Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə24/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

 
79 
Zərfin üzərində bu sözlər yazılmışdır:  
 “Rəsul Rza 
Gələlim hatıranıza. 1958” 
 
Kiçik bir teleqram da nəzərimi cəlb edir: 
“Rəsul  qardaş,  yarım  yüzülliyini  təbrik  edirəm,  gələcək  50  ildə  də  gəncliyini 
itirmə. Qardaşın Nazim Hikmət”. 
1958-ci  ildə  Nazim  Hikmət  göndərdiyi  başqa  bir  məktubun  üzərində  iri  hərflərlə 
belə yazmışdı: “İki şair evinə bir üçüncü şairdən salam, sevgi!” 
Rəsul  Rzanın  arxivində  Nazim  Hikmətin  əlyazıları  –  şeirləri  qorunur.  “Mikayıl 
Rəfiliyə ağı” və “Bakıda oyanmaq”. Bu şeirləri Azərbaycan dilinə tərcümə etmiş Rəsul 
Rza Nazimin dili ilə desək, “onları bir az daha gözəlləşdirmişdir”. 
Nazim  Hikmət  xarici  ölkələrdə  olarkən  bütün  jurnalistlərin  suallarına  böyük 
məmnuniyyətlə  cavab  verər,  səfərdən  döndükdən  sonra  özü  ilə  bərabər  müsahibələri 
çap  olunmuş  qəzetləri  də  gətirərdi.  Rəsul  Rzanın  arxivində  Nazim  Hikmətin  İtaliya 
jurnalisti Covanni Krino ilə müsahibəsi dərc olunmuş bir jurnala rast gəldim. Müsahibə 
əvvəlcə  “Realta  Sovetika”  jurnalında  (yanvar  1963-cü  il)  dərc  olunub.  Sonra  isə 
“Oqonyok” jurnalının 1987-ci il 10 mart nömrəsində ruscaya tərcümə edilərək verilib. 
Nazim  Hikmət  həmin  müsahibəsində  çox  problemlərə  toxunur,  eyni  zamanda, 
Azərbaycanın siyasi taleyindən, eləcə də Rəsul Rzanın yaradıcılığından söhbət açır: 
“Jurnalist: Şəxsiyyətə pərəstişin mədəniyyət sahəsində nəticələri Sovet İttifaqının 
milli respublikalarında daha az görünür, eləmi? 
Nazim  Hikmət: Mən belə deməzdim... Azərbaycan şairi Rəsul Rzanı misal gətirə 
bilərəm. O, şəxsiyyətə pərəstiş illərində Azərbaycan xalqının bəxtinə düşən faciələri əks 
etdirən  çox  maraqlı  bir  poemanın  müəllifidir.  Poemanın  baş  qəhrəmanı  şair  özüdür. 
Rəsul Rzanın yaradıcılığında forma cəhətdən də yeniliklər çoxdur”. 
Rəsul  Rzanın  arxivində  Nazim  Hikmətin  “Dostum  Rəsul  Rza”,  “Aydındır  şeirin 
dili”  və  “İkinci  nəfəs”  adlı  məqalələri  də  vardır.  Oxuculara  tanış  olsa  da,  həmin 
məqalələrdən kiçik parçaları nəzərdən keçirməyə ehtiyac duyuram:  


 
80 
“Rəsul  Rza  xalq  və  klassik  ədəbiyyata  böyük  pərəstiş  edən  bənzərsiz  bir  şair, 
Azərbaycan poeziyasının novatorlarından biridir. 
... Rəsul Rza Sabir gələnəyinin - ənənəsinin davamçısıdır. 
...Rəsul  Rza  sözü  nə  şişirdir,  nə  də  bayağılaşdırır.  O  inanır  ki,  hər  bir  söz  öz 
yerində  olsa,  poeziya  bağında  çiçəkləyə  bilər.  Məzmun,  mövzu  baxımından  şeirin 
imkanları nə qədər hüdudsuzdursa, bu mövzunun ifadəsi üçün işlənən sözlər də o qədər 
sonsuz  olmalıdır.  Rəsul  Rza  şeirin  texnikasına  bir  doqmatik  kimi  baxmır.  O,  qafiyəni, 
ölçünü rədd etmir, ancaq nəzm aləmindəki qayda-qanunları da qəbul etmir”. («Dostum 
Rəsul Rza»)
“Şair adi günləri elə təsvir edir ki, onun poeziyasında hər yan gur işığa qərq olur. 
Şair-səadət axtarandır. O, həyatındakı, bizim ömrümüzdəki xoşbəxtliyi üzə çıxarır. 
Rəsul  Rza  filosofdur.  “İki  buruğun  söhbəti”  şeiri  ilk  baxışda  olduqca  sadə  və  adi 
görünür.  Ancaq  onlar  haqqında,  həyat,  nəsillər,  gələcək  haqqında  və  onların 
cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir” (“Aydındır şeirin dili”)
“Mən bir şair haqqında danışmaq istəyirəm. Azərbaycan şairi Rəsul Rza haqqında. 
O, gəncliklə müdrikliyi özündə birləşdirib. Onun yaradıcılığı ilə təxminən 20 ildir, özü 
ilə 12 ildir tanışam. Rəsul Rza qırx yaşına kimi sadəcə olaraq yaxşı şair idi. İndi, 1959-
cu  ildə  məndən  sovet  poeziyası  novatorlarının  adını  soruşsalar,  onların  arasında  Rəsul 
Rzanın adını da mütləq çəkərdim” (“İkinci nəfəs“)
Rəsul  Rzanın  arxivində  Nazim  Hikmətlə  bağlı  yadigar  yazılar,  sənədlər 
yetərincədir.  Şairin  anadan  olmasının  65  illiyi  münasibətilə  Rəsul  Rzanın  1967-ci  ildə 
qələmə aldığı “Canlı Nazim” adlı kiçik bir xatirəsi də həmin saxlancların arasındadır: 
“Nazim Hikmət deyərdi ki, hər gün azı on məktub alır. Mən bu məktubları  onun 
yazı  masasının  üstündə,  iş  otağındakı  şüşə  qapaqlı  qəfəsələrdə  çox  görmüşəm.  Bu 
məktubların  coğrafi  xəritəsini  çəkməli  olsaq,  gərək  şairin  Peredelkinodakı  yaylaq 
evindən  və  Moskvada  2-ci  Pesçanındakı  mənzilindən  dünyanın  bütün  qitələrinə,  ayrı-
ayrı  ölkələrin  bir  çox  şəhərinə,  kəndinə  xətlər  çəkək.  Yalnız  şəhərlərdən,  kəndlərdən 
deyil,  okeanlarda  üzən  gəmilərdən,  təyyarələrdən  də  Nazimin  adına  məktublar, 
teleqramlar gəlirdi. Bu məktubların böyük bir əksəriyyəti şairin tanımadığı adamlardan, 
oxuculardan  olurdu.  Bu  məktub  müəlliflərinin  çoxu  gənclər  idi.  Görürdün  ki,  həmin 


 
81 
məktublardan  bir  dəstə  götürüb  baxır  və  onlarla  canlılarla  danışan  kimi  danışırdı. 
Üstündə  müxtəlif  biçimli  markalar  olan  zərflərdəki  məktublar  neçə-neçə  insanın 
sevincindən, dərdindən, arzusundan danışırdı”. 
Rəsul Rza 1973-cü ilin may ayında Parisdə keçirilən Nazim Hikmət simpoziumuna 
– türk rəssamı Abidin Dinoya belə bir məktub göndərmişdi: 
“Hörmətli Abidin bəy! Rica edirəm, bu məktubu poeziya simpoziumunun Rəyasət 
Heyətinə yetirəsiniz”.  
Məktub  simpoziumun  Rəyasət  Heyətinə  təqdim  olunsa  da,  müraciət  Nazim 
Hikmətə  ünvanlanmışdı  və  Rəsul  Rza  həmin  tarixdən  on  il  əvvəl  dünyasını  dəyişmiş 
sənətkar dostuna səslənirdi:  
“Əzizim Nazim! 
Biz səninlə bu poeziya simpoziumunda müxtəlif səbəblərdən iştirak edə bilmədik: 
mən  Vətənimdəki  təxirəsalınmaz  işlərə  görə,  sən  isə  hələ  heç  kəsin  qayıtmadığı  bir 
dünyada olduğuna görə. 
Ancaq  mən  öz  səsimi...  gözəl  Parisə  gələnlərin  səsinə  qatıram.  Bu  gün  şanlı 
kommunarların,  müdrik  ensiklopedistlərin,  söz,  fırça  ustalarının  parlaq  nəslinin, 
unudulmaz  Müqavimət  Hərəkatı  qəhrəmanlarının  vətəni  olan  Parisdə  müxtəlif 
millətlərin nümayəndələrinin həyəcanlı səsləri ucalmaqdadır. Onların ifadə etdiyi sözlər 
içərisində xüsusi minnətdarlıq duyğuları və iftixar hissi ilə tələffüz etdikləri bir ad var. 
Bu, Nazim Hikmətin adıdır. 
... Poeziya öz məram  və təbiiliyinə  görə xeyirxah duyğuların övladıdır. Amma bu 
xeyirxahlıq  zərif,  işıqlı  olduğu  qədər  də  ciddi  və  qəzəblidir.  Poeziyanın  xeyirxahlığı 
zülmün  bütün  məqamlarda  şair  tərəfindən  amansızlıqla  qarşılanması  deməkdir. 
Poeziyanın  bəşəriliyi  onun  zülm  və  qeyri-insani  xüsusiyyətləri  ilə  barışmaz 
mövqeyindədir.  
Ancaq  o  şair  bu  yüksək  ada  layiqdir  ki,  o,  bütün  ömrü  boyu  ədalətsizliyə  qarşı 
mübarizə  aparmış,  mərd,  humanizmin  tərəfdarı  olmuşdur.  Sən  məhz  belə  bir  şairdin, 
Nazim. Buna görə sənə minnətdarıq. 
Azərbaycanın xalq şairi        Rəsul Rza 
May. 1973-cü il”. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə