51
Səadətim, sən bütün bunlar haqqında nə fikirləşirsən? Mən anlada
bilirəmmi? Hər halda mən səmimiyyətimlə düşüncələrimi vərəqlərə köçürürəm.
Səadətim, yəqin ki, Moskvada mənzil tutmaq bizə çətin olacaq. Yaxşı mənzil tutmaq
imkanım azdır. Digər tərəfdən indi mənzil tutsam, onda bir neçə ayın pulunu boş
yerə ödəməliyəm. Mən isə sənsiz orada yaşamayacamsa boş mənzilə görə ayda 60
rubl verməyə heyfim gəlir. Ancaq bu ay xərcim çox olduğundan indi çətinlikdə
yaşasam da, sənin gəlişinədək müəyyən qədər pul toplamaq fikrindəyəm ki,
yanında üzüm ağ olsun. Gecələr də çalışıram ki, maaşım 250 rubla çatsın və
üstündən xərcləməyim. Əgər mən hər ay 250 rubl yığa bilsəm, sən gələnədək 750
rubl olar... Əgər sənə pul lazımdırsa yaz mən sənə göndərərəm...
Görürsən də məktub deyəsən uzun alındı. Bütün yazdıqlarımı bir səhər, bir
axşam təkrar-təkrar oxu... Əllərindən öpürəm Səadətim, səni iki-üç ay
görməyəcəyimi bilsəydim, heç olmasa fotoşəklini götürərdim.
Sənsiz çətin dözən Məhəmmədhəsən. 26 noyabr 1903-cü il” (163.1).
1 yanvar 1903-cü ildən Moskvadakı işindən uzaqlaşan M.Hacınski Bakıya
qayıdır. Bir neçə ay Ş.Əsədullayevin Bakıda və Volqaboyundakı neft anbarlarına
nəzarət edən idarədə çalışır.
VİCDANLI MƏMUR
26 aprel 1903-cü il “Kaspi” qəzetinin 91-ci sayındakı: “”Şəhər idarəsi səs
çoxluğu ilə memarlıq üzrə iki boş vəzifəni tutmaq üçün verilən on bir iddiaçı
arasından Hacınskini və Ter Qriqoryantsı seçmişdir” (133) elanından göründüyü
kimi, M.Hacınski özünün peşəkar fəaliyyətində də müvəffəqiyyət qazanırdı. Az
bir zamanda Bakı Şəhər İdarəsində tikinti şöbəsinin rəhbəri olan M.Hacınski
şəhərin abadlaşdırılması və yenidən qurulması sahəsində mühüm işlər görür.
Görülən işlər arasında şəhərin içməli su ilə təmin olunması məsələsi M.Hacınskini
daha çox narahat edirdi. Hələ 1891-ci ildə Kürdən şəhərə su çəkilməsi məsələsi
qoyulsa da, təmizləyici qurğuların bəsitliyi səbəbindən, həm də mənsəbindən digər
şəhərlərin kanalizasiya sisteminə xidmət edildiyindən bu çaydan istifadə
möminlərin qəti etirazına səbəb olmuşdu. Sonrakı dövrdə məxsusi dəvət olunmuş
ingilis mütəxəssisi V.V.Lindley Böyük Qafqaz dağları ərazisindən şəhərə su
çəkilməsinin daha münasib olduğunu rəsmi sənədlərlə Şəhər Dumasına təqdim
etmişdi.
22 oktyabr 1903-cü ildə Bakı əhalisinin bir gün ərzində siyahıya alınması
həyata keçirilərək su problemləri ilə bağlı digər sənədlərlə birgə Peterburqa
göndərilir. Müsbət həllini tapan su kəmərinin tikintisinə cəmisi bir neçə ay sonra
başlanılsa da, 1905-07-ci illər inqilabı bu işi də yarımçıq qoyur.
52
1903-cü ilin payızında Məhəmməd Həsən bəylə Səadət xanımın ailəsində
dünyaya gələn ilk oğlan uşağının adı igid Qafqaz qartalının şərəfinə Şamil qoyulur.
Artıq bu dövrdən gizli siyasi fəaliyyətlə də məşğul olan “M.Hacınski 1904-cü ilin
sonunda əqidə dostları Mir Həsən Mövsümov (1882-1907), Məhəmməd Əmin
Rəsulzadə (1884-1955) ilə birlikdə RSDFP Bakı komitəsi nəzdində “Hümmət”
müsəlman sosial demokrat təşkilatını və bir il ərzində cəmisi altı sayı nəşr olunan
eyni adlı qəzeti yaradır” (122). Həmin dövrdə yaranan sosial ideyalarla yanaşı,
əsasən Əli bəy Hüseynzadənin yaratdığı, türkçülük zəminində milli özünüdərketmə
prinsipləri də meydana çıxırdı. İstiqlal tarixçimiz Mirzə Bala Məmmədzadənin
yazdığı kimi: “Hələ 1904-cü ildə Misirdə çıxan “Türk” qəzetində türk birliyi, hətta
panturanizm ideyasını ortaya atan Əli bəy 1905-ci ildə Bakıda çıxardığı “Həyat”da
çap etdirdiyi “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Bizə hansı elmlər
lazımdır?”, “Yazımız, dilimiz, birinci ilimiz” kimi məqalələrlə türklərin irq və lisan
etibarilə bir millət olduğunu, bir vəhdət təşkil etdiyini, bu millətin müasir elmləri
alaraq müasirləşmək məcburiyyətində bulunduğunu isbat edərək, “türkləşmək,
islamlaşmaq və avropalaşmaq” kimi üçhədli düstur irəli sürürdü” (57.səh.22).
1905-ci
ildən
N.Nərimanov,
S.M.Əfəndiyev, M.Əzizbəyov kimi
inqilabçıların artıq üzv olduğu bu təşkilat 1906-cı ilin dekabrından “Təkamül”
qəzetini çıxarmağa başlayır.
8 mart 1905-ci ildə beş min rubl əmək haqqı ilə dörd il müddətinə şəhər
idarəçiliyinə üzv kimi Duma tərəfindən seçilən və 31 mart 1905-ci ildə
qubernatorun 105 saylı əmri ilə vəzifəsinə təsdiq olunan Məhəmməd Həsən
Hacınskinin peşəkarlığı rəsmi şəkildə dəyərləndirilir.
1906-cı ildə ailənin ilk övladı, üç yaşlı Şamilin miningit xəstəliyindən
ölümü gənc valideynləri sarsıdır. Bir müddət sonra dünyaya gəlmiş Mehriban adlı
qızları da çox yaşamır. O vaxtdan uzun müddət Hacınskilər ailəsində musiqi səsi
eşidilmir.
PEŞƏKAR MEMAR VƏ İCTİMAİ XADİM
8 iyun 1908-ci ildə doğulan uşağın adı yenidən Şamil qoyulur və bir il sonra
Nuşirəvanın dünyaya gəlməsindən hədsiz sevincə qərq olmuş Hacınskilər ailəsinin
çal-çağırlı günləri başlayır. 1913-cü il isə bu ailə üçün olduqca uğurlu olur. İlin
əvvəlində - 24 yanvarda Muxtar, sonunda – 23 dekabrda isə Tofiq dünyaya gəlir.
7 aprel 1909-cu ildə şəhər rəisinin qərarı ilə ikinci dəfə dörd il müddətinə
vəzifəsinə yenidən təyin olunan M.Hacınski ilk növbədə yenə şəhərin su ilə
təchizatı məsələsini qaldırır. Quba qəzasının Xudat kəndinin Şollar ərazisindəki su
mənbəyini şəhərə gətirmək məsələsi müzakirə olunur və 5 may 1909-cu ildə
Rusiyada ən uzun sayılan su kəməri layihəsi təsdiq edilir. Tikintinin xərclərini
Dostları ilə paylaş: |