ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix10.11.2017
ölçüsü9,66 Kb.
#9482
1   2   3   4   5   6   7   8   9   10   ...   50

___________________Milli Kitabxana__________________
Yox idi həyatda işıqdan əsər,
Üstümdə qaralmış bulud var idi.
Gözümdən nur getdi, sözümdən kəsər,
İçimdə lal olmuş sükut var idi.
Sən gəlməmişdin.
Ürəyim xaraba qalmış bir şəhər,
Şam kimi qəlbimin yağı damırdı.
Üzümdən zəhrimar, dilimdən zəhər,
Rəngimdən, ruhumdan ağı damırdı.
Sən gəlməmişdin.
Gəldim yerə-göyə vurulmuş kimi.
Gəlmirsən, yerinə dərd gəlir, gözəl!
Sevənlər evindən uçur quş kimi,
Sevənlər evinə pərt gəlir, gözəl!
Nə zarafat bilir, nə gerçək bilir,
Həsrət gəlişini sərt gəlir, gözəl!
Sən gəlməmişdin.
DÖYMƏK OLMUR PƏNCƏRƏNİ
Ləzzət ilə baxana bax, ocağıma, istimə,
Üstümdəki yorğan deyil, köz örtmüşəm üstümə.
Ah çəkmişəm, el yığılıb dumanıma, tüstümə,
Bu yanğıda keşişlərin yetmiş yeddi fəndi var.
Heç bilmirəm bu dinsizi hansı dinə tapını,
Əlləriylə çəkib üzdü ürəyimin sapını.
Döymək olmur pəncərəni, açmaq olmur qapını,
Qıfılı var, tilsimi var, möhürü var, bəndi var.
Allah kəsib sevənlərin işini, əlacını,
Tuta bilmir tədbirini, ala bilmir bacını.
Acı-acı danışandan almaq olmur acını,
Şirin-şirin dillənənin dil altında qəndi var.


___________________Milli Kitabxana__________________
Ağrı başda at oynadıb, alovlara can düşüb,
Can deyənin ömrü boyu ürəyinə qan düşüb.
Məcnun çəkən bəlalara gəlib Zəlimxan düşüb,
Nə qalası şəhəri var, nə köçəsi kəndi var.
BU QIZ GƏLİN OLMAĞA
HAZIRLAŞIR DEYƏSƏN
Elçi şirin çayını vaxtında içib gedib,
Bəy gəlib gözəllərin gözünü seçib gedib.
Fikri özündən qabaq atlanıb, köçüb gedib,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.
Allahın sağ gözüylə baxdığı bir baxış var,
İlahinin vurduğu min cür ilmə-naxış var,
Evdə toy tədarükü, ehtiyat, yır-yığış var
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.
Yerə-göyə sığışmır arzuların qanadı,
Ömrü əlvan bir xalı, sevgisi bir xanadı.
Hər gözəl bir gəlindi, hər gəlin bir anadı,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.
Ruhunda bir layla var, dilində bir oxşama,
Oxuyur öz içində hey səhərdən axşama.
Necə yanır, əriyir, bax, səhərdən axşama,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.
Fikrindən, xəyalından gündə yüz dilək keçir,
Könlünə beşik düşür, meylindən bələk keçir.
Bakirəlik həddini yenə bir mələk keçir,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.
Sığallı bir sonadı, sonalığı mübarək,
Xınayaxdı gecəsi xınalığı mübarək,
Gəlinliyi mübarək, analığı mübarək,
Bu qız gəlin olmağa hazırlaşır deyəsən.


___________________Milli Kitabxana__________________
SÖHBƏT BAXIŞLARIN,
SÖZ ƏLLƏRİNDİ
... Yarı xalvətdə gördüm,
Danışmadım doyunca.
Bayatıdan
Ruhunu titrədən, qəlbini alan,
Bir son, bir istəklin, bir xəlvət otaq.
Kimi inandırar bu boyda yalan,
Yarı xəlvətdə gör, danışma ancaq?
Mənası sehrli, mətləbi dərin,
Görən, kim oxuyub bu bayatını.
Güvənib gücünə şux sətirlərin
Nəğməyə döndərib öz həyatını.
Oğlan yazıldısa qızın baxtına,
Söhbət baxışların, söz əllərindi.
Çıxar məhəbbətin şahlıq laxtına,
Sevgi də, gənclik də gözəllərindi.
Tükənmir söhbəti min illər boyu,
Görəsən, sevənlər nədən danışır.
Taxılır nişanı, çalınır toyu,
Can yanır, dil susur, bədən danışır.
Duyğular ürəkdə aşıb-daşanda,
Dilə nə ehtiyac, göz danışarmış.
Dilin vəzifəsi başqalaşanda,
Baxışlar ən şirin söz danışarmış!


___________________Milli Kitabxana__________________
BİZ NİYƏ SEVMƏYƏK BİR-BİRİMİZİ
Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?
Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?
Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?
Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?
Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?
Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?


___________________Milli Kitabxana__________________
ALLAH SƏNİ PƏNAHINDA SAXLASIN
Ömrüm boyu duaçınam, ay gözəl,
Allah səni pənahında saxlasın.
Oruc tutub, namazını qılmışam,
Allah səni pənahında saxlasın.
Hər qaşında Quranın bir ayəsi,
Sevilməkdi insanlığın qayəsi.
Üzərindən çəkilməsin sayəsi,
Allah səni pənahında saxlasın.
Mən nə şaham, nə şahlıqda vəzirəm,
Eşqin ilə dərviş olub gəzirəm.
Səndən ötrü məscidlərdə nəzirəm,
Allah səni pənahında saxlasın.
Nə Tanrıyam, nə Allaham, nə dinəm
İcazəsiz nə danışam, nə dinəm.
Vaqif demiş: sən ey Məkkəm, Mədinəm,
Allah səni pənahında saxlasın.
Tur dağında, Musanın Tur eşqinə,
Məhəmmədin alnında nur eşqinə,
Quran, İncil, Tövrat, Zəbur eşqinə,
Allah səni pənahında saxlasın.
Sevgi sözü əqidədi, inamdı,
Sevən kəslər peyğəmbərdi, imamdı.
Bəlkə bu gün mənim ömrüm tamamdı,
Allah səni pənahında saxlasın.
Belə gülü hər gülüstan bitirməz,
Hər torpaq da bu neməti yetirməz.
Zəlimxansız dünya bir şey itirməz,
Allah səni pənahında saxlasın.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə