A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə37/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   33   34   35   36   37   38   39   40   ...   168

 133 

 

Taxta biti 

 

Qayalar yumruq kimi dənizə uzanıb. Ay dənizə bir işıq xətti 



çəkib. Haradasa xor həzin bir nəğmə oxuyur. Mahnı uzaqlardan 

pərdə-pərdə dənizə yayılır. Ağ yelkənli qayıqlar dəniz üzərində 

çiçəyə  bənzəyirdilər. Qayıqların birində  mənəm, bir də odur. 

Yarımdır. O gülləri yarpaq-yarpaq qırıb dənizə tökür. Şer 

oxuyur. Məhəbbətdən danışır. Məni sevdiyindən danışır. Mən 

də ona eşqimdən söhbət açıram. O xoşbəxtdir. Mən də 

xoşbəxtəm. O deyir ki, bu anlar həyatının ən xoş anlarıdır. Mən 

də deyirəm ki, bu anlar həyatımın  ən gözəl dəqiqələridir. 

Kefim yaman kökdür. Xoşbəxtəm. Bircə qıçım yaman qaşınır. 

Qaşıyıram, qaşıyıram, qanayanacan qaşıyıram. Sakit olmur ki, 

olmur. Yenə  cırmaqlaya-cırmaqlaya qaşıyıram və  ağrıdan 

oyanıram. Taxta biti! 

Ay görüm səni andıra qalasan taxta biti! Görüm səni ağ 

günə  çıxmayasan taxta biti! Görüm səni lənətə  gələsən taxta 

biti! Ay taxta biti! Ay taxta biti!  

 

Qara yanğın 

 

Atəş dayanandan sonra biz, bir dəstə jurnalist döyüş 



meydanını  gəzdik. Böyük çöl meyitlə dolu idi. Diqqətimizi 

bəzi meyitlərdən eşidilən yeknəsək tıqqıltı  səsi cəlb etdi. 

Məlum oldu ki, meyitlərin bəzilərinin üstündə saatları  işləyir. 

Görünür bu adamlar ölümlərindən əvvəl saatlarını qurublarmış. 

Özləri bir neçə müddət qabaq ölmüşlər. Saatları isə laqeyd bir 

dəqiqliklə  hələ  işləyirlər. Qurum vaxtları qurtaranacan 

işləyəcəklər.  

Sonra dayanacaqlar. 

 



 134 

Ay  

 

Dəniz. Gecə. Bir də ay. O mənə etiraf – eşq edirdi. Mən 



dənizi bir cərgə şumlamış ay işığına tamaşa edirdim.  

Çox illər sonra yenə o dəniz dururdu. Gecə  də dururdu. 

Amma o artıq məni sevmirdi, mən aysız bir gecədə sahildə 

durub dənizə baxırdım və mənə elə gəlirdi ki, dənizin zülməti 

ayı udub həzm eləmişdir.  

 

 



Şopenin balladası 

 

Kişi taxtın üstündə uzanıb papiros çəkirdi. Qadın yumşaq 



kürsüdə oturub Stendalı oxuyurdu. Radio Şopenin balladasını 

verirdi. Bayırda yağış yağırdı.  

Kişi dedi: 

–Dünyada bundan gözəl nə ola bilər? 

Qadın dedi: 

–Nədən? 


Kişi dedi: 

–Səndən. – O Şopenin musiqisini nəzərdə tuturdu – Sənin 

saçlarından. 

Qadın güldü və Stendalın kitabını qapadı.  

Kişi: 

–Bura gəl – dedi.  



Kişi qadını öpürdü, saçlarını oxşayırdı və ona elə gəlirdi ki, 

o Şopenin musiqisini oxşayır. 

 

Füzuli  

 

O ölürdü. Arvadı dedi ki, onun xəstəliyi ağır deyil. Lakin o 



bilirdi ki, öləcək. "Ölüm allah əmridir, ayrılıq olmayaydıU. 

İnsan çox-çox qədim vaxtlarda – allah mövcud olan bir zaman 

deyilmiş bu misraları ürəyində  təkrar edir və onlara gülür. 

Ölümlə barışan ayrılığa etiraz edən bu misralarda kəsgin bir 




 135 

təzad vardı. Bu təzad misraları  mənasızlaşdırırdı. "Ayrılıq 

olmayaydı" Məgər ayrılıqların  ən böyüyü ölüm deyildimi. 

Vüsalsız hicran ölüm deyildimi? Ölüm ayrılığı olmasaydı, 

bütün başqa ayrılıqlar  əbədiyyətin adi, keçəri-gedəri bir 

epizodu olmazmıdı? "Ölüm allah əmridir" Allah çoxdandıki 

yox idi. Deməli onun əmri də gerçək ola bilməzdi. Amma ölüm 

gerçək idi. O labüd, əbədi, qaçılmaz bir qüvvə idi. O allahdan 

daha qədim idi. O, allah mövcud olan çox qədim zamanlarda 

onun əmri adlanırdı, lakin o allahdan güclü idi. O allahın özünə 

belə son qoymaq iqtidarında olan yenilməz bir qüdrət idi. O, 

insanlar ürəklərində  və beyinlərində allahı basdırdıqdan sonra 

belə yaşayırdı. O, öldürməkçün yaşayırdı. O, hər gün, hər saat

hər dəqiqə  hər saniyə öz işini görməkdə idi. Onun müxtəlif 

yerlərdəki müxtəlif əməllərindən biri də bu gün ölən insan idi.  

İnsan ölürdü və bunu da yaxşıca bilirdi. Axırıncı gün o 

arvadını çağırdı  və xahiş elədi ki, arvadı ona "Leyli 

Məcnundan" bir qəzəl oxusun.  

Arvad oxumağa başladı: 

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir. 

O dedi: 

–Yetər. – O bu qəzəli əzbər bilirdi və o bəxtiyar idi ki, heç 

kim bu barədə Füzulidən gözəl deyə bilməmişdir. 

 

Tolstoy 

 

Sonra arvadı ona "İvan  İliçin ölümünü" oxudu. O 



təəccübləndi. Nə cür olub ki, Tolstoy əvvəlcə ölüb, sonra isə öz 

ölümünü təsvir edə bilmişdir.  

 

Kölgələr 

 

Şəhərin kənarında böyük beş  mərtəbə bir bina vardı. Bina 



yanmışdı. İndi o boş idi. Yalnız divarları qalmışdı. Hə, bir də 

divarların birində dəstəyi qaldırılmış telefon-avtomat qalmışdı. 

Bu binada kölgələr yaşayırdı.  



 136 

Mən gündə  işə bu evin yanından gedib gəlirdim. Mənim 

şəhərdə böyük bir otağım vardı. Mən bu otaqda təpə-tənha 

yaşayırdım və gecələr məni qara basırdı. Gecə mənə elə gəlirdi 

ki, otaqda məndən başqa da kimsə var. Mənə elə gəlirdi ki, bu 

naməlum adam mənim başımın üstündə dayanıb və  hər an 

kirimişcə, sakitcə  mənim başımdan vurub cəhənnəmə vasil 

eləməyə hazırdır. Mən bilirdim ki, bu ancaq vahiməli yuxudur, 

oyanmaq istəyirdim və oyana bilmirdim. Mənə elə  gəlirdi ki, 

otağım tabutdur və  mən çox qorxurdum ki, bir dəfə yuxulu-

yuxulu öləm. Bir də mən yaman qorxurdum ki, bir gecə mənə 

zəng olsun. O boş yanmış evdə yaşayan kölgələr mənə  zəng 

eləsinlər.  

Bu dəfə gecə saat 4-də telefon zəngi eşitdim. Mən dəstəyi 

götürməyə qorxurdum. İşığı yandırdım və  səhərəcən daha 

yatmadım. Səhər bir dostum mənə dedi ki, gecə hardasa 

qonaqlıqda imiş  və  mənə  zəng eləyirmiş. Mən sakit oldum, 

lakin axşam yadıma düşdü ki, dostum mənə  nə isə bir söz də 

dedi. Məncə o demişdi ki, mənə yanmış 5 mərtəbədəki 

telefondan zəng eləyirmiş. Mən dostuma zəng elədim və bu 

barədə soruşdum. Təəccübləndi və dedi ki, yox, mən elə söz 

deməmişəm. Mən sənə qonaq olduğum evdən zəng eləmişdim, 

amma dünən yox, iki ay bundan qabaq. İndi niyə yadına 

düşüb? 


Gecə  mən öldüm. Kölgələr məni nəhəng boş 5 mərtəbəli 

yanmış evə apardılar və orada öldürdülər. Qəribə  də o idi ki, 

telefon avtomatın dəstəyi yoxdu, yoxdu. 

 

 



Uşaqlıq 

 

Uşaqlığım yadımdadır. Biz dəniz sahilində yaşayırdıq. 



Dəniz böyük, təmiz və hamar idi. Sahil sonsuz, hamar və 

adamsız idi. Uzaqda üfiq xətti görünürdü, göydə isə bir dənə də 

olsun bulud yox idi. Hər gün, günorta vaxtı üfüqün o tayından 

təyyarələr uçub gəlirdilər. Onlar nizamla, bir sırada və çox-çox 




Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə