268
pambıq qozaları və hazırkı dövrün başqa emblemləri əlavə edilmişdir.
Həmin memarlıq abidələrinin bədii tərtibatında iştirak edən dekorativ-
tətbiqi sənəti sahəsində çalışan xalq ustalarından Əbdül-Hüseyn Babayevin adını
xüsusi qeyd etmək lazımdır. Nizami muzeyində şəbəkə işlərinin hazırlanmasında
onun xüsusilə böyük xidmətləri olmuşdur. Muzeyin salonlarındakı şəbəkə
arakəsmələr, müxtəlif kürsülər və nəhayət, nadir əlyazmalar üçün dayaq olan
rəhillər məhz bu görkəmli sənətkarın əli ilə hazırlanmışdır.
Nizami muzeyinin bədii tərtibatında istifadə edilən şəbəkə nümunələri
arasında həm icrası, həm bəzəyi baxımından usta Əbdül-Hüseynin yaratdığı giriş və
muzeyin arakəsmə qapıları daha çox diqqəti cəlb edir. Usta burada kiçik taxta
parçalarını mıxsız, yapışqansız bir-birinə bənd edərək, gözəl bir ornamental
kompozisiya yaratmışdır. Bitki ornamentlərinin həndəsiləşdirilmiş formalarından
təşkil olunan çoxbucaqlı, ulduzşəkilli, bu şəbəkə xonçaları ilk baxımdan bədii
toxuma işləri xatırladır. Şəbəkə bəzək elementlərinin gözəlliyi bir də ondan
ibarətdir ki, onların hamısı Nizami dövrünün (XII əsr) memarlıq formalarına uyğun
olaraq yaradılmışdır.
Azərbaycanın dekorativ-tətbiqi sənətinin növbəti inkişaf mərhələsi 1950-
ci illərə təsadüf edir. Moskva, Sankt-Peterburq, Kiyev, Lvov şəhərlərində ali təhsil
almış ilkin ixtisaslı milli kadrların vətənə qayıdıb müstəqil yaradıcılıqla məşğul
olması bu illərə aiddir. Həmin illərdə respublikamızın müxtəlif yerlərində təşkil
olunmuş iri sənaye obyektlərindən Keşlə saxsı qablar zavodu, Bakı şüşə zavodu,
Gəncə çini qablar zavodu tətbiqi sənətimizin inkişafına az təsir göstərmir. Bu illərdə
kütləvi şəkildə buraxılan dekorativ-tətbiqi sənət məmulatları ilə yanaşı, nümunəvi
xarakter daşıyan xalq sənəti əsərləri də yaradılırdı.
Bu cür əsərlərdən O. Şıxəliyevin "Şirin ovda" adlandırdığı iri çini vaza
diqqəti cəlb edir. Bədiilik etibarilə qədim dulusçuluq məmulatlarının forma
ənənələrinə uyğun olan bu nəfis vazanın üzərindəki süjet Nizaminin "Xosrov və Şirin"
poemasından götürülmüş ov səhnəsidir. Rəssam əsas epizodun nəqli ilə bağlı
Xosrov
və Şirini at çapan vəziyyətdə iri planda təsvir etmişdir. Vazanın dairəvi səthinə
müəyyən nizamla səpələnən cüyürlərin və atlı fiqurların qaçış məqamında verilməsi
burada ov səhnəsinə xas olan dinamikaya dəlalət edir. Rəssam ənənəvi miniatür
rəsmlərindən gələn kol, qaya, qoşa sərv və s. kimi milli ünsürləri canlı fiqurlar
arasında ustalıqla yerləşdirməklə, adi müstəvidən fərqli olan bu dairəvi səthdə
maraqlı kompozisiya yarada bilmişdir.
Bu illərdə nümunəvi xarakter daşıyan başqa sənət əsəri H.Abdullayevanın
çinidən yaratdığı "Yeddi gözəl" adlı dekorativ-heykəlcik qrupu idi. Müəllif burada
Nizami poemasının ədəbi personajlarının bədii obrazına xas olan xüsusiyyətləri
gözləməklə, onları müasir orijinal səpkidə əks etdirmişdir. Heykəltəraşın seçdiyi
mövzu özünün xarakteri etibarilə onu zahiri gözəllik və ekzotikaya aludə olmağa
sövq etdirə bilirdi, lakin müxtəlif yeddi gözəl və Bəhram Gur fiqurlarının təfsir və
təsvirlərində bundan qaçmış, materialın təbiətindən gələn dekorativliyi və
çoxrəngliyi dərindən duymuş, maraqlı sənət əsəri yarada bilmişdir. "Yeddi gözəl"