47
realizmin nadanlığa, cəhalətə hədsiz nifrəti istər-istəməz romantizmə də təsir
göstərdi. Tənqidi realizmi maarifçiliklə qovuşduran nöqtə isə məhz sakini
vətəndaşa çevirmək istəyi, ideyası idi. Tənqidi realizm zaman həddini gözləmədən
inqilabi sıçrayışlara üstünlük versə də, maarifçilik ictimai ətaləti nəzərə alıb
təkamül yolunu üstün tuturdu. Deməli, tənqidi realizmin özündə də maarifçilik
məqsədləri güdülür, izlənilirdi. Müqayisəli təhlil metodu isə dünyəvi kontekst
baxımından gecikmiş maarifçiliyin real tarixi şəraitdə qarşıya çıxan vəzifələrə
uyğun tənqidi realizmə uduzduğunu təsdiq edir. Maarifləndirməyin vacibliyi
danılmaz olsa da, tarixi sıçrayışlar “öküzü buynuzlarından” tutmağı tələb edirdi.
Milli mənəvi dəyərlərdən, etik əxlaqı normalardan doğan sosial məsuliyyətlə
yanaşı, tarixi zərurətin yaratdığı məqamda ictimai mübarizə detallarını tətbiq etmək
artıq dövrün tələbi idi. Məhz bu tələb ziddiyyətli bir dövrdə belə qurtuluş, azadlıq
və istiqlal ideyalarının həyata davamlı olduğunu sübut etdi.
M.F.Axundovun təməlini qoyduğu maarifçi demokratiya Azərbaycanda
azadlıq və istiqlal ideyalarının bərqərar olmasına şərait yaratdı. Bu ideyaların
həyata keçirilərək reallığa tətbiq olunmasında müstəsna xidməti olanlardan biri də
görkəmli ictimai-siyasi xadim Məhəmməd Həsən Hacınski olmuşdur.
GƏNC MAARİFÇİ-DEMOKRAT
1972-ci ilin yazında Misirə ticari səfər edən cod xasiyyətli Bakılı tacir
Cəfər Qulu Hacızadə Qahirə şəhərində görüb bəyəndiyi mülayim təbiətli ərəb qızı
Fatimə ilə evlənib onu da özü ilə doğma şəhərə gətirir. Bir il sonra Zibeydə, 3 mart
1876-cı ildə isə Məhəmməd Həsən dünyaya gəlir. Mühafizəkar dindar olan
Cəfərqulu kişi yeganə oğlunu dükanda işlədərək onun orta təhsil almasını belə
istəmir, yalnız Quran oxumaqla kifayətlənməsini tövsiyyə edirdi. Lakin anasının
təkidləri sayəsində, atasının iradəsinin əksinə olaraq 1887-ci ildə Bakı Realnı
Məktəbinə daxil olan Məhəmməd Həsən dəqiq elmlər sahəsində fitri istedadı ilə
fərqlənir. O, boş vaxtlarını bibisi Minabəyim xanımın evində yerləşən, 1 avqust
1894-cü ildə N.Nərimanovun açdığı kitabxananın qiraətxanasında keçirirdi.
M.Hacınskinin bibisi oğlu, sonralar “Molla Nəsrəddin” jurnalının korrektoru olmuş
Əli İsgəndər Cəfərov (1875-1941) isə bu qiraətxanaya rəhbərlik edirdi. Müxtəlif
ölkələrin nəşriyyat və qəzet, jurnal redaktorlarına məktub yazan Nərimanov
kitabxananın yaranması üçün kömək istəyirdi. Tezliklə dünyanın bir çox
ölkələrindən qəzet və jurnallar kitabxanaya gəlməyə başladı. Tədqiqatçı
M.Qazıyevin yazdığı kimi: “Nərimanovun dostu Ə.Cəfərzadə kitabxananın
direktoru təyin olundu. Ancaq kitabxananın yaranması üçün N.Nərimanov elə fəal
təsir göstərmişdi ki, ona “Nərimanov kitabxanası” adı verildi” (106.səh.12).
48
S.M.Qənizadənin xatirələrindən görünür ki, “Əli İsgəndər Cəfərzadənin
Pozinovski (Engels) (İndi isə Cəfərov qardaşları adlanan) küçəsində yerləşən
evindəki mənzilində yığışan mütərəqqi ziyalılar, müəllimlər sosial, siyasi, maarif,
ədəbiyyat və sənət söhbətləri aparırdılar. Nərimanov isə öz əsərlərindən parçalar
oxuyurdu” (162). Qeyd edək ki, N.Nərimanov o dövrdə Bakıda olarkən yaxın
dostu Əli İsgəndər bəyin evində yaşayırdı. Əli İsgəndər bəy qiraətxanaya rəhbərlik
etməklə yanaşı, paralel olaraq şəhər Mixaylovski məktəbini bitirib azərbaycan dili
müəllimi ixtisasına da yiyələnmişdi. 1920-24-cü illərdə Xalq Maarif
Komissarlığında nəşriyyat şöbəsinin müdiri olan Ə.İ.Cəfərov özünün “Əli bəy
Hüseynzadə”, “Həsən bəy Məlikov”, “Tac-Mahal” məqalələrini çap etdirmiş,
həmçinin M.Ə.Sabirin “Hophopnamə”sinin ilk nəşrinin tərtibatçısı olmuşdu. 1924-
32-ci illərdə Azərnəşrdə uşaq ədəbiyyatı və istehsal şöbələrinin müdiri və texniki
redaktoru kimi çalışmış Ə.İ.Cəfərov 1932-39-cu illərdə Azneftdə kadr şöbəsinin
rəisi olmuşdu. Mart qırğınlarında “İsmailiyyə” binasının yandırılması ən qiymətli
tarixi sənədlərin məhvinə səbəb olmuşdu ki, bu da ziyalılara olduqca ağır təsir
göstərmişdir. Cümhuriyyət dövründə bu binanın yenidən bərpası işinə
M.H.Hacınski rəhbərlik etmiş, Əli İsgəndər Cəfərovun qardaşı, inşaatçı-mühəndis
Məmməd Cəfər Cəfərov isə iş icraçısı vəzifəsini yerinə yetirmişdi. Məmməd
Cəfərin Ə.Müznib və Ə.Vahidlə yaxın dostluq əlaqələri də olub. Hətta dostu
Məmməd Cəfəri Mişa deyə çağıran Ə.Vahid ona “Mişa piyandı, şapkası yandı”
sözlərini də qoşubmuş.
28 aprel 1895-ci ildə Bakı Realnı Məktəbinin 7-ci sinif şagirdi Məhəmməd
Həsən Cəfər
Qulu Hacınskinin Rusiyada təhsilini davam etdirməsi üçün
təqaüdçülər siyahısına salınması barədə xahişi Azərbaycan Respublikası Dövlət
Arxivində saxlanılır (145). O, həmin ilin yayında Sankt-Peterburqa gedib I
Nikolay adına Texnoloji İnstitutun tikinti mühəndisliyi fakultəsinə qəbul olunur.
Sənədlərdən göründüyü kimi, əlavə olaraq kimya ixtisası üzrə dərslərdə iştirak
etmək üçün icazə alan M.Hacınski tələbələrin ictimai həyatında da yaxından iştirak
edir. 29 oktyabr 1900-cü il “Kaspi” qəzetinin 227-ci sayındakı: “27 oktyabr 1900-
cü ildə Sankt Peterburqda təhsil alan imkansız Qafqazlı müsəlman tələbələrə
kömək məqsədilə gecə keçirilir. Köməklik göstərmək istəyənlər maliyyə yardımını
Texnoloji İnstitutun tələbəsi M.Hacınskinin ünvanına göndərə bilərlər” (129) elanı
onun qazandığı nüfuz və etibardan xəbər verir.
Sankt-Peterburqda təhsil müddətində Məhəmməd Həsən qonşuluqdakı
molla Talıbın nəvəsi, mükəmməl ev təhsili görmüş, 1885-ci il təvəllüdlü Səadət
xanımla ara-sıra məktublaşır. Podaratçı kimi varlılar üçün mülklər tikdirən molla
Talıbın oğlu Balakişi arvadı Balacaxanımın vaxtsız ölümündən sonra yeganə qızını
babasının himayəsində qoyub daim tikinti materialları gətirmək üçün uzaq
səfərlərə gedirdi. O, Sibirdən ağac materialları, İrandan, Türkiyədən mərmər,
Dostları ilə paylaş: |