5
AZƏRBAYCAN MAARİFÇİ-DEMOKRAT HƏRƏKATI
Azərbaycanda M.F.Axundovun və Həsən bəy Zərdabinin yaratdığı
maarifçilik məktəbi özündən sonrakı tarixi mərhələlərdə belə daim fəaliyyət
göstərərək mühüm əhəmiyyət kəsb etmişdir.
Milli maarifçilik ideyalarının ilk təşəbbüskarı M.F.Axundov yeni əlifba
uğrunda yorulmaz mübarizəsinin ilkin mərhələsində ərəb əlifbasının islah
edilməsini, yazı formasını olduğu kimi saxlayaraq yalnız tələffüzdə deyilən, lakin
yazılmayan saitlər üçün işarələr düzəldib hərflərlə birlikdə yazılmasını və
nöqtələrin atılmasını təklif edir. Növbəti mərhələdə nöqtələrin atılması ilə yanaşı,
saitlərin sözlərdə, hərflərin ayrılıqda yazılmasını, üçüncüdə isə əlifbanın tamam
dəyişdirilib latına keçərək soldan sağa yazmağı israr edir. Xüsusən qeyri-ərəblərin
qavrayışı üçün çətin olan ərəb əlifbasında yazan xalqların maarifçiliyi: ana dilində
təhsil, kitab və mətbuatın yaranması prosesini gücləndirmək naminə bütün
yaradıcılığını demokratik təlimə həsr etmiş M.F.Axundov insan azadlığı
ideyalarının açarını bilik və savadda görürdü. “Oxumuşların sayı çox olan
ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur. Təfəkkür sahiblərinin çox olduğu
ölkədə isə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edə bilər” (5.səh.7)
– deyən M.F.Axundovun mütərəqqi ideyaların yayılması prinsipi onun
maarifçiliyinin əsas göstəricilərindən birinə çevrilir. Bu yolda real addımlar
atmaqla birbaşa maarifçiliyə xidmət edən M.F.Axundovun yeni əlifba uğrunda
mübarizəsi də onun mütərəqqi ideyaların yayılmasını sürətləndirmək istəyindən
doğurdu. Yeni əlifba uğrunda ömrünün yetkin çağlarının iyirmi ilindən artığını
həsr etmiş M.F.Axundovun müxtəlif ölkələrin mühafizəkar rəhbər və məmurlarının
maneələrinə baxmayaraq bu fikirdən dönmədiyini onun məktubundan görmək olar:
“Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bu, soyuq dəmiri döymək kimi bir işdir.
Bəli, bunu mən özüm də başa düşürəm. Lakin yenə də yazıram və nə qədər ki,
sağam, yenə də yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün
xalq arasında yayılmış olsun”. (5.səh.9). 4 may 1853-cü ildə Qafqaz canişinliyinin
təhsil məsələləri ilə bağlı iclasında yazılı məruzə edən M.F.Axundov özünə xas
olan diplomatik gedişlərlə burada yaşayan və əhali arasında sayca çoxluq təşkil
edən tatarların fars və ya osmanlı deyil, təmiz ana dilində savadlanmasına diqqət
yetirmiş keçmiş canişin A.P.Yermolovun xidmətini yada salır: “Bu ölkəni
abadlaşdırmağa və ondakı əhalinin milliyyətini saxlamağa meyl göstərən xeyirxah
hökumətimiz bir çox tədbirlərlə yanaşı, tatar dilində ədəbiyyatın yaranmasına
diqqət vermişdir. Buna görə də birinci dəfə general Yermolov bu ölkənin hakimi
olduğu zaman tatarlar yaşayan yerlərə göndərdiyi əmrlərlə əhalinin farsca
yazmasını qadağan edərək öz yaşı işlərini ancaq tatarca aparmalarını məsləhət
görmüşdür. Bundan sonra hər yerdə müxtəlif qaydalarda olsa da, yazı işləri tatar