A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə106/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   102   103   104   105   106   107   108   109   ...   168

 371 

bax, bizim ev ordadır. 

—Sizin ev orda yoxdur. Söküblər. 

—Necə  yəni söküblər? Anam rəhmətliyə  təzə evdə  mənzil 

verəcəkdilər, amma mən elə bilirdim ki, bu ev qalıb. 

Biz  Əsmərgilin evinin xarabalarına çatdıq. Qarşıda yarı-

sökülmüş boş evin şüşəsiz-gözsüz pəncərələri bu xarabalara 

baxırdı. 

—Bax bu evi gərək tanıyasan, sizin evin düz qabağındadır. 

—Əlbəttə, tanıyıram. Məsmə  xala  bu  evdə olurdu. Novruz 

qabağı  şəkərbura, paxlava bişirəndə iyindən yata bilmirdik. 

Bütün gecəni bişirərdi. Bilirdik ki, səhər bizə  də pay 

göndərəcək, amma sabaha qədər dözə bilmirdik. 

Əsmər çığıra-çığıra danışırdı, çünki o taydakı üçmərtəbə evi 

dağıdan buldozerin səsi qulaqlarımızı batırırdı. Vaqon 

dəhlizləri kimi dar küçələr, balkonları vaqon kupelərinin üst 

yerləri kimi az qala bir-birinə toxunan evlər. Bütün bunların 

yerində indi nəhəng boş bir meydan qalmışdı — daşlı, kəsəkli, 

tozlu,  əhəngli meydan. Orda, burda atılmış lazımsız nimdaş 

əşya qırıntıları, hifz olunmuş divar parçasının gərəksiz  şirli 

naxışı, sınıq aftafa, qırıq krant, paslı boru — boş meydan. Bu 

meydanın tən ortasında qədim heyvanları xatırladan xortumlu 

buldozer işləyir, sökür, dağıdır, uğuldayırdı, nədənsə onun 

nömrəsi yaddaşımda həkk olunmuşdu: QTP–44. 

Bilmirəm, nədənsə, birdən  şer oxumağa başladım. 

Buldozerin səsini batırmağa çalışaraq Əsmərə şer oxuyurdum: 



 

Əyrin-üyrün, 

Dar küçələrin, 

Gündüzlər 

otaqlarındakı bəyaz gecələrin, 

damlarının yastısı, 

içinin astası, 

küçələrini 

dolanan addımların 


 372 

həmişə tənha səsi, 

gecələrini 

dünyada itən tarix tikəsi, 

içindən bayır şəhərə, 

böyuk şəhərə çıxan təəccübüm, 

oğrularından qorxan cibim, 

ölüm ayağındadır indi. 

Biçarə şəhər, 

İçəri şəhər... 

 

—Kimin şeridir bu? 



—Vaqif Vəkilovun, — dedim, — cavan şairdir. Yəqin sən 

tanımırsan. 

—Bilirsən, — dedi, — İçəri  şəhərdə biz elə bil böyük 

kommunal mənzildə yaşayan kimiydik. Hamı bir-biri haqqında 

hər  şeyi bilirdi. Birinin radiosu çalırdısa, bütun məhəllə üçün 

çalırdı. Birinin dərdi, yası olanda ağlaşma səsi hamının evinin 

içində idi. Xörəklərin iyi də həmçinin. Bir uşaq qızılca oldumu, 

bütün uşaqlara dəyəcəkdi. 

Əsmərin sözləri mənimçün nə  qədər yaxın idi. Axı  mənim 

aləmimdə də İçəri şəhərin təkrarsızlığı məhz bunda idi. 

Biz  İçəri  şəhərə qala deyirik. Bir memar kimi, mənim 

fikrimcə, Qala — müasir şəhərlərdir, hərə öz qınına çəkilən 

kimi mənzilinə, öz hücrəsinə  çəkilir, pilləkənlər, pilləkən 

meydançaları da yalnız körpüdür. Bu körpüdə qonşular yalnız 

təsadüfən görüşə bilərlər. Belə görüşlər heç vaxt tanışlığa, 

dostluğa, yaxınlığa səbəb ola bilməz. Körpülər, ya da vaqonlar 

arasındakı buferlər. Buferlərdə tanış olub dostlaşmaq olarmı? 

Hərə öz evinə — öz kupesinə  çəkilir. Bu kupeli vaqonlar —

müasir evlər müqabilində — İçəri  şəhər ümumi vaqondur. 

Sevinci, kədəri, narahatlığı, yuxusu müştərək ümumi vaqon. 

Davaları, qeybətləri, iyləri — müştərək, toyları, yasları, 

qayğıları müştərək. Müasir şəhərin rahatlığı qarşısında  İçəri 

Şəhərin nəyi var? Natəmizliyi, çirki, narahatlığı, yamaqları... 



 373 

Qoca sifətinin qırışları kimi əyri-üyrü küçələri. Yanpörtü 

dayanmış  şikəst,  əlil evləri. Bəli... Amma bir də insaniliyi, 

ünsiyyət sevinci, ümumi taleyin əvəzsizliyi ki, onun yerini heç 

nə verməz. Bir də bizim uşaqlığımız. Hər daşda izi qalan 

uşaqlığımız. —Budur, İçəri şəhər. 

Babalarımızın yaşayışı, diriliyi, ömrü-günü. 

–Bütün bunları  nəylə  əvəz edəcəksiniz, Oqtay, — deyə 

Əsmər yenə də mənim fikirlərimə cavab verirmiş kimi soruşdu: 

—Şüşədən və betondan təzə evlər tikəcəksiniz, eləmi, modern 

qutular? 

–Bəli, —dedim, — çalış ki, hisslərini bir balaca 

cilovlayasan və  ağıllı–başlı fikir elə. Adamlar gərək rahat 

yaşasınlar, evlərində hər bir rahatlıq olsun. Ona görə də onları 

burdan köçürmək lazımdır. Bəs evlər nə olsun? Əlbəttə, tarixi 

əhəmiyyətə malik olan binalar saxlanılacaq. 

–Tarixi  əhəmiyyətə malik binalar! Mənimçün tarixi 

əhəmiyyətə malik olan bina —anadan olduğum evdir. Anadan 

olduğum, böyüdüyüm, yaşadığım ev. 

O məni əsəbiləşdirməyə başlayırdı. 

–Yaxşı, — dedim, — çox gözəl, bəs onda niyə əlivə fürsət 

düşən kimi bu əziz–xələf evi tərk etdin? — Bunu deməyimə 

peşman oldum. Gərək deməyəydim. 

O cavab vermədi. Bir neçə addım atdı. Keçmiş evləri səmtə. 

Dayandı. Evləri bax bu yerdə idi. Otağı da bax burda. 

Pəncərəsiz otağı. Çarpayısının yanına anası köhnə xalça 

vurmuşdu —evdə olan ən qiymətli  şey bu xalça idi. Xalça 

Əsməri divarın rütubətindən qoruyurdu. Əsmər mənə sarı 

döndü. 

–Gedək, — dedi. 



İstədim onun başını qatam, qəmli xatirələrdən ayıram, İçəri 

şəhərin təzə planı haqqında danışmağa başladım. 

–Dayan, — dedi. Dayandıq. O, nəyəsə qulaq verirdi. Mən də 

dinləməyə başladım. Küçənin o tayından iki arvad keçirdi və 

bir-biriylə danışırdı: 



 374 

–Ağəz, qaragünə deyirəm, başıvın çarəsini qıl,  şoğəribnən 

işin olmasın... 

–Qadam onun ağzına, başında ağlı olsaydı, gədəni onun–

bunun qapısına salmazdı ki... 

Arvadlar tini buruldular va Əsmər mənə  İngiltərədən 

danışmağa başladı.  İki il bundan qabaq onlar İngiltərədə 

yaşayırdılar və Əsmər oranın səmasından danışırdı. Orda göy, 

—deyirdi, elə alçaqdır, elə bil əlini uzatsan çatar — Həm də elə 

bil solub. Elə bil buludları göyə divar kağızı — oboy kimi 

çəkiblər. 

Sonra biz Xan sarayının içinə girdik. Daxili həyətlərdən 

keçdik, pillələrdə dayandıq. Görəsən institutda, işdə  mən bu 

abidəni neçə  dəfə  tədqiq etmişəm, köçürmüşəm, çəkmişəm, 

öyrənmişəm. Amma elə bil indi onu ilk dəfə görürdüm. Mən 

onun səthlərinin dahiyanə ahənginə, tənasüblərinin 

simmetriyasızlığına sanki yenidən valeh olurdum. 

Divanxananın mübhəm ala-qaranlığı, daxili həyətlərin sakitliyi, 

sarayın əzəməti — elə bil bütün bunlar ən dərin mənasını mənə 

ilk dəfə açırdı. Xan sarayının böyük meydanında dayanıb İçəri 

şəhərin mənzərəsinə tamaşa edirdik. Mən daşın müdrikliyi 

haqqında düşünürdüm. Düşünürdüm ki, bütün bunlar nə böyük 

səadətdir. Mən  İçəri  şəhər küçələrinin ad lövhələrinə, hansısa 

diş həkiminin elanına baxırdım və ağlıma gəlirdi ki, bu yazılar 

İçəri  şəhərin  əbədi daşlarını  təhqir edir, ədəbsiz görünür. Elə 

bil Miloslu Veneraya naxış vurublar. 

...O axşam, aprelin 29-da bizdən dağılışanda, mən də 

hamıyla birlikdə  çıxdım.  Əsməri ötürəcəkdim. Bir az geri 

qaldıq uşaqlardan, birdən tinbaşında  Əsmərin çəkməsinin 

dabanı çıxdı. Mən maşın saxladım və ömrümüzdə bəlkə də ilk 

dəfə taksiyə mindik. Özümü elə itirdim ki, sağa  əvəzinə, sola 

gedək dedim. 

Əsmər: 

–Buğda, arpa, — dedi. 



Bizim idman müəllimimiz belə deyərdi. Məşqlər zamanı bir 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə