Aqil abbas



Yüklə 0,61 Mb.
səhifə3/8
tarix20.10.2017
ölçüsü0,61 Mb.
#6097
növüYazı
1   2   3   4   5   6   7   8

- O nədi, ə?! Eşitdim cəbhəçilər şalvarını çıxarırmış...

- Yoldaş Katib...

- Gərək çıxaraydılar. Boğazına bir çatı sal də! Min manat puldu, ə?! Camaat canını qoyur. Gəlib bu şəhərdən milyonlar qazanmısan, indi o milyonlardan bu camaata beş manat xərcləməyə canın çıxır. O qurumsaq Polyaniçko istəyəndə yüyürə-yüyürə aparırsan.

- Yoldaş Katib, vallah...

- Sözümü kəsmə. Deyəsən qulağına səs dəyib, mən hələ bu rayonun katibiyəm. Hah eləyib məni çıxardanacan səni elə günə qoyaram itə də əppək borcun qalar. Yüz min pul götür get Gəncəyə, o Şerbak oğraşdı, nədi, onun adamlarına ver, özüylə danışmışam, şey-şüy verəcəklər, gətir payla batalyonlara. O goreşən buxalterin var ey, ona da tapşır aparsın hər batalyona on-on beş min pul versin. Kolbasa-çörək yeməkdən bağırsaqları quruyub.

- Baş üstə, yoldaş Katib! Baş üstə...

Katib dəstəyi asmışdı.

Düşdü kresloya, elə bil üstündən tank keçmişdi, əzik-əzik olmuşdu, bütün bədəni ağrıyırdı. İnkir-minkirin dəyənəyini sağlığında dadmışdı, gedib o dünyada cəhənnəmi görüb gəlmişdi. Düzdür, Drakonun uşaqları ondan əvvəl də at belində olan adamları çarmıxa çəkmişdilər, amma day belə təhqir eləməmişdilər. Bu təhqiri yemək mümkün deyildi. Necə olur-olsun ya qisas almalıydı, ya da baş götürüb bu şəhərdən getməliydi. Amma baş götürüb bu şəhərdən getmək də məsələni çürütmürdü. Qisasını almasa bir kişi kimi ömrünün sonunadək bu dərd onu əzəcəkdi, bəlkə də üzəcəkdi. Özü cəhənnəm, onu qorxudan Bakıda yaşayan oğluydu.

Uşaq bir-iki dəfə atasına demişdi:

- Ata, ayıbıma gəlir, istəyirəm nazirin adına bir raport yazıb iş yerimi dəyişib gəlim sizdəki milis batalyonuna.

O da bərk hirslənmişdi:

- Qələt eləmə, otur yerində. Mən burdayam, bəsdi!

İndi uşaq xəbər tutanadək bu məsələni yoluna qoymalıydı. Yoxsa oğlu atasının belə alçaldılmasına dözməzdi, bu işə qarışardı. Bu da At Belində Olan Adama lap baha başa gələrdi.

Fikirləşə də bilmirdi, başı şişmişdi. Qalxdı soyuducudan bir araq çıxartdı, nə illah elədi butulkanın ağzını aça bilmədi, baş barmağını zədələdi və hirsindən butulkanı çırpdı yerə, qayıdıb yayxandı kresloya, düyməni basıb Baş Mühasibi çağırdı.

Baş Mühasib ayaq altındakı butulka qırıqlarına təəccüblə baxıb soruşdu:

- Müdir, nə olub?

- Canına azar olub. Ordan bir araq çıxart.

Baş mühasib soyuducudan bir araq çıxartdı, səliqəylə ağzını açdı və stolun üstündəki stəkanlardan birinə süzüb qoydu onun qarşısına:

- Evdən yaxşı kotlet gətirmişəm.

- Heç nə lazım deyil. - dedi və stəkanı götürüb çəkdi başına, bir siqaret çıxartdı. Qoymadı Baş Mühasib yandırsın, özü yandırdı. - Bura bax, ordan yüz min pul gətir. Öyrən gör bu xarabada neçə könüllü batalyon var. Apar onların hərəsinə də bir on beş min pul ver. Bir də o cəbhəçi oğlan var ey, adını bilmirəm. Dədəsi də bizdə işləyirdi, Pələng deyirlər, nə deyirlər, mən bilən o siznən qonşudu...

- Bəli.

- Xətrini-zadı istəyir, ya yox?



- İstəyir.Cəbhəçi olduğuna baxma, pis uşaq deyil. Nə lazımdı ki?

- Gecə gələcəm sizə, onu çağırarsan. Bir balaca söhbətim var. Amma onların batalyonlarına pul aparma. Dilxorçuluq edərlər. Sonra özüm bir şey göndərərəm. Di get işlərlə məşğul ol.

Baş mühasib çıxdı.

At Belində Olan Adam bir yüz də süzüb çəkdi başına və dedi:

- Eybi yox, sən Drakon ol, mən də mən!

***


Komandir bölük başçılarını yığıb bütün göstərişlərini verəndən sonra postları yoxlamaq üçün qərargahdan çıxdı. Pələng dayanmışdı qapının ağzında.

- Bir şey yığa bildin?

- Üzüyü də hesablasaq yeddi yüz manat.

- Get Rəisin yanına, denən mən göndərmişəm, qalanın da ondan al, qoy üstünə, göndərin getsin.

- Komandir...

- Pələng, pulu göndər, get yat. Sabah danışarıq.

- Oldu, Komandir!

***


Pələng evə girəndə onun əzilmiş sir-sifətini görən anası çaşdı.

Hər səhər döyüşə yolladığın övladı evə dönənədək ürəyi səksəkədə yol gözləmək əvvəllər çox ağır idi. Uşaqlar salamat qayıdanadək bağır-övkələri ağızlarına gəlirdi, gedib o dünyanı görüb qayıdırdılar. Gün ərzində o qədər nəzir-niyaz deyirdilər ki, ev-eşiklərini satsalar da Tanrıya borclarını ödəyə bilməzdilər. Amma sonralar bu adiləşdi və analar Doluya öyrəşdikləri kimi buna da öyrəşdilər. Hətta o qədər öyrəşdilər ki, elə bil övladlarını səhər-səhər güllə ağzına deyil, keçmişdə olduğu kimi işə göndərirdilər. Üzlərini də məcbur qırxdırırdılar ki, belə əsgər olmaz.

Bu şəhərdə hər şey adiləşmişdi, hətta ölüm də. Ölüm bir olardı, beş olardı, yüz olardı... Məsciddə tabut düzəltməyə taxta çatmırdı. Çoxdanıydı dəm-dəsgahlı - bəli-bəli, Dünyanın Ən Varlı Şəhərinin yas mərasimləri də dəm-dəsgahlı keçirilirdi - yas mərasimləri də yox idi. Ölənləri məsciddə yuduzdurub, bəzən heç yuduzdurmaq da mümkün olmurdu, elə paltarlı-paltarlı kəfənləyirdilər, ordan birbaşa aparırdılar şəhid qəbristanlıqlarından birinə, dəfn eləyib qayıdırdılar. Nə üç verilirdi, nə yeddi, nə qırx - bircə günlük qurulmuş mağarda bir stəkan çay içib ölü sahibinə, ölənin silah dostlarına başsağlığı verib dağılırdılar. Nə ehsan verməyə vaxt vardı, nə də mağarda oturub mollaya qulaq asmağa. Çox vaxt heç molla da çatışmırdı. Bu şəhər də məhvərindən çıxmış dünya kimi öz məhvərindən çıxmışdı.

Və mollası çatışmayan bu şəhərdə hər gün səhər-səhər güllə ağzına işə göndərdiyi oğlunu bu sir-sifətdə görən ana hürkümüş halda soruşdu:

- Buy! Allah məni öldürsün, bu nə sir-sifətdi, ay bala?

- Maşından yıxılmışam.

- Qoy yaralarına dərman sürtüm.

- Lazım deyil, boş şeydi.

- Çörək gətirimmi?

- Yemirəm, it kimi yorulmuşam. Qoy bir az yatım, bir-iki saatdan sonra oyadarsan yeyərəm.

- Onda bir stəkan çay iç, sonra yat,- dedi anası və gedib çay gətirdi; - Deyirlər Musanın anasının ayaqlarını kəsiblər, düzdü?

- Hə, düzdü.

- Yazıqlar. Arvad belə, özləri də ilin-günün bu vaxtı evsiz-eşiksiz qaldı. Evin dağılsın, ay camaatı bu günə salan. Deyirlər, Qarağacıya da bomba düşüb, elədi?

Hər axşam evə gələndə anası sualı sualın dalına calayırdı. Və elə suallar verirdi ki, bu sualların cavabını heç ölkənin başçısı da bilmirdi. Reyqandan başlayıb gedib çıxırdı Turqut Özala, Mütəllibovdan başlayıb Elçibəydə qurtarırdı. Lap axırda da kirvələri Vartanın ölənlərinin goruna söyürdü, görüm bu evdə yediyin çörək burnundan gəlsin.

- Bala, bəs bu türklər niyə gəlmirlər?

- Gəliblər, ay ana, gəliblər!

- Allah, sənə şükür. Bəs qurban olduqlarım hardadı?

- Bakıda dönərxana tikirlər.

- Dönərxana nədi, a bala?

- Dönərxana?! Avtomat zavodu.

- Ayaqlarının altında ölüm! Onlar olmasa, ermənilər çoxdan bizi qırıb qurtarmışdı.

- Mütəllibovnan Elçibəy yenə yola getmir?

- Getmirlər, ay ana, getmirlər. Mütəllibov uruslara işləyir.

- Etibarı buraxdılar?

- Çoxdan buraxıblar.

- Xəlil Rzanı da?

- Onu da buraxıblar.

- Allaha şükür. Camaat danışır ki, bizim katibi çıxarırlar, düzdü?

- Camaatdı da, danışır.

- ...


- ...

Yenə suallar başlamışdı.

- Axı demədin Qarağacıya qrad düşüb, ya yox?

Son günlər Dolu dalbadal bir neçə dəfə Qarağacını döymüşdü, xeyli qəbir dağılmışdı. Tərs kimi də Dolulardan biri də gəlib düz atasının qəbrinə düşmüşdü. Uşaqlarla gedib qəbirləri birtəhər abıra salmışdılar.

- Düşüb.

Anası əllərini dizinə vurub, oturdu çarpayıda:

- Qancıq uşağı, qancıq. Ölüləri də rahat buraxmırlar. Harasına düşüb?

- Qorxma, kənara düşüb.

- Kişinin qəbri salamatdı?

- Salamatdı.

Anası yalvardı:

- Sənə qurban olum, sabah məni apar qəbir üstünə.

- Rəhmətliyin qızı, indi qəbirüstü vaxtıdı?! Deyirəm yorulmuşam, qoy yatım.

Anası yenə əl çəkmədi.

- Görən bu gecə qrad atacaqlar?

- Sənə dedim get kəndə də.

- Sizi bu odun-alovun içində qoyub nə təhər gedim, a bala?

- Onda nəyinə lazım, atacaqlar, ya yox?

Özünü atdı çarpayıya, heç paltarını da çıxarmadı, əynini çox az hallarda soyunurdu, bilmək olmurdu gecə nə baş verəcək. Özü demiş, it kimi yorulduğundan yatağa da daş təki düşdü.

Anası xeyli oğluna tamaşa elədi, oğlunun böyüdüyünü görüb ürəyi atlandı, əlini atıb uşağın yanını qaşıdı:

- Maşallah! Kişi olub, saqqalı çıxır!

***


Drakon özünə gələ bilmirdi. Pələng yumruğu onun üzünə vurmamışdı, düz ürəyinin başına vurmuşdu, özü də bıçaq kimi. Əlinin altında böyüyən bir uşaq - özünü güllə qabağına verib odun-alovun içindən salamat çıxartdığı, şəhid qardaşının yerində bildiyi bir uşaq - ona, Drakona, əl qaldırmışdı! Özü də millətin gözünün qabağında! Dəfələrlə erməni gülləsindən qoruduğunu indi özü məmnuniyyətlə güllələmək istəyirdi, güllələyəcəkdi də - söz ağzından çıxmışdı.

Dünyanın Ən Varlı Şəhərində hərəni bir şeyə görə tanıyırdılar - kimini vəzifəsinə, kimini puluna, kimini nəslinə-nəcabətinə - onu da Sözünə görə. Hərə bir şeyin ağasıydı, o da Sözünün. Kim nəyin ağasıydı, xeyirin görmüşdü. Amma o, ağası olduğu Sözə görə gedib Maqadanda ağ ayıları görüb gəlmişdi. Və o Maqadanda da söz sahiblərinin içində Söz sahibi olmuşdu.

Hər yerdə olduğu kimi Dünyanın Ən Varlı Şəhərinin də katibi, ispalkomu, prokuroru, rəisi vardı. Amma başqa şəhərlərdən fərqli olaraq bu şəhərin dövlət tərəfindən təyin olunmayan, lakin hamı üçün qəbul olunan öz katibi, ispalkomu, prokuroru, rəisi vardı. Dövlət tərəfindən təyin olunanlar təyin olunmayanlarla hesablaşırdılar. Bura gələn vəzifəlilər Sovet qanunları ilə deyil, bu şəhərin qanunları ilə yaşamalıydılar. Bu şəhərin qanunları ilə yaşamaq istəməyənlər, sinəsinə döyüb “bu şəhərdə qayda-qanun yaradacam” deyənlər də olmuşdu. Amma belələri günlərin birində ya kabinetində ağzından vurulmuşdu, ya camaatın gur yerində mal kimi döyülmüşdü, ya da evi yandırılmışdı.

Ümumiyyətlə, bu şəhərdə Sovet hökuməti yox idi. Və yetmiş ili idi qura da bilmirdilər. Hələ otuzuncu illərdə bu şəhərdə Sovet hökuməti qurmaq istəyən məşhur bir inqilabçını kabinetində asmışdılar. Üstündən otuz il keçəndən sonra atasının intiqamını almaq eşqiylə bu şəhərə vəzifəyə gələn oğlunun meyidini də heç bir ay keçməmiş Qarqardan tapmışdılar.

Bu şəhərin öz Fantoması vardı, Zorrosu, Şakası, Caqası, Ştirlitsi də, hələ də dağlarda yaşayan qaçaq nəbiləri də. Bu nəbilər hərdən Arana da yenib dostlarının toyuna, əzizlərinin yaslarına gəlirdilər. Milis də bilirdi ki, hansı qaçaq bu dəqiqə hansı toydadı, ya hansı yasdadı. Nə işinə qalmışdı, isti aşına niyə soyuq su qatmalı idi ki, meyidi də Qarqardan tapılsın.

Dünyanın Ən Varlı Şəhərinə təyinat almaq üçün - “Gedib orda qayda-qanun yaradacam, qaçaq-qulduru əlibağlı Bayıla göndərəcəm” deyə gələn rəislərdən biri bir qaçağın evinə getmişdi. Oğlunun yerini deməyən anasını söyüb-döymüşdü.

Rəisinə heç cür mane ola bilməyən müavin başını bulayıb demişdi:

- Rəis, özüyün də evini yıxdın, bizim də.

Rəis qəzəblə:

- Ə, o paqonundan, tapançandan utan! Belə qorxaqsınız deyin sizi adam yerinə qoymurlar ey!

- Rəis, qoca arvadı döymək igidlik deyil. Sən bu şəhəri yaxşı tanımırsan, bu camaata bələd deyilsən. Bunun altından çıxa bilməyəcəyik.

- Elə qorxursansa get raportunu yaz.

- Raportla qurtara bilsəydik nə vardı ki!

Səhərisi rəisin günortayadək işə çıxmadığını görüb evinə gedən işçilər onun meyidini həyətin ortasında gördülər, ağzına da yaylıq basmışdılar.

Şəhərin bir saytal ağsaqqalını iclasda təhqir eləyən təyinatlı katibin qalstukunu təyinatsız katibin göstərişi ilə Fazil Müəllimin Kinoteatrının qabağında qayçı ilə kəsib döş cibinə qoymuşdular. Və təyinatlı katib də həmin gün bu şəhərdən getmişdi və bir daha onu bu şəhərdə görən olmamışdı. Təyinatsızların təyinatlılara bir sözü vardı: “Ya bu şəhərin qanunlarıyla yaşayacaqsınız, ya da bu şəhərdə yaşamayacaqsınız!”

Müharibə başlayanda bu şəhərin təyinatlıları Xədim ölkənin Xədim rəhbərinin günahı ucbatından ermənilərin topunun-tüfənginin qabağında aciz qalıb bu şəhəri qoruya bilməyəndə təyinatsızlar bu şəhərin ağırlığını öz üzərlərinə götürmüşdülər və şəhər onların əlindəydi.

Drakon da Maqadandan dönəndən bu şəhərin təyinatsız rəisi idi. Sadəcə heç kəsdən çəkinmədən açıq-aşkar gəzdirdiyi silahı qanunsuz idi, bir də dövlətdən maaş almırdı. Təyinatlı rəislərdən bir fərqi də ondaydı ki, dükan-bazardan haqq almırdı, onunku böyüklər idi.

Xırda-para mal-heyvan oğurluğunu nəzərə almasaq, bu şəhərdə oğurluq nadir hadisə idi. Təyinatlı rəislər bunu öz adlarına çıxıb yuxarıların qabağında sinələrinə döyərdilər. Amma hamı bilirdi ki, oğrular Drakonun qorxusundan bu şəhərə əl bulamırlar. Ən böyük davaları da Drakon kəsərdi. Rəisin, prokurorun yoluna qoya bilmədiyini o yoluna qoyardı. Bəzən elə olurdu rəisin, prokurorun da ona işi düşürdü:

- Drakon, amandı...

... Şəhərdə bir xəbər bomba kimi partladı - qastrol konsertləri verən Rəşid Behbudovun papağını və xəncərini günün-günorta çağı qapısında milis, içəridə beş-altı xidmətçisi olan Qonaq evindən oğurlamışdılar. Bütün şəhər ayağa qalxmışdı. Bakıdan gələn zənglər böyüklərin telefonlarını bağrıcan eləmişdi.

Rəşid Behbudov konsertləri saxlamışdı:

- O boyda Amerikada məni soymadılar...

... Onda Amerikada oğurluq, quldurluq baş alıb gedirdi. Adam ölümünün biri bir qəpikiydi. Adamları küçənin ortasında soyurdular. Belə şeylərə görə Çarlz Xeyder aclıq eləməkdən əldən düşmüşdü. SİTA hər gün Xeyderin yüz qram arıqladığını Xeyderin xətrinə əlini çörəyə uzatmağa ayıb bilən Sovet xalqına çatdırırdı:

-SİTA-nın məlumatı. Çarlz Xeyder 45-ci gündür ki, aclığı davam etdirir. Dünyanın tərəqqipərvər xalqları...

Dünyanın tərəqqipərvər xalqlarının kapitanı da biz idik.

İndi o boyda cinayət yuvası Amerikada Rəşid Behbudovu soymadıqları halda bu boyda tərəqqipərvər xalq dünyanın ən məşhur xanəndəsinin papağını və xəncərini oğurlamışdı...

... - Öz doğma şəhərimdə soydular.

Doğrudan da ayıb olan bir şey idi. Ağsaqqallar yığışıb getmişdilər Rəşid Behbudovun yanına üzr istəməyə:

- Sənə ondan da gözəl papaq tikdirərik. Xəncərini qızıldan düzəltdirərik.

Rəşid Behbudov:

- Mən itən şeylərin qiymətinin davasını eləmirəm. Mən şərəfimin davasını eləyirəm. Bu oğurluq deyil, mənə sataşmaqdı. Özü də dəhşətli budur ki, mənə özümünkülər sataşır.

Haqqı da var idi. Çünki nə puluna dəymişdilər, nə qızıl saatına, nə də bir avtomobilin qiyməti olan brilyant üzüyünə, təkcə papağını və xəncərini götürmüşdülər, vəssalam.

Rəis əvvəl xidmətçilərin hamısını doldurdu KPZ-yə. Babat da döydürdü.

- Rəis, balalarımız sənə qurban! Seyid Lazım ağanın cəddi haqqı, bizlik deyil.

- Rəis, götürsək bahalı şeyləri götürərik də. O xəncərin heç yüz manat qiyməti yoxdu. Ondan da gözəl papağı bizim öz ustalarımız yüz-yüz əlli manata tikirlər.

Rəis də görmüşdü yazıqlar düz deyir, buraxmışdı. Nə rəis indiyə qədər belə qəribə oğurluqla rastlaşmışdı, nə də Dünyanın Ən Varlı Şəhəri.

Hərə bir söz deyirdi.

- Yəqin dədə-baba düşmənlərinin işidi.

- Ə, belə də biabırçılıq olar? Dünyada bihörmət olduq. Ə, bu Rəşid Behbudova yox ey, Pənah xana sataşmaqdı.

Rəşid Behbudovun doğulduğu Bayat kəndinin camaatı da yığılıb gəlib tökülmüşdülər Qonaq evinin qabağına:

- Ya papaqla xəncər tapılacaq, ya da ortaya qan düşəcək.

Rəis çıxmışdı qarşılarına:

- Əşi, çıxın gedin xarabanıza, siz hardan çıxdınız?! Qoyun görək başımıza haranın daşını salırıq!

Amma camaat getməmişdi:

- Onda bəyimizi verin özümüzə. Siz qoruya bilmədiniz, aparıb özümüz qoruyarıq.

Tüstüsü təpəsindən çıxan rəis bağırmışdı:

- Ə, sizin də, sizin qonağınızın da... Bu dəqiqə hamınızı soxacam kepezeyə.

Bundan xəbər tutan Katib dərhal rəisə xəbər göndərmişdi:

- Ə, avara, bir çepe azdı, birini də eləmək istəyirsən?! Camaatla işin yoxdu. Get itən şeyləri tap, yoxsa partbiletini alıb verəcəm Rəşid Behbudova.

Rəis görmüşdü vəziyyət ağırdı, camaat da getmir, içəri keçib Rəşid Behbudova yalvarmışdı:

- Sənə qurban olum, iki-üç saata tapacam. Kişi sözü! Sən çıx bu camaatı başa sal, dağılsınlar. Yoxsa şəhər camaatı da bunlara qoşulacaq, vallah, onda məni Sibirə göndərəcəklər.

Rəşid Behbudov da rəisin Sibirə göndərilməsini istəməmişdi, çıxmışdı həmkəndlilərinin qabağına və xahiş eləmişdi ki, dağılsınlar. Söz də vermişdi ki, mütləq gələcək kəndə, onlarla ayrıca görüşəcək, hələ bir konsert də verəcək.

Kövrələn kim, ağlayan kim, Rəşid Behbudovu duz kimi yalayan həmkəndliləri bundan sonra dağılmışdılar. Amma kəndə qayıtmamışdılar, gedib oturmuşdular Qonaq evi ilə üzbəüz çayxanadakı görsünlər axırı nə olur.

Əli hər yerdən üzülən rəis prokuroru da götürüb getmişdi Bayata, Azər Hüseynin yeməkxanasına, Drakonu da çağırtdırmışdı ora.

Rəis:

- Drakon, bilirsən ki, ikimiz də sənin xətrini çox istəyirik. Sən bizim qardaşımızsan.



- Xətriniz xoş olsun.

Rəis:


- Ölmüşük, bizi yerdən götür.

- Vallah, mən bilən, ölüləri yerdən götürmək işi ilə Molla Rəşid məşğul olur.

Prokuror:

- Zarafat vaxtı deyil. Doğrudan vəziyyət ağırdı. Sənin köməyin lazımdı. Kömək elə, itən şeyləri tapaq.

Drakon:

- Düzü, mənə də pis təsir edib, şəhərimizə ləkədi. Sizsiz də axtarıram. Bu, oğru işi deyil. Oğru işi olsaydı o biri şeyləri də aparardı. Sataşmaq, nə bilim dədə-baba düşmənçiliyi, bunlar da boş şeylərdi. Kimin Rəşidlə nə işi? Bu nəsə başqa məsələdi. Uşaqlara tapşırmışam məşğuldurlar. Özümün də ağlımda bir şey var. Tapacam. Amma bir şərtim var.



Prokuror:

- Buyur!


- Mən söz verirəm ki, itən şeyləri tapacam. Amma siz də söz verin ki, oğrunu tutmayacaqsınız.

Prokuror:

- Kişi kimi söz verdim.

Sevdikləri qızlara özlərini yetişmiş göstərmək üçün təzə-təzə siqaret çəkməyə başlayan və məktəblərin qabağında dava salmağı özlərinə peşə edən cüvəllağı uşaqlar məsələlərini ayırd eləmək üçün Fazil Müəllimin Kinoteatrının arxasındakı bulvara yığışırdılar. Drakon da vaxtilə bu bulvarda çox məsələləri ayırd etmişdi, çox dalaşmışdı.

Bulvara adam göndərdi ki, bu cüvəllağı uşaqların avtoritetlərini onun yanına gətirsinlər.

Bu cüvəllağılar nə qədər özlərindən razı olsalar da dərhal çağırışa gəldilər.

Drakon məsələni çox kəskin qoydu:

- Rəşid Behbudovun şeylərini kim aparıb, bir saatdan sonra burda olmalıdır. Kim aparıb, niyə aparıb, məni maraqlandırmır. Heç kim də cəzalanmayacaq. Amma şeylər bir saata qədər burda olmasa, sizin hər biriniz məktəblərinizin qabağında, özü də dalına düşdüyünüz qızların gözü önündə eşşək kimi döyüləcəksiniz. Aydın oldu?! Di durun!

Yarım saat keçməmiş cüvəllağı uşaqlar özləri kimi bir cüvəllağıyla qayıtdılar, papaq və xəncərlə bir yerdə.

- Ə, lotu, bunları neyləyirsən?

- Drakon əmi, bir dostumla qız üstə mərc gəlmişdik.

- Yaxşı, bəs bunları necə götürə bildin?

- Sinif yoldaşımızın nənəsi Qonaq evində xadimədi. Ondan öyrənmişdim ki, Rəşid Behbudov neçədə gəlir, neçədə yatır. Mən də küçədəki palıd ağacından keçdim dama, ordan da düşdüm içəri. Gördüm yatıb, sakitcə götürüb gəldiyim kimi də qayıtdım.

- Adın nədi?

- Pələng.

- Ə, lotu, sən əjdahasan ki?! İndi dur get. Amma yadında qalsın, kişi baş kəsər, adam öldürər, oğurluq etməz. Oldu?

- Oldu, Drakon əmi.

Rəislə prokuror təzədən doğulmuşdular, amma Rəşid bəy onların sevincini gözlərində qoydu:

- Yox, bunları aparan gəlməlidi! Görüm mənə niyə sataşıb?

- Rəşid müəllim, Allah haqqı, bir uşaqdı, heç cinayət işi də düşmür. Dostlarının yanında lotuluq eləmək üçün aparıb.

Rəşid Behbudov:

- Gəlməsə, konsert yoxdu!

Drakon Pələngi götürüb gəldi Qonaq evinə.

Pələng:


- Rəşid əmi, Seyid Lazım ağanın cəddi haqqı, mən də sizin kimi məşhur olmaq istəyirəm. Özümün də səsi var, istəyirsən oxuyum. Xoşum gəldi, bir də uşaqlarla mərc çəkdim. Məni bağışla.

Rəşid Behbudov xeyli güldü, sonra dedi:

- Oxu, xoşuma gəlsə, səni bağışlayacam.

Pələng də əlini qoydu qulağının dibinə, qaldırdı ey.

Rəşid Behbudov onu qucaqlayıb basdı bağrına:

- Oğul, sən əməlli-başlı xanəndəsən ki! Bax, mən də bu papağı da, bu xəncəri də bağışladım sənə.

Şəhər bir-birinə dəydi. Pələng o xəncəri belinə bağlayıb şəhərə çıxa bilməsə də, papağı başına qoyub Dünyanın Ən Varlı Şəhərində fors elədi. Və həmin axşam konsertdə Rəşid Behbudovla birlikdə “Lalələr”i oxudu - papaq başında, xəncər də belində.

Səhərisi günü Dünyanın Ən Varlı Şəhərinin özündəndeyən pullu kişiləri Pələngdən bu xəncəri almaq üçün elçini elçi dalınca göndərdilər. Hətta maşın təklif eləyənlər də oldu.

Pələng:

- Bunu mənə Rəşid əmi bağışlayıb, heç nəyə dəyişmərəm.



İndi Rəşid Behbudovun papağını başına qoyan, xəncərini belinə qurşayan Pələng həmin xəncərlə Drakonu vursaydı, bu onu o qədər yandırmazdı, nəinki onu yumruqla vurması. İçində vulkan püskürürdü. Möhkəm ağlamaq istəyirdi, boşalanadək, əlləri yanına düşənədək, bəlkə onda içindəki vulkanı söndürə bilərdi.

Gözünün qabağında ən yaxın dostları qırılmışdılar, parça-parça olmuşdular, ağlamamışdı. Səngərdə qucağında keçinən qardaşını torpağa tapşıranda da ağlamamışdı, ağlaya bilməmişdi, göz yaşı qurumuşdu. Ona görə də içində bircə damla göz yaşı da tapılmadı ki, ağlaya. Gözlərini yumub xeyli özünü ələ almağa çalışdı, bir şey çıxmadı. Alnını üç-dörd dəfə maşının sükanına vurdu, bu onun başının ağrısını bir az sakitləşdirdi. Harasa getmək, burdan uzaqlaşmaq istəyirdi, amma getməyə bir yer də yoxuydu. Son qərarını verdi - bu gecə Pələngə atacaq. Bu qərardan sonra Pələngə atmış kimi bir az toxtadı. Vaxtını keçirmək üçün maşını sürdü şəhərdə bir az aralıda yerləşən Qozlu bağa - Familin yeməkxanasına. Dünyanın öz məhvərindən çıxmayan vaxtı şəhər uşaqlarının mətəsi sayılan, həmişə qonaq-qaralı olan yeməkxanada indi boşluq idi. Bircə stolun arxasında altı-yeddi alayarımçıq əsgər geyimli adam oturmuşdu - könüllülər idi. Ləhcələrindən hiss elədi ki, yerli deyillər, salam verdi. Cavanlar gəlmə olsalar da onu tanıdılar və hörmət əlaməti olaraq qalxdılar, süfrəyə dəvət etdilər.

Təşəkkürünü bildirdi:

- Nuş olsun!- dedi və bağın lap aşağısındakı stolların birinə getdi.

Bufetçi tez yüyürüb gəldi, əlindəki dəsmalla stolu təmizləyə-təmizləyə dedi:

- Rəis, xoş gəlmisən! Nəyünüz belə təksən?

- Müdiriniz hanı?

- Bir az əvvəl Katib yuxarı keçirdi, dedi ki, Abdaldakı postun uşaqları iki gündü acdı. O da yemək-içmək götürüb getdi Katibin dalınca. Nə istəyirsən, nə gətirim? Haramıdakı uşaqlar bir az dombalan göndərib, nübardı, deyim bişirsinlər?

- Yox, lazım deyil. Bir dənə araq. O qonaqların da pulunu mənim hesabıma yaz.

- Narahat olma. Müdir tapşırıb, gəlmə könüllülərdən pul almırıq. Bəlkə bir az pendirdən, göy-göyərtidən...

- Olar.

Amma nə qədər elədi araq getmədi.


***
Komandir postları gəzdi. Lap axırda da çıxdı Abdala. Uşaqlar gileyləndilər ki, iki gündü ac-susuzdular. Yaxşı ki, bir az əvvəl Famil bir az şey-şüy gətirdi, yoxsa bu gecə də ac qalacaqdılar.

Komandir zarafata saldı:

- Ə, müsəlman deyilsiniz? Elə bilin Orucluq ayıdı. - sonra soruşdu; - Drakon buralara gəlməmişdi?

- Yox. Dünən burdaydı.

Komandir bərk dilxor oldu, deməli, Drakon gedib, belə bir vaxtda onları tək qoyub. Döndü şəhərə. Qarqarın üstündə Şelli Eldarla rastlaşdı.

- Vəziyyət nə təhərdi?

- Ağırdı, Komandir! Çox ağırdı! Beş-altı avtomatla nə qayırmaq olar? Dayandoldurumla qalmışıq tankın, beteerin qabağında əsir-yesir. Elə söz verirlər. O gün ermənilər az qalmışdılar kəndi götürələr. Rəis özünü yetirməsəydi çox pis olacaqdı. Yabayla, baltayla çıxartdıq it uşağını. Allahın patronunu da cirəylə verirlər. Mal-heyvanın hamısı satıb vermişik patrona, bilmirəm mal-heyvan qurtarandan sonra neyləyəcəyik. Bizimki lap Molla Nəsrəddinin anekdotuna dönüb. Döyüşə əliyalın gedirik, deyirik, bəlkə bir erməni öldürüb silahını götürdük. Silah götürəndə də üstündə qırğın düşür, bilmirsən kimə verəsən, kimin xətrinə dəyəsən.

Komandir güldü, zarafatla çiyninə bir dürtmə vurub dedi:

- Bizimki də elə Molla Nəsrəddinin anekdotudu, amma babatından. Srağagün boyda babat trafey götürmüşük. Uşaqları göndər üç-dörd avtomat verim, bir dənə də yağın içində pulemyot.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə