A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə33/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   29   30   31   32   33   34   35   36   ...   168

 116 

–Ayrı vaxt evdə oturmazlar. Bilmirəm bu gecə  nə olub. 

Hamısı yeni ili evdə qarşılamaq istəyir, – deyə Tofiq 

şikayətlənir. 

Həmidə xala gülümsünür: 

–Neyləyək, a bala, güclə evdən qova bilmərik ki. 

Tofiq məyus–məyus mətbəxdən çıxır və yenidən zəng 

eləyir. Yeni danışıqlar, vədələşmələr... 

Dilarə Tofiqə acıqlanır: 

–Bəsdi telefonu icarəyə götürdün. Bəlkə bura zəng eləyən 

var. 

Qəribədir ki, Dilarə bu axşam evdədir. Axır dörd–beş ildə 



birinci dəfədir ki, Dilarə yeni il gecəsi evdə qalıb. Hətta 

Rüstəm də evdədir. O, yeni ili axırıncı dəfə evdə qarşılayanda 

hələ atası rəhmətə getməmişdi. 

Qəzənfər sağ olanda onların evlərində yeni il hay–küylə 

qarşılanardı. Çoxlu adam olardı. Qəzənfər öləndən sonra ailə 

iki il yeni ili qeyd eləmədi. Ailə deyəndə, Gülarə ilə Rüstəm 

dostları, yoldaşlarıgilə gedərdi. Həmidə xala, balaca Dilarə və 

Tofiq isə axşamdan yıxılıb yatardılar. Sonralar yeni il 

axşamları Dilarə  də getməyə başladı.  İndi də Tofiqin növbəsi 

çatmışdı. Lakin bu gecə hamı evdə idi. Gülarədən başqa. 

Gülarəgil yəqin ki, qaynatasıgildə olacaqdılar. Bir də Qəzənfər 

yox idi. O, yeddi ildi ki, vəfat eləmişdi... Gülarə evdə qalsaydı, 

ailənin bütün üzvləri bir yerə toplanmış olardı. Amma heç vaxt 

belə olmur. Həmişə kimsə çatışmır. 

Divar saatı doqquzu vurur. Tofiq son danışıqlardan sonra 

mətbəxə girir. O, bir qədər pərt və intizarlıdır. 

–Nə olub, Tofiq, qonaqlarını yığa bilmirsən? 

–Yox əşi... 

Tofiq sözlü adama oxşayır. 

–Axı, nə olub? 

Nə qədər çətin olsa da, o kəsilə-kəsilə, utana-utana deyir: 

–Bilirsən, ana... Rauf deyir ki, bizə gəlin. Onun atası, anası 

harasa gedirlər. Ta səhərə qədər. Biz özümüz olacağıq. Lap tək. 



 117 

Bunu demək ona nə qədər çətin gəlirdi. 

Həmidə xala onun başını sığallayır. 

–Nə olar, oğlum, indi ki, istəyirsən, orda yığışın, nə olar? 

Tofiqin gözləri işıldayır. Hiss edir ki, anası inciməmişdir. 

–Amma orda yeməyiniz–zad olacaq? 

–Hə,  əşi, – deyə Tofiq şən cavab verir. – Bir şey taparıq. 

Konservdən-zaddan. 

–Bıy, bıy, başıma xeyir! Konserv–zad nədi? Qoy bu aşdan 

bir az çəkim, apar. 

–Yox, ana, əşi aşı neyləyirik ey. Qoltuğuma qazan vurub 

aparsam məni dolayarlar.  

Həmidə xala gülümsünür. 

–Yaxşı, get. 

Doğrudan da aşı neyləyirlər. Orda konserv yeyəcəklər və 

özlərini sərbəst, xoşbəxt hiss edəcəklər. Burda aş yeyəcək, 

amma özlərini sərbəst hiss eləməyəcəklər. Bir az yalandan 

gülüşüb erkən dağılışacaqlar. 

Bir az sonra Tofiq anasını bərk–bərk öpüb gedir. 

Rüstəm yatıb. Hər halda gözləri yumuludur. O, öz otağına 

çəkiləndə anasına: "Mən yatıram, məni oyatmayın", – demişdi. 

Həmidə xala bu yeni il "yatmağının" səbəbini çox gözəl bilirdi. 

Bir həftə idi ki, Rüstəm nişanlısı ilə küsmüşdü, hər ikisi acıqca 

bir–birinə zəng eləmirdilər. 

Dilarə özünə  iş tapa bilmir, otaqdan otağa keçir, köhnə 

jurnalları varaqlayır, televizora baxır. O nigarandır. Tez–tez 

telefona yanaşır. Lakin telefon susur. 

Həmidə xala mətbəxdə əlləşir. 

Bir azdan zəng çalınır. Həmidə xala qapını açır. Qapıda 

Gülarə, bir də  əri Süleyman dayanmışlar. Süleymanın 

qucağında Vaqif. 

–Gəlin, gəlin, xoş gəlmisiniz. 

–Xoş gördük. 

–İçəri keçin, mən bu saat gəlirəm. 

Onlar paltolarını soyunub içəri keçirlər. Həmidə xala 



 118 

düşünür: əgər Gülarəgil onca dəqiqə əvvəl gəlsəydi, o elə xəyal 

edə bilərdi ki, bu yeni il gecəsi bütün ailə evdə olacaqdır. Nə 

yaxşı olardı! Hətta, sonra Tofiq getsəydi də, onun gedəcəyi 

məlum olmamışdan bir neçə  dəqiqə  əvvəl, Həmidə xala nə 

sevinərdi! Hayıf ki, Gülarəgil Tofiq gedəndən sonra gəldi. 

Həmidə xala əlini yuyur, silir, otağa– qonaqların yanına 

keçir. Ordan–burdan söhbət eləyirlər. 

–Sizdən nə əcəb belə? 

–Niyə nə əcəb, gəldik sənin yeni ilini təbrik edək. 

–Çox sağ olun. 

Saat onun yarısını vurur. 

Birdən qapının zəngi çalınır. Gələn Dilarənin məktəb 

yoldaşı Leyladır. O töyşüyə–töyşüyə danışmağa başlayır: 

–Dilarə bilirsən… 

–Ay qız, bir nəfəsini dər görək, – deyə  Həmidə xala onu 

sakit edir. – Nə olub? 

–Əşi, qaça–qaça gəlmişəm. Direktor deyir ki, bu saat 

Dilarəni tap gətir. Heç onsuz müsamirə olar? 

Dilarənin gözlərində gizlin sevinc oynayır. Lakin üzündə 

soyuq ifadə var. 

–Xeyr, bağışlayasınız.  İndi Dilarə matah olub. Lazım 

olsaydı  əvvəldən proqrama salardılar.  İndi görəsən kim 

gəlməyib, onu əvəz eləməyə də adam yoxdur. 

–Yox, ayzə, – Leyla onun fikrini dəyişməyə çalışır. – Ayzə, 

direktor bilməyib ki, səni proqrama salmayıblar, biləndə 

bilirsən necə acıqlandı. 

Həmidə xala indi başa düşür ki, Dilarə niyə evdə imiş. 

–Dur bu saat geyin, – deyə o qızına acıqlanır. – Naz vaxtı 

deyil. Çağırırlar, get. 

O bilir ki, Dilarə onsuz da gedəcək. 

Doğrudan da, bir azdan Leyla ilə Dilarə vidalaşıb gedirlər. 

Həmidə xala qonaqlardan üzr istəyib mətbəxə gedir. Bir 

qədər sonra Gülarə də onun yanına gəlir: 

–Ana, bilirsən, bizi Süleymanın bir yoldaşı çağırıb, gərək 



 119 

ora gedək. Vaqif sizdə qalsın. Yaxşı? 

–Nə deyirəm ki, qalsın. 

–Mən özüm bu saat onu yatızdıracağam. Elə  bərk yatır ki, 

səhərəcən oyanmayacaq. Amma hərdənbir bax, üstünü 

açmasın. 

–Arxayın ol. Amma indidən niyə yatızdırırsan? Qoy qalsın 

mənimlə, bir yerdə yeni ili qırşalayaq, sonra mən yatızdıraram. 

–Əşi, o yeni il-zad nə qanır. Yuxusunun vaxtıdır, qoy yatsın. 

–Yaxşı, neynək. 

Gülarə otağa keçir. Onun və Süleymanın birgə səyi ilə Vaqif 

yuxulayır. 

–Yaxşı, ana, daha biz gedək. Gözləyirlər, yaxşı deyil. Gətir 

bir üzündən öpüm, bax belə, hə, necə deyərlər, qarşıdan gələn 

təzə ilin mübarək. 

–Siznən belə, siznən belə. 

–Xoşbəxt olun, Həmidə xala. 

–Sağ ol, bala, sağ olun, çox sağ olun. İkiniz də xoşbəxt olun, 

qoşa qarıyın. 

–Xudahafiz. 

–Xudahafiz, xudahafiz. 

Qapı çırpılır. Həmidə xala öz-özünə: 

– Xudahafiz, xudahafiz, sağ olun, xoş gəldiniz, – deyə-deyə 

mətbəxə qayıdır. 

O, on beş adamlıq aşı bişirməyə davam edir. Sonra birdən 

nəyisə xatırlayır. Hə, Rustəm... Həmidə xala Rüstəmin otağına 

girib onu silkələməyə başlayır. 

–Rüstəm, ay Rüstəm! 

–Hə. 

–Oyan, yeni ildə yatmaq olmaz. Bütün ili yatarsan. 



–Əşi, qoy görək sən allah. 

–Bura bax, dur, tez deyirəm, dur! 

–Nədir? Qoy yatım. 

–Dur ey, sənnən işim var. Bura gəl. 

–Nədi ki? 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə