Asif Ata NİzamiLİK (Bədii-fəlsəfi esse)



Yüklə 242,32 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix04.11.2017
ölçüsü242,32 Kb.
#8444
1   2   3   4   5   6   7   8   9

Ləyaqət – ağıl, namus bəndini aşmır və buna görə öz gözəlliyini birə-on artırır. 

İsmət  –  mənəvi  bakirəlik  həyat  nemətlərinə  biganəlik  deyil,  həmin  nemətlərin  ali  məzmun 

kəsb etməsidir. 

İsmət – təbii duyğuların durulması deməkdir. 

Qadınlığı layiq olan nə varsa, təbiət Şirinə bəxş edib. 

Onun gözəlliyində həm səma, həm də yer möcüzəsi, əfsunu var. 

 

Bir aydı, aydan və günəşdən gözəl, 

Bir güldü, bahara qoymazdı məhəl. 

 

Bir bütdü, sitayiş halaldı ona, 

Nəqd behişt deyərdin cənnət qoynuna. 

 

Xəcalət çəkirdi ondan müştəri, 

Yerişinə heyran dağ kəklikləri. 

 

Eşqdən yaranmış ləl dodaq, dürr diş

Nə dişi ləb görmüş, nə ləbi bir diş. 

 

Təzə gül kimiydi o qəşəng üzü, 

Baxıb tər tökürdü gülabın özü. 

 

O, yar nəşəsinin, zövqünün qiymətini bilir. 



O sevdiyinə yar sevincinin, cismani həzzin qəndini, şəkərini təqdim edə bilir. 

Xosrovun sevgisi Şirinə baha başa gəlir. 

Şirin çox vaxt öz qadın ismətini şah həmlələrindən qorumalı olur. 

 

Füruzə gülşənə and içirəm mən



Nurlu, parlaq günə and içirəm mən. 

 

And olsun cənnətdə nəqiş-nigara, 

Torpaq fərmanında yazılanlara. 

 

And olsun ölümsüz əbədiyyətə, 

And olsun yatmayan oyaq xilqətə. 

 

Ki, şah olsan belə, kəbinsiz yenə 

Yetişə bilməzsən istəklərinə. 

 

Əslində  Şirinin  məhəbbət  dastanı  öz  ölkəsini  düşməndən  qoruyan  bir  dövlət  başçısının, 

sərkərdəsinin dastanını xatırladır. 

Xosrov hədsiz dərəcədə qiymətli, əziz dostdur. Ancaq həm də düşməndir. 

Xosrovun ürəyində yaşayan sevgi munisdir.  

Ancaq həmin Xosrovun vücudunu sarsıdan, sümüyünün iliyinə qədər işləyən, qanına qarışan, 

şahlıq  tacıyla,  ana  südüylə  bərabər  verilən,  zadəganlığın  üfunətli  iqlimində  boya-başa  çatan 

qızğın şəhvət hərisliyi Şirinin qəddar düşmənidir. 




İkincini Şirin lənətləyir, qapısından qovur, birinci üçün ağlayır: 

 

Ey dost, hümmət elə, əl qaldır barı, 



Qabağından qaçsın həm qoşunları. 

 

Bundan daha düşkün bir aciz olmaz, 

Bundan daha yazıq, kimsəsiz olmaz. 

 

Məni kölgə kimi salma torpağa, 

Ağlayıb düşmüşəm özüm ayağa. 

 

Şirin Xosrovsuz bir an da yaşaya bilmir. Ancaq daim Xosrovu özündən uzaqlaşdırır. Yanıb-



yaxılır, möhnət içində qovrulur. Çünki Şirin adi saray məşuqəliyinin dəhşətini yaxşı başa düşür. 

Əslində Şirin erkəkliyə qarşı döyüşür. O, erkəklik müqabilində kiçilmir, alçalmır. 

Şirin ehtiras adlanan ağacı istədiyi kimi bəsləyir. 

Xosrov mürəkkəbdir, Şirin bütöv. 

Xosrov mürəkkəbliyində adilik, bəsitlik var. 

Şirin bütövlüyündə qeyri-adilik var. 

Şirin mənəvi böyükdür. Onun Xosrov mürəkkəbliyinə ehtiyacı yoxdur. 

Şirinin həyatda bir ali məqsədi var. Xosrovun şəhvət hərisliyini öldürüb, məhəbbəti qorumaq. 

Bu məqsəd üçün o, hədsiz əzablara düçar olur, fəqət yolundan dönmür və qələbə çalır. 

Şirin ilə Xosrovun döyüşündə Şirin hücumçu, Xosrov müdafiəçidir. 

Çünki Şirin həqiqətə söykənir, Xosrov rütbəyə. 

Çünki Şirinin niyyəti təmizdir, Xosrovunku bulanıq. 

Çünki Şirin müdrikdir, Xosrov çılğın. 

Çünki Şirin namus keşikçisidir, Xosrovda isə namus oğrusu olmağa meyil var. 

Çünki Şirin məhəbbətdə aqil hakimdir, Xosrov naşı. 

Çünki Şirin məhəbbətdə müəllimdir, Xosrov tələbə. 

Şirin Xosrovun  arxasınca gedəndə belə əzəmətlidir. 

Xosrov Şirini təhqir edəndə belə zavallıdır. 

Çünki ismət ilə gözəlliyin vəhdətindən yüksək, qadınlıq isməti yoxdur. 

Fərhad dahi aşiqdir. Çünki onun üçün sevgi yaşamaqdır, mövcudluqdur. 

Çünki onun gözündə Şirin bütdür. 

Çünki Fərhad üçün Şirin pərəstişə layiq ilahi qüdrətdir. 

Çünki Fərhad üçün sevmək tamamilə unutmaq, məhəbbətdə itmək deməkdir. 

Çnki  məhəbbət  ehtirası  Fərhadın  ömrünə,  həyatına  hakim  olur  və  Fərhad  məhəbbətlə  tam 

birləşir. 

Məhəbbət ehtirası Fərhad şəxsiyyətinin mənasını bütünlüklə ifadə edir. 

 

Sən varsan, demirəm mən də Fərhadam, 

Bu kənd səninkidir, burda mən yadam. 

 

Sən də varsan, mən də, necə deyim, 

Bu xudpəsəndliyə razı olar kim? 

 

Dahiyanə birtərəflilik yaranır. 




Müxtəlif rənglərlə dolu olan bu dünyada bir rəngi seçmək! 

Müxtəlif hisslər, həyəcanlar dənizindən bir damlanı seçmək və bu damlanı dənizə çevirmək, 

əlvan  həvəslər,  arzular,  niyyətlər  dünyasında  yalnız  bir  arzuya  qovuşmaq,  onun  arxasınca 

getmək! 


Fərhad daim kədərlidir. 

Çünki onun qəlbini, iradəsini çəkib aparan möhtəşəm qüdrətin gücünü duyur. 

Çünki məhəbbətin hədsiz dərəcədə böyük olduğunu anlayır. 

 

Fərhad ki, Şirinə ürək bağladı, 



Könlünü məhəbbət hissi dağladı. 

 

Nə taqəti vardı hicran dəminə, 

Nə dözə bilirdi səbrin qəminə. 

 

Divtək insanlardan qaçaq gəzirdi

Xəstə adam kimi naçaq gəzirdi. 

 

Üz tutdu çöllərə, qaçdı dağlara, 

Gəlmişdi əlindən dağlar da zara. 

 

Fərhad  hiss  edirdi  ki,  bu  məhəbbət  onu  cılızlardan,  ortalardan,  yarımaşiqlərdən  ayıracaq, 



tənhalığa düçar edəcək. 

Eyni zamanda o, dahi eşqin Xosrovlar dünyasına sığmadığını da duyur və... qəmlənir. 

Fərhadlara  təbiət  möhtəşəmliyə  qovuşmaq  səadəti  verdiyindən,  bəsitlikdən  təcrid  olunmaq 

cəsarəti də verir. 

Çünki  Fərhadlar ülvi ehtiras axarında cılızlığı  görmürlərsə də, cılızılıq  onların  böyüklüyünü 

görür. 


Əslində Fərhad Xosrov məhəbbətinin inkarıdır. 

Xosrov sevgisi olsa-olsa təpədir. Fərhad eşqi – uca dağdır. 

Təpələrin də öz gözəlliyi var. 

Ancaq təpənin yanında zirvəli dağ göründümü, təpə cəzbi sönür. 

Fərhadın peyda olması Xosrov üçün gözlənilməz haldır. 

Xosrov üçün Xosrov miqyaslı rəqibin yaranması təbii olardı. 

Fərhad qeyr-adi aşiqdir. 

Fərhadların Xosrovları təlaşa salmalarının səbəbi budur. 

Fərhad öz vurğunluğu ilə Xosrovu məhəbbət taxtından salır. 

Fərhad adlı mənəvi pəhləvanın yanında Xosrov çox kiçik görünür. Fərhadlar Xosrovlar üçün 

dəhşətli  təhlükədir.  Ona  görə  də  məkr  işə  düşür,  dünyanı  Xosrovların  xeyrinə  Fərhadlardan 

“təmizləyir”. 

Kiçiklik sevinir, çünki dəhşətli bir təzyiqdən – dahilik təzyiqindən xilas olur. 

Fərhadlar məhv olmasaydılar, Xosrovlar sevilməzdilər. 

Fərhad məhəbbəti Şirin məhəbbətindən də üstündür. 

Çünki ülvidir, sonsuzdur, vəcdlidir. 

Fərhadın amal dostu, məslək qardaşı Məcnundur. 

Onların aqibəti birdir. 

 



Yüklə 242,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə