Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə48/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   44   45   46   47   48   49   50   51   ...   76

 
160 
 
Bəlkə  özünü  tanımışdı  bu  misralarda  Nazimi  sevməyən  türk.  Adını 
yazardım. Əgər tək bu olsaydı. Nə yazıq ki, tək bu deyil. Hələlik var belə “Əqrəb 
kimilər”. Amma bir ovucdur onlar. Tarix gec-tez siləcək onları öz səhnəsindən! 


 
161 
Əsrimizin böyük sənətkarı 
(Nazim Hikmətin 90 illiyi qarşısında) 
 
Nazim Hikmət bu dünyadan Türkiyəni, oğlunu görmədən getdi. Göz yaşı axıdanlar 
da  oldu,  sevinənlər  də,  inanmayanlar  da.  Nazimi  sevməyənlər  dünyaya  car  çəkdilər: 
“Vətənini satan Nazim Hikmət öldü!”. Sağlığında belə tale oyunlarından çox görmüşdü 
N.Hikmət. Onu “Vətən xaini” də adlandırmışdılar. 
Nazim  vətənindən  ayrılanda  buna  sevinənlər  olmuşdu.  Bu  sevinənlərə  o,  “Ceviz 
ağacı” şeirilə cavab vermişdi: 
Ben bir ceviz ağacıyım Gülhanə parkında, 
Ne sen bunun farkındasın, ne de polis farkında. 
Elə  indi  də  Nazim  Hikmət  ceviz  ağacıdır,  nəinki  Gülhanə  parkında,  bütün 
Türkiyədə yaşayır o. Özü də polis hər şeyin fərqindədir. Gah Nazimi göylərə qaldırırlar, 
gah  da  onun  “Kərəm”  kimi  şeirini  oxuyan  cavanları  həbs  edirlər.  Gah  yeni-yeni 
kitablarını  çapdan  buraxırlar,  gah  da  əsərlərini  yığışdırırlar...  Beləcə  yaşayır  Nazim 
Hikmət. Beləcə ölüb-dirilir Nazim... 
Üç  il  yaşadığım  Türkiyədə  mən  bunun  canlı  şahidi  oldum.  Bir  dəfə  hətta  kitab 
dükanından  Nazim  Hikmətin  əsərlərini  soruşduqda  “Bizde  Vatan  haininin  kitabı 
satılamaz!” cavabını aldım. 
Öz  ölkəsində  mövcud  olan  siyasi  hakimiyyətlə  razılaşmayan  mütərəqqi  fikirli 
adamlar  zaman-zaman  vətənlərini  tərk  edib  qürbətdə  yaşamaq  məcburiyyətində 
qalıblar.  Belə  mühacirlərə  vətən  xaini  demək  olarmı?  Özü  də  xaricdə  yaşamaq 
məcburiyyətində qalanların ən böyük həsrəti, ən müqəddəs diləyi gec-tez öz vətənlərinə 
qayıtmaq  olub.  Nazim  də  bu  duyğularla  yaşayıb  həmişə.  Türkiyədə  çap  olunmuş 
kitablarda,  xüsusən  “Nazim  Hikmət  dosyası”,  “Bu  dünyadan  Nazim  keçdi”,  “Nazim 
Hikmətin  son  illəri”  və  s.  əsərlərdə  böyük  sənətkarın  öz  vətənindən  uzaq  düşməsi 
səbəbləri  dəqiq  faktlarla,  şahidlərin  xatirələri  ilə,  ən  başlıcası  isə  hüquqi  sənədlərlə 
göstərilib. Bütün bu kitabları oxuduqdan sonra belə bir qənaətə gəlirsən ki, 1950-ci ildə 
azadlığa buraxılan şair türk hakim dairələri tərəfindən  mütləq öldürüləcəkdi.  


 
162 
Əvvəlki  səhifələrdə  qeyd  etdiyim  bir  fakta  yenidən  qayıtmaq  istəyirəm.  Nazim 
həbsdən  çıxdıqdan  sonra  dərhal  əsgərliyə  çağırılmışdı.  48  yaşlı  Nazim  Hikmət  əsgəri 
xidmətə  göndərilirdi.  Halbuki,  o,  dənizçilik  məktəbində  oxuduğu  vaxt  sətəlcəm 
xəstəliyinə tutulmuş, ölümdən qurtulmuş və hərbi komissiya onu səhhətinə görə rəsmən 
əsgərlikdən azad etmişdi. Bu azadedilmə bir sənəd kimi Nazimin arxiv işinə tikilmişdi. 
Sonra  həmin  işi  həbsxanaya  aparmışdılar.  1950-ci  ildə  N.Hikmət  əsgəri  xidmətə 
çağırılarkən  bu  sənədi  tapmaq  üçün  çalışdı.  Nazimin  yaxın  dostu  İrfan  Emin  bu  sənəd 
üçün  Bursa  həbsxanasına  getdi.  Amma  məyus  qayıtdı.  “N.Hikmət  hərbi  xidmətdə 
iştirak etməmək üçün əsgərlik sistemindən xaric edilsin” sənədi tapılmadı ki, tapılmadı. 
N.Hikmət  başa  düşdü  ki,  həmin  sənədi  işin  içindən  çıxarıblar.  Demək,  əsgərlik 
bəhanədir. N.Hikməti bu yolla öldürmək istəyirdilər. Sonralar “Dünya” qəzeti yazmışdı: 
“Nazimin Türkiyədən son qaçışının səbəbi 50 yaşından sonra əsgərliyi ilə bağlı istintaq 
işlərinin  başlanması  ilə  əlaqədardı.  Əsgərliyə  bir  borcu  yoxdu...  Səbahəddin  Əli  kimi 
öldürüləcəyindən  qorxdu.  İllərlə  həbsdə  çəkdiklərindən  sonra  yeni  bir  işkəncəyə 
uğramaq hər şeyi onun gözləri önündə canlandırdı”. 
O  vaxtlar  Nazim  Hikmətin  qapısında  polis  maşını  gecə-gündüz  keşik  çəkirdi. 
Nazim  həbsxanadan  sonra  göz  dustağı  olmuşdu.  Vətənindən  ayrılmasaydı,  onu  mütləq 
öldürəcəkdilər.  Nazimin  başına  gələn  oyunlardan  onun  taleyində  bir  həqiqət 
təkzibedilməzdir  ki,  Nazim  sağ  qalmaqla  çox  iş  gördü.  Mən  onun  monumental 
əsərlərini,  həm  də  ictimai  fəaliyyətini  nəzərdə  tuturam.  Moskvada  keçirdiyi  13  illik 
ömrü də rahat , işıqlı, hamar olmamışdı onun. Mən Nazim Hikməti görəndə, tanıyanda 
onun 58 yaşı vardı. Moskvada dəfələrlə evində olmuşdum. Onun haqqında dissertasiya 
işi  yazırdım.  Tələsirdim  ki,  tez  bitirəm.  Bitirdim  də.  Amma...  1963-cü  ildə  Nazim 
Hikmət 61 yaşında vəfat etdi. 60 illiyini böyük təntənə ilə qeyd etmişdik. “Bakıya sənin 
müdafiənə  mütləq  gələcəyəm”  -  deyirdi.  Gələ  bilmədi.  Nə  yaxşı  ki,  üç  il  onu  görə 
bilmişdim və bu üç ildə onunla birlikdə teatr tamaşalarına baxa-baxa, müxtəlif disput və 
görüşlərdə  onu  dinləyə-dinləyə  başa  düşmüşdüm  ki,  Nazim  bütün  ömrünü  döyüşərək 
yaşamışdır.  O  mənim  nəzərimdə  söz  ustasından  çox  döyüşkən  bir  əsgər  idi.  Mübahisə 
edirdi,  razılaşmırdı,  küsürdü,  nifrət  edirdi,  söyürdü,  onu  başa  düşməyənlərə,  “İvan 
İvanıç  varmıydı,  yoxmuydu”  kimi  sovet  cəmiyyətindəki  bürokratizmi  ifşa  edən 


 
163 
pyeslərini  repertuardan  çıxaranlara  “Allah  qəhr  etsin”  deyirdi,  ürək  ağrıları  tuturdu, 
yatağa düşürdü. 
Amma əqidəsindən dönmürdü. Çünki o, bütöv şəxsiyyət idi. Və bu bütövlük təmiz 
duyğulardan  yoğrulmuşdu.  O,  partiya  biletini  atıb  sonra  geri  götürənlərdən,  partiya 
biletini sol cibində, ürəyinin başında gəzdirib rüşvət alanlardan, pulla vəzifə satan, evlər 
yıxan,  qapılar  bağlayan  “adamlar”dan  deyildi.  Öz  dili  ilə  desək  “Mən  nə  xalqın  alın 
tərindən on para qapmışam, nə bir şairin cibindən bir sətir” (“Cavab N 2” şeirindən). 
N.Hikmət  əsl  xalq  oğluydu.  Mübarizəsi  də  xalq  yolunda  idi.  Nazim  özü  ehtiyac 
içində yaşamamışdı. Varlı-hallı, tanınmış, yüksək mənsəbə malik bir ailədə böyümüşdü. 
Ancaq məqsədi, idealı başqa idi. O bu idealı “Bir aşq masalı” pyesində Fərhadın dililə 
vermişdi.  Əsərin  sonunda  Fərhad  öz  Şirininə  qovuşandan  sonra  hiss  edir  ki,  xoşbəxt 
deyil.  Şirinə  deyir  :  “Bir  tək  qaya  qalıb.  Onu  da  parçalayacağam.  ...  Məni  yenə  illərlə 
görməyəcəksən.  Alnımdakı  qırışlar  gözlərimin,  dodaqlarımın  uclarına  enəcək... 
Qocalacağam”. Fərhadın xalq yolunda çarpışması onun həyat amalı idi. 
Nazim  Hikmət  də  ömrünün  sonuna  qədər  bu  məqsədlə  yaşadı.  Əqidəsindən 
dönmədi.  
...Qürbətdə  yaşayanlar  üçün  vətənin  nə  demək  olduğunu  izah  etməyə  ehtiyac 
yoxdur.  Nazim  Türkiyə  yadına  düşəndə  (  yadından  çıxırdı  ki?..)  gilə-gilə  əriyirdi. 
“Məmləkətim”  şeiri  buna  ən  yaxşı  misaldır.  Şeir  çox  lakonik  və  mənalıdır.  Şair 
məmləkətindən  bir  nişanə  axtarır.  Tapa  bilmir.  Türkiyənin  yollarını  daşımış 
ayaqqabıları  yoxdur  artıq,  Şile  bezindən  olan  son  köynəyi  də  kürəyində  paralanıb,  özü 
də  çoxdan...  Bəs  indi  vətən  hansı  nişanələrdə  yaşayır?  Şair  belə  mənalandırır 
duyğularını: 
 
Sen şimdi yalnız saçımın akında 
İnfarktında yüreğimin, 
Alnımın cizgilerindesin Memleketim, 
Memleketim, 
Memleketim...  


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə