Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
109
B
u, sənin sonuncu və ən böyük etirazın idi, Elçin!
Sən dünyaya etiraz eləmək üçün gəlmişdin.
Maska üstən maska taxmış rəngsiz sifətlərə tüpürə-tüpürə nə
qədər yaşamaq olardı... Nə qədər haqsızlığa, riyakarlığa dözmək
olardı... Daha araqdan da kar aşmırdı, içində olduğun mühit səni
boğurdu. Ciyərlərin bu havasızlığa dözmədi...
Hər gün səhər qatarı ilə Buzovnadan başılovlu özünü şəhərə
yetirirdin. Yolumuz bir idi, ikimiz də birinci vaqonda otururduq.
Vaqonun şüşəsindən uzaqlara zillənmiş gözlərin həmişə nəyisə
axtarırdı. Axı sən nəyi axtarırdın, Elçin?.. Səni getdiyin uzaqlıqdan
geri çağırmaq olmazdı, çünki o anlarda sən bəlkə də xəyallarında
qurduğun xoşbəxt bir dünyanın qapılarını döyməkdəydin. Xəyaldan
ayrılaraq üzümə baxıb gülümsəyirdin.
Ə, gicqulu, mən də sənin kimi yetiməm da... Bilirəm, sən də
şəhərə tənhalığın əlindən qaçırsan...
Beləcə, qatar yırğalana-yırğalana Əzizbəyov stansiyasına
çatanədək söhbətləşirdik.
Bir dəfə perronda durub siqaret çəkirdik. Ehtiyacın
məngənəsində sıxılan vaxtlarım idi, bilmirdim dərdimi kimə deyim.
Heç sənin də qanını qaraltmaq istəmirdim.
Nə olub, ə? Gözümə birtəhər dəyirsən...- Səni həm də bu
həssaslıq məhv elədi, Elçin.
Heç, -dedim,- nə olasıdı...
Bir də ayldım ki, cibimə nəsə basırsan:
Bunu cibxərcliyi eləyərsən. Ürəyivə heç nə gətirib eləmə.
Baxdım ki, bir göy əlliminlikdir.
Sən belə oğul idin, belə dost idin, Elçin!
Bir anlıq mənə elə gəldi ki, başımın üstündə dayanıb
yazdıqlarımı oxuyursan. Səsini də eşitdim:
Haçan olub ə, bu?  Heç yadıma gəlmir... İndiki vaxt olsaydı
sənə heç bir qara qəpik də verməzdim!
Arada bir incikliyimiz olsa da heç vaxt küsülü qalmadıq.
Sən nə təhərsən ə, mızqlet?
Mızqlet özünsən!
Və barışırdıq. Bu yazını yazmaq mənim üçün məşəqqətdir,
qəhər boğazıma dirənib, boğuluram. Dekabrın 17-sindən özümə gələ
bilmirəm, heç istəmirəm ki, kimsə məni ovutsun. Kultaz saytında
şəkillərinə baxanda daha özümü saxlaya bilmədim, hönkür- hönkür
ağladım.
Bığ sənə yaman yaraşırmış, niyə son vaxtlar bığ saxlamırdın,
ay Elçin?
Mənim ad günümdə musiqiçilərə lap qan uddurdun. Mikrofonu
əlinə alıb  “nar, nar, Nargilə, gəlin gedək yargilə”  deyə oxumağın və
hamımızı da oxumağa məcbur eləməyin heç yadımdan çıxmır. Faiq
Balabəyli ilə  “Bəri gəl”  havasına oynamağınızı da xatırlayıram.
Sən o məclisdə bir şeir də oxudun, Elçin.
Gün gələr, sən də yorularsan yaşamaqdan,
Alnında açılar dərin-dərin qırışlar.
Gün gələr, sevdiklərin çəkilib gedər,
Sən bax, o zaman mənə bənzərsən.
Nə yaxşı ki, o anlar videolentin yaddaşında əbədiləşib.
Sonralar da bir neçə dəfə bu misraları sənin dilindən eşitdim.
Demə yaşamaqdan yorulmuşdun, biz isə hər dəfə öz əvəzimizə də
səndən qəhrəmanlıq gözləyirdik. Deyə bilmədiyimiz sözləri sənin
deməyini gözləyirdik. Sən isə daha yorulmuşdun və taqətsiz halda
üzünü bizə tutub  “ay əclaflar, səsiniz çıxsın da bə!.. deyə qışqırırdın.
Sənə bənzəmək istəyən çox oldu, amma heç kəs Elçin Səlcuq
ola bilmədi və bundan sonra da ola bilməyəcək.
Axşamüstü idi. Havanın sazağı adamın canına işləyirdi.
Filarmoniyanın bağındakı Vahid poeziya evində yazar əhlindən
gözümə dəyən olmadı. İçərişəhər metrosu tərəfə addımlamağa
başladım və uzaqdan skamyada oturub fikrə getmiş Elçini gördüm.
Qara rəngli qısa palto geyinmişdi, boz çantası da həmişə olduğu kimi
çiynindəydi. Salamlaşıb oturdum.
Heç kim yoxdu?- deyə soruşdu.
Yox, - dedim.
Köksünü ötürdü.
Bilirsən, dəhşətli dərəcədə darıxıram e... Çıxıb getməyə də bir
yer yoxdu... Həyat niyə bu qədər maraqsızdı, bilmirəm...
Həmişə darıxırdın, Elçin. Barı indi rahatsanmı? Bilirəm ki,
orada da təzə-təzə darıxmağa başlamısan, - dostlarçün, özünə
yaratdığın tənha ada üçün,  səni bu dünyaya bağlayan daha nələr, nələr
üçün...
Xatirələr bir-bir çözələnir. Yadındadır, Torqovıda gəzirdik, sən,
mən, bir də Şərif Ağayar. Qəfildən sən yerdə bardaş qurub  oturdun və
cib dəsmalını da yerə sərib bahalı siqaretini və bahalı Nokia telefonunu
dəsmalın üstünə qoydun və siqaretini damağında tüstülədə-tüstülədə
üzündə özünəməxsus təbəssüm ovcunu açıb dilənçi görkəmi aldın.
Şərif gülüb dedi ki, Elçin, ayıbdı, qalx. Sən heç nəyə məhəl qoymadın.
Biz yaxınlıqdakı kafedən çaça - gürcü arağı alıb qayıdanda  səni həmin
yerdə elə əvvəlki vəziyyətdə gördük. Bizi görüb cəld ayağa qalxdın və
gülə-gülə, gedək, uşaqlar, məndən dilənçi çıxmaz, dedin.
Sonra Nizami muzeyinin yaxınlığındakı kafedə düd deyincə
vurduq və həmin gecə sənin Şəriflə Sahil bağının çəmənliyində
güləşməyinizi xatırlayıram. O qədər arağın müqabilində sən yenə də
cin kimi idin. Balaca boyuna baxmayaraq, fiziki cəhətdən də çox güclü
idin, Elçin.
Azərbaycan Yazıçılar Birliyinin dördüncü mərtəbəsində bir əli
üstə jim eləməyini də xatırlayıram.
Kimin duxu çatar mənim kimi bir əli üstə jim eləsin, hı?- deyib
cin kimi o yan bu yana vurnuxurdun.
Xanəmirin qardaşının toyunda sən mikrofonla çıxış edirdin.
Hansısa stolda danışana qulaq asmırdılar, bir-iki dəfə - hey-hey!- deyə
xəbərdarlıq etsən də xeyri olmadı, onda sən orijinal jest elədin;
süfrədən götürdüyün çəngəli həmin stola tolazladın, bir neçə bakal,
qədəh çiliklənib töküldü. Bu jesti ancaq sən edə bilərdin, Elçin.
Mey məclislərində ağız deyəni qulaq eşitməyəndə qəfildən
yumruğunu stola çırpıb qalxardın: “Həzərat!” Elə bir söz deyirdin ki,
hamı hazırlaşırdı sənə etiraz etməyə, amma sən qəti və heç bir etiraza
yer qoymayan tonda  “ya skazal!” deyib öz həqiqətini təsdiqləyirdin.
Səninlə bağlı o qədər xatirələr var ki... Telefonumun
yaddaşında sənin sonuncu zənginin vaxtı da qalır: 4 dekabr, saat  10.14.
Hal-əhval tutduq. Uzun bir hekayə yazıram, dedin. Və sonra əlavə
elədin ki, dəhşətli bir şeydi. Aradan heç on dəqiqə keçməmiş yenə
telefonuma sənin zəngin gəldi. Hə, Elçin, dedim. “Kənan, sənsən? Ə,
çaşmışam e, başqasına zəng edirdim. Yaxşı, hələlik...
Bu bizim axırıncı söhbətimiz idi. O məşum xəbəri eşidən anda
tez telefonumu açıb ekranda sənin nömmrəni axtardım- 3465000.
Barmağımı yesin üstünə basmaqdan qorxdum, Elçin. Mənə başqa bir
səs cavab versəydi, mən o anda dözə bilməzdim...
Bu nömrə həmişə mənim telefonumun yaddaşında qalacaq,
həmişə!..
Mən indi şəhərə köçmüşəm, sən isə kənddə qaldın. Mən də
kəndə həmişəlik qayıdacağam, Elçin! 
Daha gözünü bu şəhərdən çək. Səni bu şəhər öldürdü.
ELÇİN SƏLCUQLA SÖHBƏT
Kənan Hacı
k e n a n 7 3 1 @ r a m b l e r . r u


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə