A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə35/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   31   32   33   34   35   36   37   38   ...   168

 124 

–Qızım, sən də  çıx get evinizə. Mədəniyyətimizin 

nailiyyətlərindən sabah danışarsan. Nə olacaq? Nailiyyətlər 

qaçmayacaq ki? 

–Rəssamlıq sahəsində  də bir çox görkəmli  əsərlər 

yaranmışdır. 

–Hələ on ikiyə iyirmi dəqiqə var. Maşına minsən çatarsan. 

Get dostlarının, yoldaşlarının yanına. Yəqin səni də 

gözləyənlər var. Axı, cavansan, gözəlsən. Yəqin nişanlın var. 

Sənsiz darıxır. Axı o da belə gecədə  səninlə bir yerdə olmaq 

istəyir. Elə deyil, qızım, hə? 

–Fazilovun çobanlara həsr etdiyi tablosu orijinal və təbiidir. 

–Neynək, qızım. Qoy təbii olsun, amma sən get, bilirsən, 

deyiklin necə sevinər. Yaxşı  qız, bilirəm özünün də ürəyin 

tələsir. Bütün Bakı  sənə baxsa da, sən özün bircə  nəfərin 

yanında olmaq istəyərdin, eləmi? 

– Yeni kino–filmlər sırasında... 

–Elədir, qızım, qulluqdur, bilirəm qoyub gedə bilməzsən. 

Amma bu gecə heç insafdır ki... 

Birdən Həmidə xalanın ağlına gəldi ki, bu qızın 

"kompaniyası" yəqin ki, söz qoyublar yeni ili Moskva vaxtı ilə 

qarşılasınlar. Həmidə xala təsəvvürünə  gətirdi ki, qızın 

nişanlısı indi bir maşın tutub yuxarı televiziya studiyasına 

gedəcək, veriliş qurtaranda istəklisini götürüb birbaş  məclisə 

gətirəcəkdir. Qız heç paltarını da dəyişə bilməyəcəkdir. O 

həmin bu paltarda, Həmidə xalanın gördüyü paltarda, nişanlısı 

ilə, dostları ilə bir yerdə  şadlıq,  şənlik içində yeni ili 

qarşılayacaqdır. Lakin Həmidə xala artıq onu bu halda 

görməyəcək. Necə şadlandığını, adi həyatda necə davrandığını, 

necə danışdığını bilməyəcəkdir... 

Həmidə xala daha qızı düşünmürdü.  İndi o, radio 

diktorlarını düşünürdü. Amma bəlkə indi radioda da heç kəs 

yoxdur, ancaq yazılı lentləri buraxırlar. O, bunu bilmirdi. 

Həmidə xala yenidən düşünməyə başladı: görəsən bu yeni il 

gecəsi daha kimlər evdə deyillər? Məlumat bürosunun işçiləri. 



 125 

Həmidə xala telefona yanaşdı  və 09 yığdı. Uzun zaman düşə 

bilmədi. 09 məşğul idi. Təkrar yığdı. Qadın səsi eşidildi:  

– Məlumat bürosu sizi dinləyir. 

–Salam, qızım. 

– Hara? 


– Deyirəm, salam, qızım. 

Qadın təəccüblə dedi:  

–Əleyküm-salam. 

–Sizin yeni ilinizi təbrik edirəm. 

Qadın daha artıq təəccüblə dedi: 

–Çox sağ olun. Danışan kimdir? 

–Heç, bir nəfər... Bilirsinizmi, mən sizdən soruşmaq 

istəyirdim, necəsiniz, bu axşam... 

–Axı, kimdir? – deyə qadın yenidən səbirsizliklə soruşdu. 

–Heç, bir nəfər, siz tanımırsınız... 

Qadın hirslə: 

–Telefonu məşğul eləməyin, – dedi və  əlavə etdi: – hələ 

yeni il gəlməyib, indidən içib sərxoş olublar, – və telefonu asdı. 

Həmidə xalanı gülmək tutdu. O, dəstəyi asdı  və öz yerinə 

qayıtdı. Televizordakı  qız qeyb olmuşdu. Verilişlər 

qurtarmışdı. Bakı vaxtı ilə artıq yeni il idi. Həmidə xala 

televizordakı qızın yox olmasına bir qədər heyfsiləndi. İndi o, 

otaqda lap tək qalmışdı. 

Telefonun zəngi çalındı. 

Danışan Rüstəm idi. 

–Ana? 

–Hə. 


–Yeni ilin mübarək olsun. 

–Səninlə belə, can bala! 

–Kimnən belə danışırdın? Bayaqdan zəng eləyirəm telefon 

məşğuldu. 

Həmidə xala Rüstəmi necə başa salaydı ki, o kimlə  və  nə 

üçün danışırdı?  

Sonra Tofiq zəng elədi. Təbrik elədi. Sonra Gülarə  təbrik 



 126 

elədi və soruşdu ki, Vaqif oyanıb ya yox? 

Dilarənin yəqin ki, zəng eləmək imkanı yox idi. Yoxsa o da 

eləyərdi. 

Həmidə xala reproduktoru qurdu. Radio musiqi verirdi. 

Həmidə xalanın xoşuna gələn musiqi deyildi, odur ki, radionu 

söndürdü. Onun sevdiyi musiqi Bülbülün nəğmələri idi. 

Onların maqnitofonlarında Bülbülün bir neçə  nəğməsi 

yazılmışdı. 

Həmidə xala maqnitofona yaxınlaşdı. "Görəsən niyə adama 

ömrünün axırında bircə bu cihazlar qalır?" – deyə düşündü və 

dərhal bu bədbin fikirləri başından qovdu: "Yox, mən haqlı 

deyiləm. Mənə yalnız tək bir cihazlar qalmayıb. Mənim gül 

kimi balalarım var. Hamısı da məni çox istəyir". Birdən 

Həmidə xalanın başına qəribə bir fikir gəldi. O, bu fikri nə 

qədər qovmaq istəyirdisə  də, qova bilmirdi. O, bu işi etmək 

istəyirdi. Qorxurdu. Çünki evdə  tək idi. Amma yenə  də 

istəyirdi. O, Qəzənfərlə danışmaq: daha doğrusu, Qəzənfəri 

dinləmək istəyirdi. Qəzənfərin səsini eşitmək istəyirdi. 

Qəzənfər öz sağlığında səsini maqnitofona yazmışdı. O, 

öləndən bəri evdə heç kəs bir dəfə  də olsun bu səsə qulaq 

asmağa ürək eləməmişdi. Birdən hardansa Həmidə xalanın 

başına gələn bu fikir, onun iradəsinə hakim kəsildi. 

O, axırda öz istəyinə tabe oldu. Balaca siyirməni açdı, lenti 

çıxartdı, maqnitofonu işə salıb dinləməyə başladı. 

Qəzənfərdən  əvvəl uşaqların və onun özünün – Həmidənin 

səsi gəlirdi. Gülüşlər, qəhqəhələr, səs–küy. Sonra qəfil sakitlik 

və Qəzənfərin mülayim səsi: 

"Qulaq as, Həmidə..." 

Həmidə xalanın  əti ürpəşdi. Elə bil Qəzənfər o dünyadan 

onunla danışırdı. 

"Mən nə  şairəm, nə filosof. Mən adi bir fəhlə babayam. 

Doğrudur, özümə görə adım–sanım var, beş kişinin içində 

hörmətim olub. Amma yenə deyirəm ki, mən adi bir adamam, 

elə bilmə ki, çox dərin qırıldatmaq ya filosofluq eləmək 



 127 

istəyirəm. Yox. İntəhası  mənim həyatda təcrübəm çox olub. 

Həyatın, necə deyərlər, hər üzünü görmüşəm, sənə  də bir–iki 

söz demək istəyirəm. Görürsən, nə  ədəbi cümlələrlə 

qırıldadıram. Bir gün olacaq ki, mən olmayacağam". 

Maqnitofondan Həmidə xalanın etiraz dolu səsi eşidildi: 

– Bəsdi, yenə başlama, sən allah, sənsiz bizim bir günümüz 

də olmasın. 

O vaxt bu sözlər nə qədər təbii idi və nə qədər inkaredilməz 

görünürdü. 

Qəzənfərin gülüşü eşidildi; 

"Yaxşı, ay arvad, qırx–əlli ildən sonra. Qulaq as. Bir gün 

olacaq mən olmayacağam. Bax sənə bircə  əmanətim bu 

uşaqlardır. Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa 

çatdıracağam. Yox, işdi... Onda bax, bunları  sənə tapşırıram. 

Demirəm ki, hamısına ali təhsil ver. Demirəm ki, hamısını 

doktor elə, injiner elə, amma adam olsunlar. Yaxşı adam 

olsunlar. 

Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boya–

başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir–bir 

uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! 

Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə 

düşsələr, səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də 

bir-birimizlə görüşəndə  hərəmiz öz ata-babalarımızdan nə isə 

gətirmişdik. Deyəcəksən Qəzənfər yenə filosofluq eləyir. 

Amma bax, mən, vallah belə fikirləşirəm. Adamlar hamısı 

nəsil-nəsil bir-birlərinə bir şey verirlər. O işi ki, biri başlayır, 

amma qurtara bilmir, o iş itmir, batmır, sonrakı nəslə qalır, o işi 

sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır, 

heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsildən-nəslə keçir. Biz, 

Həmidə, mən biləni, yaxşı yaşamışıq,  əlimizin zəhmətiylə 

çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı  nə olubsa, 

uşaqlarımız özləriynən öz təzə  həyatlarına, təzə  nəsillərə 

aparsınlar. Həyat da elə budur da... 

Hə, yaxşı, görək necə yazıb. Lentnn də lap axırıdır". 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə