Aqil abbas



Yüklə 0,61 Mb.
səhifə6/8
tarix20.10.2017
ölçüsü0,61 Mb.
#6097
növüYazı
1   2   3   4   5   6   7   8

- Onu da apararıq.

- Getməz. O Şəhidlər Xiyabanını qoyub heç hara getməz. Yaxşı, de görüm, Musadan xəbər tuta bildinmi?

Musa çoxdan ölmüşdü, Pircamalda vurmuşdular, uşaqlar heç meyitini də götürə bilməmişdilər. Bunu anasından gizli saxlayırdı, demişdi ki, itkin düşüb, Qırmızı Xaç Komitəsi axtarır. Təkcə Musanın Qardaşı yox, çoxları analarından qardaşlarının ölümünü gizli saxlayırdılar, deyirdilər ki, itkin düşüb, beləcə analarını xoşbəxt edirdilər. Musanın Anası da oğulları itkin düşən bütün analar kimi hər səhəri Musadan bir xəbər gələcəyi ümidi ilə açırdı. Oğlu ölmüş bir ana neçə vaxt idi oğlunun ölümünü bilməməyin xoşbəxtliyini yaşayırdı.

-Qızıl Xaç axtarır. Bilirsən, ay ana, üç-dörd min adam itkin düşüb, tapmaq çox çətindi.

- Ermənistan bambalaca bir yerdi. Orda üç-dörd min adamı nə təhər gizlədiblər ki, o dediyin komitə gör nə vaxtdandı onları tapa bilmir.

- Nə bilim, ay ana. Taparlar da!

Bir də görürdün qəzetlərdə Qırmızı Xaçın aldığı bir əsirin şəklini veriblər. Tez həmin qəzeti gətirirdi:

- Bax, ay ana, bu uşaq da bir iliydi itkin düşmüşdü, indi tapıblar.

Anasının gözlərinə işıq gəlirdi. Qəzeti alıb şəkli öz balasının şəkli kimi öpürdü:

- İnşallah, bizimki də tapılar. Ay oğul, bir söz desəm mənə gülməzsən?

- Allah eləməsin.

- Deyirəm gəlib çıxsaydı evləndirərdik. O Tarix Müəlliminin qızından yaman xoşum gəlir. Maşallah, çox ağıllı qızdı. Musanın da onda gözü vardı. Neçə dəfə görmüşdüm ki, gədə onu görəndə rəngi dəyişir. Özünə də demişəm. Demişəm, qoy Musa gəlsin, səni alacam Musaya. Deyəsən ürəyindəndi, mən heylə deyəndə gülümsəyir. Görən ermənilər bizim evi yandırıblar?

***

... Hakim danışırdı, prokuror danışırdı, şahidlər danışırdı, dövlətin onun üçün tutduğu vəkil danışırdı. Üzünə duranlara yazığı gəlirdi. Ev-eşiklərindən olmuş, hardasa çadırlara qısılıb yaşayan bu adamlar bəzən onun üzünə baxmağa utanırdılar. Gülümsəyərdi, deməli, hələ bir az abır-həyaları qalıb. Hakimə də yazığı gəlirdi, elə bil hakimin yası düşmüşdü - hökmü o çıxarmalıydı axı. O hökmü ki hələ məhkəmə başlamamış yazılmışdı.



Onu Cinayət Məcəlləsinin zorlamadan və Vətənə xəyanətdən başqa az qala bütün maddələriylə ittiham edirdilər, hətta dövlət əmlakını mənimsəməkdə də.

İstintaq zamanı bu ittihamla bağlı müstəntiqə demişdi:

- Rəis, mən kolxoz sədri olmuşam, raypo müdiri işləmişəm?! Mənim əlimdə hansı dövlət əmlakı olub ki, mənimsəyim?

Müstəntiq:

- Komandir, mən də bilirəm ki, heç bir dövlət əmlakı mənimsəməmisən. Amma neyləyim, mən balaca adamam. Özün komandir olmusan. Sən döyüşçülərinə əmr edirdin ki, gedin ölümə, onlar da gedirdi?! Gedirdi! Mən də əmrə tabeyəm. Nə əmr eləyirlər, onu da yerinə yetirməliyəm. Ya da gəlib səninlə bir kamerada oturmalıyam. İndi rəva bilərsən ki, bir sürü uşağımı qoyub gəlim bura? Mən yazmayacam, nə çox müstəntiq.

Komandir də rəva görməmişdi ki, müstəntiq bir sürü uşağını qoyub gəlib onunla bir kamerada yatsın. Gülüb demişdi:

- Yaz rəis, yaz! Nə yazsan qol çəkəcəm. Kişi adamsan ki, nakişiliyini boynuna aldın.

Hakim danışırdı, prokuror danışırdı, vəkil danışırdı... O isə susurdu. Görürdü ki, danışmağın heç bir mənası yoxdu, fatihəsi oxunub. İnkir-minkir rolu oynayan prokuror onu cəhənnəmə göndərmək üçün dəridən-qabıqdan çıxır.

İnkir-minkiri başa düşürdü, amma onun hesabına sağ qalıb indi onun üzünə duran şahidləri başa düşə bilmirdi. Susurdu və istehza ilə bu şahidləri süzürdü. Bu şahidlərin sağ qalıb indi onun üzünə durmaları üçün hər şeyini qurban vermişdi. Bir-iki dəfə istəmişdi xayxırıb üzlərinə tüpürsün, sonra fikrindən vaz keçmişdi. Üzlərinə Allahın tüpürdüyü bu adamlara bəndənin tüpürməsinin nə mənası?

Vəkili:


- Hər şey son sözündən asılıdır. Özündən çıxma. Denən səhv eləmişəm, etiraf elə. Bağışlanmağını istə. Yoxsa güllə verərlər.

O da vəkilə demişdi:

- Mən səni də, o prokuroru da, o hakimi də, o şahidləri də bağışlayıram.

Vəkil:


- Daha özün bilərsən.

O heç son söz də deməyəcəkdi, amma bir şahidin sözləri onu yerindən oynatdı. Bir az əvvəl atası üzünə durmuşdu ki, Komandir oğlunu döyə-döyə aparıb batalyona. Üzünə durmuşdu ki, Komandir uşaqları zorla ölümə göndərirdi. Əslində düz deyirdi, onun uşağını bazarın ortasında, hamının gözünün qabağında şapalağının altına salmışdı:

- Ay oğraş, sənin tayların Naxçıvandan, Lənkərandan, dünyanın o başından gəlib burda sənin evini-eşiyini qoruyur, sən də bazarda arvad tumanı satırsan?!

Səhərisi Uşaq özü utana-utana batalyona gəlmişdi ki, bağışla məni Komandir, məni də batalyona yaz.

Atasından sonra danışan Uşaq:

- Komandir, atamı bağışla! Bağışla atamı! Komandir, niyə məni ölümdən xilas elədin?! Kaş onda öləydim, amma səni bu qəfəsdə görməyəydim. Komandir, damarımdakı qan sənin üzünə duran atamın qanı deyil, yaralananda sənin mənə verdiyin qandı.

Və sonra da Uşaq ağladı. Hakim də Uşağı zaldan çıxartdı.

Uşaq çıxarkən dedi:

- Komandir! Biz səni gözləyirik! Səninlə ölümə getməyə hazırıq!

Və neçə il hərbi intizama öyrədə bilmədiyi bu Uşaq qapıdan çıxarkən bir anlıq geri döndü və ayaqlarını cütləyib ona hərbi salam verdi.

Bütün məhkəmə boyu yerindən tərpənməyən və bircə söz belə söyləməyən Komandir də ayağa qalxdı, onun hərbi salamını hərbi salamla cavablandırdı.

Bu vaxt zalda oturmuş cavanlar da ayağa qalxdılar və Komandirə hərbi salam verdilər.

Vəziyyəti belə görən hakim özünü itirdi və məhkəməni düz bir həftə təxirə saldı...

***


... Komandir danışmayacaqdı, amma Uşağın o hərəkəti onu danışdırdı. Özü də çox uzaqdan başladı.

- Cənab hakim, prokurora sual verə bilərəmmi?

- Buyurun, sualınızı verin.

- Cənab prokuror, məni arvad-uşağı düşmən əlində buraxıb qaçan polkovniki güllələməkdə ittiham edirsiniz. Adamları zorla döyüşə soxub qırdırmaqda, qanunsuz silahlı dəstə yaratmaqda, rusların hərbi hissəsindən silah-sursat oğurlamaqda, day nə bilim nədə ittiham edirsiniz. İndi mən sizdən soruşuram. Heç sizin qucağınızda on səkkiz yaşında bir uşaq, əmi, qoyma ölüm, deyə can verdimi? Arvad-uşaq, dostların erməni qradından gözünün qabağında parça-parça oldumu? Dişinlə-dırnağınla tikdirdiyin evə qrad düşdümü? Övladı şəhid olan anaların dırnaqlarıyla üz-gözlərində açdıqları şırımları gördünmü?..

Prokuror:

- Cənab hakim, müttəhim məni təhqir edir.

Hakim:

- Müttəhim, sözlərinizə fikir verin, əks halda...



- Yoxsa nə? Prokuror mənə iki dəfə güllələnmə tələb edəcək?! Məni iki dəfə güllələyəcəksiz?! Mən könüllü batalyon yaradıb quldurluq etməmişəm, baş kəsməmişəm, ev yarmamışam. Bu torpağı qorumuşam. Başınızın üstündəki o bayrağı qorumuşam. Məni güllələnmə ilə qorxutmaq olmaz. Onsuz da neçə ildi nəfə yaşayıram. Ölmək doğulduğun torpağı düşmən tapdağı altında görməkdən min dəfə şərəflidi. Allah hansı günahıma görəsə bu şərəfi də mənə çox gördü. Mən həqiqətən güllələnməyə layiqəm. Amma prokurorun irəli sürdüyü ittihamlarla yox. Məni güllələmək lazımdı. Vaxtında bu torpağı satanları o polkovnik kimi güllələmədiyimə görə. Məni güllələmək lazımdı! Bu torpağı qoruya bilmədiyimə görə. Cənab hakim, icazə verin bir sual da verim, sözümü bitirəcəm.

Hakim:


- Buyurun. Amma etikaya riayət eləyin.

- Cənab prokuror, sizin Diyarbəkr valisi Rəşid paşanın məhkəməsindən xəbəriniz varmı?

... Hakim:

- Siz doktorsunuz. Öz paranızla şəfaxanalar tikdirib insanlara təmənnasız yardımlar göstərmisiniz. Necə oldu ki, sizin kimi humanist bir şəxs sürü-sürü erməninin qırımına yol verdiniz?

Rəşid paşa:

- Mən doktoram, amma öncə türkəm! Millətimin ermənilər tərəfindən qətliam edilməsinə bir türk kimi dözəmməzdim.

Hakim:

- Əvvəl-əvvəl göstəriş vermisiniz ki, qocalara və uşaqlara dəyməsinlər. Sonradan nədən bu göstərişinizi pozdunuz, onların da öldürülməsini əmr etdiniz?



Rəşid paşa:

- Bir gecə ilan vurmuş kimi yuxudan ayıldım. Axı bu uşaqlar da böyüyüb erməni olacaqdılar və bizim balalarımızı süngüyə keçirəcəkdilər.

Hakim:

- Heç vicdan əzabı çəkirsinizmi?



Rəşid paşa:

- Qətiyyən! İndi siz mənə deyin görüm, Andronikin adamlarının Qarabağda, Şuşada mənim ana-bacılarımın kürəyində samovar qaynatdıqlarından xəbəriniz varmı?! Hamilə analarımızın qarnını yarıb bətnindəki körpəni çıxarıb can verməkdə olan ananın gözü qarşısında başını üzməyindən xəbəriniz varmı?! Bacı-qardaşlarımızı bir daxmaya yığıb diri-diri yandırdıqlarından xəbəriniz varmı?! Var! Amma onları heç kim mühakimə eləmir...

Hakim hökmü elan edir: “Diyarbəkr valisi Rəşid paşa boğazına qurşun sıkılaraq edam edilsin!”

Gecə Rəşid paşa həbsxanadan qaçır və gəlir evinə. Kiçik bir məktub yazır, sonra boğazına qurşun sıxaraq özünü öldürür. Məktubda nə yazılmışdı: “Mənim ölümüm qurban olduğum Türkiyə dövlətinə lazımdırsa, mən özüm özümü öldürürəm. İstəmədim məni sizlər güllələyəsiniz. Çünki gələcək nəsillər sizin övladlarınızın üzünüə tüpürəcəkdilər ki, bunlar Rəşid paşanı güllələyənlərin övladlarıdır. Mən sizin gələcək nəsili o tüpürcəkdən, o töhmətdən xilas edirəm. Onların heç bir günahı yoxdur”...

Prokurorun nəinki Rəşid paşanın məhkəməsindən xəbəri vardı və heç bilmirdi Diyarbəkr hardadı. Və heç bunları bilməyə də borclu deyildi:

- Nə Diyarbəkr?! Nə Rəşid paşa?! Bunun bizim məhkəmə prosesinə nə dəxli?

Komandir:

- Bəlkə doğrudan da dəxli yoxdu! Amma bu mənim son sözümüydü. Nə hökm çıxararsınız, qəbulumudu.

... Amma Komandir səhv edirdi. İllər keçmişdi, təkcə bircə nəfər belə Rəşid paşaya güllələnmə hökmü çıxaranların nə övladlarının, nə də nəvələrinin üzünə tüpürməmişdi. Türklər özləri Rəşid paşanı çoxdan unutmuşdular. Tək bircə nəfər belə... Tək bircə nəfər belə... Müşfiqi güllələyənlərin nə özlərinin, nə də nəsillərinin üzünə tüpürülmədiyi kimi!

... Onların nəsilləri də sonradan vəzifə sahibi oldular, tutdular, asdılar, kəsdilər, tutuldular, asıldılar, kəsildilər və indi onlardan ikisi də bu məhkəmə zalında İsaq- Musaq quşları kimi ötürdü...

***

... Şeytan Övladı əlini atdı Tanrı Övladının saqqalına və rişxəndlə dedi:



- Budur Şərqin Şekspiri?

Ətrafdakı Şeytan Övladları qəh-qəhə çəkdilər. Tanrı Övladının isə heç tükü də ürpənmədi - saqqalına əl atanlardan, onu alçaldıb təhqir edənlərdən o qədər yüksəkdəydi ki! İsa peyğəmbər onu çarmıxa çəkənlərə necə baxırdısa, o da bu Şeytan Övladlarına elə baxırdı. İsa peyğəmbər Tanrıdan onu çarmıxa çəkənlərin bağışlanmasını istəmişdi.

O da peyğəmbər idi, amma onu bu ağılla, bu kamalla görcək babası Nəsimi kimi, qorxdular peyğəmbər deməyə, çöndülər Şair dedilər. Və indi Şair İsa peyğəmbərdən fərqli olaraq ona insanın ağlına gəlməyəcək bu işgəncələri verənlərin bağışlanmasını Tanrıdan istəmirdi. Bir də, əgər Tanrı İsa peyğəmbəri çarmıxa çəkənləri peyğəmbərin xahişi ilə bağışlamamışdısa, o niyə Tanrının işinə qarışsın?! Və bütün bu işgəncələrə baxmayaraq Tanrıdan küsmür, Tanrıya şəkk etmirdi. Tanrı öz oğlunun çarmıxa çəkilməsinə dözmüşdüsə onun alçaldılıb təhqir olunması İsa peyğəmbərin əzablarının yanında Tanrı üçün o qədər də böyük faciə deyildi. Tanrı Məhəmməd peyğəmbərin daşlanmasına dözmüşdüsə, onun saqqalının yolunması o daşlanmanın yanında heç nə idi.

İsa peyğəmbəri çarmıxa çəkənlər 2000 ildi həmin çarmıxın, Məhəmməd peyğəmbəri daşlayanlar isə 1400 ildi “Qur’an”ın qarşısında diz üstə düşmüşdülər. Və Tanrıdan bağışlanmalarını xahiş edirdilər.

İsa peyğəmbəri çarmıxa çəkənlər və çəkdirənlər, Məhəmməd peyğəmbəri daşlayan və daşladanlar cəhənnəmə gedən uzun və əzablı bir yolda illərdi növbələrini gözləyirdilər. Onun saqqalını yolanları da cəhənnəmə gedən uzun və əzablı bir yol gözləyirdi.

Heç Şair özü də cənnətə gedəcəyinə inanmırdı. Düzdür, həyatında heç bir günah işlətməmişdi. Amma cənnətə getmək, İsa peyğəmbərlə, Məhəmməd peyğəmbərlə eyni havanı udmaq, eyni sudan içmək, eyni göyün altında yaşamaq üçün həyatda heç bir günah işlətməmək çox az idi.

Amma cəhənnəmə də getməyəcəkdi. O artıq cəhənnəmin içindəydi və Tanrı öz bəndəsinə iki dəfə cəhənnəm əzabı göstərməz.

Cəhənnəmlik deyildi, cənnətin də yolu bağlı idi. Tanrının dərgahında doğulduğu torpaqdakı Əshabu-Kəfə bənzər bir yer vardı, amma nə o, nə də heç kim belə bir yerin olmasından xəbərdar deyildi. Çünki yer üzünə göndərilən müqəddəs kitabların heç birində bu yer təsvir olunmamışdı. Bu kitablarda yalnız cənnət və cəhənnəm təsvir edilirdi. O cənnət və cəhənnəm ki, insanlar üçün nəzərdə tutulmuşdu. O isə insan deyildi. Tanrının insan cildində Yer üzünə göndərdiyi və artıq öz missiyasını başa vurmaqda olan bir mələyi idi. Və missiyasını başa vurduqdan sonra babası Nəsimi kimi dönəcəkdi heç bir müqəddəs kitabda təsvir olunmayan Tanrının dərgahındakı Əshabu-Kəfə.

İbrahim peyğəmbər özünü yox, oğlunu Tanrıya qurban demişdi. O isə məhəbbət və sevgisi olan Tanrısına özünü qurban vermişdi. Tanrı İbrahim peyğəmbərin sədaqətini qiymətləndirib oğlu İsmayılı qurban kəsməyə qoymamışdı, mükafatlandırmışdı. Tanrısına özünü qurban vermiş Şair isə Tanrıdan heç bir mükafat istəmir və gözləmirdi. Amma o istədi-istəmədi, gözlədi-gözləmədi Tanrı onu mükafatlandıracaqdı. Tanrı öz dərgahındakı Əshabu-Kəfdə, babası Nəsiminin yanında ona əbədi bir ömür bağışlayacaqdı. Və Şair ondan neçə il sonra doğulacaq Qədir Rüstəmovun səsini də burda görəcəkdi.

Şair bütün bunlardan xəbərsiz idi. Hələ o dərgaha çox uzun və çox ağır bir yol vardı. Hələ Şeytan Övladları bu dörd divarın arasında ona işgəncə verirdilər. Sonra bu Şeytan Övladları onu Sibirdəki Şeytan Övladlarının yanına göndərəcəkdilər. Sibirdəki Şeytan Övladlarının da işgəncələrinə uzun müddət dözməli olacaqdı.

Hələ o günə vardı, hələ oturmuşdu bir vaxtlar Şeytanın özünün oturduğu və haçansa Komandirin oturacağı dörd divarın arasında və ona işgəncə verən Şeytan Övladlarına gülürdü. Şeytan Övladları onun bu soyuqqanlılığının qarşısında özlərindən çıxırdılar, bağırırdılar, onu təpikləməkdən yorulub bir az istirahət edirdilər, sonra yenə təpikləyirdilər, sonra yenə bağırırdılar və yenə yorulurdular.

Axırda başlayırdılar yalvarmağa. Yalvarırdılar ki, bu ittihama qol çək, sənin də canın qurtarsın, bizim də...

O isə qol çəkmək əvəzinə elə gülümsəyirdi, vəssalam.

Bir dəfə onu dəhlizdə apararkən döyülməkdən yumağa dönmüş Çingiz İldırımı gördü, iki Şeytan Övladı zorla sürüyüb aparırdı. Bütün ağrı-acıya baxmayaraq, bu dəfə onu möhkəm bir dəli gülmək tutdu. Onu aparan və Çingiz İldırımı sürüyən Şeytan Övladları çaşıb qaldılar - bu niyə gülür?! Onun niyə güldüyünü isə bir özü bildi, bir də Çingiz İldırım. Baxışları bir neçə an üst-üstə düşdü. Və gördü ki, Çingiz İldırım artıq ölməkdə olan baxışları ilə ondan bağışlanmasını umur. Müqəddəs kitablarda yazılırdı ki, Tanrı bağışlayanları sevir, bağışlamadı. Çingiz İldırım ölməkdə olan baxışları ilə ona yalvara-yalvara yanından keçdi - Əzrayıl da əlində çürümüş alma onunla gedirdi - Vətən xaini olmaya-olmaya müstəntiqin qarşısına qoyduğu ittihama, özünün ölüm aktına qol çəkmişdi. Və cəmi iyirmi dəqiqədən sonra Şeytan Övladları onu güllələyəcəkdilər və Əzrayıl da öz vəzifəsini yerinə yetirib gedəcəkdi.

Keçəndə Əzrayıl dilxor-dilxor Şairə baxdı, rəhmətliyin oğlu, o qolunu çək, bir də mən sənin dalınca Sibirə getməyim!

Amma Sibirdə səbirsizliklə Əzrayılı gözləyəndə özünü yamanlayırdı ki, gərək Çingiz İldırımı bağışlayaydı...

... Və indi üzü üzlər görməkdən bezib qaralmış bu soyuq divarlar, Şairə verilən işgəncələrin şahidi olan divarlar onun üçün də o qədər qorxulu deyildi. O, bu soyuq divarları əvvəllər də görmüşdü, neçə il yoldaşlıq eləmişdi. Hamı kimi o da neçə il yoldaşlıq elədiyi bu divarlarla çox dərdləşmişdi, çox söhbətlər eləmişdi. Düzdür, ilk əvvəllər o qədər asan olmamışdı, bir-birlərini başa düşməmişdilər. Amma sonra dil tapa bildilər. Dil tapa bildilər deyəndə o, divarların dilini tapdı, bu divarlar əslində insan dilini çoxdan başa düşürdü.

Və o, başqa məhbuslar kimi heç də özünə dərd etmirdi ki, bu divarlardan cəmi bircə addım o üzdə azadlıq adlı çox şirin bir şey var - cəmi bircə addım o üzdəki azadlıqda azadlığın dadını çıxara bilməyənlər üçün nə fərqi! O özünü nə qədər azad görmək istəsə də başı açılmamışdı ki, azadlığın kefini çıxara. Onu Kalımadan azadlığa daşıyan qatar gətirib odun-alovun, ağrı-acının içinə atmışdı, qatar onu azadlığa deyil, şəhid analarının göz yaşlarına daşımışdı, balasının meyidi düşmən əlində qalan atanın qabağında aciz qalıb dəli olmağa daşımışdı. Bu göz yaşlarından, bu ah-vaylardan həm özünü, həm də göz yaşı tökənləri xilas etmək üçün silaha sarılmışdı...

... Bu da sonu, yenə bu soyuq divarlar...

Dünya ilə barışmasa da, taleyi ilə barışıb oturmuşdu bu divarların arasında. Bilirdi ki, o biri kameralarda yatanlar ruhlarının azadlığı üçün, təsəlli üçün “Qur’an” oxuyur, namaz qılırlar. Amma o, nə “Qur’an” oxuyurdu, nə də namaz qılırdı. Çünki onun üçün nə üz tutub namaz qılınası qiblə qalmışdı - ermənilər qibləsinə od vurub yandırmışdılar, nə də oxunacaq müqəddəs bir kitab - kitabını da qapatmışdılar. Və oturmuşdu bu dörd divarın arasında. Köhnə tanışı Rəisdən xahiş eləmişdi ona bir şahmat versinlər, Rəis də özü evdən bir şahmat gətirmişdi ona. Gününün çoxunu öz-özüylə şahmat oynamaqla keçirirdi.

Hamı deyirdi ki, hətta qəzetlər də yazırdı ki, nə vaxtsa bura muzeyə çevriləcək. Burda yatan məşhur adamları balaca bir millət necə yetişdirə bilmişdi, möcüzəydi. Təkcə son yüz ildə bu divarlar neçə-neçə padşah görmüşdü - Stalini görmüşdü, Nərimanovu, Məmməd Əmini, Bağırovu, Elçibəyi görmüşdü.

Bu divarlarla dünyanın ən məşhur şairləri, bəstəkarları, yazıçıları dərdləşmişdi. Bu divarlara öyrəşə bilməyən, bu divarlarla dil tapmayan Salman Mümtazı, Müşfiqi, Əhməd Cavadı elə bu divarların arasındaca güllələmişdilər. Azərbaycan Türk Cümhuriyyətini quranları da bu divarların arasında edam eləmişdilər, onu dağıdanları da...

... Ayna Sultanovanın saçlarını dibdən qırxmışdılar, sir-sifətində bir sağ-islahat yox idi, əlləri stulun arxasında bağlanmışdı, ayaqları da stulun qıçlarına. O qədər əzab vermişdilər ki, artıq heç bir ağrını hiss etmirdi, bütün yaddaşını itirmişdi, özünün kimliyini də unutmuşdu. Qarşısında onun kimi işgəncələrə məruz qalan, onun kimi stula bağlanan adamın da əri Həmid Sultanov olduğunu da bilmirdi.

Prometey kimi hər gün qarğa-quzğunlar ürəyini söküb çıxarır, didim-didim didişdirirdilər...

...Əzrayılın əlindəki alma artıq çürümüşdü, iyi-filan da qalmamışdı. Tanrının Ayna Sultanovaya verdiyi ömürə hələ çox vardı. Əzrayıl bura Həmid Sultanovun canını almağa gəlmişdi. Amma Tanrının yaratdığı bir yaradana verilən zülmə, işgəncəyə dözə bilmədiyindən nəyə gəldiyini unutmuşdu, Həmid Sultanov artıq Tanrının verdiyi ömürdən çox yaşayırdı. Əzrayıl Ayna Sultanovanı xilas etmək istəyirdi, Əzrayıl olsa da bu qadının çəkdiyi əzablara tab gətirmirdi, Tanrının yazdığı ömürü kəsməyə cəsarət etmirdi. Sadəcə olaraq bir səlahiyyətindən istifadə edib bu yaradılan yaradanın bütün hisslərini almışdı ki, bu işgəncələrə dözə bilsin, necə ki, vaxtilə Prometeyə də belə bir yaxşılıq etmişdi.

Həmid Sultanov bütün işgəncələrə dözürdü, amma gözünün qabağında namusunun belə təhqir olunmasına dözəmmirdi, ölmək istəyirdi, ölə bilmirdi. Gördüyü bu vəhşətdən dəhşətə gəlmiş Əzrayıl Tanrının Həmid Sultanovu öldürmək haqqında əmrini təmiz yaddan çıxarmışdı.

Tanrının deyil, şeytanın qulu olmuşlar ərinin gözü qabağında xanımını zorlayırdılar, başına min bir müsibət açırdılar. Əzrayılın mərhəmətindən xanım bunu hiss eləmirdi, amma əri bunu görürdü, zarıyırdı, gah Tanrıya yalvarırdı, gah qarğıyırdı, gah Əzrayılı çağırırdı. Əzrayıl yanında dayansa da nə onun yalvarışlarını eşidirdi, nə də qarğışlarını - əlində çürümüş alma, eləcə quruyub qalmışdı. Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər Tanrı insanların canını ona tapşırmışdısa, bəs onda Tanrının ona verdiyi bu səlahiyyəti mənimsəyənlər kimlər idi?! Bu işgəncə verənləri nə Faraonun gününə salardı! Amma bu onun ixtiyarında deyildi - hələ onların uzun bir yaşamları var idi. Əzrayıl ilk dəfə özünü çox aciz hiss elədi.

Tanrının yazısı ilə Ayna xanımın ömrünə 33 il 2 ay 15 gün 2 saat 11 dəqiqə qalırdı. Deməli, bu qadın hələ 33 il 2 ay 15 gün 2 saat 11 dəqiqə bu işgəncələrlə yaşamalı idi. Daha Əzrayıl dözə bilmirdi, əlindəki alma da təmiz çürüyüb qurtarmışdı. Və Əzrayıl...

... Çürümüş almanı Ayna xanıma iylətdi, amma o bu iyi hiss eləmədi, heç əslində almanın iyi də qalmamışdı, əlini atıb onun sinəsindəki ürəyi qopartdı, parça-parça olmuşdu bu ürək, qapqara qanın içindəydi. Və bunu görən Həmid Sultanovun daha Əzrayıla ehtiyacı qalmadı, çox rahat bir nəfəs aldı və Tanrının yaratdığı bəndələrdən birincisi oldu ki, əzrayılsız-filansız canını tapşırdı. Əzrayılın başı Ayna xanımı xilas etməyə qarışdığından Həmid bəyin canını özü ilə götürməyi unutdu, Həmid bəyin canı eləcə qaldı bu divarların arasında.

Əzrayıl yalnız göy üzünə qalxdıqdan sonra yadına düşdü ki, Tanrının Həmid Sultanovu öldürmək haqqında əmrini yerinə yetirməyib və cəzalanacaq, özü də ağır cəzalanacaq. Çünki ikinci dəfəydi ki, Tanrının yazısını pozurdu. Birinci dəfə bu əmri Nəsiminin dərisi soyulanda pozmuşdu, o böyük şairin canını bir saat əvvəl almışdı ki, Şeytanın Övladlarının verdiyi işgəncəni hiss eləməsin...

Əzrayılın dözə bilmədiyi işgəncələri vaxtilə hər gün görən bu divarlar gördüklərini açıb danışsaydılar millət dəhşətə gələrdi. Divarlar da milləti dəhşətə gətirməmək üçün susur və bildiklərini bir dövlət sirri kimi qoruyub saxlayırdılar.

O da inanırdı ki, bura günlərin birində dünyanın anoloqu olmayan qeyri-adi bir muzeyinə çevriləcək və bütün dünya da bu muzeyə tamaşa eləmək üçün Bakıya töküləcək.

İlk dəfə tutulanda əvvəl-əvvəl Şuşada yatmışdı - Xan qızı Natəvanın öz qardaşının xatirinə tikdirdiyi həbsxanada...

... O necə Xan qızı idi ki, Xan oğlu qardaşını Nikolay tutdurmuşdu və Sibirə göndərirdi. Xan qızı da Nikolaya ağız açmışdı:

- Zati-aliləri, icazə verin Şuşada bir həbsxana tikdirim, qardaşım da cəzasını həmin həbsxanada çəksin.

Zati-aliləri Nikolay da Xan qızının sözünü yerə salmamışdı, axı o Xan qızı idi...

... Şuşa son saatlarını yaşayırdı... Generallar camaatı düşmənin qarşısında əliyalın qoyub aradan çıxmışdılar, gedib Laçının qaşında dilxorçuluqlarından araq içirdilər. Şəhər boşalırdı.

Həbsxananın rəisi nəzarətçilərə:

- Açın qapıları!

Bütün qapılar açıldı, məhbuslar həyətə töküldülər.

Rəis:

- Ermənilər artıq şəhərə girirlər. Siz cinayətkar olsanız da mən sizi ölümə atıb gedə bilmərəm. Bu əclaflıq olar. Hamınız azadsız. Kim canını qurtara bilir, qurtarsın.



Burdan qaçmağı heç vaxt ağıllarına belə gətirməyən - bu həbsxana tikildiyi 120 ildə cəmi bircə qaçış olmuşdu - məhbuslar bir-birlərinə baxdılar.

Həbsxananın təyinatsız rəisi irəli yeridi:

- Rəis, bir kişilik edirsən, birini də elə! Göstəriş ver, həbsxanada nə qədər silah var paylasınlar bizə. Günahlarımızı qanımızla yuyaq!

Rəis əməliyyat üzrə müavinə baxdı:

-Nə deyirsən?

Əməliyyat üzrə müavin:

- Paylayın silahları!

Məhbuslar hamısı bir nəfər kimi günahlarını qanlarıyla yudular, generalların qoyub qaçdığı şəhəri bir neçə saat qoruya bildilər ki, əliyalın şəhər əhli də bu müddətdə arvad-uşağını ikinci Xocalı qətliamından xilas edə bildi...

... Özü də Xan qızının qardaşının yatdığı “15” nömrəli kamerada. Və bu məşhur kamerada yatmaq üçün rəisə babat da pul vermişdi. O illərdə bu, Qarabağda ən çox fors olunası bir şey sayılırdı:

- Ə düdük, sən mənnən danışa bilməzsən ey! Mən Şuşada onbeş nömrəli kamerada yatmışam.

... Allah, sən saxla...

Bu hörmətli kameranı fərqləndirmək üçün qapının üstündəki “15” rəqəmini də qırmızı rənglə yazmışdılar, baxmayaraq ki, qırmızı hökumətin rəmzi olduğuna görə məhbuslar bu rəngə nifrət edirdilər. Və heç kəs də bunun səbəbini bilmirdi ki, bu rəqəmi niyə məhz qırmızı rənglə yazıblar. “15” nömrəli kamera rəislərə bütün həbsxana qədər xeyir verirdi. Bu kameraya yemək-içmək Cıdır düzündəki restorandan gətirilirdi. Divarlarında xalı-xalça, ayaq altda gəbəsi vardı. Nəfəsliyindən ləzzətlə Topxanaya tamaşa eləmək, Daşaltı çayının şırıltısına qulaq asmaq olurdu. Və bu musiqinin sədaları altında gözlərini yumub azacıq da olsa özünü Cıdır düzündəki azad adamlar kimi hiss edə bilirdin. Qısası, Şuşada yay aylarında bir mənzilin aylıq kirayəsi 100 manat idisə, bu kameranın aylıq kirayəsi 300 manat idi, özü də adam başına.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə