A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə41/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   37   38   39   40   41   42   43   44   ...   168

 151 

etinasızlıq, keçəri duyğuların pərakəndəliyi, pəjmürdə hisslər

bir tərəfdən qısqanclıq faciəsi.  Əsər natamam, ziddiyyətli, 

qondarma idi... Hikmət romana belə qiymət vermişdi və ona 

elə gəlirdi ki, o haqlıdır. 

Nəimə də bu romanı oxumuşdu. Bəyənmişdi. Onun fikrincə 

bu natamamlıq, bu ziddiyyət  əsərin ruhundan doğur. 

Hisslərində,  əlaqələrində  sərbəst olan bir insan qəflətən 

qısqanclıq mərəzinə tutula bilər və bu da faciəyə çevrilə bilər. 

Nəimənin rəyi belə idi və o öz rəyini izah etdikcə, məntiqi 

dəlillər, faktlar gətirdikcə Hikmət hiss eləyirdi ki, Nəimə  də 

haqlıdır. 

Ceyhun ağlaya–ağlaya o biri otaqdan gəldi. 

–Ata, Rənanı görürsənmi, gəlinciyi mənə vermir. Mən topu 

ona verdim, o, gəlinciyi mənə vermir. Axı  mən topu ona 

verdim. Gərək o da gəlinciyi mənə versin. 

Ceyhun düz deyirdi. 

Hikmət Rənanı çağırdı. 

–Nə olub? – deyə yorğun–yorğun, könülsüz soruşdu. 

– Top onsuz da mənimdir. Anam bağışlayıb. Mən Ceyhuna 

tüfəngi verirəm, çünki o oğlandır. Gəlinciyi isə qız oynadar. 

Rəna da düz deyirdi. 

Ceyhun dedi: 

–Yox, mən elə gəlinciklə top–top oynayacam. 

Rəna dedi... Ceyhun dedi... 

Hər ikisi haqlı idi. 

Hikmət dedi: 

–Gedin oynayın.  

Uşaqlar dedilər: 

–Sən də bizimlə oyna. Qonşu uşaqların ataları  həmişə 

onlarla oynayır.  

Onlar haqlı idi.  

Hikmət dedi: 

–Vaxtım yoxdur. Məşğulam. 

O da haqlı idi.  



 152 

Hava qaralmağa başladı.  

Ceyhun soruşdu: 

–Anam haçan gələcək? 

Hikmət: – İndilərdə gələr, – dedi. 

Qapının zəngi çalındı. Uşaqlar: 

–Ana, ana, – deyə qapıya yüyürdülər. Gələn Nəimə deyildi. 

Hikmətin böyük bacısıydı. Zəhranın birinci sualı: 

–Nəimə evdədir? – oldu. – Yox. 

–Əlbət ki, hardan olacaq?!  

Hikmət Zəhranın niyə  gəldiyini, nədən danışacağını yaxşı 

bilirdi. Onun bu barədə danışmağa  heç bir həvəsi yox idi. 

Amma o bilirdi ki, Zəhra bu barədə söhbət açmaqda haqlıdır. 

Hikmət onun qardaşı idi. Zəhra qardaşının taleyinə biganə baxa 

bilməzdi. 

Zəhra uşaqların başını sığallayıb o biri otağa göndərdi. Özü 

Hikmətin yanında oturub müqəddiməsiz, girişsiz, hazırlıqsız 

birbaş mətləbə keçdi. 

Söhbət uzun, ağır, üzücü idi. Hikmət belə söhbətlərə sonsuz 

nifrət bəsləməkdə haqlı idi. Amma o bilirdi ki, Zəhra da 

danışmaqda haqlıdır. 

Zəhra deyirdi: 

–Camaat arasına çıxa bilmirəm. Hamı  sənin biqeyrətliyini 

mənim başıma qaxır. Vallah, billah, binamus qardaşın bacısı 

olmaqdansa ölüm min yol yaxşıdır. 

Hikmət sakit və etirazsız qulaq asırdı. Zəhra daha da 

özündən çıxırdı. 

–Hamı  Nəiməylə  Ələsgərovdan danışır. Bircə  sən bunu 

görmürsən. Elə indi də yəqin onunladır. Heç yerə girmirsən? 

Ürəyini boşaldandan sonra Zəhra çıxıb getdi. Hikmət 

yenidən qəzetlərə baxmağa başladı.  İki dövlətin bir–birinə 

məktubları  dərc edilmişdi. Bir–birinə, qarşılıqlı ittihamlar 

verirdilər. Əks şeylər isbat edirdilər. Hər ikisi haqlı idi. 

Az sonra Nəimə gəldi. Uşaqlar: 

–Ana... ana... – deyə sevinclə yüyürdülər. 



 153 

Onların sevinməyə haqqı vardı, anaları gəlmişdi. Nəimə heç 

onların üzünə də baxmadı. O da haqlı idi: qanı yaman qaraydı. 

Hikmətin üstünə düşüb: 

–Sənin bu sözbaz bacın gen dünyanı başımıza dar eləyəcək, 

– deyə əsəbi danışmağa başladı. – İndi həyətdə məni tutub bir 

saat canıma döşəyib. Bilirəm, gəlib burda da məndən danışıb. 

Birdəfəlik anlamır ki, mən onun kimi ara arvadı, avara söz 

gəzdirən deyiləm. Mən elmi işçiyəm. Min yerdə oluram. Min 

adamla oturub–dururam. Min adamla danışıram, min adamla 

işim olur. Bir gün evə tez gəlməli oluram, bir gün gec.  

Onun belə danışmağa haqqı vardı. Hikmətin də onu 

Ələsgərova qısqanmağa haqqı vardı. 

Hikmət könülsüz: 

–İndi hardaydın? – dedi: 

–İşdə. 


– Ələsgərovun yanında?  

–Bəli, Ələsgərovlaydım – deyə Nəimə əsəbi cavab verdi. – 

Birdəfəlik başa düşün:  Ələsgərov mənim elmi rəhbərimdir. 

Mənim bütün elmi fəaliyyətim onunla əlaqədardır. Mən 

müdafiə etməliyəm. Odur ki, günün çox hissəsini onunla 

işləməliyəm. Niyə bunu başa düşmək istəmirsiniz. 

O haqlı idi. 

Amma subay bir kişiylə  gənc, gözəl bir qadını daima bir 

yerdə görən dedi-qoduçular da onların yalnız elmi məsələlər 

həll etmələrini şübhə altına alanda haqlı idilər. Onlar Zəhraya 

tənə vuranda, Zəhra qardaşını danlayanda, Hikmət bu işləri 

ürəyinə salanda, Nəimə  tənbehlərdən,  şübhələrdən, dedi–

qodulardan cana gələndə haqlı idi. Bəlkə  Ələsgərov Nəiməni 

ürəkdən sevirdi. Onda o da haqlı idi. Amma sevməsəydi də 

haqlı idi. 

Hikmət bilirdi: Ələsgərovla Nəimənin Zəhra deyən 

əlaqələrdə olduğunu aydın-aşkar bilsə, öz gözüylə görsə belə 

namusu tapdalanmış ərin iztirab və intiqamı haqlı olduğu kimi, 

həyatının son bayramından imtina etmək istəməyən sinli 



 154 

professor da haqlıdır. Və  nəhayət, Nəimə  də haqlıdır. Yəqin 

onun da müəyyən səbəbləri, dəlilləri, əsasları, bəraəti var. 

Hikmət bilirdi: Bu dünyada haqsız yoxdur. Hərə bir 

səbəbdən, hərə bir cürə haqlıdır. 

Hikmət: – Mən bir az havaya çıxmaq istəyirəm, – dedi. 

Küçədə milis təpikləyə-təpikləyə bir dilənçini qovurdu. 

Milis haqlı idi. Çünki cındırından cin ürkən dilənçi küçənin 

yaraşığını pozurdu. 

Dilənçi də haqlı idi. Bu küçədə gedib–gələn, qazanc 

nisbətən çox olurdu. O biri küçələr adamsız idi. 

Gecə Hikmət özünü asdı. 

Arvadı, uşaqları, dost–aşna, qohum–qardaş yasa batdı. Hamı 

təəccüblənirdi. 

–Axı  nəyi çatmırdı. Xoşbəxt ailə. Ev–eşik. Cəmiyyətdə 

yüksək mövqe. Sağlamlıq. Şöhrət. Pul.  

Onlar haqlı idilər.  

Amma Hikmət də haqlı idi. 

 

Sentyabr, 1958. 

 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə