Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə57/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   53   54   55   56   57   58   59   60   ...   75

Qazaxıstana son gedişindən xeyli vaxt keçmişdi. Və hərdən ona elə gəlirdi ki,
orda yaşadığı həyatda İntizar adlı qız da qatma-qarışıq bir yuxu imiş və dağılıb
getmişdir. Önündəki qız isə muzey divarlarından asılmış miniatürlər qədər zərifdi,
Allah tərəfindən sevgi ilə, xoş ovqatla yaradılmışdı, dodaqları butadan yeni
çırtlayan qızılgül rəngindəydi. Allanmış yanaqlarında nəfəs toxunmamış bir
təmizlik və təravət vardı, yaşıla çalan iri gözləri dəniz kimi dalğalanır, baxışları
adamın içindən keçirdi. Saçlarını yığdığından boyun-boğazı aydın görünürdü və
qulaqlarından asılmış uzun sırğalarının parıltısı bu bəyaz fonda qəribə rəsmlər
çəkirdi.
Qız qonağın ona baxdığını sezdi, ancaq özünü o yerə qoymadı.
Muzeydəki böyük ruhun səbəbi dahilərin yadigarları və xatirəsi ilə yanaşı, həm də
bu bələdçinin qızıdır. Bu, Muradın düşüncəsiydi.
Gəzinti bitəndə bələdçi onu rəy yazmağa dəvət edib yer göstərdi. Rəy kitabını qızı
gətirdi. Sanki “anamın sözünü yerə salma!” – demək istəyirdi. Əlbəttə, yazacaqdı.
Bu da vaxtı uzatmağa bir bəhanə idi. Öncə vərəqləri çevirib bir neçə rəyi oxudu.
“Bizim millət qısa yazmağı bacarmır!” – deyə fikirləşdi. Və o dəqiqə də səhvini
anladı. Bu muzeyə baxandan sonra tez-tələsik, başdansovdu bir şey yazmaq olmaz.
Və kitabda hökmən burda xidmət edənlərin zəhməti də göstərilməlidir. Buna görə
də utana-utana bələdçinin adını soruşdu.
Bələdçi:
– Adım Səhərdir, – dedi və sonra zərif təbəssümlə əlavə etdi: – Səhər xanım.
– Gözəl məlumat verdiniz, sağ olun. Muzeyə indiyədək gəlmədiyimə
təəssüflənirəm.
– İnşallah, yenə gələrsiniz! – dedi Səhər xanım.
– Bunu mənim cahilliyim saymayın! – Murad əlavə etdi. – Günah Bakını yaxşı
tanımamağımdadır.
Səhər xanımın söhbəti davam etdirməkdən başqa yolu qalmamışdı:
– Niyə, işiniz çoxdur?
– İşləmirəm, aspirantam. Oxumaqdan baş açılmır.
Murad təəssüratını yazdı, sonda Səhər xanıma təşək​kürünü bildirməyi də
unutmadı. Aspirant olduğunu biləndə Səhər xanım onu muzeydə keçirilən
tədbirlərə, elmi konfranslara dəvət elədi. Murad “hökmən gələcəyəm” desə də,
bilirdi ki, gəlməyəcək. Burdan çıxan kimi başı qarışacaq və muzey unudulacaq.
***
Öz böyüklərinin, görüşdüyü adamların söhbət​lərini unutmurdu, yəqin ki, ömrünün
sonuna​dək davam edəcək bir tale yaxınlığı, mənəvi qohumluq duyğusu ilə gəldiyi
repressiya qurbanları birliyində əsl sürpriz hesab etdiyi bir hadisə də baş


vermişdi: Məhəmməd Əmin Rəsulzadənin nəvəsi ilə tanış olmuşdu. Bu tanışlığın
gözlənilməzliyi və ona verdiyi sevincin səbəbi sadə idi. Çünki uşaqlıq illərindən
kənd məclislərində vətəninin ən çox xatırlanan böyüklərindən biri Rəsulzadə
olmuşdu. Sonralar məktəbdə də bu adı çox eşitdi. Bir müəllimin dilindən xalqın
düşməni kimi, digər müəllimin dilindən milli hökumətin qurucusu kimi. Ancaq bu
gözlənilməz çevrilməni sezməmək də olmazdı. İldən-ilə düşmən münasibət
bəsləyənlər azalır və ya onların pis qələmə verdikləri şeirlər rəngini dəyişir,
qaralar ağarır, düşmən dediklərinin xalqın əsl dostu, qəhrəmanları olduğu ortaya
çıxırdı. Etiraf elədilər-eləmədilər, havanın dəyişildiyini gizləmək olmazdı.
Raislə elə ilk söhbətlərindən onun keçdiyi ağır, sarsıntılarla dolu yol bütün eniş-
yoxuşu, daş-kəsəyi ilə həm də onun yoluna qoşulmuş, onun içindən keçmişdi.
Qaraqandada yaşanmış zülmləri anlamaq da çətin deyildi, ancaq babasının son
ana kimi adı dilindən düşməyən bir millət atasının Azərbaycanda gördüyü yadlıq,
həqarətli münasibət heç bir ölçüyə sığmırdı. Adamı üzən, alçaldan, yandıran,
millətin unutqanlığına, qədirbilməzliyinə heyrət oyandıran bir hadisə idi.
Qürbətdən gəlib yurdundakı qürbətə düşmüşdü.
Babasının evi şəhərin mərkəzində, tarixi bir binada yerləşirdi. Rəsulzadənin adı
üzə çıxıb, siyasi-ictimai mühitə qayıdan kimi o vaxt Novxanıdakı mülkü satandan
sonra halal pulla alınmış və üstündə hökumətin heç bir minnəti olmayan mənzil
sahibinə qaytarılmalıydı. Milli hökumətin yıxılmasından sonra onun həbs edilən,
asılan, doğranan, diri-diri quyulara tökülən, yurdundan didərgin salınan bütün
qurucularının evləri müsadirə edilib bolşeviklərə, neft mədənlərində işləmək adı
ilə Serebrovski və Leninin xaricdən Bakıya daşıdıqları qatı rus şovinistlərinə, ağ
qvardiyaçılara, bolşeviklərə paylanmışdı. Bəlkə, hələ də onların əlindədir. Neçə
əl dəyişilib, zaman da dəyişilib, Allah haqqı qaytarıb qoyub öz yerinə. On illərlə
zillət içində yaşayanlar öz vətənlərinə, vətəndəki halal evlərinə qayıtmaq
istəyirlər. Bu, Allahın və tarixin hökmüdür. Çox sadə bir yolla şəhər başçısı
çağırıb indi orda yaşayan sakinlərə ev verər, sürgündən dönəni də öz köhnə və
halal mənzilinə qaytarar. Orda haramlıqla yaşayan erməni, yaxud yəhudi
razılaşmasa, bu əzabkeşə yeni bir mənzil verilər ki, babasının, ulu babasının var-
dövlət içində ömür sürdüyü bu şəhərdə yarı tox-yarı ac da olsa, qohum-əqrəba
arasında yaşaya bilsin. Yox! Mümkün deyil! Kimsə qabağa düşüb ədaləti bərpa
edə bilmir. Çünki bu işi görməli olanların çoxu sovet tərbiyəsi alıb və əslinə
qalanda Rəsulzadələrin kimliyini də bilmirlər. Canlarına kölə ruhu çöküb,
dərilərindən qorxurlar. Yüzminlərlə insanın ürəyinə işləmiş yaraya məlhəm olmağı
bacarmırlar.
Raisin atası da gəlibmiş. Bu düyünü çözə bil​mədən geri dönüb. Qürbətdəki yadlıq,


ədalətsizlik dözüləndir. Vətəndə isə insanı çürüdür. Olub-qalan ümidi də məhv
olub gedir. Amma nəvə qalmışdı... Tələbə yataqxanasında, tanış rəssamların
emalatxa​nasında, siçovulların adamın üstünə atıldığı zirzəmilərdə... Çünki rəssam
idi və fırçası Abşeronun, Azərbaycanın rənglərinə bulaşanda canlanırdı.
Repressiya Qurbanları Birliyində Murad fərqli bir mühitə düşmüşdü. Tarix
kitablarının vermədiyi dərsləri burda almışdı. Və anlamışdı ki, onun ailəsinin,
qonşularının faciə saydıqları həyat şükürlüymüş. Millətin yoxedilmə planları hələ
də gizlin saxlanılır, açılmasına imkan verilmir. Bu yerdə akademikin son
zamanlarda qırmızı terrordan, repressiyadan tez-tez söz açmasının, bununla
yanaşı, aspirantları arasında onu seçərək hər zaman qayğı göstərməsinin əsl
kökünü başa düşmüşdü. Anlamışdı ki, Ziyad bəyin ondan istədiyi elmi iş tarixlə
yanaşı bir hüquq və ədalət əsəri olmalıdır. O, elmi rəhbərinin yolunu davam
etdirməlidir, öz ailəsi də daxil olmaqla rejim qurbanlarının, heç olmasa, bir
qisminin qaraldılmış taleyinə işıq tutmalıdır. Bu qırğın iki yüz ildir davam edir.
Arazın güneyində bir cür, quzeyində başqa cür. Bunu açmağa, yazmağa bir ömür
yetməz. Bəlkə ayrıca bir institut və ya akademiya yaradılmalıdır. Türk faciələrini
araşdırma akademiyası və ya Azərbaycandakı allahsızlıq akademiyası da demək
olar. Adını nə qoyursan, qoy! Məsələn, indi bu boyda Azərbaycanda bilən varmı
onun böyüklərinin yaşadığı balaca dağ rayonunda 1926-27-ci illərdə güclü bir
antisovet üsyanı olub, xalq necə ayaqlanıb, o boyda Sovetlərin qabağında kişi
kimi necə dayanıb, necə qəhrəmanlar yetişib və çarəsizliyin qurbanı olub, qırılan
qırılıb, müqavimətin mənasızlığını görənlər sərhədi adlayıb keçiblər o taya, sonra
onlardan neçəsinin adı dünyanın uzaq-uzaq guşələrindən gəlib, bəziləri də başqa
ad altında qayıdıb, Rusiyanın çeşidli bölgələrində çalışmağa məcbur olub. Kim
bilir, bəlkə də bu bölgənin belə gözdən kənarda saxlanılmasının səbəbi elə o xalq
üsyanıdır. O vaxtdan Cavad xanın Gəncəsi kimi adı düşüb qara siyahıya. Guya
təhlükəsizlik tədbirləri adı altında sərhəd boyu kəndlərin boşaldılması başlanıb.
Köç... ara verməyən, amansız sürgünlər. İnsan bu dağların gur çayları deyil ki,
axdıqca tükənməsin. İnsan axanda azalır, yorulur, tükənir, bitir. Necə ki, dağ
kəndlərində çinar və qoz ağaclarından və bir də boş evlərin uçuq divarlarından
başqa heç nə qalmayıb. Öncə İranla sərhəddən yüzlərlə təsərrüfat qoparıldı, ancaq
ürəkləri soyumadı. Cəlladın qılıncı itidir. 1936-cı ilin dekabrında Bağırov
məktubla Stalinə məlumat verir – bu bölgədən 700 ailənin SSRİ-nin başqa
bölgələrinə, 300 ailənin Azərbaycanın aran rayonlarına köçürüldüyü barədə.
Kağızda yazmağa nə var? Köçürüldü! O köçürülənlərdən biri də onun ailəsi
olmuşdu. Ancaq iş bununla bitməyəcəkdi və İkinci Dünya savaşı başlamasaydı,
Stalinlə Beriya Qafqazda bir dənə türk qoymayacaqdılar. Vəssalam. İndi alim


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə