkə-çəkə.
Nurlu baxışları salır nəzərdən
Tale gözümüzə mil çəkə-çəkə.
Bəxtimiz qalxanda şölə saçmışıq,
Bəxtimiz yatanda gözdən qaçmışıq.
Nə qədər nadana ağız açmışıq
Boğaz çəkə-çəkə, dil çəkə-çəkə.
Düşdü yoxsulları borca dünyanın,
Alçağı çox oldu uca dünyanın.
Qocalıb gedirik, qoca dünyanın
Dərdini, qəmini bol çəkə-çəkə.
Timsahlar gözünün yaşını sıxdı,
Yalanlar dünyanın sonuna çıxdı.
Satqınlar bu xalqın evini yıxdı
Saxta kağızlara qol çəkə-çəkə.
Dağ da möhtac olur, düz də yollara,
Cığır da can atır, iz də yollara.
Yollar bizə baxır, biz də yollara,
Qalırıq gözləri yol çəkə-çəkə.


___________________Milli Kitabxana__________________
QORUYA BİLMƏDİK MƏZARINIZI
Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Aşıq
Ələsgərin, Dədə Şəmsirin, Sarı Aşığın müqəd-
dəs ruhları! Sizin qarşınızda günahkarıq, Siz
günahımızdan keçsəniz də, Allah bizi bağışla-
mayacaq, Qoruya bilmədik məzarınızı!
Qayanı yardılar, daşı çapdılar,
Məqbərə ucaldıb, günbəz yapdılar,
Sizin ruhunuzu sevən nəsillər
Sizin adınızla şöhrət tapdılar.
Belinə daş qoyduq biz o şöhrətin,
Qoruya bilmədik məzarınızı!
Könül adamları, ruh adamları,
Ağrı adamları, ah adamları,
Saflıqda dünyanın şeh adamları,
Ulu məmləkətin şah adamları,
Belimiz qırıldı şah damarından,
Qoruya bilmədik məzarınızı!
Döyüşdə əsgərə dönə bilərdik,
Torpaqda səngərə dönə bilərdik,
Sıyrılmış xəncərə dönə bilərdik,
"Allahu əkbər"ə dönə bilərdik,
Dünya bizdən ötrü məhşərə döndü,
Qoruya bilmədik məzarınızı!
Yurdun işığını, nurunu satdıq,
Odunu, közünü, qorunu satdıq,
Satdıq, dədəmizin gorunu satdıq,
Qaniçən yağının ixtiyarına
Qəbristan da verdik, qəbir də verdik,
Utanmaz-utanmaz hələ bir durub
Millətə öyüd də, səbir də verdik.
Hər şeyi qoruduq, ismətdən özgə,
Hər şeyi qoruduq, qeyrətdən özgə,
Qoruya bilmədik məzarınızı!


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə