Asif Ata NİzamiLİK (Bədii-fəlsəfi esse)



Yüklə 242,32 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix04.11.2017
ölçüsü242,32 Kb.
#8444
1   2   3   4   5   6   7   8   9

Leyli Məcnun üçün qətiyyən adi qadın deyil. 

O, rəmzdir, təcəssümdür, ilahi, müqəddəs varlıqdır. 

Əslində Məcnun Leylini yenidən yaradır. 

Leyli Məcnunun bütüdür. 

Leyli əslində Məcnunun əlindən bütün dünyanı alır. 

Hər şeydən təcrid olunmaq dərəcəsinə qalxan məhəbbət artıq ehtizazdır, vəcddir. 

Təbiidir ki, bu möhtəşəmlik zamana sığmazdı və məhəbbət fədailərinin cismani məhvi labüd 

idi. Ancaq həmin fəlakətdən Məcnunluq adlanan ölməz sevgi abidəsi yarandı. 

Məcnunluq – məhəbbətin müdrikliyidir. 

Məcnunluq – həqiqətin faciəsidir. 

Məcnunluq – paklığın təntənəsidir. 

Məcnunluq – möhtəşəmliyin qələbəsidir. 

Məcnunluq – Nizaminin zəmanə ilə döyüşüdür. 

Cazibədardır dünya! 



 

 

V. MƏNƏVİ PAKLIQ TƏLƏBİ 

 

Çoxrəngliliyi, əlvanlığı, səsləri, harayları, sehri, nəşəsi ilə çağırandı dünya! 



Müdrikliyə, əzəmətə və eyş-işrətə, idrak dağlarına və nəşə çəmənlərinə! 

Ucaldandı və endirəndi dünya! 

Paklıq səmalarına və bəsitlik bataqlığına! 

Ani cinsi həvəsə də sövq eləyir səni dünya, böyük, qadir duyğuya da.  

Zahirə də meyil edirsən, daxilə də! 

Bir-birini inkar edən duyğular insana gəl-gəl deyir. 

Munisliklə də, şəhvaniliklə də. 

İnsanın mənəvi aləmi durulur da, bulanır da. 

Nizaminin qəhrəmanı Bəhram ədalətli, vüqarlı, möhtəşəm şahdır. 

Həm də eyş-işrət əhlidir. 

Rəhmlidir, həm də keyfə meyillidir. 

Səbrlidir, təmkinlidir, həm də çılğın ehtiraslıdır. 

Dünyanın ali mənasına dalandır, həm də kiçik ləzzətində hərisdir. 

Elmə də meyli var, meyə də. 

Barışarmı bu duyğular bir-biriylə? 

Əsildimi kef əhlinin müdrikliyi? 

Dünyadan beşəlli yapışan dünyanı dərindən anlarmı? 

Şəhvət ocağı yanında hikmət ocağı sönməzmi? 

Kim qazanır dünya, kim itirir? 

Dünya adlanana bağın bütün meyvələrini dadanmı, yoxsa, ən yaxşısını yeyənmi? 

Nizaminin “Yeddi gözəl”i böyük suallar və böyük cavablar əsəridir.  

Aqillər yüz ehtirasın içərisindən birini seçənlərdir. 

Müdriklik ilə eyş-işrət əsirliyi bir yerə sığmaz. 

Eyş-işrətin özünəməxsus cazibədarlığı var. Ancaq bu həvəsdə ismətə, xalisliyə, iradəyə, ağıla 

düşmən kəsilən qəbahət də yaşayır. 

Eyş-işrət  sevinci  qəbahət  qarşılıqlı  səadətdir.  Həm  də  onda  insanı  zahirdə  saxlamaq,  zahirə 

pərçimləmək xisləti var. 

Ani gözəlliyə hərislik, Bəhrama həmişə mane olur. Onu düz yoldan azdırır. 




O özündə iki qütbü – şəhvaniliyi və mənəvi qüdrəti heç cür birləşdirə bilmir. 

Ağlının  yetkin  çağında  o,  dünyanın  əsil  mahiyyətinə  varır  və  cəlbedici  nəşələr  “günbəzlər 

səltənətinin” puçluğunu duyur. 

Həqiqət işığı xülya qaranlığını qovur. 

Şahlıq səlahiyyəti Bəhramı aqillərdən ayırır, hökmranlıq pilləsinə qaldırır. 

Buna o ədalətlə cavab verməlidir. 

Burada  şahlıq  çiyinə  düşən  ağır  yük  olur.  Ancaq  hökmranlığın  digər  tərəfi  də  var:  imtiyaz 

genişliyi, gözəlliyi mənimsəmək imkanı. 

Bəhram şahlığın hər iki tərəfini özündə cəmləşdirməyə çalışır. O, xalqa səxavət və mərhəmət 

göstərir, ürəklərə fərəh gətirir. 

 

İnsafı gətirdi o bizim yerə

Qalxdı ədalətin başı göylərə. 

 

Təzədən başladı toyu dünyanın, 

Geniş nəfəs aldı qəlbi insanın. 

 

Onunla düzəldi işi varlığın, 

Yıxıldı özülü riyakarlığın. 

 

O həm də özünü unutmamağa, dünyanın şərbətini böyük piyalələrdə içməyə can atır. 



 

Həftədə çalışdı şah kimi bir gün

Altı günü keçdi işrətdə bütün. 

İlk baxışda oxucu Bəhramın hər şeyə nail olduğuna inanır. 

Adama  elə  gəlir  ki,  Bəhram  bəxtəvərliyin  zirvəsidir:  həm  rəiyyət  yaxşı  yaşayır,  həm  də 

Bəhram kefindən qalmır, həm də dövlət möhtəşəmliyini artırır. 

Əslində isə belə “vəhdət” əsərdə yoxdur. 

Şahlıq məsuliyyəti dinəndə eyş-işrət susur. 

Eyş-işrət həvəsi coşanda, hökmranlıq əzmi azalır. 

Bəhram həm yaxşı hökmran, həm də yaxşı kef əhli ola bilmir. 

Birində qalib gələndə, o birində məğlub olur. 

Böyük Nizami sanki deyir: “Ey qafil, anlamırsan ki, böyük amal böyük qurban tələb edir!” 

Öz ani ehtiraslarının üzərindən keçməyən şəxsdə böyüklük ola bilərmi? 

Dünya rəngarəng olsa da, o bir rəngə vurulanları sevir. 

Ancaq hər kəsin öz çiçəyi var. 

Nəyə isə sahib olmaq üçün nədənsə imtina etmək gərəkdir. 

Yollar çoxdur, seçilən yol birdir! 

Bəhramın  gözəllik  aləmi  ilə  təması  yeddi  gözəllə  münasibətində  aşkara  çıxır.  Bu  gözəllər 

əsərin əvvəlində xəyalı qanadlandıran romantik mavi çiçək səciyyəsi daşıyır. Bəhramın ürəyinə 

hakim olur, şirin, sehrli arzu, məqsəd kimi rahatlığını əlindən alır, onu cəlb edir, çağırır. 

Bəhramın  qarşısında  əsrarəngiz  bir  mənzərə  açılır.  Dünya  rəngləri  gözləri  oxşayır  və  ürək 

onlara qovuşmaq həsrəti ilə döyünməyə başlayır. 

Yeddi gözəl dünyanın Bəhrama bəxş etdiyi sehr kimi vəsf edilir. 

Sonralar  romantikanın  yerini  real  qadın  gözəlliyi,  qəlbə  nəşə  verən  eyş-işrət  və  gözləri 

oxşayan əlvan rənglər tutur. Baharın, güllərin, gəncliyin şeiriyyəti bir-birinə qarışır. 



Nizami misilsiz rəssam hünəri göstərir. 

Yeddi rəng min rəngə dönür. 

Bir anlıq Nizami ilə bərabər vurulursan, məftun olursan gördüklərinə. 

Duyursan, hiss edirsən ki, bu alovu göylərə qalxan nəşəsevərlikdə özünəməxsus şeiriyyət var. 

Lakin Nizami Bəhramları eyş-işrət qapısından halallıq və paklıq evinə köçürür. 

Yeddi gözəlin şaha söylədikləri hekayətlərin heç birində nəşəsevərlik təbliğ olunmur. Əksinə, 

gözəl  qadınlar  öz  hökmdarlarına  halallığın,  düzlüyün,  mənəvi  təmizliyin  böyüklüyündən 

danışırlar. 

Söhbətlərdə ağıllı, iradəli, xeyirxah, cəfakeş insanlar qələbə çalır, sərsəmlər, kef əhli bədnam 

olur.  


Şair mey piyaləsinə hikmət danələri tökür. 

Cənnət kimi görünən nəşə aləminin cəhənnəm xislətini açıb göstərir. 



 

Gördü altındakı dərddir, xətərdir, 

Mindiyi at deyil, qızğın əjdərdir. 

 

Dərd ayağı vardı, iki qanadı, 

Yeddi başı görcək ağlı oynadı. 

 

Beləliklə də “Yeddi gözəl”in mənası son dərəcə genişlənir. 

Yer  ləzzətilə  səma  hikmətinin,  gözəllik  ilə  halallığın,  zövq  ilə  düzlüyun,  fərəh  ilə  kamalın, 

cazibədarlıq ilə ismətin vəhdətiymiş “Yeddi gözəl”. 

Bəhramın daxilində məskən salmış iki güclü hiss – nəşə və hökmranlıq biri digərini rədd edir. 

Bəhram işrətin şahlığa mane olmadığını inadla sübut etməyə çalışır. Ancaq buna nail ola bilmir. 

Çünki hər iki hiss insandan bütöv ömür istəyir. 

Çünki hər iki hiss bir-birinə yaddır. 

Çünki  hökmranlıq səlahiyyəti həm  insani böyüklüyü, həm  də insani naqisliyi  nəzərə almağı 

tələb edir. 

Şah həm xalislərlə, həm də xəbislərlə əhatə olunur. 

Birincilər inama, ikincilər şübhəyə layiqdir. 

Bu, dövlət xadimindən gərgin həyat tərzi tələb edir. 

Dövlət xadimi bəsitlikdən yüksəkdə durmalıdır. 

Eyş-işrət həvəsi Bəhramı bu zirvədən həmişə salır. 

Nəşəsevərlik ağılı  söndürür, iradəni  sarsıdır, dövlət başçısının  isə ağıldan və iradədən  güclü 

silahı yoxdur. 

İşrət meylində ictimai aləmdən ayrılmaq təhlükəsi var. 

Nəşə  axarı  insanı  öz  qoynuna  alaraq  aparır,  yeri  də,  göyü  də,  özünü  də,  başqalarını  da 

unudursan. 

Bu vaxt həyatın ahəngi pozulur, qara, şər qüvvvələr meydana atılır, cinayət ətrafı bürüyür. 

Dövlət başçısı olmaq hissləri, duyğuları bir səmtə yönəltmək deməkdir. 

Dövlət  başçısı  ən  böyük  nəşəni  ictimai  fəaliyyətin  özündə  axtarıb  tapmalıdır.  Bunun  üçün 

dövlət, xalqa vurğunluq istedadı tələb olunur. Bəhramda bunu görmürük. 

Dünya  beş  gündür,  deməli,  tələs,  ətrafa  mənəvi  işıq  saç,  sənin  dünyaya  gəlişin  dünyanı 

nurlandırsın. 

Bəhram  nəşəsevərliyinin  ucbatından  məmləkət  sarsılır,  xain  vəzir  camaatı  acınacaqlı 

vəziyyətə salır, zülm ərşə dayanır, xarici basqın hədəsi yaranır. 




Yüklə 242,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə