A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə37/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   33   34   35   36   37   38   39   40   ...   61
id55880

Sadiqi bəy Əfşar. 
XVI əsrin sonu - XVII əsrin əvvəllərində yalnız 
Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə miniatür sənətinin ən görkəmli 
nümayəndələrindən biri də Sadiqi bəy olmuşdur. Dövrünün hərtərəfli inkişaf etmiş 
ustad sənətkarlarından olan Sadiqi gəncliyindən saray və sultanlardan uzaq gəzmiş, 
müxtəlif peşələrə, xüsusən incəsənətə böyük məhəbbət bəsləmişdir. Sonralar 
yazdığı "Qanun üs-süvər" adlı risaləsində gənclərə "həyatın boyu peşə və incəsənətə 
yiyələnməyə, öz sənətini təkmilləşdirməyə çalış, çünki sənətsiz həyat, həyat deyil" 
- deyən Sadiqi bəy həyatını yaradıcılığa həsr etmiş, ən ağır günlərində belə yazıb-
yaratmaqdan əl çəkməmişdir. Ziddiyyətli və macəralarla dolu həyat yolu keçmiş 
Sadiqi bədii yaradıcılığın müxtəlif sahələrində fəaliyyət göstərmiş, rəssam və xəttat, 
şair, təzkirəçi və sənətşünas olmuş, bu sahələrin hər birində indi belə öz elmi-nəzəri
bədii-estetik dəyərini itirməyən maraqlı əsərlər yaratmışdır. 
Rəssamlıq sahəsində özünün bədii-estetik tələblərinə uyğun gələn bir 
ustad sorağında gəzən Sadiqi Müzəffər Əlini özünə müəllim seçir və özü demişkən 
"qulam kimi bir neçə müddət onun xidmətində kəmərbənd" olur. 


132 
Sadiqinin macəralarla dolu həyatı, müharibələrdə göstərdiyi qəhrəmanlığı 
və yaradıcılığı haqqında maraqlı məlumatlar verən İskəndər Münşinin yazdığına 
görə, rəssam "Tükdən də zərif fırçası ilə minlərlə heyranedici portretlər çəkmişdir. 
Bu rəqəm mübahisəli olsa da Sadiqinin çox məhsuldar, nadir istedada malik 
sənətkar olduğunu sübut edir. Şübhəsiz ki, Sadiqinin yalnız portretləri deyil, kitab 
illüstrasiyaları və müasir həyat hadisələrini əks etdirən müstəqil miniatürləri də çox 
olmuşdur. Çox təəssüf ki, bu böyük rəssamın zəngin bədii irsi hələ layiqincə 
öyrənilməmiş, bir neçə imzalı portreti və 1573-cü il tarixli "Gərşasbnamə"yə çək-
diyi "Gərşasbin divlərlə vuruşması" adlı miniatürlərindən başqa digər əsərləri üzə 
çıxarılmamışdır. 
Sadiqinin hazırda bəlli olan "Əmir", "Teymurxan", "Dərviş", gənc oğlan və 
qızların surətini təsvir edən portretləri rəssamın konkret şəxslərin fərdi 
xüsusiyyətlərini, oxşarlığını, hətta bəzən psixoloji xarakterini canlı və ifadəli əks 
etdirən qüvvətli əsərlərdir. 
Bu baxımdan Sadiqinin bir əsəri xüsusilə orijinal, miniatür sənəti üçün 
nadir olan keyfiyyətlərə malikdir. Rəssamın geniş şöhrət qazanmış bu əsərində 
uzaqdan görünən şəhər mənzərəsi fonunda qatıra minərək yol gedən ortayaşlı bir 
dərviş təsvir olunur. Bu əsər kompozisiya qurumu, insan və heyvan fiqurunun 
həcmli, plastik təsviri, proporsiyası, rənglərin təbii düzümü və sıralanması arxa 
planda görünən şəhərin perspektiv qanunları əsasında işlənməsi, obrazın psixoloji 
ifadəliyi və s. xüsusiyyətlərinə görə, ümumiyyətlə, miniatür sənətinin tarixində 
müstəsna əhəmiyyətə malikdir. Əslində Şərq miniatür sənəti üçün yabançı olan bu 
realistik keyfiyyətlər rəssamın Avropa sənəti ilə tanışlığını, Avropa boyakarlıq 
formaları və bədii ifadə vasitələrinin Şərq sənətinə sirayət etməsini göstərir. 
Bədii üslub xüsusiyyətlərinə, xüsusən obrazın həllinə görə bu miniatürlə 
rəssamın bir sıra əsərləri, o cümlədən qrafik üsulla, ancaq kontur xətlərlə çəkilmiş 
"Əmir portreti", boyakarlıq üslubunda işlənmiş "Teymur xan Türkmanın portreti" və 
"Ağac altında oturmuş dərviş" rəsmi ilə yaxınlıq təşkil edir. Bu əsərlərdə rəssam 
obrazın idealizə edilməsinə, zahiri gözəlliyinə, rənglərin dekorativliyinə deyil, təsvir 
edilən adamların canlı və ifadəliyinə çalışmışdır. Buna görədir ki, Sadiqinin bu 
əsərləri bədii formanın reallığı, obrazın fərdi oxşarlığı və psixoloji xarakterinin 
ifadəliyi ilə fərqlənir. "Qanun üs-süvər" traktatında rəssam özü qeyd edir ki, 
"Surətkərlik işində mən təsvirdən mahiyyətə yol tapdım". 
Maraqlıdır ki, Teymur xan Türkman Sadiqi bəy tərəfindən 1594-cü ildə 
işlənən və nədənsə tamamlanmamış qalan portretini təxminən 90 il keçəndən sonra, 
1684-cü ildə Muin Müsəvvir adlı görkəmli İran rəssamı tamamlamış və şəklin 
altında öz dəsti xətti ilə bu sözləri yazmışdır: "Mərhum Teymur xan Türkmanın 
şəbehidir, 1002-ci ildə mərhum Sadiqi bəy Əfşar yaratmışdır. Alçaq bəndə Muin 
Müsəvvir 1095-ci ildə onu tamamlamışdır. Mübarək olsun". 
Sadiqinin bir qrup miniatür portretləri yuxarıda göstərilənlərdən fərqlənir. 
Onlar müəyyən kanonlar əsasında idealizə edilmiş rəsmi portret xarakteri daşıyır və 
üslub xüsusiyyətlərinə görə XVII əsrin əvvəllərində formalaşmağa başlayan 


133 
İsfahan məktəbinin səciyyəvi cəhətlərini xatırladır. 
Bu əsərlərdə əlində gül, ya badə tutmuş, saya yerlikdə, yaxud da mənzərə 
fonunda, ayaq üstə dayanmış ya oturmuş halda təsvir olunan gənc oğlan və qızların 
portreti fərdi xüsusiyyətləri və psixoloji ifadəliyi ilə deyil, daha çox geyim və zahiri 
əlamətləri ilə bir-birindən seçilir. Onlar konkret şəxslərin portreti deyil, XVI əsrin 
ortalarında olduğu kimi, sarayın estetik tələblərinə, modalarına cavab verən yeni 
kanonlar əsasında idealizə edilmiş surətlərdir. 
Sadiqi bəy Əfşarın kitab illüstrasiyaları sahəsində fəaliyyəti haqqında 
məlumat çox az və səthidir. Lakin İskəndər Münşinin verdiyi xəbərə görə o, Siyavuş 
bəy, Mir Zeynalabdin, Müzəffər Əli və Əli Əsgərlə birlikdə Firdovsinin 1575-1576-cı 
il tarixli "Şahnamə" əlyazmasına illüstrasiyalar çəkmişdir. Rəssamın Londonda, 
Britaniya muzeyində saxlanan 1573-cü il tarixli "Gərşasbnamə"yə çəkdiyi imzalı 
miniatürün tapılması onun həmin "Şahnamə"yə çəkdiyi bir
 
əsərinin də 
müəyyənləşdirilməsinə səbəb oldu. "Gərşasbin divlərlə vuruşması" adlı imzalı 
miniatürlə "Şahnamə"yə çəkilən "Təhmurəzin divlərlə vuruşması" əsərinin 
kompozisiyası divlərin təsviri və başqa üslub xüsusiyyətlərinə görə oxşarlığı, bəzi 
ayrıntılarının az qala eyniliyi hər iki əsərin Sadiqi bəyin fırçasına mənsub olmasını 
güman etməyə tutarlı əsaslar verir. 
Sadiqi bəy Əfşar öz geniş diapazonlu yaradıcılığı ilə orta əsr Azərbaycan 
incəsənəti tarixində müstəsna mövqe tutur. Onun miniatür sənətinin inkişafındakı 
rolu yalnız öz bədii yaradıcılığı, dəyərli əsərləri ilə məhdudlaşmır. Sadiqinin öz 
zəngin yaradıcılıq təcrübəsinə əsaslanaraq rəssamlıq qayda-qanunları haqqında 
yazdığı "Qanun üs-süvər" risaləsinin təsviri sənətin inkişafı və gənc sənətkarların 
bədii tərbiyəsində əhəmiyyətli rolu olmuşdur. O öz risaləsinin nəsihət hissəsində gənc 
rəssamlara xitab edərək yazır: 
- "Demirəm ki, özbaşına çalış, get özünə rəhbər-ustad axtar! Əgər belə bir 
ustad tapa bilməsən, onda "Qanun üs-süvər"dən üz çevirmə, onu yazmışam hər növ 
ehtiyac və işə kömək üçün, o sənə muzdsuz və minnətsiz ustaddır". 
Sadiqinin risaləsi onun özünün və ümumiyyətlə, orta əsr rəssamlarının 
fəlsəfi-estetik görüşünü, yaradıcılıq metodu və vərdişlərini öyrənmək baxımından 
əvəzsiz bir sənəddir. 
"Əgər muradın rəssamlıq isə, ustadın təbiət olmalıdır", - deyə gənclərə 
nəsihət edən Sadiqi, onları öz yaradıcılığında ardıcıl olmağa, ustadların üsul və 
səriştələrindən öyrənməyə, lakin təqlidçilikdən uzaq olmağa, bədii irsə tənqidi 
yanaşmağa çağırır, onlardan üslub fərdiliyi, orijinallıq və bitkinlik tələb edir. 
Sadiqi bəy Əfşarın bu risaləsi və orta əsr şairləri və bədii sənət ustaları 
haqqında maraqlı məlumat verən "Məcme ül-xəvas" adlı təzkirəsi Azərbaycan 
ədəbiyyatı və incəsənəti tarixini öyrənmək üçün indi belə öz əhəmiyyətini itirməyən 
qiymətli məxəzlərdəndir. 
Beləliklə, yuxarıda göstərilən tarixi faktlar və nəzərdən keçirilən əsərlər 
Azərbaycan miniatür sənətinin ardıcıl inkişafını işıqlandırır, Təbriz məktəbinin 
qüdrətli sənət mərkəzi olduğunu, onun təsir dairəsinin genişliyini, Yaxın və Orta Şərq 


134 
ölkələrində miniatür sənətinin inkişafındakı mühüm rolunu, görkəmli mövqeyini 
aşkarlayır. 
XVI əsrin sonu - XVII əsrin əvvəlləri dünya incəsənəti tarixinin qiymətli 
səhifələrini təşkil edən klassik Təbriz məktəbinin son inkişaf dövrünü təşkil edir. Bu 
dövrdən sonra Azərbaycan təsviri sənətinin inkişafında tənəzzül başlanır, qüdrətli 
Təbriz məktəbinin qiymətli bədii ənənələrinin uzun sürən unudulma prosesi başlanır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə