33
olaraq satirik gülüş və məzhəkə mövqeyindən yanaşılması əsas məqsəd oldu. Bu
mühüm işə başlayarkən maddi problemdən olduqca narahat olan Mirzə Cəlil
yazırdı: “Pul məsələsi bizim boş cibimiz üçün ən ağır məsələ idi. Məcmuənin
karikaturalarını çəkdirmək üçün pul lazım idi. Bunu bir növ həll etdik ki,
möhtərəm nəqqaşımız Şmerlinq qabaqkı nömrənin şəkillərinin zəhmət haqqını
nisyə çəkməyə razı oldu” (55.səh.64).
Vətəndaşlıq ağrısı ilə çətin işə başlayan Mirzə Cəlil dövrün ən ağır sosial
yükünün mənəvi daşıyıcısı olmağa hazır idi. 1906-07-ci illərdə milyonçu
Tağıyevin maliyyəsi ilə “Füyuzat” jurnalının 32 sayını çıxarmış digər ziyalımız Əli
bəy Hüseynzadə “Molla Nəsrəddin” məcmuəsini belə dəyərləndirir: “...bu qədər
qəmli bir zamanda belə bir məzhəkə məcmuəsinin çıxması qəribə görünsə də,
diqqətlə nəzərdən keçirildikdə görünür ki, bu məzhəkə ancaq zahiri olub daxildə
axan göz yaşlarını gizlədir” (124).
Məcmuə kəskin, barışmaz ziddiyyəti əks etdirən satira janrını
formalaşdırmaqla yanaşı, maarifçilik funksiyası daşımaqla özünün əsas ictimai-
siyasi platformasını müəyyən etdi. Maarifçilik funksiyasını üzərinə götürən jurnal
müasir dildə desək geniş mənada sosial reklamla məşğul oldu. “Molla
Nəsrəddin”in tədqiqatçısı, professor Ə.M.Mirəhmədovun yazdığı kimi: “Deməli,
obıvatelin fəal vətəndaşa çevrilməsinə kömək etmək, camaata poçtun “sirrini”
açmaq, savadsıza əlifba öyrətmək, məktəbə lağ eləyəni skamyada oturtmaq, dərviş
nağılından xoşlananı teatra çəkmək, çuxaya öyrəşənə kostyum geyindirmək kimi
işlərdən başlamış, azadlıq və tərəqqi yolunu göstərməyənədək böyük, geniş bir
proqram həyata keçirilməli idi. Sadədən mürəkkəbə, məişətdən siyasətə “Molla
Nəsrəddin” bu yolu seçmişdi” (59.səh.253-254). Odur ki, ilk sayından
populyarlaşan məcmuə mətbuat bazarında görünməmiş uğur qazandı.
Sağlam biznes faktoru üzərində qurulan mətbuat bazarı ictimai fikri
formalaşdıra bilən demokratik mətbuatın yaranmasında mühüm rol oynayırdı.
Digər tərəfdən isə müxtəlif dövlətlərin marağına dolayı yolla olsa belə xidmət edən
mətbuat orqanları sağlam bazar rəqabətinə davam gətirə bilmirdi. Milli
burjuaziyanın dirçəlişi fonunda mətbuat bazarının biznes faktoru üzərində
qurulması milli maraqların önə keçməsinə şərait yaratdı. Məhz belə şəraitdə ciddi
mətbuat kimi özünü təsdiq etmiş “Şərqi-Rus”un mühafizəkarlığı onun imicinə
mənfi təsir göstərdiyindən qəzet tədricən iflasa uğradı.
Bir müddət qəzetlə əməkdaşlıq etmiş Mirzə Cəlilin tərcümeyi-halı
timsalındakı “Xatiratım”da “Şərqi-Rus”un daxili mühiti, abi-həvanı dəqiq təsvir
edilmişdir: “O ki qaldı siyasi məsələlərə, bu barədə dilim lal olsun: haman əsrin
sansorunun tələbatı o qədər səxt idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s”
hərfini yazmağa cürət eləməzdik” (54.səh.82). “Şərqi-Rus”un iflası səbəblərini də
Mirzə Cəlil bu yazıda göstərmişdir: “Qafqazda müsəlmanlar içində türkcə qəzet tək
34
bir “Şərqi-Rus” idi. Bu da ki məlumdur, Tiflisdə bina olmuşdu və orada da
çıxmaqda idi. Bakı şəhəri, o milyonlu və mədənli Bakı şəhəri öz qəhrəman
yazıçıları ilə, öz Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov,
Məhəmməd Əmin Rəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı
İbrahim Qasımov, Cəfər Bünyadzadə və qeyri bunlar kimi əqli-qələmləri ilə
uzaqdan Tiflisə baxıb onun gündəlik “Şərqi-Rus” qəzetinə həsəd aparırdılar”
(54.səh.145).
Ana dilli yeganə qəzeti xilas etmək məqsədi güdən Əhməd bəy Ağaoğlunun
“Şərqi-Rus” qəzetinin rəhbərliyinə şərikliyi maddi çətinlikləri həll etsə də, digər
etik-psixoloji problemlər yaradırdı. Ən azı müasir islamizm ideyasının yaradıcısı
sayılan Əhməd bəy Ağaoğlunun dinin elmiliyini belə təhlil edən məqalələrinə
qəzet səhifələrində yer verilməsi M.Şahtaxtlı imicinə zərbə vurmaya bilməzdi.
Ömər Faiq Nemanzadənin (1872-1950) “Şərqi-Rus” qəzetinin (23 may
1904-cü il) 60-cı sayındakı “Əhməd bəy Ağayev” məqaləsində göstərdiyi kimi:
“Sarbon Universitetinin məzunu, Bakıda nəşr edilən “Kaspi” qəzetinin ən
yorulmaz, ötgün qələmli, məlumatlı mühərriri” (62.səh.49) Əhməd bəy Ağaoğlu
yeni ziyalı zümrə arasında daha geniş populyarlıq qazanmaqla yanaşı, milli
burjuaziya sinfinin öndə gedənləri ilə də yaxın münasibət saxlayırdı. Əhməd bəy
Ağaoğlunun həmyerlisi, onu yaxından tanıyan Y.V.Çəmənzəminli 11 fevral 1936-
cı ildə yazdığı “Həyatımın 20 ili” adlı xatirələrində onun maarifçiliyini qeyd
etməklə yanaşı, şəxsi-psixoloji portretini də yaratmışdır: “Əhməd bəy olan
məclisdə heç bir mövhum fikirlərə yer qalmırdı. Camaat Əhməd bəyin Fransada
təhsil aldığını bilirdi, ona “firəng Əhməd bəy” deyərdilər. İslam və türk tarixinə hər
kəsdən artıq vaqif idi. Məclisdə danışanda heç bir molla cəsarət edib onun
fikirlərinə qarşı çıxa bilmirdi. Əhməd bəy sərt və əsəbi adam idi, bilxassə bəylərin
qudurğanlığına dözə bilməzdi, onlarla bir məclisdə qarşı-qarşıya gəldimi, həmişə
dalaşar, həmişə tapancasını hazır saxlayardı. Bəylər də ona qarşı intriqalar
çevirərdilər, bir gün onu təhqir etmək üçün klubdan şapkasını və paltosunu
oğurlamışdılar, evinə başı açıq dönməyə məcbur olmuşdu.
1896-cı ildə Əhməd bəy Şuşada türk hissəsində birinci olaraq qiraətxana və
kitabxana təşkil etdi, o biri il Bakıya getdikdə bu müəssisə qapandı” (15.səh.287).
Sonralar, 1918-19-cu illərdə, Cümhuriyyət dövründə Y.V.Çəmənzəminli
qələmə aldığı proqram xüsusiyyətli “Milli və mədəni işlərimiz” məqaləsində kitab
nəşrinin maarifçilikdə oynadığı rolu yüksək qiymətləndirərək yazırdı: “Hansı
yolda qənaət olunsa, nəşriyyat üçün gərək qənaət olunmasın. Çünki bu günlər
basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, onlar sərf
olunur və əməli nəticələr də vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük
sərmayələr vücuda gətirir” (16.səh.45).
Dostları ilə paylaş: |