A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə28/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   24   25   26   27   28   29   30   31   ...   168

 96 

unuda bilmədiyi Dənizə. 

Bir qadın ki, saçları  şəlalə  təkin çiyninin astanalarından 

tökülür. Bir qadın ki, güləndə, gülüb sakitləşəndə bütün üzü 

sakitləşir, amma gülüşü hələ  xəyali vaxt gözlərinin içində 

əriyir, bu gülüş gözlərinə qarışaraq, gözləri daha da mülayim 

edir. Bir qadın ki, gözləri iki zil qara gilədir – gecədən dammış 

kimi. 


Şəfqət dolu gözlər. Təəssüf dolu gözlər. Təsəllili gözlər. 

Məlul gözlər… 

Sənin gözlərin kimi Qərənfilim. 

Gülüşü gülüşün kimi gözlərinin içində əriyir. 

Saçların saçların təkin çiyninə axır. 

Saçlarından saçlarının ətri gəlir. 

Səsi də səsi kimidir, Qərənfil. 

Qapımın zəngi çalındı. Mən qələmi kənara qoydum. 

Radionu söndürdüm və qapıya getdim. 

Gələn Sürəyya və balaca Solmaz idi. Solmaz boynuma atılıb 

çığırdı: 

–Atam gəlib, atam gəlib! 

Mən onun üzündən öpdüm. 

–Şeytan bəs hardaydın? 

Sürəyya dedi: 

–Bıy  İlyas yadından çıxıb. Axı  sənə demişdim. Bu gün 

Solmazın rəfiqəsinin ad günüdür. Ora getmişdik. 

Asqılıq bəzəndi. Sürəyyanın yaşıl sumkası, balaca Solmazın 

yun jaketi mənim həsir şlyapamın qonşusu oldular. 

–Yoldaşına nə aparmışdın Solmaz? 

–Kukla aldıq. "Ana" deyən kukladan. 

O ağzını büzüb kukla kimi zırıldadı. 

–Bəs "ata" demir? 

–Yox – deyə o şıltaq-şıltaq güldü – "Ata" mən deyirəm. 

O yenə kukla sayağı zırıldadı. Amma "ana" yox, "ata" deyə. 

Mən Solmazın yanağından çimdiklədim. 

–Oy – deyə o  ədayla çığırdı. 



 97 

Mən onu bərk-bərk öpdüm. 

Sürəyyə dedi: 

–Nahar eləmisən hə? 

–Yox sizi gözlədim. 

Biz otağa keçdik. 

–Çoxdan gəlmisən? 

–Yarım saat olar. 

–Bəs neyləyirdin? 

–Heç bir balaca hekayə var onu başlamışdım. 

–Hə. 

Solmazla mən masanın arxasında oturduq. 



Sürəyyə ev paltarını geyindi. Lopa-lopa sarı güllü xalat… 

O mətbəxə keçib bir azdan bizə xörək gətirdi. Bozbaşın 

noxudu çox idi. Biz üçümüz də noxudu çox olanda xoşlayırıq. 

Mən dedim: 

–Dadlı bozbaşdır. 

Solmaz dedi: 

–Ana bu gün niyə belə dadlıdır? 

Sürəyya dedi: 

–Hekayən nə haqqındadır? 

Mən dedim: 

–Qəhrəmanım neft mühəndisidir. Bir də onun arvadı, həkim. 

Uşaq həkimi. 

Solmaz dedi: 

–Mənim anam kimi. Mənim anam da uşaq həkimidir. 

Sürəyya mənə baxdı. 

Mən dedim: 

–Yox. Anan qadın həkimidir. 

Solmaz təslim olmaq istəmirdi. 

–Yox, yox. Mən bilirəm. Bütün uşaqlar anam işləyən 

xəstəxanada olur. Anam lap-lap balaca uşaqların həkimidir. 

Qadın həkimiylə  uşaq həkiminin arasındakı  fərqi balaca 

Solmaza başa salmaq çox mürəkkəb məsələ idi. Mən 

hekayəmin qəhrəmanının peşəsini dəyişəcəyimi qərara aldım 



 98 

və söhbəti dəyişmək məqsədilə dedim: 

–Hekayədə bir balaca şeytan qız da olacaq. Özü də lap sənin 

kimi höcət. 

Solmaz sevinclə attanıb düşdü. Xörək masanın üstünə 

dağıldı. Sürəyya məzəmmətlə dedi: 

–Ay qız bir sakit çörəyini ye, sonra danış də. 

O masanın üstünü silməyə başladı. 

Solmaz əl çəkmirdi: 

–Ata o qızın adı nədir, hə, adı nədir? 

Mən dedim: 

–Vallah yadımdan çıxıb. Qoy kağızlarıma baxım.  

Mən yazı masama yanaşdım. 

–Əşi otur çörəyini ye, sonra baxarsan. 

–Bu saat, gəlirəm. Adı… Amma Vüsal… seans… arvadı… 

Xəyal, hə, adı Xəyaldır. 

Mən yerimə qayıtdım. 

Solmaz dedi: 

–Bıy sən bir teatr yazmışdın e, yadındadır orada da qızın adı 

Xəyaldır. Yadında hə? 

Mən təəccüləndim. 

–Qızda yaddaşa bax e. 

Sürəyya dedi: 

–İdarədə  nə var, nə yox? Deyirlər bu gün sizin qəzetdə 

maraqlı bir felyeton çıxıb. 

–Taksilər haqqında. Onu deyirsən? 

–Hə taksilər haqında. 

–Hə. Sizin işdə nə var, nə yox? 

–Bir elə  şey yoxdur. Bu gün bir arvadı lap ölümdən 

qurtardıq. Nəfəsi kəsilmişdi. 

–Halı indi necədir? 

–İndi pis deyil. Böhran keçdi. 

Biz yeyib qurtardıq və  hərəmiz öz boşqabımızı  mətbəxə 

apardıq. 

Sürəyya dedi: 



 99 

–İndi də çay içək. 

Solmaz ağlamsındı. 

–Mən çay istəmirəm. Dondurma istəyirəm. 

Mən dedim: 

–Mən də bayaq içdim. İstəmirəm. Sürəyya sən çayını iç. 

Sonra çıxaq bir az gəzək. 

Sürəyya dedi: 

–İlyas, bu gün sən bizsiz çıx. Solmazla mən yaman 

yorulmuşuq. Bir az dincələk. 

–Yaxşı. 

Mən həsir papağımı qoyub küçəyə  çıxdım. Dəniz bağına 

girdim. Bağ adamla dolu idi. Bağın otrasında təzə düzəldilmiş 

fəvvarələr rəngbərəng və çox incə idilər. Külək onları 

sındırmaq, yıxmaq istəyirdi, amma yalnız  əyə bilirdi. Sonra 

mən bağdan çıxdım və uzun zaman şəhəri dolaşdım. Bir də 

əlimi cibimə atıb "Kazbek" qutusunu açanda gördüm ki, 

axırıncı papiros qalıb. Evdən çıxanda qutunun yarısı doluydu. 

Nəhayət mən qərara gəldim. 

Nizami küçəsindən burulub "Bahar" meydanına çıxdım. 

Mən telefon avtomat butkasına yanaşdım.  İçəridə iki qız 

danışırdı. Qızlar bərkdən  şaqqıldayıb gülürdülər. Eynəkli bir 

kişi budkaya yanaşdı.  Əvvəl içəridəki qızlara, sonra mənə 

baxdı və təəccüb içində çıxıb getdi. Küçənin o biri tərəfindəki 

boş telefon butkasına girdi. 

Trolleybus gəlib dayanacağında durdu. Qarşı  tərəfdən 

adamlar  düşməyə başladı. Qadınlardan biri büdrədi. Kişi onun 

qolundan tutub kömək elədi. Trolleybusun dal  qapısı açıldı. 

Adamlar növbəylə minməyə başladı. Uzaqdan radio səsi 

gəlirdi. Qarayevin "Leyli Məcnun"  əsərinin axırı  eşidilirdi. 

Sonra son xəbərlər verməyə başladılar. Ayrı–ayrı sözləri 

seçmək olurdu. "Buzovnaneft… Fərhad Məmmədov…  İllik 

plan…" 

Mən qol saatıma baxdım. Saat 9-a beş  dəqiqə  işləyirdi. 



Budkanın pəncərəsini döydüm. "Beş  dəqiqədir danışırsınız" – 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə