67
Həmin dövrdə Tiflisin Maçabeli küçəsində yaşayan Hacınskilər ailəsində on
yaşlı Şamil, doqquz yaşlı Nuşirəvan, səkkiz yaşlı Minurə və beş yaşlı əkizlər
Tofiqlə Muxtar böyüyür, Səadət xanım isə artıq altıncı uşağa hamilə idi.
Hacınskinin iştirakı ilə Batumda sülh danışıqları aparan nümayəndə
heyətinin “Osmanlı hərbi yardımı” əldə etməsi Dağlıq Qarabağda və Bakıda əmin-
amanlıq yaranacağına təminat verirdi. Azərbaycanın müstəqil dövlət olması Ənvər
paşanın Zaqafqaziyada panturanizm siyasəti ilə üst-üstə düşməsə də, mayın
sonunda onun ana bir, ata ayrı qardaşı Nuru paşa komandanlıq etdiyi “İslam
ordusu” qərargahını yaratmaq üçün Gəncəyə gəlir. Osmanlıların birinci piyada
diviziyası əsasında təşkil edilmiş bu orduda general Şıxlinskinin müsəlman milli
korpusu, “Vəhşi diviziya” hissələri və hərbi hazırlıq keçməyən nizamsız xalq
dəstələri birləşərək on altı-on səkkiz minlik real qüvvəyə çevrilmişdilər.
Bakı əhalisinin siyasətdən uzaq hissəsi Rusiyadan Kommunaya real kömək
gəlmədiyini görüb 1918-ci ilin fevralından İranın şimalında Osmanlı hərbi
qüvvələrini nəzarətdə saxlayan və Gilan əyalətinin millətçi lideri Mirzə Kiçik xana
qarşı əməliyyatlarda iştirak edən general Layonel Denstervilin komandanlığı
altında Britaniya ekspedisiya Qüvvələrini Bakıya dəvət etməklə aclıq çəkən
şəhərdə əmin-amanlığın bərpasına çalışırdı. Tadeuş Svyatoxovskinin yazdığı kimi:
“İyunun axırlarında Denstervil Xəzər dənizindəki Ənzəli limanını işğal etdi, həmin
dövrdə bu liman bolşevik Əsgər Sovetinin əlində idi; general buradan Bakıya
hərəkət etməyə hazırlaşırdı” (82.səh.134).
4 iyun 1918-ci ildə Osmanlı hökuməti tərəfindən ədliyyə naziri Xəlil
Menteş, Qafqaz cəbhəsinin üçüncü türk ordusunun komandanı Mehmed Vehib
paşa, Azərbaycan Respublikasından Milli Şuranın sədri M.Ə.Rəsulzadə, xarici işlər
naziri M.H.Hacınskinin iştirakı ilə imzalanmış beynəlxalq müqavilə bu iki ölkənin
dostluğuna hüquqi status verdi.
4 iyun 1918-ci ildə Türkiyənin Ermənistan, Gürcüstan və Azərbaycanla
bağladığı müqaviləyə əsasən isə Qars, Ərdahan, Batum vilayətlərinin Türkiyəyə
verilməsi nəzərdə tutulurdu. Erməni hökumətinin bu hərəkətini xalqa xəyanət
sayan Andronik rəsmi İrəvana qarşı çıxaraq Qafqazda türk-müsəlman əhalisinin
geniş miqyasda qırğınına başlayır.
Məhz bu status əsasında Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər
naziri M.H.Hacınski Azərbaycana hərbi yardım barədə rəsmi müqavilə
imzalayırlar.
7 iyun 1918-ci ildə müqaviləyə və Qafqaz İslam Ordusunun komandanı
Nuru paşanın əmrinə əsasən beşinci Qafqaz diviziyasına aid olan doqquzuncu
Qafqaz alayı ilə ikinci süvari alayı Qazax istiqamətindən Azərbaycan ərazisinə
daxil oldu. 10 iyun 1918-ci ildə Bakıda Şaumyanın başçılıq etdiyi Xalq
68
Komissarları Sovetinin Gəncə üzərinə hücum barədə qərarı Nuru paşanı
qabaqlamaq məqsədini güdürdü.
12 iyun 1918-ci ildə Rusiyadan hərbi kömək almış Bakı Sovetinin Gəncəyə
hücum planından təşvişə düşən M.H.Hacınski Batumdakı Türkiyə nümayəndə
heyətinin sədri Xəlil bəyə göndərdiyi məktubunda Osmanlı qoşunlarının öz
qüvvələrini bu istiqamətdə səfərbər etməsinin vacibliyini sübut etməyə çalışırdı:
“Rus inqilabı nəticəsində Azərbaycan Respublikasının hökuməti ölkənin daxilində
böyük çətinliklərə məruz qalır, Azərbaycanın çox hissəsində üsyan qaldırmış
bolşeviklər Bakını ələ keçirmişlər. Bununla əlaqədar ölkədə hərc-mərclik bizi rahat
buraxmır” (147).
15 iyun 1918-ci ildə artıq Gəncə ətrafında olan Qafqaz İslam Ordusu
qüvvələri geniş miqyaslı döyüşlərə hazırlaşmağa başladılar. Birinci Dünya
Müharibəsi illərində Şimali Afrikanın Liviya cəbhəsində komandir olmuş minbaşı
Nuru paşanın ana bir, ata ayrı qardaşı olan Ənvər paşanın hərbi nazir olması ona
hərbi manevrlərlə yanaşı, siyasi gedişlər etməyə də şərait yaradırdı. Məhz Osmanlı
Türkiyəsinin daxili və xarici siyasətini tənzimləyən “İttihad və tərəqqi”
partiyasının strateji maraqlarını önə çəkən Nuru paşa panislamizmin banisi Əhməd
bəy Ağaoğlu və xüsusən Gəncəbasarda böyük nüfuzu olan “İttihad” firqəsinin
başçısı doktor Qarabəy Qarabəyovu özünə müşavir təyin etmişdi.
17 iyun 1918-ci ildə F.X.Xoyskinin başçılığı ilə yaradılan ilk kabinetdə
hərbi nazirlik olmasa da, M.H.Hacınskinin xarici və dövlət nəzarəti naziri,
B.X.Cavanşirin daxili işlər naziri təyin olunması səmərəli nəticə verdi. Həmin gün
Nuru paşanın müşavirləri Əhməd bəy Ağaoğlunun və Qarabəy Qarabəyovun
təzyiqi ilə Milli Şura öz səlahiyyətini Fətəli xan Xoyskinin yeni təşkil etdiyi
Müsəlman sosialist blokunun Heydərov və Şeyxülislamov kimi nümayəndələrinin
də təmsil olunduğu ikinci yeni kabinetə təhvil verdi. Bu kabinetdə bir vaxtlar
Əhməd bəy Ağaoğlunun rəhbərliyi ilə “Difai” təşkilatını yaradanlardan
M.Hacınski xarici işlər naziri kimi təsdiq olundu, Behbud bəy Cavanşir isə daxili
işlər naziri təyin edildi. Milli Şuranın həmin gün keçirilən sayca yeddinci, Gəncədə
isə ilk iclasında tədqiqatçı Nəsiman Yaqublunun yazdığı kimi: “Türk qoşunlarının
Azərbaycana dəvət olunmasında müxtəlif mövqelər meydana çıxdı. Bəziləri çıxış
edib göstərirdilər ki, Nuru paşa heç də Azərbaycanın müstəqilliyini tanımaq
istəmir.”... Xarici işlər naziri M.Hacınskinin: “Biz fikrimizi müəyyənləşdirmişik.
Onlar yalnız müstəqil Azərbaycan hökumətinin qurulmağını istəyirlər. Onlar bizim
işlərimizə qarışmaq fikrində deyillər.” (88.səh.82) sözlərindən sonra real
vəziyyətin qarşılıqlı anlaşma şəraitində və stabil olması barədə yəqinlik hasil olur.
Haqqında söhbət gedən problemə M.B.Məmmədzadənin də münasibəti maraqlıdır:
“Bu xüsusda Milli Şura rəisi M.Ə.Rəsulzadə, baş nazir Fətəli xan və xarici işlər
naziri Məhəmməd Həsən bəydən ibarət bir heyət Qafqaz İslam ordusu komandanı
Dostları ilə paylaş: |