Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

 

53 


- Həkim, buna qanun yol vermir. 

-  Nə qanun?! Bayırdan  xəbəriniz var? Camaat  sizi  də, polisləri  də tapdalayar. Çıxardın! 

Mən camaata demişəm Komandiri Bakıya müalicəyə aparırlar. 

Müstəntiq daha bir söz demədi, Komandirin qollarındakı qandalı açıb verdi polislərə. 

Və xəstəxananı tərk etdilər. 

Komandir  ayağını  xəstəxananın  qapısından  bayıra  qoyan  kimi  iynə  atsan  yerə 

düşməyəcəyi həyətdə alqış sədaları qopdu: 

- Ko-man-dir! 

- Ko-man-dir! 

Komandir  əlini  sinəsinə  qoyub  onu  alqışlayanlara  başıyla  təşəkkür  elədi,  sonra  gözləri 

həyəti nə qədər axtardısa onu qarşılayanların içində uşaqlarından birini də görmədi, bərk dilxor 

oldu və mindi maşına. 

Və  Komandir  yalnız  indi,  maşında  onu  həbsxanaya  aparan  polislərdən  öyrənə  bildi  ki, 

batalyonun uşaqları son nəfərədək qırılıblar, amma geri çəkilməyiblər... 

- Arxada ana-bacılarımızdı... 

- Arxada ana-bacılarımızdı... 

*** 

- İş tapa bildinmi, ay bala? 



-Yox, ana. Hara gedirəm, bir şey çıxmır. 

-  Nə  fərasətsiz  uşaqsan,  heç  Musaya  oxşamadın.  A  bala,  bu  boyda  şəhərdə  bir  iş  tapa 

bilmirsən? 

- Ağlın öz şəhərimizə getməsin ey, bura balaca bir rayondu. On-onbeş idarə var, hərə də 

öz qohum-əqrəbasını yığıb başına. Deyirəm gəl çıxaq gedək Bakıya, getmirsən. 

- Bakıda nə itim azıb, a bala? Demirsən bu gün-sabah evimizə qayıdırıq? 

- Qayıdanda da qayıdacağıq da. Ya burdan qayıtdın, ya Bakıdan, nə fərqi? 

-  Fərqi  çoxdu,  burdan  heç  olmasa  dağlarımız  görünür.  Yaxşı,  biz  getdik,  bəs  Pələngin 

Anası necə olsun? Tək arvaddı. 

- Onu da apararıq. 

-  Getməz.  O  Şəhidlər  Xiyabanını  qoyub  heç  hara  getməz.  Yaxşı,  de  görüm,  Musadan 

xəbər tuta bildinmi? 

Musa  çoxdan  ölmüşdü,  Pircamalda  vurmuşdular,  uşaqlar  heç  meyitini  də  götürə 

bilməmişdilər. Bunu anasından gizli saxlayırdı, demişdi  ki,  itkin  düşüb, Qırmızı  Xaç Komitəsi 

axtarır.  Təkcə  Musanın  Qardaşı  yox,  çoxları  analarından  qardaşlarının  ölümünü  gizli 

saxlayırdılar,  deyirdilər  ki,  itkin  düşüb,  beləcə  analarını  xoşbəxt  edirdilər.  Musanın  Anası  da 

oğulları  itkin  düşən  bütün  analar  kimi  hər  səhəri  Musadan  bir  xəbər  gələcəyi  ümidi  ilə  açırdı. 

Oğlu ölmüş bir ana neçə vaxt idi oğlunun ölümünü bilməməyin xoşbəxtliyini yaşayırdı. 

-Qızıl Xaç axtarır. Bilirsən, ay ana, üç-dörd min adam itkin düşüb, tapmaq çox çətindi. 

-  Ermənistan  bambalaca  bir  yerdi.  Orda  üç-dörd  min  adamı  nə  təhər  gizlədiblər  ki,  o 

dediyin komitə gör nə vaxtdandı onları tapa bilmir. 

- Nə bilim, ay ana. Taparlar da! 

Bir  də  görürdün  qəzetlərdə  Qırmızı  Xaçın  aldığı  bir  əsirin  şəklini  veriblər.  Tez  həmin 

qəzeti gətirirdi: 

- Bax, ay ana, bu uşaq da bir iliydi itkin düşmüşdü, indi tapıblar. 

Anasının gözlərinə işıq gəlirdi. Qəzeti alıb şəkli öz balasının şəkli kimi öpürdü: 

- İnşallah, bizimki də tapılar. Ay oğul, bir söz desəm mənə gülməzsən? 

- Allah eləməsin. 

-  Deyirəm  gəlib  çıxsaydı  evləndirərdik.  O  Tarix  Müəlliminin  qızından  yaman  xoşum 

gəlir.  Maşallah,  çox  ağıllı  qızdı.  Musanın  da  onda  gözü  vardı.  Neçə  dəfə  görmüşdüm  ki,  gədə 

onu görəndə rəngi dəyişir. Özünə də demişəm. Demişəm, qoy Musa gəlsin, səni alacam Musaya. 

Deyəsən ürəyindəndi, mən heylə deyəndə gülümsəyir. Görən ermənilər bizim evi yandırıblar? 

*** 



Lit.az 

 

 



54 

...  Hakim  danışırdı,  prokuror  danışırdı,  şahidlər  danışırdı,  dövlətin  onun  üçün  tutduğu 

vəkil danışırdı. Üzünə duranlara yazığı gəlirdi. Ev-eşiklərindən olmuş, hardasa çadırlara qısılıb 

yaşayan bu adamlar bəzən onun üzünə baxmağa utanırdılar. Gülümsəyərdi, deməli, hələ bir az 

abır-həyaları  qalıb.  Hakimə  də  yazığı  gəlirdi,  elə  bil  hakimin  yası  düşmüşdü  -  hökmü  o 

çıxarmalıydı axı. O hökmü ki hələ məhkəmə başlamamış yazılmışdı. 

Onu  Cinayət  Məcəlləsinin  zorlamadan  və  Vətənə  xəyanətdən  başqa  az  qala  bütün 

maddələriylə ittiham edirdilər, hətta dövlət əmlakını mənimsəməkdə də. 

İstintaq zamanı bu ittihamla bağlı müstəntiqə demişdi: 

- Rəis, mən kolxoz sədri olmuşam, raypo müdiri işləmişəm?! Mənim əlimdə hansı dövlət 

əmlakı olub ki, mənimsəyim? 

Müstəntiq: 

-  Komandir,  mən  də  bilirəm  ki,  heç  bir  dövlət  əmlakı  mənimsəməmisən.  Amma 

neyləyim,  mən  balaca  adamam.  Özün  komandir  olmusan.  Sən  döyüşçülərinə  əmr  edirdin  ki, 

gedin ölümə, onlar da gedirdi?! Gedirdi! Mən də əmrə tabeyəm. Nə əmr eləyirlər, onu da yerinə 

yetirməliyəm.  Ya  da  gəlib  səninlə  bir  kamerada  oturmalıyam.  İndi  rəva  bilərsən  ki,  bir  sürü 

uşağımı qoyub gəlim bura? Mən yazmayacam, nə çox müstəntiq. 

Komandir  də  rəva  görməmişdi  ki,  müstəntiq  bir  sürü  uşağını  qoyub  gəlib  onunla  bir 

kamerada yatsın. Gülüb demişdi: 

- Yaz rəis, yaz! Nə yazsan qol çəkəcəm. Kişi adamsan ki, nakişiliyini boynuna aldın. 

Hakim  danışırdı,  prokuror  danışırdı,  vəkil  danışırdı...  O  isə  susurdu.  Görürdü  ki, 

danışmağın  heç  bir  mənası  yoxdu,  fatihəsi  oxunub.  İnkir-minkir  rolu  oynayan  prokuror  onu 

cəhənnəmə göndərmək üçün dəridən-qabıqdan çıxır. 

İnkir-minkiri  başa  düşürdü,  amma  onun  hesabına  sağ  qalıb  indi  onun  üzünə  duran 

şahidləri başa düşə bilmirdi. Susurdu və istehza ilə bu şahidləri süzürdü. Bu şahidlərin sağ qalıb 

indi  onun  üzünə  durmaları  üçün  hər  şeyini  qurban  vermişdi.  Bir-iki  dəfə  istəmişdi  xayxırıb 

üzlərinə  tüpürsün,  sonra  fikrindən  vaz  keçmişdi.  Üzlərinə  Allahın  tüpürdüyü  bu  adamlara 

bəndənin tüpürməsinin nə mənası? 

Vəkili: 

-  Hər  şey  son  sözündən  asılıdır.  Özündən  çıxma.  Denən  səhv  eləmişəm,  etiraf  elə. 

Bağışlanmağını istə. Yoxsa güllə verərlər. 

O da vəkilə demişdi: 

- Mən səni də, o prokuroru da, o hakimi də, o şahidləri də bağışlayıram. 

Vəkil: 


- Daha özün bilərsən. 

O  heç  son  söz  də  deməyəcəkdi,  amma  bir  şahidin  sözləri  onu  yerindən  oynatdı.  Bir  az 

əvvəl atası üzünə durmuşdu ki, Komandir oğlunu döyə-döyə aparıb batalyona. Üzünə durmuşdu 

ki,  Komandir  uşaqları  zorla  ölümə  göndərirdi.  Əslində  düz  deyirdi,  onun  uşağını  bazarın 

ortasında, hamının gözünün qabağında şapalağının altına salmışdı: 

-  Ay  oğraş,  sənin  tayların  Naxçıvandan,  Lənkərandan,  dünyanın  o  başından  gəlib  burda 

sənin evini-eşiyini qoruyur, sən də bazarda arvad tumanı satırsan?! 

Səhərisi  Uşaq  özü  utana-utana  batalyona  gəlmişdi  ki,  bağışla  məni  Komandir,  məni  də 

batalyona yaz. 

Atasından sonra danışan Uşaq: 

-  Komandir,  atamı  bağışla!  Bağışla  atamı!  Komandir,  niyə  məni  ölümdən  xilas  elədin?! 

Kaş  onda  öləydim,  amma  səni  bu  qəfəsdə  görməyəydim.  Komandir,  damarımdakı  qan  sənin 

üzünə duran atamın qanı deyil, yaralananda sənin mənə verdiyin qandı. 

Və sonra da Uşaq ağladı. Hakim də Uşağı zaldan çıxartdı. 

Uşaq çıxarkən dedi: 

- Komandir! Biz səni gözləyirik! Səninlə ölümə getməyə hazırıq! 

Və neçə il hərbi intizama öyrədə bilmədiyi bu Uşaq qapıdan çıxarkən bir anlıq geri döndü 

və ayaqlarını cütləyib ona hərbi salam verdi. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə