11
iclasında çıxış edən “H.Z.Tağıyev sadə bir dildə dedi: “Hökumətdən şikayət
edirəm. Qoymurlar ki, fabrikanın malını özüm camaata satım. Bezin arşınını xam
arşını ilə beş manatdan alıb kənarda on yeddi manata satırlar. İçində olduğunuz bu
bina mənimdir. Qız məktəbinə vermişəm. Burada gərək qızlarımız oxusun.
Hökumət binanı əlimdən aldı, idarə elədi” (81, səh.38).
Cümhuriyyət dövründə Təhlükəsizlik İdarəsinin rəisi olmuş Nağı bəy
Keykurun (Şeyxzamanlının) H.Z.Tağıyevin xeyriyyəçiliyi barədə yazdıqları maraq
doğurur: “Bir gün məşhur türkçü İsmayıl bəy Qaspralı Bakıya gəlir və Hacını
ziyarət edir. Söhbət əsnasında İsmayıl bəy Krımın Baxçasarayındakı hər
nüsxəsində “Dildə, fikirdə, işdə birlik” ideyasını yayan “Tərcüman” adlı qəzetinin
az oxunduğundan, abunəçilərinin az olduğundan şikayətlənir. Bakıda nəşr olunan
qəzet və jurnallara daim yardım göstərən Hacı ertəsi gün katibinə: “Qafqazın şəhər
və kəndlərini gəzərsən, nə qədər türkcə oxuyan varsa isim və ünvanlarını qeyd edib
mənə təqdim edərsən” – deyir. Bu iş başa çatdıqdan sonra Hacı ödənişlə
abunəçilərin isim və ünvanlarını da Qaspralıya göndərir. Bu vəziyyət illərlə davam
edir. Sonralar qəzet alanlara məlum olur ki, abunə pulu Hacı Zeynalabdin
tərəfindən ödənilirmiş” (83.səh.156). Nağı bəyin yazdığı kimi Azərbaycan xalqı
istiqlalına qovuşduqdan, mərkəz Gəncədən Bakıya köçdükdən sonra, Fətəli xan
Xoyskini ziyarət edib: “Əgər hökumətinizə pul lazım olarsa, bütün var-dövlətim
sizin ixtiyarınızdadır” xitabını edən, Cümhuriyyətin ikinci ilində Dövlət
Universitetinin açılışında isə öz çıxışında “Əziz qardaşlarım, mən Bakıda bir çox
məktəblərin açılışında iştirak etmişəm. Bakıda universitet açılmasını çox arzu
edirdim. Nə yaxşı ki, ulu Tanrım məni məyus etmədi, öz dövlətimizi qurduq və
Bakıda universitet açdıq. Mənim də bu ürfan ocağında bir hikmətim olsun deyə bu
binanı universitetə hədiyyə edirəm” (83.səh.158) – deyən Tağıyev qlobal
maarifçiliyini daim davam etdirsə də, qız məktəbinin idarəyə çevrilməsini
maarifçilik tarixində müstəsna işlər görmüş Cümhuriyyət hökumətinə bağışlaya
bilməmişdi.
Müsəlmanlara və türklərə mürtəce münasibət göstərən çarizm siyasətinin
ayrı-seçkiliyi nəticəsində dövlət və hərbi işlərdə azəri türklərinə etimad
göstərilməməsi, sünni-şiə məzhəblərinin qarşılaşdırılması hər zaman gündəmdə
dururdu.
XIX əsrin ikinci yarısında neft sənayesinin yaratdığı ictimai-siyasi və
mədəni mühit Bakıda kütləvi informasiya vasitələrinin, xüsusilə də qəzetlərin
yaranma zərurətini meydana çıxardı. “Kavkaz” qəzetinin 1868-ci il 5-ci sayında
oxuyuruq: “Bakıda çap və qəzet nəşri həvəsində olanlar vardır. Ticarət qəzeti çap
etdirmək istəyənlərin sayı ədəbi qəzet həvəskarlarından daha çoxdur” (127).
Axundovun təsiri ilə Həsən bəy Zərdabinin (1832-1907) yaratdığı, mətbuat
tariximizin başlanğıcı olan “Əkinçi” (1875-1877) qəzetinin maarifçi-demokrat
12
yönümünü təsdiq etməsi fərəhləndirici haldır. Milli mətbuatımızın banisi Həsən
bəy Zərdabi nəşrinə hazırlaşdığı “Əkinçi” qəzetinin çapına icazə almaq üçün 12
aprel 1873-cü ildə Bakı qubernatoruna yazırdı: “Quba mülkədarı general mayor
Abdulla ağa Bakıxanov mənə Bakı şəhərində tatar dilində pulsuz olaraq qəzet nəşr
etmək məqsədilə mətbəə açmaqdan ötrü 1000 manat pul verir. Bu təsadüfdən
istifadə edərək, mən aşağıdakı şərtlər əsasında qəzet nəşr etməyi qərara almışam”
(161).
Göründüyü kimi, Həsən bəy ilk öncə gələcək qəzetin maliyyə mənbəyini
rəsmi idarəyə açıqlayır və bundan sonra şərtləri göstərir. Həsən bəy Zərdabi satış
probleminə də öncədən ciddi yanaşırdı. O, 1873-cü ildə M.F.Axundova göndərdiyi
məktubunda yazırdı: “Mənim nəşrinə başlamaq istədiyim qəzetlə əməkdaşlıq
etmək istədiyinizi bildirirsiniz. Mütəşəkkirəm, ancaq bədbəxtlikdən hələ bu
vaxtacan icazəni ala bilməmişəm. Sizin baron bu barədə nə fikirləşir bilmirəm.
Amma mənə elə gəlir ki, qəzetə münasibəti yaxşı deyil. Nə isə falçılıq eləməyək,
görək nə olur. Qəzetin nəşri haqqında olacaq elanı sizə göndərirəm ki, yayılmasına
kömək edəsiniz” (5.səh.315). Cavabında Axundov belə yazır: “Mənə göndərilən
elanlardan on dənəsini xahişimə əsasən buradakı İran konsulu cənabları qəbul etdi.
Beləliklə, on nəfər abunəçinin pulunu oradan alacaqsınız. Qalan on beş elana
gəlincə, onlar hələlik məndədir. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma
təsadüf etdikcə, bu elanlardan onlara təqdim edərək sizin qəzetinizə abunəçi
olmalarını xahiş edim” (5.səh.243).
Moskvada Petrovsko-Razumovskaya Akademiyasında təhsil alan Nəcəf
bəy Vəzirov (1854-1926) “Əkinçi” qəzetinə abunəçilərin yığılması üçün böyük səy
göstərirdi. Halbuki, orada Nəcəf bəyin maliyyə vəziyyəti olduqca ağır idi. Sonralar
özünün yazdığı kimi: “Havası soyuq Moskvada üstümə örtəcək bir yorğanım da
yox idi. Gecə üstümə dünya malından təkcə gümanım gələn, bircə palasımı
çəkərdim. Bu palas da, mənim hali-pərişanım kimi bir halda idi... Əgər bu palas
indi əlimə keçərsə, çox baha qiymətə alardım” (87.səh.401). O palas yəqin ki, tarix
muzeyimizin ən dəyərli eksponatlarından birinə çevrilərdi.
Təkcə nəşrinin icazəsinə üç il vaxt sərf etdikdən sonra nəhayət, böyük
zəhmət bahasına Həsən bəy 400 nəfərlik abunəçi yığmağa nail olur. Onun 22 iyul,
1875-ci ildə “Əkinçi” qəzeti işıq üzü gördü. Nəcəf bəy Moskvada qəzetin
yayılması üçün fədakarlıqla çalışırdı. O, “mənim sevimli, əziz müəllimim Həsən
bəy!” – deyə yazırdı: “Qəzetin ilk iki nömrəsini aldım ... hərçənd çətin olsa da,
burada abunəçilər taparam” (92). Xalqı tərəqqiyə səsləyən bu qəzetin davamlı
olaraq işıq üzü görməsi üçün ziyalılarımızın səyi göz qabağındadır. Qəzetin ilk
sayındakı iqtisadiyyat mövzusundakı məqalə alış-verişə dair vergi ilə bağlı dövlət
qərarlarını araşdırır və bu xüsusda dəyərli məsləhətlər verir: “Bir neçə ildir ki,
Rusiya dövlətinə tabe olmuşuq və bu çağadək bizim ticarətimiz qədim sayaq olan
Dostları ilə paylaş: |