41
1908-1909-cu illərdə “İrşad” bağlandıqdan sonra Ə.Ağaoğlunun açdığı 7
sentyabr 1908-ci ildən etibarən iki il fəaliyyət göstərən “Tərəqqi” qəzetilə də
əməkdaşlıq edən M.Ə.Rəsulzadə həbs təhlükəsi səbəbindən İrana üz tutur. Orada
Səttarxan hərəkatının ideoloqlarından birinə çevrilən M.Ə.Rəsulzadə Avropa
təhsili görmüş ziyalılarla birgə 1910-cu ilin sentyabrında İran Demokratik
Partiyasının əsasını qoyur və “İrane-Nov”, “İrane-ahat” kimi müasir tipli qəzetlərin
baş redaktoru olur. 1914-cü ildə Səttar xan dünyasını dəyişdikdən sonra
M.Ə.Rəsulzadə “İqbal” qəzetinin 10 noyabr 786-cı nömrəsində yazırdı: “Son
zamanlar Səttar xan unudulmuşdu. Artıq adı dillərdə dastan deyildi. Fəqət bir vaxt
var idi ki, bu ism günün mövzusunu təşkil ediyordu. Avropa qəzetləri belə Səttar
xan ismini Qarribaldi ilə bərabər tutuyorlardı. İştə bu vaxtilə İran Qaribaldisi olan
zat ölmüşdür” (71.səh.423).
İran istibdadının təzyiqi ilə Türkiyəyə mühacirət edən M.Ə.Rəsulzadə
Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Yusif bəy Akçuraoğlu (1876-1935), Ziya Gök Alp
(1876-1924) ilə birlikdə milli ideyaların daşıyıcısı sayılan “Türk ocağı”
cəmiyyətində çalışmış, 1911-ci ilin noyabrından fəaliyyət göstərən “Türk yurdu”
jurnalının fəal müəlliflərindən olmuşdu. Məhz Rəsulzadənin iradəsi və təkidi ilə
1911-ci ilin oktyabrından keçmiş hümmətçilər – Tağı Nağıyev və Abbasqulu
Kazımov Bakıda “Müsavat”ın ilk özəyini yaradırlar. 1913-cü ildə Romanovlar
sülaləsinin 300 illiyilə bağlı əfv fərmanından sonra vətənə qayıdan Rəsulzadə
“Müsavat”ın rəhbərinə çevrilir. Fevral inqilabına qədər 6 illik gizli fəaliyyət
göstərən “Müsavat” nəhayət, 15 aprel 1917-ci ildə Türk-Ədəmi mərkəziyyət
partiyası ilə birləşərək güclü siyasi platforma təşkil edir.
16 sentyabr 1914-cü ildən şair-publisist Əliabbas Müznibin (1882-1938)
redaktorluğu ilə nəşr olunan “Dirlik” jurnalında M.Ə.Rəsulzadənin istiqlal
məqalələrində xalqı “türk”, “tatar” deyil, məhz azərbaycanlı kimi təqdim etməsi
sadəcə genetik kodlar üzərində yox, geopolitik azərbaycançılıq zəminində
yaranacaq “Müsavat dövlətçiliyi”nin ideoloji təməli idi.
Y.V.Çəmənzəminli Cümhuriyyət dövründə qələmə aldığı “Biz kimik və
istəyimiz nədir?” məqaləsində iqtidarda olan “Müsavat” partiyasının əsl məqsədini
açıqlayır: “Rusların hakimiyyəti bizi dəxi də pis hallara gətirdi: ixtiyarımızı əlinə
alıb bizi həm torpaqlarımızdan, həm də millətimizdən məhrum qılmaq istədi,
vətənimizi rus köçərilərilə doldurdu. Böylə olan surətdə bizim üçün ən vacib
məsələ Azərbaycanın hakimiyyətini öz əlimizə almaqdır. Bu isə istiqlal ilə olur.
Odur ki, Azərbaycanın istiqlalı firqəmizə ələm olmuşdur. Türk ədəmi-mərkəziyyət
firqəsi “Müsavat”ın əsl məqsədi də bundan ibarətdir. Ola bilsin ki, öz ixtiyarımız
öz əlimizə düşdükdə ədalətsizlik baş versin. Ədalətsizliyi yox etmək üçün
Azərbaycan hakimiyyəti gərək xalqın öz istədiyi adamların əlinə keçsin. Ta ki,
milli idarə xalqın xahişi olub camaətin hər bir sinfinin ehtiyacını nəzərə alsın”
42
(16.səh.9). Göründüyü kimi, analitik düşüncə tərzinə malik Y.V.Çəmənzəminli
yalnız demokratiya mühitinə müəssər olan hakimiyyətin ötəriliyini, dövlətçiliyin
isə əbədiliyini önə çəkirdi.
Maarifçilik istiqamətində bərqərar olmağa başlamış ədəbi-bədii dili və
ictimai-siyasi mətbuat orqanları ictimai fikir tariximizdə mühüm əhəmiyyət kəsb
etməklə teatr sahəsində də bu işığın sönməsinə imkan vermirdilər. Məhz maarifçi
mətbuatın
yaratdığı
ideyaların
dövrün
qlobal
problemlərinə
tətbiqi
dramaturgiyamızda da bu mövzuların bədii həllinin tapılmasına təkan verdi.
1892-ci ildə Qoqolun “Müfəttiş” əsərini dilimizə tərcümə edib “Qorodniçi”
rolunda səhnəyə çıxmış N.Nərimanovun (1870-1925) 1894-cü ildə yazdığı
“Nadanlıq” adlı ilk əsərində “Güclə deyil ki, müəllimi bu ölkədə düşmən hesab
edirlər” (64.səh.21) – deyən kənd müəllimi Məhəmməd ağanın dilindən səslənən:
“İş adam olmaqdadır. Nə üçün bəs Amerika padşahlığında kənd adamları əllərində
qəzet, cüt sürürlər” (64.səh.23). “Yeri elmə müvafiq şumlamaq və nə tövr kotanla
əksən taxıl yaxşı çıxar – bunların hamısı kitablarda yazılıbdır” mətnləri digər
ölkələrin əldə etdiyi mütərəqqi dəyərlərin tətbiqi kimi maarifçiliyi birbaşa təqdim
edir. Əsərin finalında kənd ağsaqqalı Hacı Abdullanın savadlı oğlu Ömərin: “Məni
nadanlıq, avamlıq, bimərifətlik güllələdi... Bunlar hamısı adamı heyvan edərmiş.
Ah nadanlıq!” (64.səh.55) sözləri ideyası uğrunda canından keçən faciə
qəhrəmanının üsyanıdır.
“Əliqələmli müsəlman ziyalıları haqqında bir neçə söz” məqaləsində
N.Nərimanovun “Məqalələr kimin üçün və nə məqsədlə yazılır? Əgər iyirmi-otuz
nəfər oxumuş müsəlmanlardan ötrü yazırlarsa, biz bu yazan cənabları inandıra
bilərik ki, oxumuş müsəlmanlar müzakirə edilən bu məsələləri həmin məqalə
sahibləri qədər yaxşı anlayırlar. Əgər möhtərəm müəlliflər haman sinfi nəzərdə
tuturlar ki, bu məzmunda olan məqalələrin onlar üçün doğrudan da əhəmiyyəti
vardır. Onda biz cəsarət edib bu zəhmətin tamamilə faydasız olduğunu təsdiq edə
bilərik” (64.səh.239) fikirlərində məqsəd Azərbaycan adlı bir evin, dolayı yolla
desək tavanının deyil, döşəməsini qaldırmaqdan ibarətdir. N.Nərimanovun
məqalələrindən əlavə nəsr əsərlərində də publisistik vüsət olduqca güclüdür.
1900-cü ildə çap olunmuş, 1915-ci ildə müəllifin özü tərəfindən
səhnələşdirilmiş “Bahadır və Sona” romanında qəhrəmanın dilindən səslənən:
“...xristian aləmində ruhanilər elmlərə düşmən olublarsa da, fəqət padşahlar və
dövlət ruhanilərlə müdam müharibədə bulunublar (...). Xristian aləmi müdam belə
bir müharibədə olaraq özünü ruhanilərin zəncirindən yavaş-yavaş xilas edib.
Müsəlman aləminə diqqət edərsəniz isə bu müharibəni görməzsiniz. Padşah həm
ruhani-xəlifə olub, həm də dövlətin yol göstərəni” (61.səh.171) fikirləri tarixən
maarifçiliyə əngəl olan qlobal problem kimi göstərilir.
Dostları ilə paylaş: |