Asif Ata NİzamiLİK (Bədii-fəlsəfi esse)



Yüklə 242,32 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix04.11.2017
ölçüsü242,32 Kb.
#8444
1   2   3   4   5   6   7   8   9

 

Dünya aldadıcıdır, verdiyini aparandır. Bununla belə, insan dünyanın yaraşığıdır, pərizadların 

sonuncu balasıdır, sevimlidir. 

Ölümü sakit, müdrik qarşılamaq Nizami etikasının əsas tələbidir. 

Ölümlə insan torpağa qayıdır və əbədi bir qanunun “bir gün yaranan bir gün öləcək” hökmünə 

tabe olur. 

Dini xüsusiyyətlərinə baxmayaraq, Nizaminin ölüm haqqındakı mühakimələri heyrət doğurur. 

Burada ölümün qarşısında sarsılmaq miskinliyi yoxdur. 

Nizami sənətində dünya mürəkkəbdir, ziddiyyətlidir, insan ömrü əzablı, məşəqqətlidir.  

Amansız bir qəddarlıq var dünyanın insana münasibətində! 

Bununla belə, sərrast göz dünyada hədsiz gözəlliklər görür. 

Nizaminin  insan  ləyaqəti  haqqında  düşüncələrini  aşağıdakı  şəkildə  yekunlaşdırmaq  olar: 

ədalət  və  həqiqət  əzəmətindən  yaranır  –  insan  ləyaqəti.  Həsədin,  eybəcərliyin,  vəhşiliyin 

məhvindən yaranır – insan ləyaqəti! 

Yerin, göyün, təbiətin böyük mənasına dalmaq qüdrətindən yaranır – insan ləyaqəti! 

Ağılın instinkt üzərində qələbəsindən yaranır – insan ləyaqəti! 

Ölüm qorxusunun ölümündən yaranır – insan ləyaqəti! 

 

 



III. DÜNYA İLƏ SÖHBƏT 

 

Eşqdən danışmaq dünyadan, təbiətdən, gözəllikdən, əsillikdən danışmaq deməkdir. 



Eşqdən  danışmaq  –  dünyadan,  təbiətdən,  gözəl  iradənin,  ağılın  böyüklüyündən,  ürək 

dünyasının şeiriyyətindən, ali özünütəsdiqdən danışmaq deməkdir. 

Eşqdən  danışmaq  –  tərəddüdün,  miskinliyin,  zəifliyin,  təkəbbürün,  yalanın,  hərcayi  həvəsin 

süqutundan danışmaq deməkdir. 

Eşqdən  danışmaq  –  bahar  təravəti  və  mehindən,  sifət  və  könül  cazibədarlığından,  gənclik 

qüdsiyyətindən, gecə sehrindən, səhər ətrindən, gül nəvazişindən, günəş səxavətindən, hicrandan, 

vüsaldan, göz yaşlarından, fərəhdən danışmaq deməkdir. 

Eşqdən danışmaq – yerdə, göydə  – kainatda çağlayan gözəlliyi görmək deməkdir. 

Sevgi  dünyası  –  pillələr  dünyasıdır.  Dünyanı  pillə-pillə,  mərhələ-mərhələ  dərk  etmək 

məqamıdır. 

Nizaminin dahiyanə “Xosrov və Şirin”ini məhəbbət ensiklopediyası adlandırmaq olar. 

Burada  sevginin  bütün  çalarları,  onun  adi  və  qeyri-adi  anları,  vüsəti  canlanır.  Məhəbbət 

dənizinin  rəngarəng  məqamlarını  seyr  edirik:  coşub-daşan,  məcraya  sığmayan  sevgi;  yanıb-

yaxılan, yandırıb-yaxan, şimşək kimi çaxan sevgi. 

Eyş-işrət saçanda qovrulan “sevgi”. 

İnsan vüqarını təsdiq eləyən dözümlü, səbirli, ağıllı sevgi! İnsan əzabkeşliyi! 

Cilovsuz duyğular toqquşmasından yaranan sevgi! 

Daim sahilini aşan və daim sahilinə qayıdan sevgi! 

Məhəbbət çayının bulanıq çağlarını da seyr edirik, duru anlarını da. 

Giley-güzar, qəzəb məqamları da  gözümüzün qarşısından keçir, mehr,  fərəh, nəvaziş  çağları 

da! 

Dünya gözəldir baharıyla, sevgilisiylə! 



Dünya eybəcərdir ölümüylə, amansızlığıyla! 

Nizaminin sevgi haqqında düşüncələrinə faciəvilik gətirən budur. 




Dünya gözəlliyə qıya bilir. Özü yaratdığını, bəslədiyini özü də məhv edir. 

Nizami dünyanı sevə-sevə inkar edir, inkar edə-edə sevir. 

Biz Xosrov məhəbbətini adi məhəbbət adlandırırıq. 

Bütün müsbət və mənfi tərəfləriylə – adi məhəbbət. 

Heyrət və həvəs, şəhvət ilə vəcd qarışığından yaranmış məhəbbət. 

Eşy-işrət  meyli,  həyatdan  kam  almaq  ehtirası,  əbədi  və  böyük  gözəlliyə  bağlılıq.  İki  təzadlı 

duyğunun vəhdətindən doğmuş məhəbbət! 

Əsil böyük sevgi və sadə, əylənmək, nəşələnmək həvəsi! 

Məhəbbəti tapmaq və itirmək! 

Ehtiras atının cilovunu saxlaya bilməmək! 

Böyük sevgini kiçik sevgilərə dəyişmək, lakin yenidən böyük sevgiyə qayıtmaq! 

Şirini Şəkərlə əvəz etmək, ancaq Şirinsiz yaşaya bilməmək. 

Xosrov əyyaş deyil. Əyyaşın ürəyində ülviliyə meyil olmazdı.  

Ancaq  Xosrov  eşq  fədaisi  də  deyil.  Xosrovun  qəlbində  pak,  təmiz  duyğular  olduğu  kimi, 

bulanıq duyğular da var. 

Məhəbbətdə Xosrov adi bir şəxsdir. 

O, məhəbbət şahı deyil. 

Xosrovu məhəbbətin ülviliyindən çox, real gerçəkliyi cəlb edir. 

Gözəlliyi mənimsəmək həvəsi gözəlliyə səcdə qılmaq ehirasını üstələyir. 

Güclü,  çılğın,  qarşısıalınmaz  şəhvət  duyğusu  pərəstiş  duyğusuyla  qəribə  bir  tərzdə  birləşir, 

mürəkkəb, ziddiyyətli aləm yaranır. 

Xosrov Şirinsiz yaşaya bilmir, ancaq Şəkərlərə də meylini salır. 

Xosrov Şəkərlərə cismən yaxın olur, qəlbən o, həmişə Şirinlədir. 

Xosrov gözəldir, qəhrəmandır, möhtəşəm şahdır. 

Ancaq məhəbbət yoxuşlarında yorulur. Çünki ayaqları möhkəm deyil. Hissi iradəni üstələyir. 

Çünki təbiət Xosrova ani ehtirasa uymaq adiliyi bəxş etmişdir. 

Xosrovda Şirinə qarşı məftunluq var, amma gözəlliyə səcdə qılmaq müqəddəsliyi yoxdur. 

Xosrovun Şirinə münasibətində barlı meyvə ağacına münasibət duyulur. 

Xosrov Şirinin gözəlliyini ilk növbədə bu baxımdan qiymətləndirir. 

 

Qanbiriksə, neçin cuşa gəlmirsən



Coşursansa, neçin bəs görmürəm mən? 

 

Bar verən ağacsan, qalma meyvəsiz, 

Meyvəyə nə qədər həsrət çəkək biz. 

 

Həmin münasibət çılğın ehtiras yaradır və bu ehitras Xosrov sevgisini bulanıq selə çevirir. 



Lakin  hansı  qapını  açırsa-açsın,  son  nəticədə  Xosrovun  aradığı  məhəbbət  evi  Şirinin  qəlbi 

olur. 


Şirinin məhəbbətini biz gözəl məhəbbət adlandırırıq. 

Çünki həmin məhəbbətdə ağlın keçici, ani hisslər üzərində qələbəsi var. 

Çünki Şirinin məhəbbəti həm son dərəcə atəşin, həm də son dərəcə müdrikdir. 

Şirin qəlbində böyük ehtiras gəzdirir. 

Ancaq həmin ehtiras idrakın, ləyaqətin əliylə nizamlanır, ram edilir. 

Şirin qadın ləyaqətini ehtirasa qurban vermir. 

Ləyaqət – gənclik alovunu, həyatsevərliyi yox etmir, əksinə, onlara yeni gözəllik gətirir. 



Yüklə 242,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə