365
kimisən, başqalarından birisən, rahatlaşırsan. Əsəbiləşmirsən,
hövsələdən çıxmırsan.
—Gözəl fəlsəfədir, hansı dinə tapınmısan? Zaqorska gərək
sən gedəydin.
—Bax, bu təzə şeydir. Məni indiyəcən bir çox şeylərdə
ittiham ediblər —köhnəpərəstlikdə və yalançı novatorluqda,
konservatizmdə və modernizmdə, ənənələrin əsiri olmaqda və
ənənəyə xor baxmaqda, moda dalınca qaçmaqda və modadan
geri qalmaqda və sairə və sairə. Amma dindarlıqda hələ ki,
ittiham olunmamışdım. Ağıllarına gəlməyib yəqin.
—Belə de. Harda belə səni ittiham ediblər. Deməli, sən
böyük mübahisələr doğuran bir sənətkarsan, hə? Məsələn
Pikasso kimi.
—Yox, yox, ağlın ora getməsin. Bütün bu qızğın
mübahisələr bizim şöbənin daxilində cərəyan edir. Şöbəmizdə
də cəmi–cümlətanı səkkiz adam var. Bəndənizin şəxsiyyəti və
işi də orda müzakirə olunur.
—Yaxşı, axı sənin işin nədən ibarətdir?
—Rayon mehmanxanalarının layihələrini çəkirəm.
—Oy, Oqtay, əgər bilsəydin dünyada necə mehmanxanalar
var. Bir mehmanxanalarda yaşamışıq, iki göz istəyir baxasan.
Bolqarıstanda bilirsən necə otellər tikiblər, Zolotıye peski,
Solneçniy bereq — adamın ağlı başından çıxır. Sən gərək
görəsən onları. Camalnan mən...
"Camalnan mən" ifadəsi məni xeyli əsəbiləşdirdi və odur ki,
mən onun sözünü ağzında qoyub bir qədər kəskin xəbər aldım.
—Yaxşı, nə deyirsən, bizə gedəcəyik?
—Yox, yox, mən bura gizli gəlmişəm. Məni gərək səndən
başqa bir kimsə görməsin. Tanış-bilişi nəzərdə tuturam. Gəl elə
belə şəhəri gəzək, göstər mənə Bakını, gecə də uçub gedəcəm.
Geriyə bilet də almışam. Yaxşımı?
—Bəs şəhəri necə gəzəcəksən ki, istəmirsən səni görən
olsun?
—Budey, bax, — deyə o, qara eynəyini gözünə keçirdi, —
366
kim məni tanıyacaq? Kim tanıyacaq ki, mən həmin o
Əsmərəm? Tanısalar da qoy isbat eləsinlər ki, mənəm, görək
neçə isbat edəcəklər.
Sürücü mənə tərəf döndü:
—Yaxşı, xalaoğlu, — dedi. — Hara gedəcəyik.
—Bax, burda saxla, — dedim. — Gəlib çatdıq. Çox sağ ol.
Biz Dağüstü parka getdik, açıq yay kafesində yemək yedik.
Bütün şəhər ayaqlarımız altında idi. Bütün şəhər. Göy dəniz,
gömgöy dəniz, bir də ağ, ağappaq gəmi. Krasnovodska gedən
"Qırğızıstan" gəmisi.
Bütün oğlan uşaqları kimi, biz də dəniz sərgüzəştləri
haqqında düşünür, Xəzərə baxıb uzaq limanlar, fırtınalar və
okeanları arzulayardıq. Belə vaxtlarda coğrafiyanı da
unudurduq. Unudurduq ki, Xəzər ancaq böyük bir göldür.
Dünyanın başqa dənizlərindən və okeanlarından ayrılmış qərib
bir göl — təbiətin əcaib eksperimenti. Dünyanın ən böyük
gölü. Ən böyük hovuzu. Ən böyük akvariumu.
"Qırğızıstan" açıq dənizə tərəf yönələrək uzun-uzadı fit
verdi və bu fit səsi aramla şəhərin, dənizin üzərinə axıb
əriyirdi.
—O adanın adı nədir? —Əsmər əlini üfüqə tərəf uzatdı.
—Nərgiz.
—Nərgiz?
—Əsil adı Nargindir. Amma mən ona Nərgiz deyirəm.
—Hə, hə, Nargin. Yadıma düşdü. Uşaqlıqda o mənə çox
sirli və əfsanəvi görünürdü. Elə istəyirdim ki, bir ora gedim.
Ora getmək olar?
—İstəyirsən dəniz gəzintisinə çıxarıq. Adaya çıxmayacağıq,
amma onu lap yaxından görəcəksən.
—Nə yaxşı, gedək də onda.
—Axşam gedərik. Daha romantik olsun. —Hiss elədim ki,
istehza ona toxundu.
—Gedək, — dedi.
—Gedək. Ya bəlkə bir şey istəyirsən?
367
—Yox, yox, nə danışırsan? Bilmirsən arıqlamaqçün nə
müsibət çəkmişəm. İndi, deyəsən, normadayam. Elədir?
—Yüz faiz.
—Mən yoq sistemiylə arıqlayırdım. Bilirsən yoq sistemi
nədir?
"Yoq sistemi". İndi o, fransız xalçalarından, Kafkadan və
Antonioninin filmlərindən, Qaliçin nəğmələrindən danışacaq.
Aman allah, bu həmin o Əsmərdirmi? Həmin o Əsmər ki,
səkkizinci sinifdə oxuyanda oğlanların tualetində bizim sinif
jurnalını yandırmışdı. Ədəbiyyat müəllimi ona üç qoymuşdu.
Bu Əsmərin həyatında birinci "üç" idi. O, bütün dərslərdən əla
alırdı. Xətti də sinifdə hamıdan yaxşı idi. Ədəbiyyat
müəlliminin bu "namərdliyi" Əsmərə elə yer eləmişdi ki,
jurnalı yandırmaqla onun ürəyi soyumadı. Ədəbiyyat
müəllimindən dəhşətli intiqam aldı. Nədisə bu müəllimdən heç
birimizin xoşu gəlmirdi, özü də bilirdik ki, o, arvadından oddan
qorxan kimi qorxur. Eşitmişdik ki, arvadı ona göz verir, işıq
vermir, həm də yaman qısqancdır. Əsmər də bunu bilirdi. Bir
gün — o gün ədəbiyyat müəllimi səhərdən ikinci növbənin
axırına qədər məktəbdə dərsdə olurdu —Əsmər kişinin evinə
gedib yazıq bir görkəmlə (masqa taxmağı uşaqlıqdan bacarırdı)
müəllimin arvadından soruşub: "Müəllimə nə olub, nigaran
qalmışıq, xəstə deyil ki? Bu gün məktəbə gəlməyib".
Bir fısqırıq qopmuşdu, gəl görəsən. Əsməri məktəbdən
qovacaqdılar. Babayev birtəhər girdi qanının arasına.
Ədəbiyyat müəllimi isə bir neçə gün özünə gələ bilmədi.
Gözlərinin altında qapqara dairələr vardı.
—Əsmər, yadındadı ədəbiyyat müəlliminin başına nə oyun
açardıq? Ocaqçının əhvalatı yadında?
Dedim ki, ədəbiyyat müəllimindən xoşumuz gəlmirdi, hər
dəfə o, sinfə girən kimi, ayaqlarımızla yeri döyərdik, soruşanda
da bu nədir, cavab verirdik ki, biz nə bilək, yəqin aşağıda
ocaqçı işləyir. O, bizi başqa sinif otağına keçirtdi və biz hər
şeyi təzədən başladıq. "Bu nədir, ocaqçı da bizim dalımızca
Dostları ilə paylaş: |