A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə36/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   32   33   34   35   36   37   38   39   ...   168

 128 

Burada yazı qurtarırdı. Qəzənfər də qurtarırdı. Doğrudur, bir 

də başdan qulaq asmaq olardı. Amma neçə kərə qulaq assan da, 

Qəzənfər bir kəlmə də artıq söz deməyəcəkdi. 

Lakin bu, Həmidə xalanı qüssələndirmirdi.  Əksinə, onun 

qəmi–dərdi uçub getmişdi, qəlbinə sonsuz bir şəfqət, bir 

mülayimlik çökmüşdü. O təsəllisini tapmışdı, elə bil kimsə 

Həmidə xalaya onun həyatının mənasını açmışdı. 

Həmidə xalanın ürəyində xoş bir hiss vardı. O, mizin üstünü 

yığışdırmadı. "Qoy dursun. Uşaqlar da gəlib görsün", – deyə 

düşündü. 

Sonra kedib balaca Vaqifin yanına girdi, onun şəvə kimi 

qara saçlarını sığallayıb alnından öpdü və şirin, rahat, arxayın 

bir yuxuya getdi. 

 

Yanvar 1960 



 129 

 

 



DAĞINIQ VƏRƏQLƏR 

 

Musiqi 

 

Salonda işıq yanır. Böyük, ağ yaraşıqlı  qəndillər nə  çıl-



çıraqlıdır!… 

Salon doludur. Adamlar necə  də  bəzəkli, necə  də 

gözəldirlər!. 

Adamlar söhbət edirlər. Sözlər nə  mənalı, cümlələr necə 

dolğun, ifadələr, gözəl, hisslər yüksəkdir!… 

Salon böyükdür. Onun havası təmiz, xoşdur… 

Salonda kişilər var. Onlar sağlam, ağıllı, yaraşıqlı, qeyrətli, 

qoçaq, təmizdirlər… 

Salonda arvadlar var. Onlar həzin, qəşəng,  şairanə, zərif, 

incə, məlahətli, mehribandırlar… 

Salonda bir nəfər qadın da var. O bütün qadınların 

hamısından gözəl, şairanə, ağıllı, şəfqətli, pak, nəcib, həssasdır. 

O, mənim sevgilimdir…  

Salonda mən də varam. Gözələm. Ağıllıyam. Adiləm. 

Bacarıqlıyam. Qoçağam. Güclüyəm. Darıxmıram. 

Kədərlənmirəm. Qüssələnmirəm.  İstedadlıyam. Dünyaya 

insanlara yeni söz deməkçün gəlmişəm. Demişəm. Deyirəm. 

Deyəcəm. Bütün dünya mənə  pərəstiş edəcəkdir. Keçmişim 

ləkəsiz, indim xoş, gələcəyim parlaq. Dünyanın  ən gözəl 

qadınını, qadınların ən yaraşıqlısını sevirəm. O da məni…  



Musiqi qurtardı. 

Salonda işıq yanır. Hisli, yöndəmsiz qəndillər tutqundurlar. 

Salon doludur. Adamlar zövqsüz geyinmiş, çirkin, keçəl, 

cılız… 


Sözlər mənasız, cümlələr boş, ifadələr çeynənmiş, hisslər 

iyrənc… 


Salon böyükdür. Havası ağır, bürkü. 

Salonda kişilər var. Onlar zəif, axmaq, idbar, qeyrətsiz, 




 130 

qorxaq, çirkab içində… 

Salonda arvadlar var. Arvadlar – kobud, yaraşıqsız, qaba, 

çirkli, səliqəsiz, itməcaz… 

Salonda bir nəfər qadın da var. O, gözəldir,  şairanədir, 

ağıllıdır, pakdır, nəcibdir, məlahətlidir, həssasdır. Amma o 

mənim heç nəyim deyil.  

Salonda mən də varam. Çolaq, çopur, ağılsız, zalım, aciz, 

qorxaq. Darıxıram, kədərliyəm, qüssəliyəm. İstedadsızam. Heç 

kimə heç nə demək istəmirəm. Desəm nə olsun? Təzə bir şey 

deyə bilməyəcəm. Köhnələri təkrar eləyən onsuz da çoxdur. 

Keçmişim qara, indim boş, gələcəyim sönük. Heç nə 

gözləmirəm. Heç nə məni gözləmir.  

Heç kəsi sevmirəm. 

Heç kəs də məni sevmir. 

 

Dahi sənətkar  

 

Nadanlar, avamlar, cahillər, köhnəpərəstlər, anlamazlar, 



paxıllar, xainlər sağlığında onu daşqalaq edib öldürdülər. 

Amma o öləndən sonra həmin bu daşlardan heykəl yapdılar.  

 

İki yazıçı 

 

Şəhərimizi gəzən nabələd adam hər vitrində, hər kitab 



mağazasında, hər plakatda eyni bir müəllifin adını görüb soruşdu:  

–Bu ad nə məşhurdur. Görünür bu sizin ən böyük yazıçınızdır.  

Ona cavab verdilər: 

–Yox, böyük yazıçımız başqasıdır. Onun heç yerdə kitabı 

qalmamışdır. Hamısını alıb qurtarmışlar.  

 

Televizor 

 

Televizorda qadınların işıqlı  həyata çıxması  uğrunda 



mübarizə aparanlar haqqında veriliş verirlərdi. Ekranda 

mübariz qadınlardan birinin şəklini göstərəndə bu qadının 




 131 

uşaqları analarının yanına qaçdılar: 

–Ana səni göstərirlər. 

Onlar ekranda göstərilənləri analarına danışırdılar. Çünki anası 

heç bir şey görmürdü. Sürgündə onun gözləri kor olmuşdu.  

 

Yalqızlıq 

 

Deyirlər onda dan ulduzunun kədəri varmış. Səhəri insanlara 



o xəbər verirmiş, amma özünə bir dəfə də olsun səhəri görmək 

nəsib olmayıbmış.  

Deyirlər onda günəşin kədəri varmış. Hamını isidirmiş, 

amma özü yalqızmış. Çünki hamı onun istisindən  əriməyə 

qorxaraq yaxın durmurmuş.  

 

Sol çiynimdən bir az aşağı 

 

–Ürəyin daşdır sənin. 



–Hə. Çaxmaq daşı. 

*** 

Mən öləndə həkim deyəcək: 

–Ürəyi dayandı. 

Bu yeganə insanın ürəyim haqqında dediyi yeganə doğru 

söz olacaqdır.  

 

Görüş 

 

Küçədə bir oğlan çoxdan bəri itirdiyi, sevdiyi qıza rast gəlib 



bu vüsaldan karıxdı, özünü itirdi. Onun dili–dodağı  əsdi. 

İllərdən bəri hazırladığı sözlərdən birini də yadına sala 

bilmirdi. Hədsiz bir sevinc, hüdudsuz bir nəvazişlə yalnız bir 

bunu deyə bildi: 

–Aman allah! Mən kimi görürəm. 

Oğlan kor idi.  



 


 132 

 

Təcrübə 

 

–Qoyun gedim ora. Qoyun gedim ora. 



–Yox.  

–Axı niyə? Axı niyə? 

–Mən ordan gəlirəm. Ora gedib gələndən sonra həyatda 

sənin heç bir istəyin qalmayacaqdır. 

 

Sən 

 

Küçədə gedən tramvay birdən dayandı. Zınqırovların 



zəhlətökən səsi kəsildi. Adamların danışıqlarından xış-xış 

xışıldayan küçə buz kimi dondu, hərəkətsizləşdi, susdu. 

Adamların basa-bası  kənara çəkildi. Pəncərələrin işığı söndü. 

Divardakı  şəkillər dumanlandı. Sifətlər yekrəngləşib seçilməz 

boz bir kütləyə çevrildilər. Danışıqlar qurtardı. Boşboğaz 

natiqin səsi eşidilməz oldu. Hər  şey susdu, dayandı, qurtardı, 

kəsdi.  

Adamların içində səni görmüşdüm .  

 

Xoşbəxtlik və Bədbəxtlik 

 

Mən dünyanın ən bəxbəxt adamıydım. 



Mən dünyanın ən xoşbəxt adamı oldum. 

Çünki bir gün qapım açıldı. Yarım gəldi. Səsim titrəyə-

titrəyə: 

–Bu gün getmə – dedim. 

–Yaxşı – dedi.  

Bir gün qaldı. Beş gün qaldı. On gün qaldı. Bir il qaldı. On 

il qaldı. Yüz il qaldı. Min ildir ki, mənimlədir. 

Dünən getdi. 

Mən dünyanın ən xoşbəxt adamı oldum. 

Mən dünyanın ən bədbəxt adamıyam.  



 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə