37
soran quzğunluq!” Müəllif məqaləsində “pətənələri çuvaldan geniş olan, insaf,
vicdan, mürvət bilməyən “quzğunlara” birbaşa müraciət edir: “Amandır,
quzğunlar! Vətən əldən gedər, yaman günlərə qalarıq. Balalarımızın xatirinə,
gələcəkdə övladlarımızın xatirinə rəhm edin millətə, əl çəkin mürtəd işlərdən,
yoxsa gələcək tarixində adınız çəkiləndə lənət oxunacaqdır...” (87.səh.389-390).
1905-ci il inqilabından sonra Azərbaycanda bir neçə bolşevik qəzeti çap
olunmağa başladı. Bu qəzetlər özlərinin üsyankar ideyaları ilə seçilirdi. 1906-cı
ildən M.Əzizbəyov və S.M.Əfəndiyevin rəhbərliyi ilə nəşr olunan ilk leqal
bolşevik qəzeti “Dəvət-Qoç” əsas ideyanı 19 iyul 1906-cı il 19-cu sayında belə
müəyyən edirdi: “Camaətin nicatına və rahatlığına ancaq bir çarə var, o da camaəti
müsəlləh etməkdir, yəni, hamısına silah verməkdir” (123). Göründüyü kimi, siyasi
platformaların formalaşdığı ilkin mərhələdən başlayaraq bolşeviklər hakimiyyəti
ələ almaq üçün silahlı qarşıdurma yaratmaqla vətəndaş müharibəsi törətməkdən
belə çəkinmirdilər. Məhz silahlı üsyanla Rusiyada hakimiyyəti ələ almış
bolşeviklər, sonrakı fəaliyyət dövründə də marksizm-leninizm ideyalarının digər
dövlətlərə ixracını yalnız silahlı təcavüz kimi təsəvvür edərək, kütləvi informasiya
vasitələrində demokratik siyasi marketinq imkanlarından istifadə olunmasını
ağıllarına belə gətirmirdilər. Bu isə inzibati amirliyin tüğyan etdiyi bir ölkədə
məmurlar ordusunun özbaşınalığı və vətəndaşdan sakinə çevrilmiş qara kütlənin
yaşamaq uğrunda mübarizədən üz döndərib içkiyə qurşanması üçün üzdəniraq
“məhsuldar” mühit yaradırdı.
Leninin şərqdə ən ağıllı adam saydığı əsl demokrat Məhəmməd Əmin
Rəsulzadə (1884-1955) “İrşad” qəzetinin 26 noyabr 1906-cı il 272-ci sayında “Dur
ay yatmış” jurnalındakı “Araq içməyiniz” məqaləsini tərcümə etmiş: “Hər bir
butulka araq içməyinizlə siz camaətin xoşbəxtliyini və azadlığını içirsiniz. Siz
bununla ilanı, balığı bankada spirtləyən kimi öz hürrüyətinizi spirtliyorsunuz. Hər
bir butulkasına verdiyiniz 123 qəpik pulun 11 qəpiyi bürokratlara çatıyor (...)
məlumdur ki, piyan camaət ilə dolanmaq bürokratlara çox asandır (...) öz ailəsinin
səadəti də piyana lazım deyil” cümlələrindən sonra: “Bu tərcüməyə əlavə olaraq
biz də öz tərəfimizdən “Araq içməyiniz!” əvəzində “Araq içməyə öyrətməyiniz!” –
desək daha yaxşı, daha müsəlmanlara münasib olar zənnindəyiz. Həqiqətən də biz
müsəlmanlar içkiçi olmasaq da, buna başlamışıq. Hətta Kazan tatarları, türkmən
təkələri, ləzgilər bu babətdə heç rus mujikindən geri qalmazlar, amandır, arkadaşlar,
araq içməyə öyrənməyiniz, öz səadətinizi içməyiniz!” (70.səh.69) - əlavə etməklə
artıq gündəmə gəlməkdə olan bu problemə özünün sağlam münasibətini bəyan
etmişdir.
Məhəmməd Əmin Rəsulzadə “Tərəqqi” qəzetinin 30 sentyabr 1908-ci il 65,
68-ci saylarında dərc etdirdiyi “Kooperativ cəmiyyətləri” məqaləsində bazar
iqtisadiyyatının tələblərini aydın şəkildə şərh edir: “Fabrikaçının imkanı
38
olduğundan maşın vasitəsi ilə müdam işləyib məta hazırlıyor. Məta hazırlıyor da,
satılacağını heç bilmiyor. Buna görə də ona lazımdır ki, azad olsun, yollar rahat
olsun, insanların bir-birilə rəftarı və əşyanın hüsulu asan vəchə düşsün. Ona
gərəkdir ki, hər yerdə müəyyən bir qanun mühafizəsi görsün” (70.səh.197). O
dövrdə sənayeləşmə nəticəsində yeni peyda olmuş reklam agentlərini arxaik dildə
dəllal adlandıran müəllif yazır: “Bir nəfər dəllalı güdəndə görün ki, o, dükanları
qapı-qapı gəzib nələr qayırır? Baxınız ki, o nə yollar ilə mağazalara girib vəkil
olduğu ticarətxanənin, yainki, fabrikanın mətaını nə dillərlə tərif edib nə üsullar ilə
işə verir” (70.səh.202).
Naməlum şəxs tərəfindən Nobel şirkətinin mühəndisi Maksimova atılan
gülləyə görə iki yüz fəhlənin işdən atılmasına münasibətini Məhəmməd Əmin
Rəsulzadə “Tərəqqi” qəzetinin 16 fevral 1909-cu il 37-ci sayında dərc etdirdiyi
“Açıq terror” məqaləsində: “Bir nəfər caniyə qisas etmək üçün iki yüz nəfərə cani
olmaq nə böyük istibdad! Haqsızlıq!” – deyə qətiyyətlə bildirir. Bütövlükdə
mütərəqqi dövrü mətbuatda gəlmə şirkətlərin yerli xalqların taleyinə biganə
qalmaları tez-tez işıqlandırılırdı. Təsadüf deyil ki, adı çəkilən şirkətlər fəhlələr
üçün eyni tipli baraklardan, xarici rəislərin yaşadıqları saray və bağdan savayı
şəhərdə heç bir tikinti aparmamışdılar. Fəaliyyətlərində daim müstəmləkə
siyasətindən doğan sərt siyasi və iqtisadi qanunların yaratdığı məhdudiyyətlə
buxovlanan yerli sərmayədarlar gəlmələrdən fərqli olaraq tək maddi qazancla
kifayətlənməyərək öz talelərinin doğma xalqla bağlı olduğunu dərk edirdilər. Məhz
bu zəmində formalaşan strateji təfəkkür tərzi onların bir çoxunu maarifçiliyi təbliğ
etmək məqsədi ilə yaranan mətbuatın, təhsilin, mədəniyyətin, elmin, texnikanın
inkişafını nizamlayan, hüquqi status qazanmış mütərəqqi cəmiyyətlərin himayədarı
etdi. Milli kapitalizmin formalaşması artıq dövrün tələbinə çevrilir və Hacı
Zeynalabdin kimi xeyriyyəçilər örnək hesab olunurdular. Bununla belə öncə
dünyaya, sonra millətə sevgini önə çəkən mütərəqqi ziyalılarımız millətçiliyi
qətiyyən qəbul etmirdilər. Məhəmməd Əminin “Tərəqqi” qəzetinin 29 iyun 1909-
cu il 143-cü sayında dərc etdirdiyi “Qəribə bir baykot” məqaləsindəki: “Millətçilik!
İnsan-insanlar əvəzində utanıyor, xəcalət çəkiyor” (70.səh.378) sözləri buna parlaq
misaldır. 1910-cu ildən milli müstəqillik ideyalarını önə çəkən “Açıq söz” qəzeti
Məhəmməd Əmin Rəsulzadənin simasında Azərbaycan xalq Cümhuriyyətinin
mənəvi təməlinin qoyulmasına başladı.
Y.V.Çəmənzəminli də “Açıq söz” qəzetində çap olunmuş “Bizə ciddi
mətbuat çoxdan lazım idi” məqaləsində müharibə meydanındakı məğlubiyyətdən
laxlamış məmur idarəçiliyinin zəifləməsi nəticəsində yaranmış və demokratik fikir
təməlində bərqərar olmuş kütləvi informasiya vasitələrinin imkanlarını
dəyərləndirir: “Rus-yapon” müharibəsi bizə “Həyat” ilə “İrşad”ı bəxş etmiş idi.
Böyük Avropa dalğası da “Açıq söz”ü vücuda gətirdi. Məsləksiz mətbuatdan
Dostları ilə paylaş: |